Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:28

Borclar silinəcəkdisə suyun qiyməti nədən qaldırılırdı?


Aprelin 8-də Prezident İlham Əliyev əhalinin içməli su və kanalizasiya xidmətlərinə görə, yaranmış borclarının silinməsinə dair fərman imzalayıb. Fərmana əsasən əhalinin 2011-ci il fevralın 1-nə olan 294,2 milyon manat məbləğində borcu silinib.

ƏHALİNİN BU QƏDƏR BORCU HARADAN YARANIB?

İqtisadçı ekspert Zöhrab İsmayıl deyir ki, əhalinin su və kanalizasiya xidmətinə görə, 294,2 milyon manat borcu olması real görünmür.

«Bu çox böyük məbləğdir. Bu qədər məbləğ necə yaranıb? Allahın suyudur Kürdən gəlir, Şollar suyudur. Amma 294,2 milyon manat məbləğində borcun necə yaranması məsələsinə Azərsu aydınlıq gətirməlidir».

«Necə yaranıb? Kim isə su pulunu ödəməyib, «Azərsu» müfəttişləri qeyri-qanuni birləşmələri aşkarlayıb və əhalini cərimələyib. Nəticədə də bu qədər borc yaranıb».

Bunu isə «AzərSu» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyir. O, bu məbləğin şişirdilməsi kimi fikirlərlə razılaşmır. Onun sözlərinə görə, 90-cı illərin sonları, 2000-ci ilin əvvəlindən əhalinin suya olan bütün borcları silindiyindən məbləğ çox görünə bilər.

«ELƏLƏRİ VAR Kİ, ON İLDƏN ÇOXDUR BORCU YIĞILIB»


«Sadəcə əhalinin uzun müddətdən qalan borclar var idi. Elə adamlar var idi ki, on ildir ki, borcu var idi. Yəni, 90-cı illərin sonu, 2000-ci ilin əvvəllərindən olan bütün borclar silinib. Düzgün hesablamamaq deyəndə ola bilər ki, nə vaxtsa yanlışlıq olub, cərimələr olub bunlar nəzərdə tutula bilər».

«BORCLAR BƏZƏN DÜZGÜN HESABLANMAYIB»


Prezident İlham Əliyev Zabrat qəsəbə sakinləri ilə görüşü zamanı əhalinin içməli suya olan borcuna da toxunmuşdu. O, bu borcların bəzi hallarda düzgün hesablanmadığını, bəzən də əhalinin əsasız yerə cərimələndiyini bildirmişdi.

«İçməli su ilə bağlı keçmişdən yığılmış borclar var. Mən bilirəm ki, o borcların ödənilməsində müəyyən problemlər var. Çünki bəzi hallarda o borclar düzgün hesablanmayıb və əhaliyə tətbiq olunan cərimələr də bəzi hallarda əsassızdı. Ona görə mən Nazirlər Kabinetinə göstəriş vermişəm ki, məsələyə baxsınlar və biz əvvəlki dövrdə yaranmış borcları silək».

DÖVLƏT BÜDCƏSİNİN BAŞINDA ÇARTLAYAN....

Zöhrab İsmayıl
bütün hallarda əhalinin suya 294,2 milyon manat borcunun olmasının inandırıcı hesab etmir. Onun fikrincə əhaliyə süni borclar yazılmaq və ya onları yersiz yerə cərimələməyin bir məqsədi var - dövlət büdcəsindən daha çox vəsait silmək.

«Sayğaclar quraşdırılmamışdan əvvəl uzun illər «Azərsu»nun işçiləri əhalidən su pulunu yığıb, amma bunu rəsmiləşdirməyiblər. Onların da kağız üzərində böyük məbləğdə borcları yaranıb. Bunları da heç kim bilmir ki, nə qədər borclar var. Bundan əlavə əhali cərimələnir. İnsanlara onların niyə göyə cərimələndikləri də aydın deyil. Onlar da götürülər bu borcları sonradan şişirdirlər».

BU PUL ÖDƏNƏCƏKDİSƏ NİYƏ QİYMƏTİ QALDIRIRDILAR?


Azad İstehlakçılar Birliyinin sərdi Eyyub Hüseynov da bu borcların müxtəlif bəhanələrlə yazıldığını deyir.

Eyyub Hüseynov
«Bizə daxil olan şikayətlər göstərir ki, havadan, cürbəcür bəhanələrlə əhaliyə borc yazıblar»

Eyyub Hüseynov
bir müddət öncə su pullarının qiymətinin qaldırılmasını və əhalinin suya olan borcunun silinməsi məntiqini anlamadığını deyir.

2011-ci il yanvarın 31-də Tarif Şurası iri şəhərlərdə suyun 1 kub metrinin qiymətinin 22 qəpikdən 30 qəpiyə, rayonlarda isə 14 qəpikdən 25 qəpiyə qalxması ilə bağlı qərar verib.

Prezidentin 8 aprel tarixli fərmana əsasən «Azərsu» ASC-nin elektrik enerjisinə görə, 147 milyon, meliorasiya xidmətlərinə görə, 65 milyon, veksel borclarına görə isə 60 milyon manat borcu silinib. Hazırda «Azərsu» ASC-nin 210 milyon manata yaxın kreditor borcları qalır. Bunun 73 milyonu dövlət büdcəsinə, 13,6 milyonu Dövlət Sosial Müdafiə Fondunadır. Qalan 116 milyon manat isə xarici kredit borclarıdır.
XS
SM
MD
LG