Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:13
Bakıda Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalı keçirilir. Aprelin 2-dən başlayan festival bu ayın 8-nə kimi davam edəcək. Festival çərçivəsində dünyanın tanınmış musiqiçilərinin konsertləri də olacaq.

Azərbaycanın xalq artisti, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli AzadlıqRadiosunun bu festival və başqa mətləblərlə bağlı suallarına cavab verib.

- Fərhad müəllim, bu festival Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir?

«AZƏRBAYCAN MUSİQİSİ MÜASİR TENDENSİYALARDAN KƏNARDA QALMIR»

- Bu festival Azərbaycan üçün çox lazımlı, çox önəmlidir. Biz onun keçirilməsini çoxdan gözləyirdik. Təəssüf ki, neçə illərdir bu festival keçirilmirdi. Bilmirəm nəyə görə. Qara Qarayev Azərbaycan üçün ən böyük bəstəkarlardan biridir. Üzeyir bəyin tələbəsidir. Dahi bəstəkardır.

Əsas da odur ki, bir novator kimi müasir musiqini təmsil edir. Yaxşıdır ki, burada bizim cavan bəstəkarlarımız da iştirak edir. Hazırda Nyu-Yorkda təhsil alan gənc bəstəkar Türkan Qasımzadə və digərləri. Həmçinin xaricdən müasir ifaçılar və bəstəkarlar da bura gəlib. Qonaqlar çoxdur. Onlar bizim musiqimizin necə inkişaf etdiyini öz gözləri ilə görürlər. Əsas odur ki, Azərbaycan musiqisi müasir tendensiyalardan kənarda qalmır.

Biz həmişə Üzeyir bəylə, Fikrət Əmirovla, Qara Qarayevlə, Cövdət Hacıyevlə fəxr etmişik və edirik. Amma həyat inkişafdadır. Yeni bəstəkarlar, yeni üsullar yaranır. Onları mütləq səhnəyə çıxartmaq lazımdır. Ona görə bu festival çox vacibdir.

- Yeni bəstəkarları adını sadaladığınız korifeylər səviyyəsinə qaldırmaq üçün bu festivallardan istifadə etmək olur?

- Əlbəttə olur. Vaxtilə Sovet imperiyasının cəllad cəhətləri ilə yanaşı, bəstəkarlara böyük diqqət göstərdiyini də etiraf etməliyik. Bəstəkarlar o ideologiyanın bir hissəsi idilər. Ona görə onlara şərait yaradılırdı. Xüsusi evlər tikilirdi, istirahət mərkəzləri yaradılırdı. Royallar qoyulurdu. Bütün bəstəkarlar orada 1-2 ay qalırdılar və sonra gözəl əsərlər yaradırdılar. Yəni, gənclərimizə də diqqət yetirmək lazımdır, çünki ciddi musiqini yazmaq çox çətindir. Onlar gedib şou bizneslə məşğul olardılar və yaxşı da pul qazana bilərdilər. Amma ciddi musiqi, bu, ancaq fanatların taleyidir. Ancaq fanatlar, ciddi musiqini ürəkdən sevənlər bu işlə məşğul olurlar. Ona görə onlara şərait yaratmaq lazımdır və bu festival əlbəttə, çox gözəl bir fürsətdir.

- Şou-biznesin o cah-cəlalı, parıltısı nə vaxtsa bunları da çəkib aparmaz böyük sənətdən, belə bir təhlükə var?


«ŞOU-BİZNES ÇOX MÖHKƏM BİR İMPERİYADIR»


- Şou-biznes nəinki Azərbaycanda, bütün dünyada çox möhkəm bir imperiyadır. Bizdə ortabab bir müğənni 15 min dollardan az pula toya getmir, gülməlidir (gülür). Rusiyada da belədir. Dünya şöhrətli, dahi musiqiçilər konsertdə 1000 dollar alanda, çox sevinirdilər. Halbuki pop musiqiçiləri, Puqaçova, Kirkorov və digərləri hansısa şəxsi tədbirlərdə iştirak edib 50 min alırlar. Bu, bütün dünyada belədir və bununla bacarmaq çox çətindir.

- İndiyədək festivalın alınmasını əngəlləyən səbəblər nə idi?

- Bilmirəm. Çünki kimsə Qarayevə qarşı çıxmırdı. Sadəcə, təşkilatçılıq məsələsində hərdən kimlərinsə ambisiyası olur. Kimsə deyir «mən bu festivalı eləməliyəm» və sair. Belə şeylər də bəzən böyük məqsədə əngəl törədir. Amma yaxşı ki, bu dəfə bu festival baş tutdu.

- Siyasi ambisiyaların son həddi insanları meydanlara çıxıb aksiyalar keçirməyə sövq edir. Bəs mədəniyyət sahəsində ambisiyaların son həddi incəsənət xadimlərini hara aparıb çıxarda bilir?


- Yaxşı mənada sənətdə ambisiya lazımdır həmişə. Bax, Qara Qarayevlə Fikrət Əmirovun arasında həmişə gizli bir soyuq müharibə gedirdi. Amma bu ambisiyaların bir nəticəsi var idi. Biri bir əsər yazırdı, digəri ona qarşı başqa bir əsər yazırdı. Bu, balet yazanda, o, da balet yazırdı. Yəni, bu ambisiyaların onlara böyük köməyi olurdu. Ona görə də istedadlı insanlara ambisiya mütləq lazımdır.

- Amma bayaq dediyiniz ambisiya?

«ADMİNİSTRATİV AMBİSİYALAR ƏLBƏTTƏ Kİ, BÖYÜK BİR BƏLADIR»

- Amma administrativ ambisiyalar əlbəttə ki, böyük bir bəladır. «Şurada mən olmalıyam», «Təşkilat komitəsinin sədri mən olmalıyam» kimi ambisiyalar əlbəttə, çox gülməli şeylərdir (gülür) .

- Adamları nə vaxtsa meydanlara çıxartmazlar bu ambisiyalar?


- Yox, yox. (Gülür) Məncə yox.

- Yəqin ki, müşahidə edirsiniz, son vaxtlar Bakıda mitinqlər, etiraz aksiyaları keçirilir. Sizin, böyük sənətkarların dayandığı mərtəbədən, durduğu nöqtədən bütün bunlar necə görünür?

«ƏGƏR MƏN BU SİYASİ MÜXALİFƏTİN NÜMAYƏNDƏSİ OLSAYDIM,...»

- Mən deyərdim ki, burada da təşkilati problemlər var. Mən bu siyasi müxalifətin nümayəndəsi olsaydım, təklif edilən stadiondan istifadə edərdim. Yaxşı hazırlaşıb orada davamlı mitinq keçirərdim. Və əgər maraqlı olsaydı, camaat ora gələrdi. Küçədə mağazaların pəncərəsini sındırmaq əksinə, bu mitinqlərin ideyasını tamamilə məhv edə bilər. Bilirsiniz, mən böyük salonlarda çalıram. Amma mənə kiçik salonlar veriləndə, orada da çalıram (gülür). Ona görə də məncə belə olmalıydı.

- Sizcə pəncərəni sındıranların məhz müxalifət nümayəndələri olduğunu qəti şəkildə demək olar?


- Bilmirəm. Hər halda, bir işin təşkilatçısı mənəmsə, deməli cavabı da mən verəcəyəm. Ona görə də bu, çox təhlükəli məsələdir. Yəni, nə olur olsun, mənim adımla bağlıdırsa, deməli istər istəməz mənim adıma ləkə gətirəcək. Yenə deyirəm, nə verirlərsə, ondan istifadə etmək lazımdır.

- Fərhad müəllim, təsəvvür edin ki, ərəb ölkələrini böyük bir salon kimi sizə təklif edirlər. Oranın indiki vəziyyətində nə çalardınız ərəblər üçün?

- (Gülür) Fikrət Əmirovun «Ərəb konserti»ni (F.Əmirovun «Ərəb mövzularında konsert»i nəzərdə tutulur -İ.R.).

- Bəs kiçik salon olaraq Azərbaycanda, indiki mitinqlər üçün nə çalardınız?

«KOROĞLU» UVERTÜRASI

- Azərbaycanda biz «Azadlıq» meydanında yığışanda, həmişə Üzeyir bəyin «Koroğlu» uvertürası səslənib. Yəqin ki, onu...

Şərhləri göstər

XS
SM
MD
LG