Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:06
....Neçә gün bundan әvvәl bir firәng böyük bir hünәr elәdi: qırx beş verst eni olan bir dәryanın bu tәrәfindәn hoppanıb, o biri tәrәfinә düşdü, yәni quşa oxşayan bir hava gәmisinә minib, dәryanı keçdi. Bu firәng mәşhuri-cahan oldu. Özü dә bu anda hәr gün min manatdan artıq pul qazanır. Bir tәrәfdәn şöhrәt, o biri tәrәfdәn dövlәt!

İndi әgәr bu adam, haman firәngin xasiyyәtindә olmaq şәrtilә, bizim müsәlmanlarımızdan olsaydı, haman dәm bizim qara vә paxıl qәlbimiz cuşә gәlib, haman hәmcinsimizә quyular qazmağa başlardıq.

Mollalarımız deyәrdi ki, bu adam babıdır vә özünün dә arvadı ondan boşdur.

Mollaların müridlәri deyәrdi ki, bu adam şeytandır vә özünün dә qәtli halaldır.

İnteligentlәrimiz deyәrdi ki, bu adamı buradan qovmaq lazımdır. Çünki şöhrәtin hamısını bu qazanır vә onlara bir şey qalmır. Vә әgәr bu adam cavan olsaydı, onda da cavanlarımız onu mәsxәrәyә qoyub deyәrlәrdi ki, bәh-bәh millәt qabağa getdi! Kişi qәribә hünәr qayırdı, heç ermәnilәr cürәt edib havaya qalxmırlar, amma bu gәlib ki, havada uçuram ... (halbuki kişi uçubdur!).

Vә bunların da hamısının sәbәbi odur ki, millәtpәrәstlik, iftixari-milli kimi ali vә nәcib hisslәr hәlә bizim qәlbimizdә yer tapmayıbdır. Çünki qәlbimiz dә başqa hisslәrlә doludur vә hәlә vakansiya yoxdur....

Amma firәnglәr haman hünәr sahibini bu gün özlәri üçün fәxri-millәtlәrinin әn böyüyü hesab edib, onun şәrәfinә minlәrcә qonaqlıqlar, bayramlar, şadlıqlar etdilәr. Әcnәbilәr dәxi firәnglәrә hәsәd vә qibtә edirlәr; firәng millәtini tәbrik edirlәr ki, belә adamlar meydana çıxarır.

İndi pәrdәnin o biri tәrәfinә baxaq. Hәmin bu firәng belә bir hünәrindәn naşi özgәlәrini sevindirdiyi kimi, özü dә sevinib bütün әfradi-millәtini, rәisi-cumhurdan, ministrdәn tutmuş, axır hambala kimi öz külfәti bilib, çox da şad vә xoşbәxtdir ki, bu külfәtini öz hünәri ilә başıuca elәdi.

O, tәvazö göstәrmir, çünki tәvazö -- qayırma, qәlp, saxta bir şeydir. O haman adamlığında qalıbdır, ondan ötәri bir hambalın tәbriki vәzirlәrin tәbrikindәn daha әziz vә daha şәrәflidir....

Amma bu adam bizim müsәlmanlarımızdan olsa idi, paho! Onun sәmtinәmi durmaq olarmı?! Özünü çәkәrdi әrşi-fәlәkә vә hamıya xoruz quyuya baxan kimi baxardı. Müsәlmanları bәyәnmәzdi. Özü dә hәmişә rusca danışardı. Sağ vә salamat gözlәrinә çeşmәk taxardı, başına panama papağı qoyardı, yayın isti günü qaloş geyәrdi, yanına gәlmәk-elәmәk istәyәnlәri dörd saat qapıda ayaq üstә saxladardı vә onun istirahәtini pozan adamlara da xeyli acığı tutardı. Amma digәr tәrәfdәn hörmәt sahibi dә olardı. Çünki hәmişә zahiri bazburuta mәğlub olan müsәlmanlar ondan çәkinib nә babı deyәrdilәr, nә şeytan, nә dә ki, mәsxәrәyә qoyardılar.... Heyf!...

Günün bütün mövzuları

XS
SM
MD
LG