Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:33
Dövlәt duması yaxınlaşır, amma bizim müsәlmanlar da dövlәt dumasına hazırlanmaq fikrindәn getdikcә uzaqlaşır.... Sәn götür min dәfә qәzetdә yaz ki, ay camaat, qoymayın fürsәt vaxtı әldәn gedәcәkdir! Heç kәsin halına tәfavüt elәmәz! Elәsә dә o adamlara elәr ki, ciblәrindәn pul verib qәzet oxuyurlar. Amma elә dәrd orasıdır ki cibindәn pul verib qәzet oxuyanlar cibindәn pul vermәyib qәzet oxuyanlara nisbәtәn lap heç zaddır. Yazıq firәng doğru demişdi ki, bir tayfa ki, altı milyon adamı ola vә özünün dә vahid bir qәzeti ola vә qәzetinin dә cәmi-cümlәtani min sәkkiz yüz müştәrisi ola, o tayfadan....

Hә! Hәrçәnd mәn dә o kişiyә bәrk söydüm, amma nahaq da elәdim. Kişi hәr ne deyirmişsә, doğru deyirmiş. Budur, firәng olmasın, müsәlman olsun, özü mömin bir kişidir vә qәzetimizin dә müştәrisidir. Yazır ki, sәn özün bilirsәn ki, mәn bir gün qәzet oxumasam elә pәrişan, tәlx vә acıqlı oluram ki, ta nә bilim, nә tәhәr. Guya o günkü mәni götürüb paltarlı-paltarlı suya basıb çıxardıblar (Yazıq istәyir desin ki, qıdığım tutur) "Allaha and olsun" -- deyir, Dövlәt duması barәsindә yazdıqlarınız mәqalәni oxuyub vә bizim müsәlmanların da bu kimi işә dair kәmetinalığını görüb, kişi, inan ki, dәli-divanә oluram.

Sәn bilmirsәn, -- deyir, -- bәlkә sizin şәhәrin adamları (canınıza sağlıq) dum-dum güllәsi ilә Dövlәt dumasının arasında tәfavüt olduğunu hәlә anlamırlar!! Әlәlxüsus -- deyir,-- burada bir hacı var, çox mәzәli kişidir. Әvvәla, budur ki, namaz qılanda vә ya dua oxuyanda heç vәdә "allahu әkbәr" deyә bilmәyib, әvәzindә hәmişә "alla fikir" -- deyәr. İkinciyә qalan yerdә üstünә diri ilan salasan yenә qoymaz evindә qәzet olsun, çünki deyir ki, mәnә qәzet düşmür. "Seyfülmülk" kitabı da deyir düşmür. Bilmirәm bu necә işdir? Qәrәz, bir neçә gün bundan irәli getdim haman hacının yanına vә dedim ki, hacı, axı bu gün-sabah papağını hәrlәsәn bir dә görәcәksәn ki, Dövlәt duması açıldı. Layiqli vәkil axtarmaq dalına düşmürük.... Dedi: "Vallah, mәn qanmıram ki, sәn nә deyirsәn? Dövlәt duması nә әmәldir? O da qaçaq maldır?".

Kağız yazan deyir ki, burada mәrhum Hacı Seyidәzim Şirvaninin sözlәri yadına düşdü ki, "çünki gördüm hәrifi naqabil...! Vә i. a.... Amma mәn mәrhum şair kimi elәmәdim. Әlacım kәsilib, başladım buna Dövlәt dumasını başdan qandırmağa ki, Dövlәt duması belәdir, elәdir!... Amma sonra dediyim sözlәrә dә peşiman oldum.

Hacı mәnim abrımı әtәyimә büküb dedi: "Ayıb deyilmi iş-gücünü tullayıb sәn dә o urus yöndәmli uşaqlar kimi elә sözlәr danışırsan ki, heç baban da o qәlәtlәri elәmәmiş ola! -- Mәn tәәccüb elәyirәm ki, -- dedi, -- sәn әvvәldәn әmәlli başlı kişi olduğun yerdә axırda nә oldu ki, ağlını nahaq yerә uduzdun?!-- Heç,--dedi,--sәn özün qanmırsan ki, nә danışırsan. Bir әqlinә vuruşdur gör ki, min il, min il qala, qiyamәt iki dәfә bәrpa ola, ulu babalarımız qәbirdәn dura, yenә dә padşahın vәziri razı olarmı ki, sәn olmayasan, lap sәnin ağanın ağası ola, gedib onun, nәinki özü ilә, hәtta aftavagötürәnlәrinin aftavagötürәni ilә bir-iki kәlmә danışa?! Mәn sәnә deyirәm ki, bala, az qәzet oxu, qara ağlını aparar, sәn mәnә gülürsәn. İndi görürsәnmi ki, nә hәdyan söylәyirsәn?."

Kağız yazan deyir, bu sözlәri eşitdikdә az qaldım ki, gülәm, sonra istәdim ağlayam. Bir dәli şeytan da dedi ki, vur hacının başı qarpız kimi yarılsın, hәr çi bada, bad!? Amma sonra "lәnәt şeytana" elәyib, özümü yığdım. İndi, ay Filankәs, bax, işlәr belәdir. İndi özün bir fikir elә, gör, boğaz yırtmaq tәk sizәmi qalıb?...

Bәli, bizә qalıb, amma yenә dә zәrәr yoxdur, qoy bizim boğazımız yırtılsın.... Qoy yırtılsın ki, yırtılacaq.

* * * * *

Amma Göyçay әhlinin boğazı yırtılmayacaq. Hәrçәnd onlar istәyirlәr ki, qubernator yanında öz naçalniklәri olan Kazaçkovskidәn şikayәt elәyib, boğazlarını yırtsınlar. Lakin onların içlәrindә bir çox meymun ... yox, dilim dolaşdı, mömün adamlar var ki, heç vaxt razı olmazlar ki, әfradi-millәtin boğazı yırtıq olsun. Ona görә qubernatoru-filanı gördükdә, әfradi-millәtin ağzını yumub, qoyunlar, quzuların, toyuqların, çolpaların boğazını yırtmağı sәlah görürlәr. Vә bir dә mәn sәnә deyim ki, hәr yerdә ki, meymun oldu (dilim dolaşdı) orada onsuz olmaz ki, qol-buyun olma, әl-ayağ yalama, mil durma, hәtta, meymunçaya xoş gәlmәk üçün Göyçaydan Bakıya mayallaq vurmaq kimi şeylәr olmasın. Hamısı olar, tәki "malades" sözü arada olsun.

Günün bütün mövzuları

XS
SM
MD
LG