Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:29

Mədəniyyətlərin qaynaq edilməsi


Samir SARI


Mən də o fikirdəyəm ki, Azərbaycan Qərblə Şərqi birləşdirə bilən, hətta artıq birləşdirmiş tək-tək ölkələrdən biridir. Əslində, bu saat heç məlum deyil ki, bizdən başqa bu savab işlə daha hansı ölkə məşğuldur.

Əbəs deyil ki, şair hələ yarım əsr öncə Azərbaycanı vəsf edərkən onu “Qoca Şərqin qapısısan” adlandırmışdı. Sonradan məlum oldu ki, Azərbaycan eyni müvəffəqiyyətlə qoca Qərbin də qapısı ola bilər.

Əslində, məsələyə sırf coğrafi cəhətlər prizmasından yanaşaraq ölkəmizi Şimalın, eləcə də Cənubun qapısı adlandırmaq olar. Çünki İran TİR-ları üçün bura şimal qapısıdırsa, Rusiya traylerləri üçün cənub qapısıdır.

Demək, biz Şərq-Qərb söhbəti ilə kifayətlənə bilmərik, həm də Şimal və Cənubu birləşdirməyimizlə fəxr edə bilərik. Hərçənd bunu minus sayanlar da var. Deyirlər, ayaqaltı olmaq da bir şey deyil.

Ta nə edə bilərik, 39-42-ci paralellərdə yerləşməyin belə zibil işləri də var.

Amma söhbət bir neçə mədəniyyəti (arada ona sivilizasiya da deyirlər) birləşdirməkdən gedir. Bu işdə də biz çox qabağa getmişik.

Qərbin məşhur opera və baletlərini gətirib tamaşaya qoyduğumuz küçənin o biri başında Şərqin məşhur şəbehini çıxararaq zəncir vura bilirik. Bə sivilizasiyaların qovuşması necə olur? Mən hələ mini yubkalı qızlarla hicablı qızların rəfiqə olmasından danışmıram.

Yaxud şalvarı gödək, saqqalı uzun dindarları polis şöbəsinə aparıb Qərbdə istehsal olunmuş “Jilett”lə çığırda-çığırda təraş etmək mədəniyyətlərin çulğaşması deyilmi?

Çox da ki, saqqal yiyəsi “etməyin, eləməyin, günahdır, Allaha ağır gedər“ deyib qışqırır, ona baxan kimdir, adamların missiyası mədəniyyəti yaymaqdır – həm də qılıncsız-filansız, dəyənəklə.

Baxın, bizdə gender problemi yoxdur – sırf Qərbdəki kimi. Qadınların səs, miras hüquqları olduğu kimi ərin ayağını yumaq vəzifələri, arada çırpılma imtiyazları da var.

Biz Banqladeşdəki kimi qadınları səs hüququndan məhrum etmirik, amma ta o qədər də boş Şərqli deyilik ki, arvad durub özbaşına seçkiyə getsin, əlinin xamırıyla seçim eləsin, səs versin.

Parlamenti götürək. Bu, Qərbdə icad olunmuş idarəetmə institutudur, prinsipcə, mentalitetimizə zidd andırdır.

Yəni ölkəni versək ki, parlament idarə eləsin, qırğın düşər. Amma görün, biz bu institutu Şərqin despotik saray institutu ilə necə çulğaşdırmışıq. Çox sadəcə. Qərb institutuna (parlamentə) qəbulu Şərq rektoru (avtoritar lideri) aparır, nəticədə parlament saray əyan-əşrəf ilə doldurulur, sonradan iclaslarda dava-qırğın düşmür. Hamı sözünə qədim şərqli xitabının - “hökmdar sağ olsun”un müasir variantı ilə (“möhtərəm prezidentimiz sağ olsun, vəsait ayırdı”) başlayır, dava da düşmür.

Keçən dəfə özünü qərbli deputatlar kimi aparanlar vardı, bu dəfə şərqli vəzir-vəkillər onları çıxdaş elədi.

Şərqlə Qərb mədəniyyətinin Azərbaycanda bir-birinə qaynaq edilməsi məsələsi təkcə siyasətlə, incəsənətlə, folklorla məhdudlaşmır, biz onları məişətdə də qovuşdururuq.

Hər gün olmasa da, vaxtaşırı ölüləri Şərq qaydasıyla, “bismillah”, “fatihə” deyə-deyə dəfn edir, axşam isə toya gedərək Fransadakı kimi qara kostyum, ağ libas geyinərək Mendelsonun toy marşının sədaları altında bal rəqsi oynayan bəy-gəlinə xoşbəxtlik arzulayırıq. Hələ sazəndələr Mendelsondan sonra qəşəng bir “Can canadır, can-cana” çalaraq bizi yenidən Şərqə, Urfa tərəflərə, Ağrı dağın ətəyinə aparır.

Yeni ildə balalarımız Şaxta baba adlı Santa Klausun gəlişini gözləmirlərmi? Gözləyirlər. Deyərdim ki, bizim uşaqlar Şaxta babanı Amerikadakı, Avropadakı tay-tuşlarından daha çox sevirlər. Ancaq biz hələ ki, öz Kosa və Keçəlimizi Avropaya sırıya bilməmişik (Görünür, bu xüsusda dövlət proqramı hazırlamaq, 5-6 milyon dollar da vəsait ayırtdırmaq lazımdır).

Bir sözlə, burada Şərqlə Qərbi birləşdirmək məsələsində problem yoxdur. Problem ondadır ki, biz nə şərqli kimi şərqliyik, nə qərbli kimi qərbli. İkisindən də yarımçığıq. “Dad yarımçıq əlindən” deyən şərqli atalar da haqlıdır, “İki səmtə baxan çaş qalar” deyən qərbli atalar da.

"Yeni Müsavat"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG