Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:00
Bu saat mәnim adıma bir kağız gәlmişdi. Kağızı açıb oxudum, amma ha fikir elәdim vә yenә elәyirәm, heç zad başa düşә bilmәdim vә yenә başa düşә bilmirәm. Lap "Molla Nәsrәddin"in gününә düşmüşәm.

Bu kağızda çox sәrt sözlәr yazılıbdır. Belә ki, mәnim yerimә bir dәymә-düşәr adam olsaydı, acığı tutub, haman dәm götürüb ona bir cavab yazardı. Amma iş buradadır ki, bu kağızın mәzmunu mәni elә gәrdәngir edibdir ki, heç cavab zad yadımdan çıxıbdır.

Elә bir onu fikir edirәm ki, ay allah, bu kağızı mәnә yazan nә demәk istәyirmiş, bu kağızı yazmaqda onun mәqsәdi vә ideyası nә imiş? Çünki bu saat heç bir kәs ideyasız, mәqsәdsiz bir kağız yazmır.

Dükançılar köhnә qәzetin içinә darçın, istiot, mixәk bükәn kimi, hәr yazı yazan da görürsәn yazdığı sözlәrin içinә bir ideya bükür. Lakin heç başa düşә bilmirәm ki, mәnim adıma göndәrilmiş bu kağızın içinә nә cür ideya bükülübdür. Qәribә budur ki, kağızı yazan mәni söyür dә bir dә yalandan yazır ki, guya mәn onu görmüşәm vә onunla bizim şәhәr xüsusunda danışmışam, o da mәnә cavab veribmiş, qәrәz nә başağrısı verim, kağızın mәzmunu budur:

"Ay Filankәs, yadındadırmı ki, sәn mәni aldadıb, mәnә nağıl deyirdin ki, guya sizin şәhәrinizdә millәtpәrәst pәhlivan adamlar var, heç bir vaxt millәti öz şәxsi mәnfәәtlәrinә satmazlar vә mәn dә sәnә cavab verirdim ki, a kişi, inanma, onlar millәtpәrәst deyildirlәr, mәblәğpәrәstdirlәr vә sözlәrinә qulaq vermә, yalançıdırlar. İndi gördünmü ki, mәnim sözlәrim doğru oldu, a Filankәs! Hәr gah yenә mәnә inanmırsan, get may ayının otuz birinә bax....

Ay Filankәs, yadındadırmı ki, sәn yenә mәni aldadıb deyirdin ki, bizim şәhәrimizdә bir orqanizasiya sosialist vardır, çox әqidәlәri doğru vә ubecdenyalı adamlardır, proletariatın mәnafeyini gözlәyirlәr vә mәn dә sәnә cavab verirdim ki, a kişi, inanma, onlar uşaqdılar, uşaq da olmasalar oyunbazdılar. İndi, gördünmü ki, mәnim sözlәrim doğru oldu, a Filankәs, sәni görüm ... (burada mәnә pis söz deyibdir, ancaq mәn onu yazmıram). Hәrgah yenә mәnә inanmırsan, get may ayının otuz birinә bax....

Ay Filankәs, a ... (yenә pis söz deyibdir) yadındadırmı ki, sәn mәni әlә salıb söylәyirdin ki, bәli, şәhәrimizdә camaat öz xeyir vә şәrini anlayıbdır, öz dost vә düşmәnini tanıyır vә mәn dә sәnә deyirdim ki, balam, vallah inanma, onlar hәlә qoyun sürüsüdür. Hәlә o mәqamlar uzaqdır. İndi gördünmü ki, mәnim sözlәrim doğru oldu, ay Filankәs!

Ay Filankәs, belә "millәtpәrәst"lәrlәmi meydana çıxıbsan, belә "sosialistlәrin"lәmi fәxr elәyirsәn, camaatın belә ayıqlığındanmı dәm vurursan, ay Filankәs?!.. "Sözün doğrusu, mәn sәnin yerinә olsam, qәlәmi-zadı sındıraram, bundan sonra sәs çıxarmağa utanaram, ölәrәm, a kişi!..."

Kağızın yerdә qalanı söyüşdür, imza, filan da yoxdur. Lakin bu nә olsun? May ayının otuz birinә bax, yәni çe? Mәn bu kağızı oxuyandan sonra, gedib bir rus vә bir müsәlman tәqvimi tapıb, may ayının otuz birinә baxdım, lakin orada bu kağıza dәxli olan bir şey tapmadım. Rus tәqvimindә yazmışdı ki, filan svyatoyun ağaca çıxan günüdür, müsәlman tәqvimi dә yazmışdı ki, bu gün saat xoş deyil.

Daha bir şey yox idi bu kağıza aid olaydı vә tәrs kimi o gün şәhәrimizdә dә elә bir qәribә әhval vaqe olmamışdı, yenә irәlilәr adam-zad öldürәrdilәr, o da olmamışdı. Tәk bir o gün, yәni may ayının otuz birindә şәhәrimizdә Dövlәt dumasına vәkillәr seçilmişdilәr. Lakin bunun millәtpәrәstliyә, sosializmә, camaatın ayıqlığına nәdәxli?

Qәrәz, mәn ki heç başa düşmürәm ki, bu kağız nә olsun vә bunun ideyası nә imiş.... Әlbәt, әli dincdurmazın birisi imiş, yazıb mәnә sataşmaq istәyirmiş, vәssalam!

Günün bütün mövzuları

XS
SM
MD
LG