Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:10

Qan Turalıyla daha bir İnternet dərgisi


“O boşluğu doldurmaq istəyirik...”

Azərbaycanda internet media mühitinə kulis.az internet dərgisi qədəm qoyub.

Lent.az İnformasiya Agentliyinin yeni layihəsi olan bu internet dərgi hansı özəllikləri ilə fərqlənəcək? kulis.az-ın baş redaktoru Qan Turalı Lent.az-a müsahibəsində həyata keçirəcəkləri layihələrdən, fəaliyyət prinsiplərindən danışı
r...

- kulis.az internet dərgisinin yaradılması hansı zərurətdən doğdu?

- Azərbaycanda mədəniyyətlə bağlı saytlar azdır. Bunun obyektiv və subyektiv səbəbləri barədə danışsaq, yəqin ki, çox uzun çəkər.

Kino, teatr, ümumiyyətlə, mədəniyyətin bir çox sahələri üzrə internet məkanında bir boşluq var.

O boşluğu doldurmaq istəyirik. Ona görə də belə bir internet dərgi yaratmağa qərar verdik.

- İnternet dərginin uğur qazanacağına nə dərəcədə əminsiniz, bu uğuru nələr şərtləndirəcək?


- kulis.az-ın uğurunu internet məkanda mədəniyyətin müxtəlif sahələri ilə bağlı boşluq şərtləndirəcək.


"Azərbaycanda 8 telekanal var, amma qəzetlərin heç birində televiziya tənqidi yoxdur, qəzetlərin birində çox az dərəcədə buna rast gəlmək olar... Amma bizim internet dərgidə sistemli şəkildə teletənqid də olacaq. İlk olaraq ANS-in “Toy olsun” teleşousu barədə tənqidi material hazırlanıb".
Kulis.az alternativsiz bir internet dərgi kimi fəaliyyət göstərəcək. Azərbaycanda ayrı-ayrılıqda ədəbiyyat, kino saytları var, ancaq kulis.az internet dərgisi mədəniyyətin bütün sahələrini əhatə edəcək.

İkincisi, bizim yaxşı müəlliflərimiz var və uğurumuzu bu müəlliflərin yazdıqları məqəlalər şərtləndirəcək.

İnternet dərgidə dünyada ədəbi və mədəni proseslər barədə məlumatlar və xəbərlər yayacağıq. Azərbaycanda bu işi görən saytlar da yoxdur.

Qısa müddətdən sonra kulis.az oxucuların vazkeçilməz saytlarından biri olacaq.

Onu da deyim ki, kulis.az Lent.az-ın layihəsidir. Lent.az-ın layihəsi olmağımız oxucu sayının genişlənməsinə də öz təsirini göstərəcək.

Çünki Lent.az Azərbaycanda ən çox oxunan internet portalıdır.

Bunun özü də bizim üçün bir üstünlükdür və əminəm ki, bu da bizim uğurumuzu şərtləndirəcək.

- kulis.az-da hansı məşhur imzaları görəcəyik?

- Azərbaycanda məşhur imzaların arxasınca qaçmaq tendensiyası var. Amma bizim internet dərgidə çalışanlar əsasən yaşı 30-a qədər olan gənclərdir.

Məsələn, yazarlarımız sırasında Milli Kitab Mükafatının onluğuna düşmüş yeganə gənc yazıçı Mirmehdi Ağaoğlu var. Elmir Həsənlinin də kulis.az-da fotoları, müsahibələri olacaq.

Günel Mövlud
Məşhur kinoşünaslar Sevda Sultanova, Aygün Aslanlını qeyd etmək istəyirəm.

Teatr sahəsində Ramilə Qurbanlı və Aliyə Dadaşova, Azərbaycanın məşhur fəlsəfə araşdırmaçılarından yazıçı Nərmin Kamal və digər məşhur yazarlarımız olacaq.

Yaxud Kənan Hacı 4 kitab müəllifidir, perspektivli gənc yazıçılardan sayılır.

Lent.az-ın oxucularının yaxşı tanıdığı istedadlı jurnalist və şairə Günel Mövlud da bizim yazarlarımız sırasındadır. Bu günlərdə aramıza başqa yazarlar da qatılacaq

- Necə hesab edirsiniz, kulis.az Azərbaycan ədəbi mühitində canlanma yarada biləcəkmi?

- Düşünürəm ki, kulis.az Azərbaycan ədəbi mühitində canlanma yarada biləcək. Bu da ilk növbədə onunla bağlıdır ki, Azərbaycan dilində bədii materiallar həddən artıq azdır. Bu tələbatı ödəyə biləcəyik.

İkincisi, biz Azərbaycan və dünya yazıçılarının, şairlərinin əsərlərinin ən yaxşı nümunələrini verəcəyik.

Bu, həqiqətən bir rəqabət mühiti yaradacaq.

Bizim Azərbaycan saytlarının bir qismi onlara gələn bütün bədii materiallar çap olunur. Yaxud dostluq, tanışlıq, şəxsi münasibət əsasında çap edirlər.

Bizim üçün isə heç bir şəxsi münasibət yoxdur.

Ədəbiyyatın marağı olan yerdə şəxsi münasibət ola bilməz. Bizə gətirilən ən yaxşı hekayə, şeir nümunələrini çap edəcəyik.

Bundan əlavə, məşhur yazıçılar haqqında çox maraqlı yazılar olacaq. Məsələn, internet dərgimizdə intihar etmiş yazıçılarla bağlı bir silsilə var.

Dünyada bir çox məşhur yazıçıların həyatları intiharla yekunlaşıb.

Onlar müxtəlif ölümlər seçiblər. Bu seriyadan ilk dəfə Cek Londonla bağlı material işıq üzü görəcək.

Sonrakı yazılarda Ernest Heminquey, Virciniya Vulf və digərlərindən bəhs olunacaq.

Bu məzmunlu yazıları Azərbaycanda heç bir qəzetdə, internet saytda oxumaq mümkün deyil.

Ümumiyyətlə, kulis.az mədəniyyət saytıdır.

Mədəniyyətin içində bütün sahələrə diqqət yetirəcəyik

Ədəbiyyatçı olduğuma görə demirəm, bu da bir faktdır ki, Azərbaycanda digər mədəniyyət sahələrinə nisbətən ədəbiyyat daha çox inkişaf edib. İnternet dərgimizdə ədəbiyyat xüsusi yer tutacaq.

Bununla bərabər, Azərbaycan və dünya kinosu, teatrla bağlı xüsusi layihələrimiz var.

Yeri gəlmişkən, Azərbaycanda 8 telekanal var, amma qəzetlərin heç birində televiziya tənqidi yoxdur, qəzetlərin birində çox az dərəcədə buna rast gəlmək olar. Ayrı-ayrı köşə yazarları var ki, hansısa proqrama münasibət bildirirlər.

Amma bizim internet dərgidə sistemli şəkildə teletənqid də olacaq.

İlk olaraq ANS-in “Toy olsun” teleşousu barədə tənqidi material hazırlanıb. Həm də yazılar birtərəfli tənqidi xarakterdə olmayacaq.

Elə ilk yazımızda da teleşounun müsbət və mənfi cəhətləri sadalanır.

Hesab edirəm ki, televiziyaların işinə də bir ictimai nəzarət, baxış missiyasını yerinə yetirə biləcəyik.

Onu da qeyd edim ki, “525-ci qəzet”də uzun müddət Sevda xanım televiziyaların tənqidi ilə bağlı yazılar yazıb. Sevda xanım indi kulis.az-da bu işlə məşğul olacaq.

- O da məlumdur ki, siz və kulis.az-ın yazarı qismində sadaladığınız bir çox yazarlar postmodernizm cərəyanın nümayəndələri kimi tanınır, cəmiyyətə belə təqdim olunurlar. Sizin Azərbaycanda yazıçıların yaşlı nəslinə münasibətiniz də məlumdur. Bu baxımdan kulis.az-da balansı gözləyə biləcəksinizmi?

- Bəli, hamının bizdən gözləntisi budur ki, onlar müəyyən bir ədəbi camiə kimi mövcud olublar, Yazıçılar Birliyinə qarşı olublar, Azad Yazarlar Ocağında cəmləşiblər. Amma media tamam fərqlidir.

Mən əvvəllər başqa saytlarda da fəaliyyət göstərmişəm. Mediada balansı gözləyəcəyik. Azərbaycan ədəbiyyatı elə böyük kalibrli, geniş miqyaslı ədəbiyyat deyil.

Azərbaycan dilində bədii keyfiyyəti yüksək əsərlərin sayı çox deyil, çap olunan kitabların tirajı da azdır. Ona görə də bizim Yazıçılar Birliyinin, yaxud Azad Yazarlar Ocağının üzvü olmaq əhəmiyyətli deyil. Bütün yazarları cəlb edəcəyik.

Hətta Yazıçılar Birliyinin üzvü, “Ulduz” jurnalının rəhbərliyində yer alan İlqar Fəhmi də internet dərgimizin köşə yazarı olacaq.

Sadəcə, hazırda qurultay Yazıçılar Birliyinin qurultay hazırlıqları ilə məşğuldur. Yəqin ki, növbəti həftədən bizim sıralarımıza qoşulacaq. Bizim üçün yazıçının harada təmsil olunmasının fərqi yoxdur.

Biz bilirik ki, İlqar Fəhmi Azərbaycanın ən istedadlı yazıçılarından biridir, çox yaxşı romanları var.

Bu məsələdə heç bir problem olmayacaq.

lent.az

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG