Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:41

Pərviz Cəbrayılı ədəbi prosesdən necə "sürgün etdilər"?


Tənqidçi İradə Musayevanın "Mövqe" qəzetinə müsahibəsi


- İradə xanım, qabaqdan Yazıçılar Birliyinin növbəti qurultayı gəlir.

Artıq qurumun müxtəlif seksiyaları qurultay öncəsi məruzələrlə çıxış ediblər. Tənqidçi kimi bu məruzələrə münasibətiniz necədir?


- Qismətin, Qulu Ağsəsin, Bəsti Əlibəylinin, İlqar Fəhminin məruzələrinin mətni ilə tanışam.

Təbii ki, bu məlumatlar mahiyyətdən daha çox formanı səciyyələndirir. Hardasa hesabat xarakterli olduğu üçün ədəbiyyatın müxtəlif sahələrinin ümumi mənzərəsini təqdim etmiş olur.

Və bu məruzələrə söykənib ədəbiyyatımızın bugünkü durumuna qiymət vermiş olsaq, hər şeyi qənaətbəxş hesab etmiş olarıq.

Hətta İ.Fəhmi postmodern, modern, sürreal, absurd və s. cərəyanlara məxsus qələm sahiblərinin yoxluğundan və ya azlığından şikayətlənsə də, əminliklə deyir ki, nəsrimizdə realizm səthi, birtərəfli deyil, əhatəli şəkildə, psixoloji realizmdən tutmuş magik realizmə qədər bütün istiqamətlərdə və dəyərli şəkildə işlənib...


"Gənclik heç yerdə qorxulu deyil, elə qadınlıq da... Ancaq qadınlar məişətdən və məhəbbət macəralarından ədəbiyyata gələndə və ya ədəbiyyata məişəti və məhəbbət oyunlarını gətirəndə ədəbiyyat qadın qucağında can verir, ölür"
Məruzələrdə gərəkli, gərəksiz xeyli adlar çəkilir. Bir çoxunun da adı bir çox yerlərdə, yəni nasir, şair, dramaturq, tənqidçi, publisist və s. kimi...

İ.Fəhminin nasir siyahısının konturları (bu hal digər məruzələrdə də görünür) elə aidiyyətsiz sahələrdən keçir ki, şəxsən mən nəsrin mənzərəsini elə nəsr sözünün mənası kimi "nisar" - dağınıq gördüm.

Əlbəttə, nəsr adına yazanların adının çəkilməsi qəbahət deyil, nəsr adına qüsur hesab edilən müəlliflərin imzasını təsdiqləyici fikirlərin əminliklə ifadəsi, onların yazdıqlarını layiq olmadıqları şəkildə, heç özlərinin də başı çıxmadığı cərəyanın, tendensiya və ideologiyanın içinə yerləşdirib təqdim etmək, artıq qorxulu olur...

B.Əlibəyli də vurğulayır ki, 11-12-ci qurultaylar arasındakı dövrdə, son onillikdə gedən ədəbi proses həm akademik, həm də praktik ədəbi tənqid tərəfindən izlənilib və 80 yaşdan 25 yaşadək xeyli imza sayır və s.

- Siz məruzələrin çağdaş ədəbiyyatmızdakı reallığa yaxınlığını gördünüzmü?

- Ədəbiyyatın real durumu ilə məruzələr arasında uyğunsuzluq görünür.

Hər halda ədəbiyyat haqqında məlumat beşillik təsərrüfat planları, hesabatlarından fərqlənməlidir.

Bir də təsdiqlənmiş imzaların üstündə dönə-dönə dayanmaq, vurğulamaq "kənardakıları" görməmək və ya özünü elə göstərmək, məruzəçi səlahiyyətindən istifadə edib, 30-40 dəqiqəlik kürsü hakimiyyəti dövründə bir çoxlarını və hətta daha layiqlilərini (məsələn, bu anda mən P.Cəbrayılı və başqalarını düşünürəm) ədəbi prosesdən "sürgün edib" qəribliyə atmaq ədəbi mənzərədən az-çox xəbəri olan hər kəsdə tam obyektivlik şəraitinin mövcudluğuna inamı azaldır.

Sağ olsun, Bəsti xanım məruzəsinin sonunda özündə güc tapıb bunu etiraf edir: "Allah şahiddir ki, məruzəmdə dostdan, bəzən də mühitdən keçə bilmədim".

Sonra da deyir ki, meyarlardan da (yəqin ki, həm də Allahdan -İ.M.) keçə bilmədim.

Bəli, dost və mühit haqqı üstələyəndə mən ədəbiyyatın durumu haqqında mənə məruzə ərz edənlərin qarşısında bir oxucu və dinləyici kimi özümü saxta ədəbi diktə təzyiqinə məruz qalmış hesab edirəm, sözsüz ki, onların uzatdığı ədəbi siyahını səmimiyyətlə qəbul etməkdən də imtina etmiş oluram.

- Gənc yazarlara ədəbi tənqidin münasibəti çox aqressivdir.

- Gənc yazarlar, məsələn, romançılar daha məhsuldardırlar. Ədəbi tənqid isə özünüz də müşahidə etmisinizsə operativ şəkildə (xüsusilə "Azadlıq" radiosunun ədəbiyyat portalında) bu əsərləri oxuyur və təhlil edir.

Yəni əvvəlki illərlə müqayisədə tənqidin ədəbiyyata reaksiyası, onunla ayaqlaşması və onu ötüb keçməsi halı artıq göz qabağındadır. Bu çox yaxşıdır.

Qarşılıqlı məsuliyyət, bir-birinə yanaşmada intellektual polemika mədəniyyəti, fikir və ideyalarını, etirazlarını daha tutarlı şəkildə sübut etmək məqsədilə dünyagörüşü, ədəbi yaddaş dairəsini genişləndirmək cəhdi həm ədəbiyyatı, həm də ədəbi tənqidi cavabdehlik qarşısında qoyur.

Razılaşmadığım hal isə odur ki, bəzən tənqid tərəzinin gözünü əyir.

Hətta istedadına inandıqlarım...

Onda gənc romançıların əlacsız, ümidsiz və inamsız qəhrəmanlarının gününə düşürəm.
Axı insanlar heç yerdə haqq-ədalət tapmayanda mənəvi sığınacaq kimi ədəbiyyata üz tutur. Biz də bilə-bilə ağa qara, qaraya ağ deyiriksə, onda Ə.Kərim demişkən "Vay o günə, o günə!"

- Bu gün həm də ədəbiyyatmızda qadınların sayı artıb.

- Gənclik heç yerdə qorxulu deyil, elə qadınlıq da...

Ancaq qadınlar məişətdən və məhəbbət macəralarından ədəbiyyata gələndə və ya ədəbiyyata məişəti və məhəbbət oyunlarını gətirəndə ədəbiyyat qadın qucağında can verir, ölür, ancaq qadın ədəbiyyata öz həssas, incə ruhunu, analıq missiyasından gələn qoruyuculuq, uzaqgörənlik, hadisələrə psixoloji diqqət və incəliklə yanaşaraqdan gəlirsə, dar pəncərədən yox, dünyadan dünyaya baxmaq gücünü özündə hiss edib yazırsa, əlbəttə, ədəbiyyat udur.

Qadınlar bəzən öz səsini eşitdirmək, "poeziyada mən də varam!" harayını çatdırmaq üçün misralarla, sözlərlə soyunur, vücudunu açmaq həddinə enir...

Bu, necə yaxsı ola bilər?

Bugünkü gənclikdə ən böyük qüsur tələskənlik, tez məşhurlaşmaq, tanınmaq xəstəliyidir. Axşam düşündüklərini səhər oxucuların əlində görmək istəyirlər.

- Qarabağ mövzusu ədəbiyyatımızda, demək olar ki, can verir. Bu, sanki savaş deyil, arvad saçyoldusudur...

- Müharibə mövzusu dünyəvi, bəşəri və əbədi mövzudur. Qarabağ isə şəxsən mənim üçün mövzu deyil, dərddir, qara, əlacı görünməyən bir dərd.

Çox siyasətlərdə vasitəyə, oyuna çevrilən Qarabağdan ədəbiyyatda yerli-yersiz danışanda sıxılıram.

Çox zaman da professonal olmayan və qeyri-səmimi ifadə tərzində, şair, nasir, dramaturq qələmində Qarabağ daha cılız və süni görünür.

Sanki tarixdə və ədəbiyyatda bu mövzunu unutmamaq! təlqini ilə "yaddaş" düzəldirik.

Qarabağ haqqında ədəbiyyatda, məsələn, qarabağlılar xatirələrini, nisgillərini, ağrılarını yazır, qarabağlı olmayan ondan ictimai, siyasi problemimiz kimi bəhs edir, nə bilim, bir başqası vətəndaş kimi və s.

Mən bilmirəm, Qarabağ haqqında -Azərbaycanın bu düyün vurulmuş, qara, ləkəli tarixi haqqında necə yazılsa, ədəbiyyata xeyir vermiş olar? Ya əksinə, ədəbiyyat Qarabağın işinə yaramış olar...

- Müstəqillik dövrü ədəbiyyatı, müstəqillik dövrü tənqidi deyirik, bunun spesifikası nədədir?

- Elə müstəqillik dövrünün özü kimi pərakəndəlikdə, meyarsızlıqda, hətta təbəqələşmədə və s.

Həm ədəbiyyatda, həm tənqiddə ən kədərlisi odur ki, köhnəyə dözə bilmirik, yenisini də tapa bilmirik.

Yəni fikir, düşüncə, obraz, təsvir və s. "maşınlarının" eyniyyət istehsalı adamı bezdirir.

Yenilik üçün özünü ora-bura vuranlar da çox vaxt əliboş qayıdırlar. Postmodern praktikasında olduğu kimi...

- İradə xanım, sizcə, ədəbiyyat ictimai-siyasi mühitə təsir edə bilər, məsələn, elə bu gün elə bizim ədəbiyyatımız?

İlqar Fəhmi
- Əlbəttə. Tarixdə nə qədər faktlar saymaq olar. Çar Rusiyasını alt-üst edən Lenin L.Tolstoyun ədəbi təfəkkürü qarşısında susurdu və Tolstoya "rus inqilabının güzgüsü" adı verməklə özünü də, inqilabını da hardasa onun kölgəsinə sürüyürdü.

Bu gün sonuncu Nobelçi Peru yazıçısı Lyosa siyasətdə də bir siyasi söz sahibi kimi görünür, türk yazarı Orxan Pamuk da eləcə.

Ancaq bir var hakim ideologiyanın siyasiləşdirdiyi ədəbiyyat, bir də vətən, xalq üçün özlüyündə, əqidə və "mən"ində siyasiləşən ədəbiyyat. Bunlar əslində bir-birinin əksidir.

Vətəndaş şəxsiyyətini qoruyan yazar ikinci mövqedə dayanar. Azərbaycan ədəbiyyatında da belə olub. Klassiklərdən tutmuş A.Bakıxanov, M.F.Axundov da daxil olmaqla H.Cavid, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, Ə.Hüseynzadə və onlarla başqaları zamanın siyasətində və ictimai düşüncəsində dəyişikliklər yarada bilib.

Biz hiss etməsək də, bu gün də bu var. Ancaq cəmiyyətin sözə, ədəbiyyata reaksiyasından, yanaşmasından da çox şey asılıdır axı... Şair İlham Qəhrəman deyirdi ki,

"Ayrılır alagöz şeir, arxasınca su atılmır,
Üç milyonluq bir şəhərdə bircə kitabım satılmır".


İndi hamı kitabını bir-birinə bağışlayır. İnsanlar qızıl, paltar, qab-qacaq və s. alır. Sözə pul vermirlər. Havayı verilmiş sözün dəyərinə də, yəqin ki, inanmırlar...

- Ədəbiyyatda dinə münasibət dəyişilib. Yəni hamı dindar, Tanrı sevəndir. Bu yanaşma ədəbiyyatın mövzu-mətn siqlətini zənginləşdirirmi?

- Klassik ədəbiyyatımızda bütün ədəbi, mənəvi-ruhi müraciətlər Allaha ünvanlanırdı. Və sufi-ilahi eşq kimi dilləndirirdisə, yalnız o yaza bilərdi (Nizami də, Nəsimi, Füzuli, Nəbati də, aşıqlarımız A.Tufarqanlı, M.Cümə, A.Ələsgər).

Sovet dövrü qadağalarından sonra ilk Allahla danışan və bütün şeirlərini yalnız ona ünvanlayan şair Vaqif Səmədoğlunu gördüm.

Elə bil, Allah hamının yadından çıxımışdı, qəflətən partiyadan, Lenindən, ulduzdan, Aydan, Y.Qaqarindən, hətta sevgilidən, güldən, bülbüldən də dönüb üz çevridilər Vaqifin Allahına. Bir dəstə şair oldu ki, Allahla elə V.Səmədoğlu kimi söhbətləşmək istədilər, elə həmin müraciət, həmin intonasiya ilə...

Qaldı, dinə qayıtmaq məsələsinə. Ümumiyyətlə, insan gərək dindən heç vaxt getməsin ki, qayıdanda da çaş-baş qalmasın.

Bu gün təkcə ədəbiyyatda yox, həyatda da dinə münasibət normal deyil. Azərbaycanda bu gün İslam dinini tənəzzül həddinə çatdırıblar. Fanatizm, qaraguruhçuluq, alver və siyasi məqsədlərin oyununa çeviriblər.

Qarabağın başına gətirilənlər bu və ya digər şəkildə dinimizin də başına gətirilir. Sanki bir "Azərbaycan İslamı" - forması peyda olub.

Ədəbiyyat bu formadan istifadə edir və ya özünü bu formada yerləşdirirsə, nə demək olar?

Arzu Abdulla
"Mövqe"


Həmçinin oxu
İlqar Fəhminin nəsr haqqında məruzəsi
Qulu Ağsəsin poeziya haqda məruzəsi
QİSMƏTin gənc yazarlar haqqında məruzəsi

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG