Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:07

Sima Ənnağı "Tamamilə Azad Qadın" (Hekayə)


Bir Tamamilə Azad Qadın vardı. Azadlığını təzəcə əldə etmişdi və bundan çox məmnundu.

Özünü başqa qadınlardan üstün – cəsarətli, ağıllı, məsuliyyətli və işgüzar sayırdı.

Qoy kim istəyirsə, ömrünü mətbəxdə, mənasız münasibətlərdə, darıxdırıcı həyatda məhv etsin, mən belə deyiləm, olmayacam.

Əgər azad qadınamsa, demək, həyatımı da istədiyim kimi quracam. Fərqli. Maraqlı. Və azad.

Azadlığa atılan ilk addım rəfiqələrindən başlandı.

Gününü dükanlarda alış-verişə həsr edən, özlərinin qazanmadığı pulu asancasına küləyə sovuran dayaz qızlara “Yox!” dedi.

Gözəllik salonlarından çıxmayan, bütün günü hansısa brendi, top-modeli, nə bilim, trendi müzakirə edən qadınlardan nə gözləyəsən?

Belələri adamı ballast kimi həyatın dibinə çəkər, şəxsiyyət kimi inkişafdan saxlayar.

Beləliklə, rəfiqələr Azad Qadının həyatından yox oldular. Onlarsız daha rahat, daha inamlı hiss edirdi özünü.

Rəfiqələrsiz Azad Qadının özü bilirdi nəyi alsın, nəyi geyinsin, nəyi yesin...

Sonra növbə kişilərə çatdı. Azad Qadın çoxdan anlamışdı ki, kişilərə bel bağlamaq olmaz. Onlar nə başa düşür qadın nədi, sevgi nədi...

Onlarınkı ancaq yataqdı. Robot kimi – gir yataga, əylən, dur. Hələ kişi eqoizmi... Hələ qısqanclıq...

Hələ qadını idarə etmək, hər addımını izləmək, beş dəqiqəlik gecikməyə görə hesabat tələb etmək... Bütün bunlar çox darıxdırıcı gəlirdi Azad Qadına.

Ona görə bir gün həyatındakı kişiləri də silib atdı.

Tək yaşayırdı Tamamilə Azad Qadın. Təkliyi və azadlığı ilə fəxr edirdi.

Yeriyəndə başını dik, qamətini şax tutmağa tam haqqı vardı.

Qoy kişilərin hesabına yaşayan, kişi qucağı olmadan yuxuya getməyən zavallı aciz qadınlar ağlayıb-sızlasınlar, qısqanclıq odunda yansınlar, dişlərini sıxaraq, kişilərin hoqqalarına dözsünlər...

Axı onlar azad yaşamağın nə olduğunu bilmirlər.

Onlar azadlıqdan qorxurlar. Kişi əsarəti altında yaşamaq daha əlverişlidir onlara.

Tamamilə Azad Qadın azad yaşamağa qərar verdikdən sonra həyatı nizamlı, aydın və məqsədyönlü olmuşdu.

Hər şey şüurun, ağlın ciddi nəzarəti altında idi.

Günləri dəqiq ritmli və rejimliydi. Səhər yuxudan oyanan kimi yataqdan qalxardı, daha başqaları kimi yarıyuxulu vəziyyətdə yataqda qalıb nazlanmazdı.

Özünü adi soyuq su və ya meyvə şirəsi içməyə alışdırmışdı.

Tərkibində kofein olan qəhvədən, tanin olan çaydan tamam imtina etmişdi. Sağlamlığını qorumaq üçün yalnız faydalı ərzaqlara üstünlük verdiyindən, onun evində şəkərli peçenyelər, ballı kökələr, kremli pirojnalar olmazdı.

Bəli, bir az da dözsəydi, Tamamilə Azad Qadın İdeal Qadın olacaqdı – həyatda nə istədiyini bilən, məqsədinə çatmaq üçün çarpışıb vuruşan, hər addımını düşünən bir qadın.

Bir dəfə bayram axşamı (hansı bayram idi – fərq etməz, çünki Tamamilə Azad Qadın bayram ənənəsindən də azad idi, özü nə vaxt istəsə, onda da bayram edə bilərdi özü üçün...) – o, öz evində, sevimli kürsüsündə əyləşib iztirablarla dolu sevgi serialına baxmaqla əylənirdi.

Və yenidən düzgün həyat yolu seçdiyinə əmin olurdu. Birdən qapı döyüldü. Kim ola?

Qapıda qoca bir qadın dayanmışdı.

- Tanımadın məni? Amma mən səni görən kimi tanıdım.

- Sən məni necə tapdın?

- Tapdım da... Sevdiyin insanı tapmaq elə də çətin deyil.

- Axı mən heç kimə ünvanımı verməmişdim... Məni necə tapdın?

- Bu, vacib deyil.

Qoca qadın içəri keçdi. Büründüyü şalları açıb, kənara atdı, kürsüyə əyləşdi. Yorğun ayaqlarını irəli uzatdı:

- Offf... yaman sızıldayırlar.... yoruldum...

- Özünə niyə əziyyət verirdin ki?

- Bəzən əziyyət də şirin olur... Səninçün yaman darıxmışam. İstədim, gəldim. Nə vaxt istəsəm, onda da çıxıb gedəcəm.

- Səni qovmuram ki... Qal.

Beləcə qoca qadın Tamamilə Azad Qadının evində qaldı. O, öz həyatını yaşayırdı, Azad Qadın öz həyatını.

Sanki iki fərqli dünya bir araya gəlib, münaqişəsiz inkişaf edirdi.

Əvvəllər yuxusuzluqdan əziyyət çəkməyən Azad Qadın indi hər gecə yuxudan oyanıb qonşu çarpayıdan gələn hənirtiyə diqqətlə qulaq asırdı. Necə qəribə hiss idi bu...

Sanki hər şey – otağın divarları, çarpayı, kitab rəfində çaqqıldayan saat doğmalaşmış, ətrafdakı hər əşyaya səmimiyyət çökmüşdü.

Bu doğmalığı yaradan nə idi? Azad Qadın nə qədər fikirləşsə də, səbəbi tapa bilmirdi, tapmadıqca da narazı olurdu.

Axı o, hər şeyi şüurla, ağılla dərk etməyi sevirdi. İndisə izahedilməyənlər baş verirdi.

Tezliklə Tamamilə Azad Qadın özü də sezmədən köhnə vərdişlərinə qayıtdı.

İdeal qadın obrazı, deyəsən, nimdaşlaşıb, lazımsız fikir kimi şüurun bir küncünə atılmışdı.

Ətirli qara qəhvə, şirin kökələr, ballı pecenyelər olan yerdə çəkisi normal, ürəyi bumbuz olan soyuqqanlı ideal qadına yer yoxdu.

Tamamilə Azad Qadın əvvəlki kimi yenə də səhərlər yatağında nazlanır, acı qara qəhvə içir, divanda uzanıb kitab oxuyurdu.

Özü özünə etiraf etmək istəməsə də, hiss edirdi ki, qovulmuş rəfiqələri və keçmiş sevgililəri yenidən həyatına qayıdacaqlar.

...Tamamilə Azad Qadın gözlərini təbəssümlə açanda, qapıda güllü şallarına bürünmüş qoca qadını gördü.

- Gedirsən? Getmə. Sənə öyrəşmişəm. Darıxacam...

- Eybi yox. Darıxırsansa, demək, hələ köksündə ürəyin var. Mən gedirəm. Amma qayıdacam. Qapını və ürəyini bağlama, açıq saxla, bilmək olmaz, kim nə vaxt gələr...
Tamamilə Azad Qadın demək istədi ki, axı ürək açıq olanda, ora sevgi gəlir və özüylə iztirablar, göz yaşları gətirir. Aldanırsan. Aldadırlar.

Qoca qadın gülümsədi:

- Qoy elə olsun. Azadlıq sevmək deməkdir. Azadlıq – darıxdığın adamı tapmaq üçün uzun yol getmək deməkdir. Robot kimi nizamlı, lakin ruhsuz, sevincsiz həyat yaşamaqdansa, sevmək və bəzən də ağlamaq daha yaxşı deyilmi?

- Deyil... – Azad Qadın demək istədi.

Susdu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG