Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:01
....Qәrәz, getdim axundun yanına. Ordan-burdan söhbәt elәdik, çay içdik, yenә söhbәt elәdik, danışdıq, axırda soruşdum ki, axund, qәzet oxumaq nә tövrdür? Buyurdu ki, qәzet oxumaq haramdır. Dedim: Axı, qezәt bir yaxşı şeydir, adama nәfi çoxdur, gözümüzü açır. Buyurdular ki, qәzet oxumaq haramdır. Dedim axı qәzetsiz bu saat dünyada dolanmaq çәtindir. Bir bu qәdәr әhvalat vaqe olur, bunları eşidib bilmәk hәr kәsә vacibdir.

Baxәbәr olmaq lazımdır. Buyurdular ki, xeyr, qәzet oxumaq haramdır. Dedim: yaxşı, müsәlmanlar bir-birinin әhvalından xәbәrdar olmalıdırlarmı? Buyurdular ki, olmalıdırlar. Dedim, bәs qәzetsiz nә tövr xәbәrdar olsunlar? Buyurdular ki, qәzet oxumaq haramdır. Dedim ki, yaxşı, bir kasıb, yazıq müsәlmana bir hakim tutub zülm elәyir. Binәvanın şikayәtinә baxan olmur, hәr yerә gedir, qovurlar. Hәr yerә gedir, döyürlәr. Axırı yazığın әlacı kәsilib, bu zülmü insaf әhllәrinә bildirmәk üçün, götürüb qәzetә yazdırır. İndi yazığın bu zülmündәn xәbәrdar olmaq üçün qәzet oxumaq lazımdır axı, nә deyirsinizBuyurdular ki, qәzet oxumaq haramdır.

Dedim bәs, yaxşı, müsәlmanlar bir-birlәrinә kömәk etmәlidir, ya yox?! Buyurdular ki, etmәlidir. Dedim, etmәsәlәr günahdırmı? Buyurdular ki, günahdır. Dedim çox gözәl, indi tutalım ki, allah elәmәmiş kimi Mazandaranda zәlzәlә olub, oranın müsәlmanları evsiz-eşiksiz qalıb, bәrk möhtacdırlar. Mәn dә istәyirәm ki, o möhtac qardaşlara pul göndәrәm. Aya qәzet olmasa, mәn haradan bilim ki, Mazandaranda zәlzәlә olubdur. Bunu bilmәk üçün, gәrәk qәzet oxuyammı? Buyurdular ki, qәzet oxumaq haramdır [....]. Daha mәn dinmәdim. Gördüm ki, acığımdan ağlamağım tutur. Bir dә gördüm ki, qәribsәyirәm, külfәtimiz yadıma düşdü. Uşaqlar gözümün qabağında durdu. Bir ah çәkib, durdum gedib ki, bir müsәlman intelligentini tapıb, dәrdimi ona söylәyim.

Müsәlman intelligentini tapdım. Bir az ordan-burdan danışdım vә sonra dedim ki, sәn allah, görürsәnmi axund buyurur ki, qәzet oxumaq haramdır. İntelligent güldü, dedi: Әlbәttә, axund elә deyәr, amma mәn qәzet oxumamış çay içә bilmәrәm vә vodkasız da abed elәyә bilmәrәm.

Mәn elә güman elәdim ki, bu axırkı vodkalı mәtlәbi intelligent cәnabları mәzәlik üçün dedi. Ona görә dә bir qәdәr gülmәyi lazım bilib dedim ki, sözün doğrsu, mәn dә yerdәn duran kimi "İrşad"a baxmamış corablarımı geyә bilmirәm. İntelligent soruşdu ki, "İrşad" nәdir? Mәn tәәccüb elәdim.

-- "İrşad".... "İrşad" müsәlman qәzeti.

İntelligent gülümsündü vә dedi:

"Xeyr, mәn qәzet rus qәzetinә deyirәm, müsәlman qәzetinә demirәm. Müsәlman qәzetini mәn әlimә alıb oxumaram.

Dedim, bәs nә üçün belә? Cavab verdi ki: "Mәnә müsәlman qәzeti yaraşmır. Bir dә mәnim yanıma hәr dәfә ruslar vә rus arvadları gәlir. Onlar mәnim әlimdә müsәlman qәzeti görsәlәr, çox ayıb olar".

Dedim ki, canım, bunun nә dәxli var? Hәr milәtin özünün qәzeti olmağı nә üçün ayıb olsun? Dedi: "O doğrudur, gәrәk ayıb olmasın. Mәsәlәn, ermәnilәrin, gürcülәrin öz qәzeti olmaqı bir o qәdәr ayıb görünmür, amma müsәlman qәzeti olmağı mәnim alәmimdә çox ayıbdır, çünki müsәlmana qәzet yaraşmır". Dedim axı mәnim rusca savadım yoxdur, özüm dә qәzet oxumaq istәyirәm, nә qayırım? Dedi: "Mәn onu-bunu bilmirәm, amma mәnim alәmimdә müsәlmana qәzet yaraşmır".

Mәn bir qәdәr fikir elәdim, gördüm hәr nә desәm, hәr nә dәlil gәtirsәm, bu hamısına cavab verәcәkdir ki, müsәlmana qәzet yaraşmır. Ona görә bir qәdәr dinmәyib sonra dedim ki, lotu, bәs vodka necә? Müsәlmana vodka yaraşırmı? Dedi: "Vodka yaraşır, çünki ruslar vә rus arvadları görәndә ki, mәn müsәlman vodka içirәm, onlara çox xoş gәlir. Daha mәnә "vәhşi müsәlman" demirlәr".

Bu sözlәri eşidәndә gördüm ki, acığımdan titrәyirәm. Haman saat durdum ayağa, özümü hazırladım, ora-buramı düzәltdim vә "ya allah" deyib bilirsinizmi nә qayırdım?!

Çıxdım gәldim evә, yatdım!

Günün bütün mövzuları

XS
SM
MD
LG