Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:51
Hüriyyәti-kәlam, hürriyyәti-şәxsiyyә, hürriyyәti-ictima, hürriyyәti-mәtbuat, hüriyyәti-vicdan.

Hәmin bu beş hürriyyәtlәrin üstündә bir çox qanlar töküldü, canlar güdaza getdi. Camaat dedi: Alacağam. Hökumәt dedi: Vermәyәcәyәm. Camaat dedi: Ölәsәn dә alacağam. Hökumәt dedi: Ölәsәn dә vermәyәcәyәm.

Xülasә, indi dә elә bunların üstündә camaatla hökumәtin arası düzәlmәyibdir.

Ancaq indi görәk bu hürriyyәtlәr nәdir? Mәsәlәn, baxaq görәk, hürriyyәti-kәlam nәyә deyirlәr. Bunun üçün lap әvvәl baxaq görәk hürriyyәti-kәlam nәyә demәzlәr!

Bu gün bazara çıxıb vә ya bir mәclisә girib, xalqı söyüb biabır elәmәyә hürriyyәti-kәlam demәzlәr. İndi özünüz baxın görün hürriyyәti-kәlam nәyә deyirlәr.

Gecә vaxtı birisinin evini yarmağa vә ya günün günorta çağı bir adamın cibinә әl salmağa hürriyyәti-şәxsiyyә demәzlәr. İndi baxın görün hürriyyәti-şәxsiyyә nәyә deyirlәr.

Bir urus arvadına bәnd olub, birdәn-birә mürtәd olmağa hürriyyәti-vicdan demәzlәr. İndi baxın görün hürriyyәti-vicdan nәyә deyirlәr.

Qәzeti hәlim aşının qazanı bilib, әlә gәlәni içinә doldurmağa vә ağzına gәlәni ona yazdırmağa hürriyyәti-mәtbuat demәzlәr. İndi baxın görün hürriyyәti-mәtbuat nәyә deyirlәr.

* * * * *

Hürriyyәti-mәtbuat dedim yadıma Osmanlı senzoru düşdü. Bir dәfә "Vәqt" qәzetini oxuduğum yerdә belә xәbәrә rast gәldim:

"Osmanlıda Aydın vilayәtindә bәrk yağmur olub, әhaliyә xeyli zәrәr olduğunu Osmanlı senzoru qәzetlәrdәn pozmuşdur".

İndi bunu görüb mәn dә fikir elәyirәm: nә yaxşı olardı ki, Osmanlı senzoru Qafqaz qәzetlәrinә dә baxıb, Zәngәzur zәrәrdidәlәrinin әhvalatını pozaydı vә bizim ürәyiyuxa dövlәtlilәrimizin qәlbini xarab elәmәyәydi.

* * * * *

Zәngәzur dedim yadıma bir nağıl düşdü.

Günlәrin bir günü bir zәngәzurlu müsәlman aclığa tab gәtirә bilmәyib, yerә yıxılıbdır vә deyibdir ki: "Ay aclıq, sәn nә güclüsәn?!"

Aclıq cavab veribdir ki, balam, güclü olsaydım, çörәk mәnә әsәr edә bilmәzdi.

Zәngәzurlu deyib: "Ay çörәk, sәn nә güclüsәn?!" Çörәk cavab veribdir ki, balam, güclü olsaydım, mәni pul ilә satın alıb yemәzdilәr.

Zәngәzurlu deyib: "Ay pul, sәn nә güclüsәn?!" Pul cavab veribdir ki, güclü olsaydım dövlәtli müsәlman mәni sandığa basıb, ağzını da bәrk-bәrk bağlamazdı.

Zәngәzurlu deyib: "Ay dövlәtli müsәlman, sәn nә güclüsәn?!"

Dövlәtli müsәlman cavab veribdir ki:

-- Ay balam, mәn nә tövr güclüyәm, sәn müsәlmanı orada acından ölәn görüb, bir tikә çörәk uzatmağa da ürәyim gәlmir!!!.

O yedi yerә keçdi, sәn dә ye dövrә keç!

Günün bütün mövzuları

XS
SM
MD
LG