Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:54

2 Aprel aksiyası, Vəfa Quluzadənin ərəb inqilabları barədə dedikləri və...


Mətbuat icmalı

Mətbuat icmalı

«Azadlıq» qəzetinin 5 aprel sayı İctimai Palatanın keçirdiyi mitinqə həsr olunub. Qəzet İctimai Palatanın toplantısından məqalə dərc edib. Toplantıda Əli Kərimli bildirib ki, «Qəddafinin, Hüsnü Mübarəkin, Bəşər Əsədin bəyanatlarını İlham Əliyev Azərbaycanda səsləndirir».

AXCP sədri 2 aprel mitinqində cəmiyyətin müxtəlif təbəqələrinin iştirak etməsinə də toxunub:

«Birinci dəfə biz ona nail olduq ki, Azərbaycan müxalifəti xalqla faktiki olaraq birləşdi. Xalqın sıravi üzvləri birbaşa siyasi proseslərə qoşulmayan nümayəndələri müxalifətlə çiyin-çiyinə bu mübarizədə iştirak etdilər».

«Yeni Azərbaycan» qəzeti isə «AZƏRBAYCANDA RADİKAL MÜXALİFƏT İFLASA MƏHKUMDUR», «Azərbaycan cəmiyyəti müxalifətə etiraz edir» başlıqlı məqalələr dərc edib.

Qəzet yazır ki, «Əslində, «ümummüxalifət» adından küçədə qışqıran 3-5 nəfərin məqsədlərinin arxasında hansı mətləblərin yatdığı hər kəsə bəllidir. Elə bu səbəbdən də müxalifət həmin gün gülməli olduğu qədər də ağlamalı idi...

İki-üç nəfərlik «kütləvilik» və ya fiaskoya uğrayan «aksiya-tamaşa»...

Qəzet Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun da fikirlərinə yer ayırıb. Ə.Həsənov bildirib ki, ««Ümumxalq mitinqi» və yaxud onların iddia etdikləri kimi hakimiyyətdən narazıların «inqilabı» açıq-aşkar müxalifətin sosial bazasının yoxluğunu, cəmiyyətdə öz arxasınca adam apara bilməmələrini bir daha sübut etdi. Ümumiyyətlə, hakimiyyətə etiraz edənlərin, hakimiyyətdən narazı olan insanların müxalifətin ətrafında deyil, əksinə, bunların özünə qarşı olduqları göründü. Bu səbəbdən müxalifətin «mitinq alındı», «İlham Əliyev hakimiyyətinə qarşı böyük izdihamlar» kimi şüarlar səsləndirməsi boş şeydir, xülyadır və hamı hər şeyi gözü ilə gördü».

«Yeni Müsavat» qəzeti Müsavat başqanı İsa Qəmbərin oğlu İlkin Qəmbərin qəflətən ön cəbhəyə aparılmasından yazıb. «Siz bu məsələni siyasi xadim və əsgər atası kimi necə qiymətləndirirsiniz» sualına Müsavat başqanının cavabı belə olub: «Müdafiə Nazirliyinin hər bir əsgəri öz sərəncamında olan dislokasiya yerlərində yerləşdirmək hüququ var. Ona görə də mən bu məsələni siyasiləşdirmək istəmirəm. Eyni zamanda bildirirəm ki, Ali Baş Komandan və Müdafiə naziri hər bir əsgərin həyatı üçün məsuliyyət daşıyır...».

«Bizim yol» qəzeti politoloq Vəfa Quluzadə ilə «ƏRƏB İNQİLABLARI XALQLARA HEÇ NƏ VERMƏYİB» başlıqlı müsahibə dərc edib. «Bəzi ərəb ölkələrində artıq inqilablar baş verdi. Məsələn, Misir və Tunis, ancaq gələn xəbərlər göstərir ki, bu inqilablar xalqlara hələ heç nə verməyib. Xalqlar bu inqilabların nəticəsini görəcəklərmi, bilmirəm» deyən politoloq əlavə edib ki, «Hüsnü Mübarək hakimiyyətdən gedib, dostları isə iqtidardadır, Tunis də pis vəziyyətdədir».

Azərbaycandakı vəziyyətə toxunan politoloq deyib ki, «Azərbaycanda kasıbçılıq var, ancaq Misirlə müqayisə edilməzdir. Bu baxımdan, mən Azərbaycanda hələlik inqilabi şəraiti görmürəm. Başqa bir məqam, ərəb ölkələrində müxalifət yoxdur, xalq özü ayağa qalxdı. İnsanların yaşayışı elə ağır durumdaydı ki, xalq bezib üsyan etdi. Yəni bu üsyanlarda müxalifətlik heç bir iş yox idi».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG