Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:41


“İtaliyada kasıb istədiyini deyir.
İtaliyada varlı isə istədiyini eləyir”.

Bunu Roberto Missiroli adlı Milan sakini Berluskoninin məhkəməsi ilə bağlı Reutersə deyib.
Ancaq deyəsən, varlı da, hətta baş nazirdirsə, istədiyini eləyə bilmir.

İtaliyada baş nazir Berluskoninin məhkəməsinin ilk iclası olub və 7 dəqiqədən sonra hakim texniki formallıqlara görə məhkəməni mayın 31-nə kimi təxirə salıb. Qərada deyilir ki, “Bu müddətə ictimai iddiaçılar müəyyən olunmalıdır”.

BAŞ NAZİR NƏDƏ İTTİHAM OLUNUR?

74 yaşlı baş nazir yeniyetmə ilə cinsi əlaqədə olmaqda və buna görə pul ödəməkdə, daha sonra isə bu hadisəni ört-basdır etməkdə ittiham olunur.

İtaliya qanunlarına görə, Berluskoni günahkar bilinsə, həddi-buluğa çatmamış yeniyetmə ilə seksə görə 3 il həbs cəzası ala bilər.

İtaliya qanunları vəzifədən sui-istifadəni daha sərt cəzalandırır: buna görə baş nazir 4 ildən 12 ilə kimi həbs cəzası ala bilər.
Əgər ona 5 il həbs verilsə, onda yenə qanuna görə, Berluskoni daha heç vaxt dövlət vəzifəsi tuta bilməz.

İLK İCLAS QAPALI KEÇDİ...

Berluskoni ilk iclasa gəlməyib. O bu vaxt hökumətin iclasında Liviyanı müzakirə edirdi.

Məhkəməyə 100-dən çox jurnalist gəlmişdi. Hətta Avstraliya televiziyası xüsusi komanda göndərmişdi.
Ancaq hakim jurnalistlərə iclas salonuna keçməyə icazə vermədi. Məhkəmə qapalı keçdi.

Yeri gəlmişkən, hazırda Berluskoniyə qarşı daha 3 məhkəmə işi var. Bunlar korrupsiya və mənimsəmə ilə bağlıdır.

Ancaq indiki məhkəmə Berluskoninin siyasi karyerasına son qoya bilər.

Prokurorlar bildirirlər ki, Berluskoninin villasında baş nazirlə o vaxt 17 yaşı olan Ruby ləqəbli mərakeşli rəqqasə Karima el-Mahruq arasında intim əlaqənin olması, daha sonra Ruby rəfiqəsindən pul oğurladığına görə polisə aparılanda Berluskoninin polisə zəng etməsi faktdır. Berluskoni el-Mahruqu azad etdirmək istəyib ki, o, polisdə artıq-əskik danışmasın.
George Clooney Sudandakı referendum barədə Frans Pressə müsahibə verir


Berluskoninin vəkilləri isə hətta Hollivood ulduzu George Clooney-i şahid kimi gətirmək istəyirlər. Çünki el-Mahruq deyib ki, Berluskoninin məclislərində Clooney də olub.
Aktyor isə deyir ki, Sudanın Darfur regionuna humanitar yardım almaq üçün Berluskoni ilə görüşmüşdü.

BERLUSKONİ: “...VARLI ADAMIN JESTİ...”

Berluskoni özünə qarşı ittihamları və məhkəmələri rədd edir: “Bunlar saxta ittihamlardır, qurama məhkəmələrdir, bu ittihamlar sübutsuzdur. Hər bir adam görür ki, bunlar yalnız mənfi media kampaniyasını aparmaq üçündür”.

O, məhkəmələri Milan şəhərinin rəhbərliyində olan solçuların intriqası adlandırır.

Ancaq solçulardan başqa Berluskoninin hərəkətlərini qadın təşkilatları, Katolik Kilsəsi və hətta ölkənin əsas biznes lobbisi pisləyirlər.

Bununla belə, başqa Avropa ölkələrindən fərqli olaraq İtaliyanın ictimai fikri özəl həyatla bağlı problemləri bağışlamağa daha çox meyillidir. Ona görə baş nazirin parlament çoxluğu onun istefasına çağıran müxalifətlə hələlik bacara bilir.

Reuters yazır ki, istənilən Avropa ölkəsində baş nazirin karyerasına son qoyacaq bu qalmaqal İtaliya siyasətinin özünəməxsus standartlarına baxmayaraq
İtaliyada da böyük maraq doğurur.

Ölkə qəzetləri Berluskoninin Milan yaxınlığındakı sarayında keçirilən seks ziyafətlərindən, qızların buradan içi pul dolu zərflərlə getməsindən geniş təsvirlər verir.

Berluskoni pul verməsini inkar etmir. Ancaq deyir ki, pulu gənc qızlara kömək üçün verir.

İtaliyanın ən varlı adamlarından olan milyarder Berluskoni deyir ki, zinət əşyaları, maşınlar, villalar, nağd pullar doğrudan da qızlara verilir. Ancaq bunlar varlı adamın yalnız və yalnız jestidir.

Şərhləri göstər

XS
SM
MD
LG