Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:55

Təhsil şöbəsinin keçmiş müdiri 11 il həbs aldı


Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və rüşvət almaqda təqsirləndirilənlər 3 ildən 11 ilədək həbs cəzasına məhkum olunublar

Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və rüşvət almaqda təqsirləndirilənlər 3 ildən 11 ilədək həbs cəzasına məhkum olunublar

Bakı Ağır Cinayətlər Məhkəməsi Goranboy rayon Təhsil Şöbəsinin keçmiş müdiri Elmar Əliyevə, şöbənin əməkdaşlarına və bir neçə orta məktəb direktoruna hökm oxuyub.

MƏKTƏB DİREKTORU ŞÖBƏ İŞÇİSİNƏ, İŞÇİ DƏ MÜDİRİNƏ

Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və rüşvət almaqda təqsirləndirilənlər 3 ildən 11 ilədək həbs cəzasına məhkum olunublar. Məhkəmə hökmünə əsasən, Elmar Əliyev Goranboy rayonu ərazisindəki 52 orta məktəbdə XI sinif şagirdlərindən test imtahanlarında yüksək bal və attestat verilməsi müqabilində pul yığılmasını tapşırıb. Bu halın həmçinin, Goranboy ərazisində fəaliyyət göstərən Kəlbəcər rayonunun 11 orta məktəbində də baş verdiyi bildirilir. Məhkəmənin gəldiyi nəticəyə görə, pulların yığılıb təhsil şöbəsinin müdirinə çatdırılmasını isə rayon təhsil şöbəsinin metodiki kabinetinin müdiri Faiq Dosiyev həyata keçirib.

KÜLLİ MİQDARDA PULLA VƏ ATTESTATLA DOLU SEYF


Elmar Əliyev və məktəb direktorları 2009-cu ilin iyun ayında - Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi təhsil müəssisələrində yoxlamalara başlayarkən cinayət məsuliyyətinə cəlb olunmuşdular. Baş Prokurorluğun yaydığı rəsmi məlumatda bildirilirdi ki, Elmar Əliyevin kabinetinə baxış keçirilərkən seyfdən 2 milyon 500 min manat pul və hazır attestatlar götürülüb.

İttiham aktında qeyd olunurdu ki, orta məktəbi bitirən bir neçə məzunun valideyni onlardan attestata görə 300-500 manat civarında pul tələb olunması ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Bu şikayət əsasında da Korrupsiyaya Qarşı Mübarizə İdarəsi rayon təhsil şöbəsində yoxlamalara başlayıb və həbslər baş verib.

«İCTİMAİ NƏZARƏT YOXDUR»

İttihama əsasən, Maliyyə Nazirliyinin apardığı yoxlamalar zamanı təhsil şöbəsinin kassasında 31 486 manat məbləğində pulun çatmadığı aşkara çıxıb. Bundan başqa, təhsil şöbəsinin inzibati binası və məktəblərin təmiri üçün ayrılmış vəsaitdən 142 600 manat pulun saxta sənədlər tərtib olunmaqla mənimsənildiyi, faktiki işləməyən şəxslərin adlarına hesablanmış 48 862 manat məbləğində pulun israf edildiyi bildirilir.
Etibar Əliyev
Habelə, artıq saxlanmış 539 sinfə görə 1 milyon 250 min manata yaxın məbləğdə pulun əsassız ödənildiyi, aylıq əməkhaqqı cədvəlində rəqəmlərin artırılması nəticəsində kassadan 169 257 manat pulun silindiyi deyilir.

«XXI əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev bu qədər pulların mənimsənilməsini təhsil sisteminə ayrılan pullara ictimai nəzarətin olmaması ilə əlaqələndirir:

«Təmir-tikintinin vəziyyəti necədir? Attestat verilməsi qaydaları necədir? Heç kim onların haqq hesabını soruşmur və heç bir təşkilat monitorinq apara bilmir. Nazirliyin özünün yaratdığı, özünə yaxın olan qeyri-hökumət təşkilatları isə müsbət arayışlar yazırlar ki, hər şey qaydasındadır».

ƏN YÜKSƏK CƏZA RAYON TƏHSİL ŞÖBƏSİNİN KEÇMİŞ RƏHBƏRİ ELMAR ƏLİYEVƏ VERİLİB – 11 İL

Zamində olan iki nəfər - Mehman MəmmədovXasay Qasımov məhkəməyə gəlmədiklərindən onların barəsində hökm elan olunmaqla yanaşı, axtarış qərarı da çıxarılıb.

Elmar Əliyev məktəb direktorlarından fərqli olaraq Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə yanaşı, mənimsəmə və ya israf etmədə də təqsirləndirilib. Onun vəkili Ayət Rüstəmov isə məhkəmə hökmü ilə razılaşmır. O, Elmar Əliyevə qarşı ittihamları saxta hesab edir:

«HÖKMDƏN NARAZIYIQ»


«Özünü təqsirli bilməyib, hökmdən narazıyıq, ona görə də apellyasiya şikayəti verəcəyik. Çünki orda 311-ci maddənin tərkib halları yoxdur. 311-ci maddə rüşvət almadır. Ancaq rüşvət almağa da bunun səlahiyyəti yoxdur axı. Həmin imtahanların aparılmasına təhsil şöbəsinin müdiriyyəti ancaq texniki yardım edir. imtahan aparmır ki, rüşvət də ala. İsraf etmə də həmçinin, ona aidiyyəti olmayan məsələdir».

Digər məhkum olunanlar da hökmlə razılaşmırlar. Məsələn, 4 il müddətinə məhkum edilmiş Camaləddin Nəsibovun vəkili Bəylər Məmişov deyir ki, hökmdən apellyasiya şikayəti verəcəklər.

Şərhləri göstər

XS
SM
MD
LG