Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:59

Nazarbayevə 95,5 faiz!..


Nursultan Nazarbayev daha 5 il Qazaxıstana rəhbərlik edəcək.

Qazaxıstanın Mərkəzi Seçki Komissiyasının elan etdiyi rəqəmlərə inansaq, aprelin 3-də keçirilmiş prezident seçkilərində səslərin 95,5 faizini 20 ildir ki, ölkəyə rəhbərlik edən Nursultan Nazarbayev qazanıb.

Komissiyanın rəqəmlərinə görə seçkidə yüksək fəallıq olub və seçicilərin 90 faizi səsvermə məntəqələrinə gedərək səs veriblər.

Amma 70 yaşlı Nazarbayevin qalib elan edildiyi seçkilər

Beynəlxalq müşahidəçilərin tənqidinə tuş gəlib

ATƏT-dən gəlmiş müşahidə missiyası seçkidə ciddi pozuntular olduğunu bildirib.

Onların ilkin rəyinə görə, "ölkədə əsl demokratik seçkilərin keçirilməsi üçün lazım olan islahatlar hələ ki həyata keçirilməyib".

Bu, ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun rəyidir.

İlkin rəyə görə, "səsvermə bülletenlərində çoxlu sayda oxşar imzalar diqqət çəkib və bir sıra hallarda seçki qutularına topa şəkildə bülleten doldurulması halları müşahidə edilib".

ATƏT müşahidəçiləri qeyd edir ki, səslərin sayılması və səsvermə protokollarının tərtibi zamanı da şəffaflıq az olub və bir çox hallarda qanunvericilikdə nəzərdə tutulmuş prosedurlara əməl edilməyib.

İlkin rəydə deyilir ki, bunlar əsasən ötən seçkilərdə müşahidə edilmiş pozuntulardandır.

ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları bürosundan gəlmiş müşahidə missiyasının rəhbəri

Daan Everts səsverməyə seçicilərin 90 faizinin gəlməsi fikrinə şübhəylə yanaşıb

Daan Everts
"Bizi bir məsələ çox təəccübləndirdi: səsvermə günü ölkənin hər yerindən xəbərlər gəlirdi ki, insanlara səsverməyə getmələri üçün aşırı təzyiqlər edilir. Yəqin yüksək iştirak faizi də bununla bağlı ola bilər".

ATƏT seçkilərdə rəqabətsizliyə də diqqət çəkib.

Nazarbayevin 3 rəqibi vardı. Onların heç birinin cəmiyyətdə elə bir nüfuzu yox idi.

Hər üçü də açıq şəkildə Nazarbayevin siyasətini dəstəklədiklərini bildirmişdilər.

Onlardan biri - ekoloq Mels Eleusizov isə hətta jurnalistlərə deyib ki, Nazarbayevə səs verib.

Amma ATƏT-in tənqidlərini neytrallaşdırmağa cəhd üçün Qazaxıstan hakimiyyəti bəzi başqa müşahidəçilərin rəylərindən yararlana bilər.

Məsələn, MDB müşahidə missiyası bildirib ki, seçkilər demokratik keçib.

Missiyasının rəhbəri Sergey Lebedev deyib ki, bəzi xırda pozuntular seçkinin nəticələrinə təsir edə bilməz.

Müxalifət seçkiləri "oyun" adlandıraraq boykot edirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG