Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:35
Bir necə günlüyə vaxt tapıb Məmməd kəndə, Nərgizliyə getmişdi.

Baharın oğlan çağı gəlhagəldə idi. Kəndin yolu, cığırları yam-yaşıl çayır-çəmənə bürünməkdə idi.

Adam hara baxırdısa savadlılar demişkən, mənəvi zövq alırdı. Xoşagələni də o idi ki, bu zövq üçün səndən ətək-ətək pul istəyən də yox idi.

Heyif deyil kənd! Bakıdan nə qədər uzaq olarsa, bir o qədər də ləzzətli olur. Bağ-bağatı o qədər gül-çiçək bürümüşdü ki, elə bil bunları sehrbazlar kobud materiyadan deyil, al-əlvan bulud şüləklərindən düzəltmişdilər.

Uçuşan xallı kəpənəklər cənnətdən təzəcə qovulmuş nazlı-işvəli xanımlar kimi ətirli havanı daha da romantik bir əfsunla doldururdular.

Kim bilir, xallı kəpənəklər bəlkə lə xallı gözəl qızlar imiş, şuluqluqdan bu günə düşüblər...

Məmməd qardaşı Qələndər müəllimin əlindəki “keçəbel” deyilən “lapatkanın”, yaxud da tərsinə, “lapatka” deyilən keçəbelin tiyəsinin gümüş kimi parıltısına baxa-baxa xəyala getmişdi.

Qıvraq və cəld görkəmli Qələndər müəllim dərs arası “pəncərə” deyilən boş vaxtdan istifadə edib bostanını qurdalayırdı ki, iqtisadi imkanı artsın.

Bu nə qəliz duşuncədir, - deyə Məmməd Qələndər müəllimə baxıb öz-özünə gülümsədi.

Bu ara iri qara gözlu, uzun kirpikli, sivri qartal burunlu Qələndər müəllim gülə-gülə ona dedi:

- Bəri bax, ay şəhərli qardaş, suluq udmamısan haa! Mənim vaxtım qurtarır, dərsə getməliyəm, gəl buranı bax oratan belləginən! - deyib əli ilə uzun bir lək gostərdi və gülümsəyəndə ağappaq hamar qəşəng dişləri göründü. Onun əlləri kəndin sərt işlərində bərkisə də hamar müəllim əlləri olduğu bilinirdi, - o sonra da əlini amiranə şəkildə yelləyib - bax, sənə tapşırıq verirəm, gəlib yoxlayajam! - dedi.

- Müəllim, mənim ali texniki təhsilim var, xahiş edirəm, ixtisaıma uyğun mənə bir vəzifə, yaxud iş verəsiniz. Dövlət məni havayıdan oxudub təhsil verməyib ki?!

- Hayıf o dövlətin xərclərinə, ə lapatkanı götür, haydı, peryod! - deyib gülə-gülə əlavə etdi – mənim üçün qanundan danışma!

- Neyləməli, ciddi etirazımı bildirib narazıçılıq eləsəm də, qanun çərcivəsində bir böyük qardaş kimi sizə tabe oluram!

- Cox sağ ol, bax onu başa düşürsənsə, elə o özü böyük şeydir! Heç olmasa oxumaqdan bir şey öyrənmisən. Özün də gözün acıq olsun, qoyma toyuq-cücə, nə bilim, heyvan-meyvan girib ağac-uğacı yeməsin. Hayıfdı, təzə calaqlar vurmuşam, allah qoysa, bir də gələndə meyvəsindən sən də yeyəcəksən. Gəlməsən də qorxma, payını göndərəcəm.

- Əşi, onu ki, deyirsən, elə bəsimdir, vallah, göndərməsən də sağ ol. Təki sağlıq olsun.

- Hə, təki sağlıq olsun, - deyən Qələndər müəllimin gözləri qəfil cəpərin harasındansa yol tapıb baxçanın içinə girmiş üç-dörd quzuya sataşdı. Baxca təzə salındığından ağaclar hələ körpə idi, ona görə də arasında bostan əkmək olurdu. Böyüyəndən sonra kölgə tutur, ot güclə cücərir.

- Ə, bu kimin quzularıdı ə, belə?! Əyə, bunları tez qovun getsin! Ay Zəhra! Ay Zəhra! - deyə üzünü çəpərin o tayındakı arxası baxçaya tərəf olan birmərtəbəli ağ daşdan tikilmiş evə tərəf tutdu. Evdən görkəmcə 5-6 yaşlı bir uşaq çıxdı. Qələndər müəllim uşağa tərəf səsləndi:

- A bala, gəl bu quzularınızı aparginən, anana da denən muğayat olsun, buraxmayın. Bostanı dağıdır axı!

Uşaq qaça-qaça gəlib tez quzularını çubuqlayaraq öz həyətlərinə tərəf qovdu. Qələndər müəllim dəmir tordan düzəldilmiş çəpərin sökülmüş yerini məftillə birləşdirməyə başladı.

Bu hində qonşu evdən başına yelənli çit yalıq bağlamış iyirmi beş-otuz yaşlı bir gəlin xeylağı çıxdı.

O çəpərin doqqazından içəri girib cığırla Qələndər müəllimlə Məmmədə sarı gəldi. Üzündə ciddi bir ifadə var idi. Qadın yaxınlaşıb üzünu onların hər ikisinə tutub:

- Hər vaxtınız xeyir! - dedi və sonra Məmmədi göstərdi: - Qələndər müəllim, o Bakıda olan qardaşın budu? Allah saxlasın, yaxşı oğlana oxşayır.

- Oxşayır yox ey, ay qonşu, yaxşıdır, özü də lap vışşi sortundan! Mənim qardaşım necə olmalıdır ki?- deyib sağ əlini yumruqlayıb baş barmağını yuxaraı qaldırdı və məzə ilə güldu.

- Hə, nə deyirəm ki, - deyə gəlin cavab verdi və sonra birdən nə isə yadına düşmüş kimi ciddiləşib əlavə etdi: - Deyirəm, vallah utanıram da, sən allah bağışda! Quzular bostanına girib, gədə dedi ki, calaqları yeyirdilər.

- Əşi, olan şeydi, amma day bir də buraxma ha, hərdən-birdən gözün üstündə olsun.

- Hə, bir də onu deyirəm ki, sən allah bağışda. Deyirəm, quzudu dayna, ağlı kəsmir, calağı yeyir. Qoyun olsa, bəlkə də heylə iş tutmazdı.

Qələndər müəllim uğundu:

- Hə, qoyun olsaydı, heylə iş tutmazdı - deyə təkrarladı. Məmməd donub qaldı. Sonra o da gülə-gülə əlavə etdi:

- Bəli, elə bu dünyanı da ağılsız quzular əvəzinə ağıllı qoyunlar idarə etsəydilər, əlbəttə ki, çox səhvlər olmazdı.

09.04.2009. Moskva

Şərhləri göstər

XS
SM
MD
LG