Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:29
Mәn çox teatrsevәn adamam. Әlәlxüsus müsәlman teatrına çox gedәnәm. Çünki burada iki cürә tamaşa olur: bir teatrçıların öz tamaşası vә o biri dә teatra yığılmış müsәlmanların hәrәkәtidir ki, çox vәdә teatrdan da interesni olur.

Qәrәz, bir dәfә yatmışdım, yuxumda gördüm ki, teatra getmişәm. Әrsәyi-tamaşaya qoyulan dramanın adı "Müsәlmançılıq" idi.

Amma çifayda ki, mәn bu tamaşanın tәk ikinci pәrdәsini görürdüm. Bilmirәm, vallah, teatr nә dildә çıxırdı, ancaq o dili mәn qanmırdım. Ona görә birisindәn tәvәqqә elәdim ki, bu göstәrilәn tamaşanı mәnә qandırsın. Pәrdә qalxanda haman adam mәnә dedi ki, bax vә qulaq as: haman o adamları görürsәnmi ki, boyunlarını burub әllәri qoynunda mәzlum-mәzlum baxırlar vә özlәrinin dә sifәtlәrindәn qulluq vә nökәrçilik nişanәsi yağır, onların hamısı müsәlmandırlar....

O müsәlmana bax! Qaradovoy boğazından tutub, uçastoka sürüyür, çünki üstünә oğurluq yaxıbdır. İndi o sağdakı müsәlmana bax! Görürsәn, onu tutub döyürlәr ki, sәnin burada alış-veriş etmәyә ixtiyarın yoxdur, çıx get burdan. Bax, pristav gәldi, müsәlmana qәhmәr (kömәk) durur. A ... bax, bax, pristava rüşvәt verdilәr....

İndi o tәrәfdә bir tüstü görünür, alov qalxır. Bilirsәn o nәdir? O müsәlman kәndidir. Qoşun tәrәfindәn yandırılıbdır. Deyirlәr ki, guya keçәn il bu kәnddә qaçaqlar bir kazak öldürbmüşlәr. Bu müsәlmanı da ki, görürsәn, dilini kәsirlәr. Çünki, deyirlәr, indi ki, rusca danışmaq istәmirsәn, qoy öz dilin dә olmasın.... Ora bax, ora bax! Dustaq aparırlar, görürsәn? Onlar hamısı müsәlmandırlar. Bax gör, neçә nәfәrdir, ha?! Bir, iki, üç ... on ... otuz ... yüz, iki yüz, beş yüz ... min, dörd min, on min, on beş min.... Bah.... Heyf ki, pәrdә düşdü, hamısını saya bilmәdim.

Bәli, pәrdә düşdü, xalq, "bravo, bravo" elәyib, әl çaldı. Bir qәdәrdәn sonra ikinci pәrdә qalxdı, gördük ki, yenә müsәlmanlardır. Hamısı yığılıb, çox cәld iş görmәkdәdirlәr. Rәfiqim dedi, bax, buna yaxşı qulaq as: görürsәn, orada iki müsәlman durubdur. Onların birisi o yanda bir şey görüb, istәyib ora yüyürsün, amma bu biri müsәlman onun ayağından çәkib qoymur. Bir ayrı müsәlman da onun üçün quyu qazıyır.

İndi ora bax! O müsәlman o biri müsәlmanın boynuna minibdir, çünki o әvvәlki dövlәtlidir, ikincisi kasıbdır.... İndi o müsәlmana bax ki, rus paltarı geyib, özü dә yazı yazır, hә, o öz müsәlmanlarından donos yazır, yaman klyauznikdir. Bu biri müsәlmana bax ki, öz arvadını döyüb, әyninin qızılını soyur. O tәrәfdә durmuş urus arvadına әl elәyir ki, dur orada, gәlirәm. İndi o birisi müsәlman arvadına bax: Yanında dörd nәfәr uşağı var, bircә dәnә inәyi, durub otarırlar. O tәrәfdә dә bir müsәlman inәyi görüb, xәlvәtcә sürünür ki, onu oğurlasın. Bax, oğurladı, arvad qan ağlayır. Bu yan tәrәfdә o müsәlman ağlar qadına pul yığıb, toxların adına banka qoyur. Lap uzaqda görünәn bir dәstә müsәlmanlar da orada qoç döyüşdürürlәr vә it boğuşdururlar. O tәrәfdә dә bir müsәlman xanı millәt puluna aldığı taxılı öz anbarına tökür ki, bahalıqda satsın, o biri qumarda uduzduğu pulları çıxartsın....

Bax atışırlar. İkisi öldü, biri yaralandı. O tәrәfdә yenә hәr iki tәrәfә kömәk gәldi. Bәrk atışırlar. Sәkkizi öldü, beşi yaralandı. Yenә hәr iki tәrәfә kömәk gәldi. Atışırlar. O onu öldürdü, bu onu öldürdü, o bunu, bu onu, o onu, hamısı bunu, bu hamısını, hәrәsi birini, o onu, o bunu, bu onu, bu bunu, o onu, bu....

Nәyә isә başım bәrk dәydi. Birdәn dik atıldım. Gördüm deyirlәr ki, a kişi, bu qәdәr dә yatmaq olarmı, gün-günorta olubdur! Dedim vallah, bir yuxu görürdüm ki....

Yaxşı ki, yuxu imiş. Gerçәkdә elә olsaydı, bizdәn bәdbәxt tayfa olmazdı. Dedilәr yalan deyirsәn, nә cürә pis yuxu görsәn, yenә bizim gerçәyimizdәn yaxşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG