Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:58
Aprelin 10-11 tarixində çap olunan qəzetlər əsasən aprelin 17-nə planlaşdırılan mitinqə, ötən həftə Bakıda keçirilən mədəniyyətlərarası foruma və Liviyadakı proseslərə yer ayırır.

«ELƏ NAZİRLƏR VAR Kİ...»


«Yeni Müsavat» qəzetinin son sayında millət vəkili Gülər Əhmədova ilə müsahibədə ölkədəki son ictimai-siyasi vəziyyətdən danışılır.

«Normal ölkələrdə hökumətlər də dəyişir, komandalar da istefaya gedir, dövlət aparatı yenə də öz işini davam etdirir. Azərbaycanda isə belə qəbul olunur ki, kimlərsə əvəzolunmazdır...» sualına G. Əhmədovanın cavabı belə olub: «O dövlətlər bu dəyişiklikdən xeyir tapmırlar».

G. Əhmədovanın fikrincə, elə adamlar var ki, onların alternativi yoxdur: «Ancaq bəzi nazirlər də var ki, abır-həyası olsa, elə özü istefa verib gedər. Amma birmənalı şəkildə bilirəm ki, cənab prezidentin, birincisi, verdiyi qərarları çox sürətlə həyata keçirmək xasiyyəti var. İkincisi də heç vaxt heç bir şeyi yarımçıq eləmir. Birmənalı şəkildə tam əminəm ki, çox sürətlə, axıradək o islahatları həyata keçirəcək. Amma nə qədər çəkəcəyini deyə bilmərəm. Güman edirəm ki, biz bunu tezliklə görəcəyik. Məsələn, gömrüklə bağlı konkret qərar verildi ki, bu qurumda bütün hesablaşmalar kartlar vasitəsilə həyata keçiriləcək. Bunun özü çox ciddi bir addımdır. Korrupsiya ilə mübarizə həm də ideoloji, insanların beyni ilə gedən işdir. Dünənə qədər insan buna çox normal baxırdısa, bu gün artıq ona deyirik ki, sən aldığın şirinlik yox, rüşvətdir».

«FACEBOOK»DAKI İCTİMAİ FƏALİYYƏT

«Azadlıq» qəzeti son sayında barəsində cinayət işi qaldırılan sosial şəbəkə fəalı Elnur Məcidli ilə müsahibə dərc edib.

Son parlament seçkilərinə «AXCP-Müsavat» blokundan namizəd kimi qatılan E. Məcidli ««Facebook»da fəaliyyətinizi siyasi fəaliyyət sayırsınızmı» sualına belə cavab verir:

««Facebook»dakı fəaliyyətimi daha çox ictimai hesab edirəm, ancaq Azərbaycan sayaq avtoritar rejimlərin olduğu ölkələrdə bu cür fəaliyyətlərin siyasiləşməsinə ciddi zəmin var. «Facebook»da açdığım «11 Mart - Böyük Xalq Günü», «2 Aprel - Böyük Qəzəb Günü» səhifələri, həmçinin bu səhifələrlə bağlı yazdığım bloq yazıları mənə görə, ictimai xarakter daşıyır, ictimai narazılığı yansıdır. Lakin artıq hakimiyyət bunu siyasiləşdirmə yoluna gedərək haqqımda dövlət çevrilişiylə bağlı cinayət işi açıb».

«XALQ HAKİMİYYƏTƏ TAM ETİMAD BƏSLƏYİR»

Bu sərlövhədə məqalə «Azərbaycan» qəzetinin son sayında çap olunub. Məqalədə prezident İlham Əliyevin Bakı şəhər İcra Hakimiyyətində bir müddət əvvəl keçirdiyi müşavirədən sonra görülən işlərdən danışılır:

«Müşavirədə Bakıətrafı qəsəbələrin əksəriyyətində illərdən bəri kanalizasiya sisteminin olmaması, çirkab və qurunt sularının problemlər yaratması narahatlıqla qarşılanmışdır. Sirr deyil ki, Bakı kəndlərinin bəzisində kanalizasiya sisteminin olmaması əhalinin yaşayışına və onların qədimdən istifadə etdikləri içməli su quyularına mənfi təsir göstərir, kəndarası yolları dağılırdı. Müşavirədə yaxın vaxtlarda Bakının bütün kənd və qəsəbələrində müasir tələblərə cavab verən kanalizasiya sisteminin yaradılması və əhalinin içməli su ilə tam təmin edilməsi, kəndarası yolların təmiri və asfaltlanması ön plana çəkilmişdir».

Məqalədə müşavirədən sonra prezident İlham Əliyevin Bakıətrafı qəsəbə və kəndlərə baş çəkməsinə və yerli sakinlərin problemlərinə yer ayrılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG