Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:14
(Etüd)

Kitabxana... Təsadüfən rastlaşırlar...

Qız:

- Aaa... burdasan?

Oğlan:

- Hə... Salam (Necə gözəl görünürsən)

Qız:

- Salam... İşləriniz necədi, cənab? (Bir dəfə də gözəlsən desən dünya dağılmaz ki... Axı bunlar hamısı sənə görədi...)

Oğlan:

- Pis deyil. Yaşayırıq da özümüzçün... (Yenə eyham vurma... Necə darıxmışdım gözlərinçün...bir bilsən)

Qız:

- ... (Axı bilirəm ki, hər yerdə ayaq izlərin var. Kölgəmə çevrilmisən az qala. Etiraf et hər şeyi, susma)

Oğlan:

- ... (Bu qədər yaxın durma. İçimdəki ayların odlu həsrəti püskürəcək üstünə...necə darıxmışam dodaqların üçün... susma...bir söz söylə...)

Qız:

- Nə yaxşı bura yenə gəlib-gedirsən? Elə bilirdim universiteti bitirəndən sonra şairliyin də, kitablar da bitəcək... (susma, şairim... yenə şeir söylə mənə...)

Oğlan:

- Əşşiii, nə şair... bitib artıq şeir də, şairlik də... hər şey... (bir oxuya bilsən, hər gecə sənə yazılan şeirləri... Qadınım, yenə oyatma içimdəki yatmış səni...)

Qız:

- Hmm... demək bitibmiş... belə deee...(gözlərinin içinə qədər yalan deyirsən... necə qocalıb üz cizgilərin... yenə atılıb üstünə qucaqlamaq istəyirəm kobud bədənini...boğulmaq istirəm öpüşlərində...)

Oğlan:

- Hə... indi daha ciddi işlərlə məşğulam. Boş vaxt tapan kimi gözümün qurdunu öldürmək üçün bura baş çəkirəm... (Bircə söyləmə, söyləmə ayın tarixini...Axı niyə içimdəkilər başqa dildə danışır. Ürəyimin dili ağlımın dilinə nədən yatmır?)

Qız:

- Maraqlıdır... 21-i olan aylar... (Belə qızararsan... hər şeyi unudubmuş...)

Oğlan:

- Yaxşı, bəs sən indi harada işləyirsən? (Saçların necə uzanıb... Əllərim yetim qalıb...
Yenə sevdiyim rəngə boyamısan dodaqlarını...Axx)

Qız:

- Tələbə vaxtı praktikada olduğum TV-də... İndi artıq mənə uşaq kimi baxmırlar.
Bilirsən necə maraqlıdır televiziya... Bəlkə bu yaxında yeni bir layihənin aparıcısı oldum... (Bir az da qısqan məni... darıxmışam...Saniyələr yaman qaçır...)

Oğlan:

- Aparıcı? Hmm... (Çox dəyişmisən... Qadınlaşmısan... Gördüyüm uşaq deyilsən... ... ...)

Qız:

- Hə... yaxşı, mən gedim...

Oğlan:

- ....... (Getmə...)

Qız:

- ......... (Niyə axı mənə belə baxırsan. Bir dəfə də cəsarətin çatsa, getmə desən... De,
de!..)

Oğlan:

- ... (getmə...yalvarıram getmə...)

Qız:

- ......... (Elə bu sükutun gedişimə səbəb oldu....) Gedirəm!

Oğlan:

- Həə?.. Gedirsəəə...nn?.. (Yox, yox... Dilimə daş bağlanıb, nədir?.. offf)

Qız:

- ..... (Axxx, de! Axı bilirəm, getməyimi istəmirsən... De, de!!! Bu dəfə...) deeee...

Oğlan:

- Getmə...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG