Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:51













MÜSƏLMANIN SONDAKI AĞLI


Başına, gözünə döyür, ayılmır.
Başı daşdan-daşa dəyir, ayılmır.
Can bədəndən çıxır, əgər ayılmır,
Götür, müsəlmanın sondakı ağlı!

Yox olsa, bilərdim, yoxdu, var, axı!
Var olduğu Yerə, Göyə car, axı!
Dağıt qafasını, çək, çıxar, axır
Götür, müsəlmanın sondakı ağlı!

Demə, Allah ağlı gülüncə verib.
Sən ağıl gəzirsən, o dincə verib.
Yerə son peyğəmbər gəlincə verib,
Götür, müsəlmanın sondakı ağlı!

Doğmasına baxmaz, yadına baxar.
Ağılsız yadını ağılla yıxar.
Saymadığı çayda boğulub, axar,
Götür, müsəlmanın sondakı ağlı!

Dünya aman vermir, gözü açıla,
Savaşdan, döyüşdən hara qaçılar?!
Qanında öclük yox, dura, öc ala,
Götür, müsəlmanın sondakı ağlı!

Hökmünü göyərtdin, yardırıb, durdun.
Bir az dirçələni vurdurub, durdun.
Qardaşı qardaşa qırdırıb, durdun,
Götür, müsəlmanın sondakı ağlı!

Saf-çürük etməyə ələyin hardan?!
Ələyə verməyə küləyin hardan?!
Əgər ağlın yoxdur, kələyin hardan?!
Götür, müsəlmanın sondakı ağlı!

Nə müsəlman oldun, nə xristian!
Yerin altı qandı, Yerin üstü qan.
Yeriyinə durdun; təzə, isti qan,
Götür, müsəlmanın sondakı ağlı!

Güc var, ovutmağa nağıl tapmadın.
Göylə əlləşməyə oğul tapmadın.
Dünyanı dağıtdın, ağıl tapmadın,
Götür, müsəlmanın sondakı ağlı!

17.04.2008.


OĞULLAR GÜNAH QAZANIR

Harda batıb Haqq yozanım?!
Ha yandan gəlir azanım?!
Oğullar günah qazanır,
Analar günah içındə.

Baxma qanıram, sezirəm.
Dözmüşəm, yenə dözürəm.
Mən Haqqı Göydə gəzirəm,
Düşmənim tamah içində.

Gizlinim olsa, elə car,
Dost yada, mən də yada yar.
Mənim də bir Allahım var
Gör neçə Allah içində.

Cana əsirdi bədənim,
Mənim deyil ki, itənim.
Çörək puluna gedənim
Vurnuxur mətah içində

Nə sevib, seçdim, deyirəm,
Nə durub, özüm öyürəm.
Baxıb, gözümü döyürəm,
Bir belə məddah içində.

Ətə gedir, ota gedir.
Namus gedir, buta gedir.
Hərə bir tabuta gedir,
Gah çölündə, gah içində.

Haqqına sular calandı,
Yalqızlar Yerdə talandı.
Keçmişim bu gün yalandı,
Gerçəyim sabah içində.

Gülməyim yox gülən kimi,
Sirr bölmərəm bölən kimi.
İpəkqurdu ölən kimi
Ölürəm bir ah içində.

Harda batıb Haqq yozanım?!
Ha yandan gəlir azanım?!
Oğullar günah qazanır...

11.01.2008.



AYAQQABILAR

Yarağı əlindən alındı İraqın.
Başının düşünmək haqqı alındığından,
səbri düyünləndi ayağının ucunda.

Dar qəfəsdən çıxıb,
qazamatı yarırmış kimi
təslimlərə meydan oxudu ayaqqabılar.
Dünyanın baş-buşunun,
dünyanın savaş Buşunun
tacından
yuxarı qalxdı ayaqqabılar.
Qalxdı da uzaqvuran yaraq kimi
partladı.
Partladı da yaddaşlara toxundu.
Sinirlər bir hava üstünə kökləndi.
Bu dəfə ayaqqabı ilə çalındı sinirlər.

Səddamın,
əslində İraqın
öcünü almaq istədi ayaqqabılar.

Özünü sındırmasa da,
sındı Buş.
Sındı da ucuzlaşdı.
Dəyəri qalxdı ayaqqabıların.
Sövdələşmələr gəldi araya.
Milyonlar tərəziyə qoyulub,
Haqqın tarazına qalxdı.

Dəyəri qalxdıqca ayaqqabıların,
ucuzlaşdı başlar,
ucuzlaşdı buşlar.

18.12.2008.

Şərhləri göstər

XS
SM
MD
LG