Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:01
Aprelin 7-dən Bakıda Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumu işə başlayıb. 3 gün davam edəcək forumun açılışında çıxış edən prezident İlham Əliyev «Bakı və Azərbaycanın belə mötəbər tədbirlərin keçirilməsi üçün ənənəvi məkana çevrildiyini» deyib. Prezident bu cür forumların əhəmiyyətindən danışıb:

«Güclü iradə olan yerdə mədəniyyətlərarası dialoqun məzmunu da dolğun olur və bu görüşlər bütün xalqları daha da yaxınlaşdırır, bizim niyyətimiz də bundan ibarətdir. Biz istəyirik ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olsunlar, bütün problemləri açıq şəkildə müzakirə etsinlər».

Azərbaycanın inkişaf göstəriciləri barədə danışan prezident ölkədə 900 min iş yeri açıldığını, ümumi daxili məhsulun həcminin artdığını, yoxsulluq həddinin kəskin azaldığını da qeyd edib. Prezident Azərbaycanda siyasi müstəqillik, sabitlik olduğunu, ölkənin sürətlə inkişaf etdiyini də deyib.

«GÖZDƏN PƏRDƏ ASAN» FORUM

Ancaq ReAL (Respublikaçı) Hərəkatının həmsədri İlqar Məmmədov başqa fikirdədir, bu cür forumların «çox vaxt gözdən pərdə asmaq üçün istifadə olunduğunu» deyir. O bildirir ki, bu vaxta qədər müxtəlif dialoqlar keçirilib. Ancaq bir müddət sonra dialoq ölkələrini təmsil edən şəxslər Azərbaycanda demokratiyanın vəziyyətinin daha da pisləşdiyini bəyan ediblər:

«Belə forumlarda iştirak edənlər aydın göstərsinlər ki, kimləri təmsil edirlər? Onlar Avropanımı, dövlətlərimi, birliklərimi təmsil edilər? Çünki onların burada iştirakı nəticəsində hər dəfə insanlara belə bir fikir aşılanır ki,
İlqar Məmmədov
Azərbaycanda hər şey yaxşıdır, artıq dünya miqyaslı dialoq gedir. Ancaq sonrada biz həmin dövlətlərdən, qurumlardan tamamilə fərqli sözlər, fikirlər eşidirik».

«EYNULLANIN HƏBSDƏ SAXLANMASI MƏDƏNİYYƏTSİZLİKDİR»

İ. Məmmədov foruma Avropa Şurası Parlament Assambleyasının (AŞPA ) prezidenti Mövlud Çavuşoğlunun da qatılmasına ümidlərlə baxır. O, bir neçə həftə əvvəl Avropa Şurasının Baş katibi Torbyörn Yaqlandın prezident İlham Əliyevə ünvanladığı məktubda qeyd olunan məsələlərin həllində irəliləyiş olacağına inanmaq istəyir. Baş katibin məktubunda Azərbaycanda plüralizm, ifadə və birləşmə azadlığının vəziyyəti ilə bağlı narahatlıq ifadə olunurdu. O, Azərbaycan hakimiyyətinin jurnalist Eynulla Fətullayevin həbsinə son qoyulması üçün bütün imkanları nəzərdən keçirməməsindən təəssüfləndiyini bildirirdi.

İ. Məmmədov ümidini bildirir ki, Baş katibin məktubunda qeyd edilən məsələlərin həllində hansısa bir irəliləyiş olsun:

«Biz ümid edirik ki, cənab Çavuşoğlu bu səfəri zamanı heç olmasa, bir vacib nailiyyəti təmin etsin. Eynulla Fətullayevin həbsdə bu qədər saxlanılması açıq-aydın mədəniyyətsizlikdir. Bu mövzuda mədəniyyətsizlik göstərən hökumətlə hansı sahədə mədəniyyətlərarası dialoq aparmaq olar?»

BAKIDA «POTYOMKİN KƏNDLƏRİ» EFFEKTİ

Elmir Mirzoyev
Kulturoloq Elmir Mirzoyev Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumunun əhəmiyyətli olduğunu desə də, belə tədbirlərin ölkədəki sosial problemlər fonunda görüntü yaratdığını düşünür. Kulturoloq Azərbaycana gələn xarici qonaqlara «Potyomkin kəndləri» effekti yaşadıldığını deyir:

«Yekaterinanın dövründə knyaz Potyomkin onun «favoritlərindən» biri idi. Potyomkin deyir ki, Rusiya inkişaf edir, əjdahadır və s. Bir gün Yekaterina deyir ki, mən xalqımı görmək istəyirəm. Potyomkinə məsləhət verirlər ki, gözəl kənd mənzərələri, yaraşıqlı evlər, həyətlərin şəkli çəkilsin. Yekaterinanın faytonu keçən yol boyunca uzaqdan həmin səhnələr qoyulur. Yekaterina baxıb onlara deyir ki, mənim ölkəm doğrudan da çox gözəldir... Bakının mərkəzi də kifayət qədər gözəlləşdirilib. Və xaricdən gələn qonaqlar da böyük təsir altında olurlar ki, gözəl şəhərdir. Ölkədəki sosial problemlərin mövcud olduğu şəraitdə bu effekt – tarixi analogiyanı yaradır».

FORUMA BƏZİ JURNALİSTLƏR BURAXILMAYIB

Aprelin 9-dək Bakıda keçiriləcək forumda 20 ölkədən 400-dən artıq qonaq iştirak etsə də, bir sıra jurnalistlər, o cümlədən AzadlıqRadiosunun əməkdaşı tədbirə dəvət edilməyib. Forumda akkreditə olunmaq üçün əvvəlcə forumu dəstəkləyənlərdən Avropa Şurasına müraciət etdik.

Avropa Şurasının Bakıdakı ofisindən dedilər ki, tədbirin təşkilatçısı onlar deyil, Mədəniyyət və Turizm Nazirliyidir. Nazirlik isə müraciətləri Prezident Aparatına yönəldib.

Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forum Azərbaycan hökumətinin təşəbbüsü ilə keçirilir və Avropa Şurası, Şimal-Cənub Mərkəzi, UNESCO, BMT Sivilizasiyalar Alyansı və ISESCO tərəfindən dəstəklənir. Forumda mədəniyyətlərarası dialoqun beynəlxalq problemləri və qlobal miqyasda praktik aspektləri müzakirə olunur.

Şərhləri göstər

XS
SM
MD
LG