Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:54
Azərbaycanı Yazıçılar Birliyinin sədri Anar Rzayevin "İnterfaks-Azərbaycan"a müsahibəsi.


- Azərbaycan nəsri, poeziyası hazırda hansı inkişaf mərhələsindədir?

- Artıq yeni minillikdəyik, yeni yüzilliyin 11-ci ilidir və ədəbiyyat öz zamanına uyğundur. Düşünürəm ki, müasir həyat qarşısında dayanan bütün məsələlər bu və ya digər dərəcədə öz əksini ədəbiyyatda tapır.

- Cəmiyyətin dəyərləri yeni quruluşla dəyişib. Bu, ədəbiyyata necə təsir göstərib?


- Bütün proseslərdə müsbət və mənfi başlanğıclar var. Mən senzuranın ləğvini, yazıçının lazım bildiyi kimi yazmaq imkanının yaranmasını müsbət hesab edirəm. Ancaq bu məsuliyyətsizlik də doğurdu, çünki əgər məhdudiyyət yoxdursa, bəziləri hesab edirlər ki, hər şey yazmaq olar və hər şey yazırlar. Amma belə əsərlərin çətin ki, ədəbiyyatla əlaqəsi var.

- Siz bu gün Azərbaycan yazıçısı və bütövlükdə cəmiyyət üçün rus dilinin rolunu necə qiymətləndirirsiniz?


- Mən rus dilinin əhəmiyyətini yüksək qiymətləndirirəm və hər zaman yazmışam ki, yaxın gələcəkdə rus dili bizə lazımdır. Bizdə ingilis, fransız və digər xarici dilləri bilirlər və bu, çox yaxşıdır. Ancaq bizim üçün başa düşülən ədəbiyyatın həcmi rus dilindən başqa heç bir digər dildə əlverişli deyil. Buna görə də hesab edirəm ki, rus dili bizim dünyaya çıxışımızdır. Onun vasitəsilə biz dünya mədəniyyətinin bütün sərvətini dərk edirik. Və eyni zamanda, bizim yazıçılarımız rus dili vasitəsilə geniş dünya ictimaiyyətinə çıxa bilirlər.

- Rus ədəbiyyatı sizin həyatınızda nə kimi rol oynayıb?

- Rus ədəbiyyatı dünya ədəbiyyatının böyük bir hissəsidir: mən onu Puşkindən bu günə qədər xatırlayıram, sevirəm, qiymətləndirirəm. Bunlar həm Tolstoy, həm Dostoyevski, həm Çexov və bir çox müasir yazıçılardır.

- Bu gün bizim ədəbiyyatımızda nə və kimlər yoxdur? Kimlərin isə sayı istənilən qədərdir?


- Bizim həm köhnə, həm də yeni nəsildə istedadlı yazıçılarımız var. Mən adlar çəkməyəcəyəm, çünki rəsmi vəzifədəyəm. Və əgər kiminsə adını çəksəm, bu, Yazıçılar Birliyinin rəsmi fikrini ifadə etmək demək olacaq. Mən isə bu və ya digər əsərləri yalnız öz anladığım kimi mühakimə edirəm. Gənc yazıçılar arasında çox istedadlı, perspektiv insanlar var. İnanıram ki, onlar gələcəkdə bizim ədəbiyyatımızda öz rolunu oynayacaqlar.
Öz istedadı deyil, inadkarlığı hesabına özünü təsdiqləmək istəyən qrafomanlar, yaradıcılığı baş tutmayan müəlliflərin isə sayı çoxdur. Qrafomanların sayı daha az olsaydı, yaxşı olardı. Amma nə etməli…

- Bu gün siz nə oxumağa üstünlük verirsiniz?

- Mən indi, lazım gəldikdə, əsasən, tarixi ədəbiyyatı və sənədli nəsr oxuyuram. Bu peşəkar fəaliyyətdir. Mən çox yazıram və mənə müxtəlif tarixi faktlar, bu predmet haqqında sənədli sübutlar lazımdır. Belletristikaya az vaxt qalır, hərçənd bəzən mən nəsr və poeziyanı da oxuyuram.

- Siz hazırda nə üzərində işləyirsiniz və sizin oxucularınıza təqdim edəcəyiniz növbəti əsəriniz hansı olacaq?


- Mən hazırda rus dilində "Ədəbiyyat. Azərbaycanın İncəsənət və Mədəniyyəti" adlı iki cildlik kitabın ikinci cildi üzərində işləyirəm. Demək olar ki, materialın 80%-i artıq hazırdır. Bu mənim müxtəlif illərdə işıq üzü görmüş esse, məqalə və oçerklərimdir. Kitabda Azərbaycan ədəbiyyatı, incəsənəti və mədəniyyəti haqqında məqalələr toplanacaq. Artıq ədəbiyyata həsr olunmuş birinci cild dərc edilib. O qədim vaxtlardan bugünkü günlərə qədər Azərbaycan ədəbiyyatının tarixini əhatə edir və "Ədəbiyyat dünyası" adlanır. İkinci cildə növbəti bölmələr daxil olacaq: Musiqi dünyası, Rənglər dünyası, Daşlar dünyası, Teatr Dünyası və Kino aləmi. Bura Üzeyir Hacıbəyov, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Vaqif Mustafazadə və bir çox başqaları barədə məqalələr və oçerklər daxil olacaq. Rənglər dünyası bölməsinə mənim xalçalar, orta əsr miniatürü, bizim görkəmli rəssamlarımız Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov haqqında işlərim, Daşlar dünyası bölməsində isə Bakının abidələri və arxitekturası, əlbəttə, İçərişəhər haqqında məqalələr, həmçinin mənim teatr və kino haqqında esselərim yer alacaq.

- Rəsul Rza və Nigar Rəfibəylinin nəvələrdən və ya nəticələrindən kimsə şeir yazırmı? Sizin ailənizdə bizim görkəmli şairlərimizin poetik yaradıcılığının davamçıları olacaqmı?

- Xeyr, heç kim şeir yazmır. Oğlum karyeralı diplomatdır. O ərəbşünasdır, bir müddət AzərTAc informasiya agentliyində işləyib. Amma əsasən, diplomatik sahədə işləyir. Hazırda o, Azərbaycanın Küveytdəki səfiridir. Doğrudur, onun satirik planda hekayələri var və bu yaxınlarda o, onları kitab şəklində dərc edib. Qızım Günel ədəbi yaradıcılıqla fəal məşğul olur, rus və Azərbaycan dillərində artıq bir neçə nəsr kitabı dərc edib.
Ümumiyyətlə, bu barədə iki zidd fikir mövcuddur. Bəziləri hesab edirlər ki, yazıçıların övladları valideynlərinin yolu ilə getməlidirlər, digərləri əksinə olaraq hesab edirlər ki, yazıçıların övladları valideynlərinin yolu ilə getməməlidirlər. Mən hesab edirəm ki, istedad fərdi vergidir. O həm yazıçının, həm çobanın və ya bənnanın oğlunda ola bilər.

İstedadlı valideynin istedadsız övladı ola bilər və o zaman onun ədəbiyyatda yeri yoxdur. İstedadlı insana isə onun hansı ailədən olmasından asılı olmayaraq heç kim yaratmağa qadağa qoya bilməz.

"İnterfaks-Azərbaycan"

ANN.az

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG