Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:46

Üzeyir bəy Hacıbəyli. Niyyəti-xalisə


Nәdәndir ki, çox işlәrimiz baş tutmur? Mәsәlәn, "millәti qabağa aparmaq" üçün cәmiyyәtlәr qururuq, rus incinerlәrin tikdiklәri ev kimi dağılır. Hansı işә baş qoşub әl atırıq, iş bizdәn qaçır vә ya axırda biz dә işdәn qaçırıq. Bu nәdәndir? Bu barәdә mәn çox fikir elәdim, amma bir sәbәb tapa bilmәdim. Axırda qәrar qoydum ki, cәmiyyәtlәrә yığılan adamların әhvali-ruhiyyәsini yazım, sonra hesablayaq görәk nә çıxır.

Bәli, cәmiyyәt qurulub, camaat hazır, cәmiyyәti bina edәn zat ayağa qalxıb mәramnamәsini bәyan elәyir.

-- Hәzәrat! Allah özü şahiddir ki, bu işi başlamaqda mәnim mәqsәdim yazıq, zәlil millәtimә bir rahi-nicat aramaq, millәti cәhalәt vә zillәtdәn qurtarmaq vә bir növlә millәti qabağa aparıb özgәlәrlә hәmhüquq vә müsavi etmәkdir. Bәsdir bu qәdәr zillәt ... vә sairә.

O sözlәr ki, oxucularımız әzbәr bilirlәr.

İndi görәk natiqin bu nitqinә qulaq asan adamların o әsnada ürәklәrindәn keçәn fikirlәr nәdir.

O n l a r d a n b i r i -- (gözünü dirәyib natiqin üzünә vә sağ әlinin şahadәt barmağını soxub burnunun sol deşiyinә) Bu kişi әvvәlcә üzünü qırxdırırdı. Görәsәn, indi nә üçün saqqal qoyubdur. Bәlkә istәyirlәr ki, saqqala salam versinlәr. Yәqin o da millәtpәrәstlikdәndir.... Bәs nә üçün başını daramır, bәlkә, yazığın heç macalı yoxdur. Amma çox uzun danışır. Bir belә sözü haradan alıb deyir, yәqin gecә sabaha kimi әzbәrlәyibmiş. Amma çox oxumuş adama oxşayır ... (bu әsnada eşidir ki, yoldaşları "әlbәttә" dedilәr, bu da. bәrkdәn deyir): Әlbәttә....

O b i r i--(çox darıxmış görünür. Elә bil ki, tikan üstә oturubdur. Tez-tez saata baxır). Durum gedim.... Yox ayıbdır, qoy bir az da gözlәyәk. Pa-ho, nә uzun danışır, at getdi, örkәn apardı. Rәhmәtliyin oğlu elә bil ki, dilotu yeyibdir. Sәn ölәsәn bunlar axırda lap zәhlәmizi tökәcәklәr.... Rәhmәtlik uşağı, xalqı işdәn-gücdәn qoyub dörd saat ac-susuz ... dururam gedim. Nә ayıblığı var? Bәlkә bayırda işim var. Bәlkә naxoşum var, çox otura bilmәrәm, deyәsәn qurtarır.... ("Әlbәttә" eşidir, bu da deyir: "Әlbәttә." Vә elә çığırır ki, hamı bunun üzünә baxır)....

B i r a y r ı s ı -- (bir әlini cibinә salıb küsmüş bir adam kimi oturub, özü dә stolun üstündәn yeriyәn qarışqaya tamaşa elәyir) Vallah, çox qorxuram ki, axırda pul yığalar.... Allah Mәşәdi Hәsәnә insaf versin, qoymadı yolumuzla gedәk. Hәrgah pul әhvalatı olsa, deyәrәm adımı yazsınlar, sonra verәrәm. Yoxsa indi üç manat verim çıxsın getsin, birdәfәlik canım qurtarsın?... Әşi üç manatın üç min dәrdi var ... ("әlbәttә" eşidir, amma heç dinmir).

B i r b a ş q a s ı -- (bütün vücudu ilә bәrdiqqәt olub qulaq asır. Danışılan sözlәrdәn xoşu gәldiyini hәrdәn başı ilә etdiyi işarәtlә bildirir). Nә gözәl sözlәr, pәh, pәh! İnsanın ruhu lәzzәt alır.... Yaxşı olardı ki, hәr gün buraya yığılaydıq, bu da bizim üçün danışaydı.... Qoy mәclis qurtarsın, gedәcәyәm bunun yanına söhbәt elәmәyә, çox lәzzәtli adamdır ... әlbәttә, әlbәttә....

B i r ö z g ә s i -- (başını aşağı salıb, әlindәki karandaş ilә qabağındakı kağızın üstә bir quş şәkli çәkibdir. Quşun uzun dimdiyinin ucunda da bir alma qayırıbdır). Görәsәn, bunun axırı nә olacaq? O gәlir ki, millәt belә oldu, millәt elә oldu. Vallah hamısı yalan-palan sözlәrdir. Mәn imanım, millәt qeydi çәkәn yoxdur, hamısı kәlәkdir.... ("Әlbәttә" eşidir, yavaşca bu da bir "әlbәttә" deyir)....

B i r d i g ә r i -- (bu da başını aşağı salıb, dırnağı ilә stolun üstünü qazıyır vә tez-tez boğazını arıtdayır, dodaqlarını çeynәyir, başını qaşıyır). Yalan deyirsәn mәlun! Bilirәm sәnin fikrin nәdir, özünü xalqın gözünә soxmaq istәyirsәn, bәdzat! Vallah, qoymayacağam iş görәsәn!...

Natiqin sәsi gәlir.

-- Millәtә qulluqdan başqa, özgә mәqsәdim yoxdur.

-- Yalan deyirsәn, şeytan!

N a t i q -- Bu yolda var qüvvәmlә çalışacağam....

-- Vallah, qoymayacağam!

N a t i q -- Pis adamları içimizdәn çıxartmaq....

-- Ki onların başçısı sәnsәn.

N a t i q -- Vә bu cürә xeyir işlәrdә allah bizim hamımıza tovfiq versin.

-- Allah sәnә dә lәnәt elәsin!

N a t i q ö z ü (ürәyindә: Çox yaxşı danışıram, deyәsәn, bir neçәsi ağlayır. Heyf ki, bәzi sözlәrimә әl çalmırlar vә görünür ki, nitqimi kәsmәk istәmirlәr.... İndi demәk olar ki, әvvәlimci adam oluram vә bundan sonra da hәr yerdә mәnim adım çәkilәcәkdir.... Deyәcәklәr ki, әsl millәtpәrәst budur.... Әşi, doğrudan da, vallah, mәn millәtpәrәstәm. Axı bu millәtt mәnim millәtimdir, mәnim övladımdır, özlәri dә çox yaxşı adamdırlar. Ancaq bunlara başçı lazımdır, başçı. O vәzifәni dә ki, mәn üstümә götürürәm.... qәrәz, görәk nә olur....)

İndi hesablayıb görürәm ki, bizim adamlarımızda xalis niyyәt, işә әhәmiyyәt vermәk yәni bu cürә böyük işin qәdrini anlayıb bilmәk kimi xasiyyәtlәr yoxdur. Onun üçündür ki, hәr işimiz uşaqların "evcik-evcik" oyununa bәnzәyir.... Amma o adamlarda tәqsir yoxdur. Millәti qabağa aparmaq hәr yoldan ötәnin işi deyil....

Filankәs çox da urusi baş qoyubdur, o nә bilir ki, millәti qabağa aparmaq nәdir.

Bәhmәnkәs, çox da namaz qılır, o nә bilir ki, millәt nәdir?

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG