Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:05
Keçmək olmur da, bəzi dostların, iş yoldaşlarının yaxud da ünsiyyətdə olduğun bir qrup gərəksiz fərdlərin qınağından.

Adamı elə qınayırlar, elə qınayırlar ki, yaşamağa belə peşman olursan. İllah da ki, iş başında.

İş qalır bir qıraqda, nədən deyirsənsə söhbət gedir, kimdən və hardan maraqlanırsansa, o saat xəbər verirlər.

Tərlanın da ətrafı bu tip insanlarla dövrələnmişdi. Nə qədər əlləşsələr də onu öz torlarına sala bilməmişdilər.

Hamısı da evli-eşikli, bığlı-saqqallı kişiləriydi. Amma nə olsun ki ? Denən iki qram ağılları varmı? Yox.

Onları saxlayan, başlarını girləyən sadəcə fiqurlarıydı, boy-buxunlarıydı. Qıraqdan baxanları da elə bu yolla aldada bilirdilər.

Onların böyük əksəriyyəti “gəzəyənlik” edirdilər. Bu gəzəyənlik həyatı onların artıq yaşam simvoluna çevrilmişdi.

Hələ döşlərinə döyüb, “kişi “gəzər də”, deyirdilər.

Ona qalsa yer kürəsi də gəzəyənlik edir, bir yerdə durmur, il boyu düz 365 gün fırfıra kimi hamımızın tanıdığı günəşin başına dolanır.

Tərlan da öz həyatını, bu situasiyada günəşin başına dolanmağa bənzədirdi. Amma, bu dostlar, dostlar... Necə min oyundan çıxırlar, necə hiylələr qururlar, onu bir Allah bilir.

Xülasə, çox çək-çevirdən sonra bir gün axırı ki, Tərlanın saqqızını oğurlamağa müvəffəq oldular.

Aralarında söhbət belə olmuşdu ki, hamısı sözü bir yerə qoyub : “səndən şübhələnmişik, bazlıq etmirsən, gəzmirsən, gözəl qızlardan qaçırsan, gəl də...Gəl qoşul biz kişilərin cərgəsinə...” demişdilər.

Başqa vaxt olsaydı Tərlan min bir bəhanəylə aradan çıxardı.

Bu dəfə qürurunun sınmasına göz yuma bilməzdi, şər-şəbədənin yaxılmasına yol vermək olmazdı, ona görə də əks-hücuma keçib :

- Nə vaxt dediniz ki, mən getmədim.- demişdi.

- Yəni doğurdan deyirsən? - dostları az qala xorla qışqırışmışdılar. - Əlini cibinə də salmayassan, bütün xərclər bizim boynumuza. – bunu da dostları demişdi.

- Dedim axı, gedirəm, nə vaxt deyirsiniz, hara deyirsiniz mən hazır.- Tərlan demişdi.

- İnanmarıq...

- Necə? Gedirsən biznən? Sən ki mollasan?

- Ay da...Buna bax e...

- ...

Hamısı şoka düşmüşdü. Bəs necə ? Hamısının yaralı yerindən vurmuşdu. Pul dərdidi onlarınkı. Pula pul deməyənlər həmişə xəsis olublar.

Daha çox pulu olanlar isə daha çox xəsis olurlar.

Niyə beləydi bilmirdi, cavab verməyə həmişə çətinlik çəkirdi. Amma, dostları özləri öz dillərinin bəlasına düşmüşdülər.

Həftə sonu iki günlük istirahətə yollanacaqdılar. Yerdə planlaşdırmışdılar. Pullar da ayrılmışdı.

Qalırdı sadəcə getmək...

Tərlan hər dəfə getməyə nə qədər bəhanə gətirirdisə də xeyri olmamışdı, elə bil ki, dostları indiyə kimi dediyi bütün variantların hamısını yığıb yaddaşlarında saxlamışdılar.

Həmişə belə olub : hücum-müdafiə, hücum-müdafiə. Amma bu dəfə alınmadı ki, alınmadı...

Bəh-bəh, getdikləri yer necə gözəl bir yeriymiş.

Ondada ki, yayın qızmar çağı ola. Dənizkənarı mənzərə, aydın səma, əsən xəfif yel, başımızın üstündə dayanan günəşin bol isti şüaları adama gəl-gəl deyirdi.

Sağ olsun belə dostlar, onların sayəsində cənnətin qapıları Tərlanın üzünə açılmışdı. Iki günlük olsa da...

Yaxşıca dincəldilər, yedilər, içdilər. Necə lazımdısa...Tərlan nə çox yeyəndi, nə də ki, çox içən. İçki demişkən dostları o qədər içmişdilər ki, dəniz qırağında.

Amma dənizin sərinliyi, açıq havada olduqlarından çox içki içilməyi bir o qədər də hiss olunmurdu.

Sözün düzü, Tərlan da az içməmişdi. Elə bil ki, su içirdilər, içdikcə içirdilər.

Hətta özünü tanımamağa başlayırdı. Öz-özünə : - yəni bu mənəm? – deyirdi.

Sonra da özü cavab verirdi özünə, “əlbəttə, mənəm, özümüəm”...

Günəş əvvəlcə yandırıcı təsir göstərir, sonra bu istilik – yandırıcı şüalar zəifləyir. İstilik sərinliklə əvəz olunur, dəniz sahilində isə bu bəzən üşüməklə əvəzlənir.

Bax buna deyərəm istirahət, əsl dincəlmək.

Qaranlığın nə vaxt düşdüyünü belə hiss etməmişdilər, hələ “niyə belə tez gəldin ay gecə?” mahnısını da xorla oxumağa başlamışdılar.

Dəniz sahilində oturub günəşin qüruba enməsini izləmək necə də gözəlmiş.

Bir rəssam lazımdı ki, onu tabloda əks etdirsin, ya da bir şairin gözəl sözlərinə ehtiyac duyulur.

Günəş batır, batır, üfüqə baxanda sarı-qırmızı rəng alınır, dənizdən baxanda buraya göy-mavi rəngdə əlavə olunur.

Azacıq vaxtdan sonra bütün bu rənglər itir, hava təmiz qaralır. Adamın qəlbinə bədbinlik çöksə də, nikbinlik də yox deyildir.

Ən azından təmiz səma, ay işığı, göydə sayrışan ulduzlar sənə gəl-gəl deyir.

Ay işığın da dənizin şırıltısına qulaq asdıqca, yanan tonqalın şölələrinə baxdıqca hansısa simfoniyaya qulaq asırsan elə bil. Yanıqlı muğamat dinləyirsən sanki...

Axşam qaranlığında dağılışmadılar, tonqal işığında oturdular, düz gecə yarısına kimi. Sonra...Sonrası yaxşı oldu.

Bu dəniz qırağı istirahət mərkəzi VİP statuslu oteliydi, gözəl sarışın qızlarda tapmaq olardı.

Tərlan dostlarıyla otelin ikinci mərtəbəsinə qalxmışdı, böyük hollda bir sürü maneken kimi düzülmüş “gözəlçələrə” baxırdılar.

Aralarındakı şərtə görə, birinci seçim haqqı Tərlana məxsusuydu.

O, diqqətlə fikir verirdi hər iki tərəfə - həm qızlara baxırdı, həm də öz dostlarına. Tərlanın dünyada ən zəhləsi getdiyi məxluqlardı pis yola düşənlər, əxlaqsızlar, bədənlərini satanlar, hamısı ümumi bir adda birləşirdi – fahişələr.

Azdan-çoxdan fahişələrlə görüşmüşdü, hətta onlarla olmuşdu da.

Amma, hər dəfə də böyük bir iyrəncliklə, çox bədbin təəssüratla ayrılmışdı onlardan.

Yadındaydı, ilk dəfə düşdüyü qız ağlamış-sısqamış, “evdə uşağımı qoyub gəlmişəm, pulsuzluqdan bu yola düşmüşəm” demişdi.

Hər dəfə də fikir verib görürüdü ki, onların böyük əksəriyyəti elə eyni sözü deyirlər. Amma bu gün fikri qətiydi.

Heç bir güzəşt olmayacaqdı, kimsənin göz yaşına baxmayacaqdı, ən gözəl qızı seçib səhərə kimi bu dünyadan kam alacaqdı.

Beş günlük dünyaydı, beşi də qara. Bu gün varıq sabah yox...

Tərlan fikir verirdi, baxırdı qızlara. Amma, gözü sadəcə birini tutmuşdu.

Elə onun yaşıdı olardı. Boy-buxunlu, gözəl görkəmli, gözündə qara eynək, yarıçılpaq olan iri sinəsi artıq onu məftun eləməyə başlamışdı.

Qısa geyimi, açıqda qalan ağappaq dolu ayaqları hətta mömin adamın belə ağlını başdan çıxarardı.

Kaş ki, rəssam olaydım, çəkəydim bu qızın rəsmini – deyə düşündü. Tərlan naturalist deyildi, insanların xarici görünüşündən daha çox onların mənəvi-estetik gözəlliklərinə üstünlük verirdi.

Qıza nəzər yetirdikcə öz-özünə məəttəl qalırdı, elə bil ona tanış gəlirdi, onu hardasa görmüşdü. Yox, ola bilməz. O tanış deyildi.

O qıza baxaraq düşünürdü : - Ondan necə gözəl bir ana ola bilərdi.

Uşaqları olardı, onları gözəlcə tərbiyə eləyərdi...Amma nə faydası. Burda duranlar, ya ağac kötükləri.

Heç bir fərqi yoxdu. Onlarda ən çoxu hissiyyatın yoxluğu üzürdü Tərlanı.

Düşünürdü ki, axı necə ola bilər bu tip insanlar bu gün biriylə, sabah da başqasıyla əylənirlər. “Vəfa” deyilən şey yoxdu onlarda.

Deməli, bu həyat, həyat deyil.

Dostları isə necə də yanıqlı-yanıqlı onun gözaltı elədiyi qıza baxırlar. Vay-vay? Siz bir bu gombula baxın. Ağzının suyu necə də axırdı.

Hələ o birini demirəm. Arıq, uzun olana bax bir. Gözləri vəhşi öküzün gözlərinə oxşayır. Hələ o biriləri... Hamısı da Tərlanın “qızını” qamarlamaq istəyirdi.

Amma Tərlanın bu gün keyfi göynən gedirdi. Hər dəqidədən, hər saniyədən ləzzət almaq istəyirdi.

İndi də belə elədi. Hə, indi onların yıtılmış təkərlərinə elə bir tikanlı çomaq soxum ki, mənimlə gəlməklərinə əbədi peşman olsunlar.

Tərlan bu düşüncəsiylə irəli yeriyib bayaqdan bəri ürəyinə yatan və başqalırnın da seçmək istədiyi qızın qolundan tutdu.

Özünü elə apardı ki, guya dostlarının nə etmək istədiklərindən xəbəri yoxmuş.

Hərdən bir gözaltı fikir verdi onlara, görürdü ki, necədə köks ötürürlər. Narazı qaldılar.

Bəlkə də dedilər ki, axı bunu niyə gətirdik özümüzlə? Qoy belə də olsun. Bir daha mənim adımı tutmasınlar...

Otaqda ikisiydi. Tərlan və qız. Otel otağıydı. Hər bir şəraiti vardı, nəsə demək artıqdı. Burada bir dənə nöqsan tapmaq belə mümkün deyildi. Tərlan divanda oturmuşdu, qızsa ayaq üstündə, üzü divara tərəfdi.

Birdən Tərlan hiss elədi ki, qızın çiyinləri tərpənir. Adətən gizli-gizli ağlayanda belə olur. Tərlan : - Nə olub qəşəng qız ? – desədə qızdan cavab gəlmədi. Tərlan bir də soruşdu :

- Nəsə baş verib? Kimsə incidib səni? Bəlkə mən kobudluq etmişəm ?

- Yox... Sizlik bir şey yoxdur...

Gecdə olsa axır ki Tərlan onun səsini eşitdi. Səs ona tanış gəlməyə başlamışdı. Amma yenə də xatırlaya bilmədi. Qız kürəyini ona sarı çevirmişdi, eynəyini çıxarıb üst paltarını soyunmağa başladı. Tərlan qəfil onun sifətini görə bildi. Bəli, odu, özüydü. Necə də olub o saat tanımayıb. Özünü danlamağa başlamışdı. Tez qıza :

- Soyunma, tanıdım. – dedi.

- ... – o, susurdu.

- Əvvəldən niyə demədin mənə.

- ... – o ağlamağa başlamışdı.

Tərlanın bir yedə orta məktəbdə oxuduğu qızıydı. Adı da Həliməydi gərək ki. Hə, Həliməydi.

Düz iyirmi il idi ki, məktəbi qurtarmışdılar. O vaxtdan bu yana bir-birlərini görməmişdilər.

Tərlan bir siqaret yandırıb balkona çıxdı. Göyə baxdı. Ulduzlar sayrışırdı. Ay da gözəlcə bərq vururdu. Ay işığında kölgələr belə gözəl görünürdü, nə qədər bədheybət görünsələr də.

Otağa döndü. O, hələ də ağlayırdı. Tərlanın bütün əvvəlki görüşmələrindəki uğursuzluqlar bir-bir yadına düşməyə başladı.

Bu da son. Bəli, sonuncu olacaq bu görüşmə. Daha tövbə edəcəyəm. Nə qədər ki, gec deyil, nə qədər ki, tövbə qapıları üzümə bağlanmayıb edəcəyəm bunu.

Onu fikirdən Həlimə ayırdı :

- Səni o saat tanıdım. – göz yaşları belə ona gözəl yaraşırdı.

- Mənsə düz yarım saatdan sonra. – dedi Tərlan.

İyirmi il bundan əvvəl və indi. Təzadlı illər, günlər və yaşayış. Fərq yerlə göy qədəriydi.

Baxmayaraq ki, bu qədər varlanmışıq, pullarımızı qoymağa yer tapmırıq, xərclədikcə qurtarmır. Di gəl, eyni nisbətdə də varlığımızı itirmişik, dəyərlərimizi tükətmişik, kimliyimizdən yox olmuşuq.

- Səni ilk görəndə məni tanımadın deyə, özümü bildirməməyə çalışdım. - dedi Həlimə. – sən elədə çox dəyişməmisən Tərlan... Elə əvvəlki kimi qalmısan. Pırtlaşıq saçlı, özünə baxmayan, gözlərində eynək, çuxura düşmüş ağıllı gözlər. Nyuton. Biz axı sənə Nyuton deyirdik.

- Hə, yadımdadı. Ən çox da sən deyərdin bunu mənə. Mən də gərək ki sənə...Nə deyirdim... Yadımdan çıxıb. Amma sən çox dəyişmisən, lap çox. Az qala tanımayacaqdım.

- Yekaterina. Bəli, Yekaterina deyirdin mənə.

- Hə, bəlkə də, yadımdan çıxıb... Birdə mənə maraqlıdı : niyə belə etdin, niyə bu yola düşdün? Bax bundan danış mənə.

- Ehh, Tərlan, Tərlan... Məgər buna yaşamaqmı deyilir!... Qızıl qəfəsə salınmış “Yekaterina” kimiyəm. Heç bir hüququm və səlahiyyətim yoxdur. Başa düşə bilirsənmi ? Anlaya bilirsənmi məni?

- Axı kübar həyatı səni həmişə cəlb edirdi, ürəyin gedib yüksək cəmiyyət üçün...

- Hə, bəlkə də... Amma indi nifrət eliyirəm... Nifrət...

O, yenə dərin xəyala daldı. Tərlan isə bir siqaret damağına qoydu, ayağa qalxmaq istəyirdi ki, Həlimə əlindən tutdu. – Burda çək, - dedi. – Heç olmasa bir gecə özümü insan sanım. Ömürdə bir dəfə olan şeyi əlimdən alma, yalvarıram. Əliylə üzünü tutub ağlamağa başladı.

Həyatdı bu, hamıya yaxşı sifətini göstərmir. Kiməsə sərtdi, kiməsə yumşaq. Birinə var verir, birinə ağıl.

Başqa sözlə, əkiz yaranmış hər şey... Siqaret tüstülədə-tüstülədə Tərlan yenə özünü məzəmmət eləməyə başladı. Kaş məndə hamı kimi olaydım. Heç nə vecimə olmazdı.

Hər şeyi ürəyimə salmayaydım. Kaş ki, fleqmatik olaydım, ya da xolerik. Ən pis halda sanqvinik.

Amma, melanxolik olmayaydım. Bəli, melanxolik. Amma, anlayıram ki, bu heç vaxt olmayacaq.

Çünki, bu biolojidir, genetik yolla keçir. Bəlkə də səhv edirdi, hər halda belə düşünürdü.

- Əvvəlcə bir yerdə işə düzəldim. – Həlimə nəhayət ki, dilə gəldi. – Oranın böyüyü sulandı mənə. Nə bilim səni belə sevirəm, elə sevirəm, gəl evlənək. Bu kimi boş sözlərlə beynimi doldurub məni yoldan çıxartdı...Sən demə əclaf həm evliymiş, həm də ki, şorgözün yekəsi...Bax beləcə sənin Yekaterinan yolunu azdı, oldu pozğunun birisi. Düz beş il beləcə yaşadım onunla. İşləmirdim artıq. Tam asılı vəziyyətdəydim ondan. Evimizi də çoxdan tərk edib getmişdim. Hələ də elə bilirlər qoşulub qaçmışam. Qoy elə bilsinlər, ya da ölmüş bilsinlər məni... Özümü çoxdan unutmuşdum...Sadəcə, səni gördüm nostalji hisslərə qapıldım.

- Yaxşı, başa düşdüm, bəs bura, bu cəhənnəmə necə düşmüsən? – Tərlan eynəyini çıxarıb ağ dəsmalla şüşəsini sildi. Çuxura düşmüş xırdaca gözləri get-gedə daha da balacalaşırdı. Eynəyi taxıb : - yoxsa ki, buranı cənnət sayırsan? – dedi.

- Elə bilirsən ki, burda azadam, xeyr, səhv etmiş olarsan. O, möhtəşəm “ərim” məni qumarda uduzdu. Məni qul kimi satdı buranın sahibinə. Tamamilə qolu zəncirli bir insanam indi...Bax belə...

- Bəyəm qul dövründə yaşayırıq?

- Ondan da betərində yaşayırıq. Onda hər şey açıqdı, hər kəs bilirdi ki, qul kimdi, quldar kimdi, filosof kimdi, nə bilim, hər şey bəlliydi. Amma, indi? İndi hər şey qapalıdı, dairədi, gizlindədi. Kənardan məni görən elə bilər ki, dünyanın ən xoşbəxt bəndəsiyəm. Bu belədirmi? Əlbəttə yox.

- Heç cürə bir çıxış yolu yoxdurmu? Səni azad etmək üçün nə qədər pul istəyərlər səncə?

- Əvvəla bunu etməzlər. İkincisi də pulun çatmaz buna. Yaxşı tutaq ki, razılaşdılar. Nə qədər verə bilərsən? Varmı pulun?

- Hər şeyimi – evimi, maşınımı satsam yenə yüz min etməz. Yetərmi səni qurtarmağa.

- Yetməz. Dediyin kifayətiydi mənə. Çox sağol, amma verməzlər, heç cürə. Çünki onlara milyonlarla xeyir verirəm...

- Doğurdan da quldarlıq dövrüymüş. Necə dedin bayaq, hə, gizlində.

- Nə qədər acı olsa da elədir. Bura o qədər siyasilər, yekəqarın deputatlar gəlib ki... Amma əvvəllər idi bu, indi ehtiyacları yoxdu. Ya şantajdan qorxublar ya da hörmətdən düşməkdən. Əvəzinə gündə bir müğənni ulduz çıxır, onu o saatca qamarlayırlar. Siyasətə və şou-biznesə bax beləcə nifrət eləyirəm. Biri-birini saxlayır. Biri həyasız kişidir, o biri sürtük arvad...Hələ biznesmenlər, iş adamları. Ən çox da xaricilər – ingilislər, fransızlar, ərəblər gəlir bura və sahibimə yaxşı pullar qazandırır. Məsələn, elə biri sən. Nə sifətlə bura gəlmisən?

Qəfil sualdan Tərlan diksindi. Dili topuq vura-vura :

- İnan ki... məni zorla... sürüyə-sürüyə dartıb gətiriblər bura... – deyə bildi.

- Tərlan, mənə də yox...İndi ideal insan yoxdu. Bütün kişilər eynidi eyni...Həlimənin göz qapaqları bağlanırdı artıq.

- ...

- Susursan...Ehh, Tərlan, Tərlan...Mən hələ bir yerdə oxuyanda özümü səndən həmişə üstün hesab eləmişəm. Səni isə fağır, əfəl, nə bilim gərəksiz biri. Hətta, qızlarla sənə lağ edərdik, “Nyuton” deyərdik, gülərdik. Amma indi? İndi sən və mən. Həyatın iki fərqli qütbü. Mən bu çirkinlik bataqlığına düşüb, çabalayan, boğulan və xilas olmağa heç bir ümidi, imkanı olmayan bir zavallı, sən isə nə qədər olmasa da, düz yolunla, əqidəsinə sadiq bir insan kimi həyatda öz yerini tapan birisisən. Səndən tək ricam, öz yoluna davam et, qoşulma bataqlıq ovçularına. Bax tale bizi yenidən bir yerdə, bir nöqtədə birləşdirdi, görürsənmi? İyirmi il keçsə də. Biz tamaşanın son səhnəsini oynayırıq. Bu səhnədə mənfi və müsbət qəhrəmanları oynayan iki aktyor kimiyik. Və etiraf edirəm ki, bu həyat mübarizəsində sən qalibsən, sən. Mən artıq hər şeyimi uduzmuşam, heç olmasa sən uduzma, sən Tərlan. Necə varsansa eləcə də qal. Bu həyatda arzuladığım, mənim üçün əlçatmaz olan müsbət qəhrəmanım olaraq qal...

Həlimənin gözləri bağlandı, o dərin yuxuya getdi. Tərlan isə, bir siqaret də yandırıb səssiz addımlarla balkona çıxdı. Dəli kimi qışqırmağı gəldi içindən.

İstəyirdi elə çığırsın ki, səsinə bütün dünya oyansın. Amma səsi də, elə dili də batmışdı. Aşağı baxdı.

Giriş qapısındakı gözətçi stolun üstündə oturub mürgüləyirdi, arada bir oyanıb ətrafa boylanır, bir şey tapmayıb yenə yatmağına davam edirdi. İçəri keçdi. Həlimə artıq yatmışdı.

Körpə uşaqlar kimi mışıl-mışıl uyuyurdu. Bəlkə də çoxdan belə şirin yuxuya getməmişdi. Səhərin açılmağına isə az qalırdı...

23.07.2010 - 04.09.2010

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG