Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:21
BAZAR SÖHBӘTİ

-- Mәşәdi Sәmәd, bir bura bax! Vay Mәşәdi Sәmәd! Bura bax, söz deyirәm!

-- Bu saat! Qoy bir bu çuxanın bursını tikim! Yiyәsi gözlәyir.

-- Әşi, bir bura bax, sonra tikәrsәn. Sәnә bir yaxşı әhvalat deyәcәyәm.

-- Sәn de, mәn qulaq asıram!

-- Bura bax, rәhmәtlik Әliqulu bәyin dayısı Kәrbәlayı Hüseynәli bәyi tanıyırdın?

-- Yox, necә Әluqulu bәyin?

-- Әşi, nә deyirsәn, dostun Mirzә Cәfәrin aşnası Әliqulu bәyi tanımırsan?

-- Hә, keçәl Әliqulu bәyi tanıyırdım.

-- Onun dayısı Kәrbәlayı Hüseynәli bәyi tanıyırdın?

-- Tanıyırdım, necә?

-- Axı, Kәrbәlayı Hüseynәli bәyin bir nökәri var idi. Adına Yırtıq Sәfi deyәrdilәr, bir arvadı da var idi, neçә ildi ki, doğmurdu, sonra gedib Qarabasan kәndindәn bir qız aldı, özü dә deyirlәr ki, bәy qızıdır, ondan da Yırtıq Sәfinin bir oğlu oldu ha!

-- Hә, necә?

-- Ta nә hә, haman o oğlan indicә bir rus qızı ilә gәlib bizim dükanın qabağından keçdi.

-- Әşi, nә deyirsәn?

-- Sәn öl, allaha and olsun, özüm ölüm ki!


MÜӘLLİMӘ


Onu göndәrdilәr ki, azarlamış müәllimin yerini hәlәlik dolandırsın.... Müәllimә özü rus, şagirdlәr müsәlman.

Әvvәl gün dәrs otağına girdikdә, uşaqların çirkli paltarlarından gәlәn iydәn az qaldı ki, burnunu tutub çıxsın. Әtir vә әnbәrә öyrәnmiş olan bu cür iylәrә dözmәk istәmirdi. Şagirdlәr tәrәfindәn gәtirilib mizlәrin içindә gizlәdilmiş olan İran şirniyyatının (zәfәran, mixәk, darçın, hil kimi) qoxuları uşaqların üst-başından çıxan çirk vә piy iyinә qatışıb, onsuz da әlliyә qәdәr adamın nәfәsi ilә pozulmuş havanı daha da bәdtәr etmişdi.

Heç süpürülmәmiş vә yainki süpürülәn kimi zibillәnmiş olan döşәmәnin üzündә toz-torpaq, yeyinti qırığı, uşaqların әyni-başı cırıq-cırıq, başlarında yekә-yekә papaq vә çirkli yaylıq, müәllimәnin tәmizliyә öyrәnmiş olan gözlәrini incidirdi.

Sәs-küy, anlamadığı bir dil, qışqırıq, lüzumsuz gülüş binәvanın musiqiyә öyrәnmiş qulağına çox fәna tәsir edirdi.

-- Mәn buna dözә bilmәrәm, -- deyib müәllimә istәdi ki, çıxıb getsin. Lakin qalmağa mәcbur idi, yoxsa gәlәcәk ümidlәri zay ola bilәrdi.

Dәrsә başladı.... Uşqlar rus dilini bilmir, bu dediyini onlar, onlar dediyini bu anlamırdı. O idi ki, klasda uşaqları nizamla saxlamaq mümkün deyildi. Bu hәr nә deyirdisә, uşaqlar öz bildiklәrini edirdilәr.

Belә pәrişan vә qat-qarışıq bir mәnzәrә içindә bir şey müәllimәnin diqqәtini cәlb etdi. Uşaqlardan küncdә oturan bir nәfәri bu nizamsızlığa heç qarışmayıb, dinmәz-söylәmәz oturub kamali-әdәblә dәrsә qulaq asırdı. Әyninә baxdıqda, bu, bir kasıb balası idi, amma üzündә nәcabәt asarı var idi. Bundan heç bir nalayiq hәrәkәt baş vermirdi.

Sözsüzdür ki, bütün klasın içindә müәllimәnin xoşu gәlәn bir şagird var idisә, hәmin bu Әlisәfdәr idi; özü dә yoldaşlarından rusca çox bilirdi vә yaxşı xәtt ilә yazırdı.

-- Allahın altında bunun әyni-başı düzәlmiş olaydı, -- deyib müәllimә hәtta bu fikirdә oldu ki, Әlisәfdәrә paltar tәdarükü görsün. Amma o biri uşaqlar müәllimәni çox incidirdilәr. Özlәri dә klasda papaqlı otururdular.

-- Bu saat papaqlarınızı çıxarın, -- deyib müәllimә uşaqların üstünә qışqırdı. Onun әmrini anlayanlar papaqlarını çıxartdılar, anlamayanlar da o birilәrinә baxıb başlarını açdılar.

Lakin burada bir şey müәllimәni heyran qoydu. Onun dostu Әlisәfdәr papaqlı oturmuşdu. Müәlimә tәәccüblә ona baxıb, "Sәn dә papağını çıxart" -- dedi. Lakin o heç tәrpәnmәdi, ancaq qıpqırmızı qızardı. Şagirdlәr sәslәrini kәsib bütün diqqәtlәrini bu fәqәrәyә cәlb etdilәr. Klasda dәrin bir sükut әmәlә gәldi. Müәllimә dost tutduğu şagirddin bu itaәtsizliyindәn qәlbi sınmış halda, ona tәrәf gedib, öz әli ilә onun papağını çıxartdı. Bu halda uşaqlar hay-küy saldılar ki, az qaldı otaq dağılsın. Müәllimә bilaixtiyar geri çәkildi vә az qaldı ki, özündәn getsin. Lakin ona әsәr edәn uşaqların vәhşi qışqırığı deyildi.

Bәs nә idi?

Әlisәfdәrin başı keçәl idi.


MӘCLİSİN DUZU


Mәn çox mәclislәrdә olmuşam vә çox nitqlәr eşitmişәm vә çox fikirlәr etmişәm vә fikrimin axırı bir yana çıxmayıb vә mәәttәl qalmışam.

Mәsәlәn, mәclis ümumi bir mәclisdir. Burada hәr cürә adamlar vardır. Stol hazır olur. Zakuska ortalığa qoyulub, butılkalar saldat kimi düzülür. Әhli-mәclis yığılır stolun başına. Yemәkdәn qabaq әvvәlcә bir tamada seçilir. Hәrçәnd tamada seçilmәyin özü dә böyük bir mәsәlәdir, amma mәn onu müxtәsәr keçirәm.

Bәli, tamada әmr edir ki, fincanlar şәrabla dolsun. Әhli-mәclis kamali-diqqәtlә qulaq assın, çünki Sәdi buyurubdur ki, müstәme sahibsüxәn ra bәr sәrekar avәrәd.

Tamada başlayır:

-- Hәzәrat, mәn bir neçә kәlmә söz ilә....

-- Xeyir a, tamadanın sözlәrini yazsaq, qәzetdә yer qalmaz, Qoy müxtәsәrini әrz elәyim: Tamadanın nitqindәn bu çıxır Danışanı dinlәyici ruhlandırar. ki, dünyada Rüstәm Zal kimi pәhlivan ola bilmәzdi. Bәs mәclisimizә zinәt verәn Mәşәdi Mәrdan dәxi bizim әsrimizin Rüstәm pәhlivanıdır, yәni qoçudur, içәk onun sağlığına.

Bu halda әhli-mәclisdәn bir nәfәr "ata sәrçә" yerindәn cәld qalxıb çığırır ki, "Camaat, dayanın. Tamada izn verir, bir-iki kәlmә dә mәn artırım".

Tamada izn verir vә "ata sәrçә" deyir:

-- Camaat, hәmin Mәşәdi Mәrdan cәnablarını bәlkә sizdәn tanımayan ola. Mәn bunu sizә bildirirәm ki, bu cәnabın igidlikdә vә qoçuluqda misli yoxdur. Onun әllidәn yuxarı düşmәni var idi, hamısını öldürdü. Mәşhur Mәşәdi Qurban qardaşlarını bazarda öldürәn dә hәmin bu cәnabdır. Odur ki, bu istәkanı onun sağlığına içib, dibini öpürәm. "Ata sәrçә" dediyini elәyib, sonra aram olur.

Әvvәldә mәn fikir edirdim ki, yaxşı, hәrgah bu tәrif olunan cәnab adam öldürәn vә başkәsәndirsә, onda bunun yeri Sibirdir vә ya dar ağacıdır. Bәs necә olur ki, hәlә onun sağlığına şәrab da içilir?

Tamada gözlәrini bir nöqtәyә dirәyib, fikrә mәşğuldur. Görünür ki, ikinci nitqi hazırlayır. Filvaqe tamada bir dә stәkanları doldurub, bu sәfәr bir bәy haqqında danışır vә tәklif edir ki, onun sağlığına içilsin. Hal belә ikәn ikinci "ata sәrçә" cәld yerindәn qalxıb, ba izni-tamada deyir:

-- Hәzәrat, hәmin bu bәy cәnabları cәmicümlәtanı ikicә il qorodskoy işkullada dәrs alıbdır Amma bainhәmә bu gün advokat, pirkurur, sudya vә bunun kimi böyüklәr mәclisindә o qәdәr oturubdur ki, bu saat urusun zakonunu әzbәr bilir. Odur ki, bu gün götürüb bizim birimizdәn bir әrizә yazıb içәriyә göndәrsә, sizi inandırıram ki, günü bu gün hәmin adamı samsim Sibirә göndәrәrlәr. İçirәm bu badәni bәyimizin sağlığına. Oxay....

İndi mәn yenә fikir edirәm. Hәrgah bu bәy doğrudan da, danos yazıb, xalqı Sibirә göndәrirsә, heç yaxşı adam olmaz. Bәs necә olur ki, bunun sağlığına şәrab da içilir?

Tamadaya göz yetirib görürәm ki, üçüncü nitqi daha da hündürdәn hazırlayıbdır, çünki tәsiri-şәrab dәxi kömәk etmәkdәdir. Bәli, әmr gәlir, boşalmış stәkanlar tәzәdәn dolur. Tamada әhli-mәclisdәn bir taciri tәrif edir. Nitq tamam olan kimi, üçüncü "ata sәrçә" yerindәn qalxıb, tamadanın nitqinin dalısını uzadır. "Ata sәrçә" deyir:

-- Hәzәrat, haman bu tacir bu gün küçә vә bazarda arşın malı satanlardan degil, ha! Bu cәnab optum satan adamlardandır vә özünün dә bu gün Mәsko şәhәrindә o qәdәr etibarı var ki, günü bu gün gedib Morozova vә ya bir qeyri fabrikanta deyә ki, Vasiliy Fyodoroviç, mәsәlәn, Kәrbәlayı Cәfәrin işi pis keçir, ona mal buraxma. Bir dә görürsәn ki, Kәrbәlayı Cәfәrin krediti bağlandı. Yalan deyirәmsә atam o dünyaya it sifәtindә gәlsün. Ona binaәn, içirәm çaxırı tacirimizin sağlığına vә kәsrәti-mәhәbbәtdәn gәrәk, sәn ölәsәn, sәnin üzündәn öpәm, Mәşәdi Bağır",-- deyib, qonşusunu qucaqlayır. Qonşusu deyir ki, "Balam, daha mәni nә üçün öpürsәn, get, taciri öp!"

Mәn dә fikir edirәm ki, yaxşı, hәrgah bu tacir, xalqın kreditini bağlayandırsa, yaman adamların birisidir, daha bunun sağlığına içmәk nә üçün?

Sonra gәlәn nitqlәrә qulaq asıb görürәm ki, mәclisdә daha elә qabili-ehtiram adam yox imiş vә "ata sәrçә"lәr dәxi cik-cik elәmirlәr. Bәs axırda mәlum olur ki, bizim mәclisimizin duzu üç nәfәrdir: biri başkәsәn, biri danos yazan vә biri dә mәrdümәzar oğlu mәrdümәzar.


MӘŞӘDİ KABİLİN TӘBRİZ SӘFӘRİ


Mәşәdi Kabilin başı çox qarışıq idi, cürbәcür vajnı işlәri var idi ki, bunların hamısını bir-bir düzәltmәk lazım idi. Bir işi o idi ki, gәrәk oğlunu işkolaya qoysun, ondan sonra qızını köçürsün vә bunlar hamısı keçәndәn sonra Tәbrizә gedib mal gәtirsin vә dükanını olduğu yerdәn ayrı bir yerә köçürsün vә bundan başqa o qәdәr xırda işlәri var idi ki, bәzi vaxt heç başını qaşımağa da macalı olmurdu.

Mәşәdi Kabilә mәslәhәt gördülәr ki, әvvәlcә Tәbrizә gedib dükan işlәrini düzәltsin, sonra o biri işlәrinә şüru etsin.

-- Elә yaxşıdır, әvvәlcә işlәrini bir qurtar, sonra, allah qoysa, qayıdarsan, can sağlığı olsun, o biri işlәrini dә düzәldәrsәn! -- deyib arvadı da Mәşәdi Kabilә bunu mәslәhәt gördü.

Mәşәdi razı oldu vә başladı Tәbrizә sәfәrә hazırlaşmağa....

Söylәyirlәr ki, London ingilislәri bazardan evlәrinә bir parça kağız yazıb göndәrirlәr ki, "mәni nahra gözlәmәyin, Hindistana gedәcәyәm". Vә arvad-uşağı ilә görüşmәyi qayıdan başa qoyub, parxoda minib gedirlәr. Amma bizim müsәlmanlar, nәdәnsә, qürbәtdәn çox qorxurlar.

Odur, mәsәlәn, Bakıdan Bilәcәriyә vә ya Şuşa qalasından Ağdama getmәk lazım olanda çox bikef olurlar, arvad-uşaq da bikeflәnir vә yola düşәndә dә az qalırlar ki, ağlaşma qursunlar.

İndi Mәşәdi Kabil dә Tәbrizә gedәcәyini yadına salıb, bir az bikef olmuşdu, arvad-uşaqlar da bikef idi. Ancaq bircә? Kәrbәlayı Sәfinin vecinә deyildi. Pәncәrәnin ağzında oturub sәfәrә hazırlaşan Mәşәdi Kabili gözlәyirdi vә uşaqlara tәsәlli vermәk üçün deyirdi:

-- Allah qoysa atanız bu gün çıxar, bir-iki gündәn sonra olar Tәbrizdә, amma görün sizә nәlәr gәtirәcәk! Tәbriz yemişi. Bax, kişmişlәri bu boyda olur. Badamları qoz boyda. Çoxlu xurma gәtirәcәkdir ki, biri yumruq böyüklükdә.

İşin bu mәqamı balaca uşaqların bir qәdәr kefini açdı. Balaca Sәmәd isә tәk bir yemişlәrә kifayәt etmәyib, bir Tәbriz xoruzu da istәdi.

-- Bәs, Tәbriz xoruzu da gәtirәr, -- deyib Kәrbәlayi Sәfi onu arxayın etdi.

İki saatdan sonra min cürә dualarla, daldan su atmaqla, qapıya Quran çıxartmaqla Mәşәdi Kabili yola saldılar....

Bir saatdan sonra bazara xәbәr düşdü ki, Mәşәdi Kabili paraxod qabağında öldürdülәr.


MӘZHӘKӘ

Kәndlinin biri buğdasını, baramasını aparıb bazarda dәyәr-dәymәzinә satıb bir dәnә at, bir dәnә eşşәk vә әyninә dә bir dәst paltar alıb, evinә tәrәf gedirdi....

Bir nәfәr bәy bunu gendәn gördü vә tәәccüb elәdi ki, kәndlinin hәm atı var, hәm dә eşşәyi. Daldan kәndliyә yaxınlaşıb başına elә bir qapaz saldı ki, kәndli ancaq bir saatdan sonra ayıla bildi vә ayılandan sonra da baxıb gördü ki, eşşәk yoxdur.

Yasavul kәndlinin atına baxıb şikayәtinә qulaq asdı, amma şikayәt "haqqı"az olduğuna görә, kәndliyә bir neçә dәnә qamçı çәkdi vә dedi:

-- Bağla atını burada, get әtrafı gәz, bәlkә eşşәyin tapıla.

Kәndli atını yasavula tapşırıb, eşşәyi axtarmağa getdi. Çox gәzdi, çox dolandı, hәrçәnd bәyin qapısında bir eşşәk gördü ki, öz eşşәyinә çox oxşayırdı, amma o cürә şeylәri fikrinә gәtirmәyә cürәt elәmәdi.

Vә qayıtdı ki, bәlkә yasavul bir kömәk elәyә, amma nә yasavuldan vә nә atdan bir nişan da görmәdi.

Kәndli xofa düşdü, elә bildi ki, bunlar hamısı yuxudur. Onun üçün özünü çimdiklәdi ki, ayılsın, amma gördü ki, xeyr, yatmayıbdır.

Bikef vә bidamaq bir çayın qırağında oturub evinә qayıtmağa utanırdı. Gördü ki, bir nәfәr sarıqlı gәlir. Kәndli durub ikiqat әyildi vә yenә bidamaq yerinә oturdu. Sarıqlı dedi:

-- Nәdir ki, belә bidamaqsan?

Kәndli ağlaya-ağlaya әhvalatı nәql elәdi.

Sarıqlı bunun tәzә libasına diqqәt yetirib dedi:

-- Mәn sәnә әlac edәrәm.

Yazıq kәndli şadlığından bilmәdi ki, nә qayırsın, özünü yıxdı sarıqlının ayağına. Sarıqlı dedi:

-- Sәnin atını da, eşşәyini dә cin oğurlayıbdır vә cin dә sәnin bu libasındadır. Ona görә bu libası ovsunlamaq lazımdır. Vә illa başına çox bәlalar gәlәr.

Kәndli cin adını eşidәn kimi dәlitәk paltarını çıxardıb tulladı. Sarıqlı bir dua oxudu vә dedi:

-- Bir qәdәr yat.

Onsuz da it kimi yorulmuş kәndli başını yerә qoyan kimi yuxu basdı vә yuxsunda gördü ki, eşşәyi dә, atı da tapılıb, kişnәyә-kişnәyә bunun yanına çapırlar. Kәndli sevindiyindәn elә çığırdı ki, öz sәsinә oyandı vә oyanıb gördü ki, nә sarıqlı var, nә paltar.

Binәvanı dәhşәt basdı. Әlinә bir çomaq alıb özünü qoruya-qoruya kәndinә yetirdi. Xalq yığılıb dedilәr ki, a kişi, dәli olubsan nәdir? Lüt gәzib özünü qoruyursan?

Dedi:

-- Atımı oğurladılar, eşşәyimi oğurladılar vә paltarlarımı oğurladılar. İndi qorxuram ki, özümü dә oğurlayalar.


PRİSTAV AĞA

M ... kәndindә bir qәribә halәtdir. Әhali bir-bir komalarından dişarı çıxıb, guya xof vә vahimәdәn nәşәt edәn bir iztirab ilә o tәrәfә bu tәrәfә baxaraq, kәndin gen bir küçәsinә doğru gedirlәr vә burada toplaşıb dururlar. "Allah özü sovuşdursun" -- deyirlәr. Hәr kәsin üzündә bir nişanәyi-xof, hәrәkәtindә bir cürәtsizlik, danışığında bir ehtiyat müşahidә olunur. Bunlar insanı bilaixtiyar titrәmәyә mәcbur edәcәk mәrtәbәdә müdhiş bir hadisә vüquuna vә yaxud mütәqәddim bir şәxsin çüruduna müntәzir idilәr. Vaqiәn belә idi: M ... kәndinin әhalisi (allah göstәrmәsin) pristav ağanın tәşrifini gözlәyirdilәr. Dünәn İran sәrbazına müşabihәti olan bir stracnik "bәy" kәndә gәlib, qabağına çıxan ağsaqqalları xubunca döyüb-söyәndәn sonra, "sabah pristav ağa gәlәcәk"--dedi vә gecә, döydüyü ağsaqqalların birinin evindә qalıb, sәhәr atına minib, geri qayıtdı.

Şayani-diqqәt burasıdır ki, stracnik bәyin kәndә gәlәndә cibindә beş-altı qәpik pulu var idi. Lakin gedәndә bu beş-altı qәpik bir gecәnin içindә beş-altı manata "istihalә" etmişdi. Bu "möcüzәnin" sirri vә sahibi ilә cib sahibinә mәlum idi.

Strajnik bәy kәnddәn müfariqәt edәr-etmәz, qonşular ev sahibi Kәrbәlayi Bünyadәlinin yanına yüyürüb, "pristav nә sәbәb gәlәcәk"--deyib sordular. Kәrbәlayi Bünyadәli ilә, stracnik bәy evindә mehman olduğunu ehsas münasibәtilә, böyük bir şәrәfә nail olmuş kimi, qeyrilәrinә nisbәtәn ali bir can sahibi olduğunu hiss etdirmәk üçün kәmali-kibr vә qürur ilә "әşi, mәn nә bilim? Pristav ağanın işi kәndlәri gәzib adam döydürmәkdir, dayna!" -- deyib xalqdan üz çöndәrdi vә onların atәşi-mәraqini söndürmәdi.... Pristav çox gec gәldi. Әhali kәsbü karından әl çәkib, bu günü pristav ağanı gözlәmәyә sәrf etdilәr. Hәr kәs, pristav nә üçün gәlәcәk?" -- deyә öz-özünә fikir edirdi. Ağanın bu qәsdini hәr kәs bir bәhanә ilә özünә andırırdı. Mәsәlәn, Cәnnәtqulu belә güman edirdi ki, pristav, Әliqulunun oğurluğunu eşidib gәlir. Әliqulu isә deyirdi: ha! Pristav ağa Cәnnәtqulunun Mәmmәdcәfәrlә savaşdığını eşidib gәlir vә s.... Lakin "Pristav gәlir" bu ikisinin dә hәrdәm titrәmәyinә sәbәb olurdu.

Әlqissә, axşamçağı pristav gәldi. Müvasilәtindәn bir az müqәddәm kәndlidәn birisi qışqıra-qışqıra, dili dolaşa-dolaşa: p, p, p, pristav ağa g, g, gәlir! -- deyә cәmaәtin vahimәsini son mәrtәbәyә yetirdi. İtlәr hürdü, uşaqlar ağladı, arvadlar "allah, sәn saxla"--deyib, ora-bura qaçdılar. Kişilәr dә sap-sarı saralıb itlәri, uşaqları, arvadları sakit etmәyә başlayıb, özlәri onlardan betәr qışqırırdılar....

Pristav ağa bir tәmtәraq, bir tәntәnә, bir dәbdәbә ilә on nәfәr cәlladmәcaz stracniklәrdәn mütәşәkkil müini ilә belә çaparaq kәndә daxil oldular. Kәndlilәr kәmali-inqiyad vә itaәt ilә cәnab pristavı istiqbal etdilәr vә "sәn bizim başımızın sahibisәn" -- deyib, әsnayi namazda rüku edәn kimi, baş deyil, bәdәn әydilәr. Lakin cәnab pristav әhalinin belә izhari-tәbәiyyәti-sadiqanәsindәn әqmazieyi edib, keçәn gün cibindә "möcüzә" görünmüş sәrbaz simalı stracniki tәqib edәrәk, atını Kәrbәlayi Bünyadın evi hәyәtinә sürdü.

Kәrbәlayi, 70 sinni altında bükülmüş vücudunu 15 yaşına yetmiş cavana mәnsub bir cünbüş vә hәrәkәtә gәtirib sıçradı vә pristav ağanın "cismi-әzizi"ni atın üstündәn yerә düşürdü. Stracniklәr dә kәndlilәrin kömәyi ilә atlarından yerә süqut edib, metad qaidәyә rәayәt edәrәk topalanmış kәndlilәri qamçı ilә şaparlamağa başladılar. Vә atlarını otarmaq ilә özlәri üçün dә bir "yaxşı" yer hazırlamağı әmr etdilәr.

O gecә M ... kәndindә bir neçә qoyun dәxi qurban edildi.

Sabahı günü Kәrbәlayi Bünyadın hәyәtindә şayani-tәmaşa bir drama vaqe oldu. Cәnab pristav başıaçıq vә әllәri ciblәrindә "özünü dartmış turac kimi" qapının ağzında durub, keçmiş padşahlara mәnsub bir hökumәt ilә cәrgә ilә düzülmüş kәndlilәri bir-bir vә hәrәsini bir növ ilә döydürürdü. Birisini libasdan xali edib, lüt әndamına qamçı vurdururdu, digәrini saqqalından tutudurub üzünә, başına sillәlәr çәkdirirdi, bir qeyrisini әlibağlı ora-bura çapdırırdı. Bәzisini yerә yıxıb, tәpik altına saldırdı vә sairә....

Döyüşә mübtәla olanlar hәrdәm: "Bizim taqsırımız nәdir, ağa, başuva dönüm" -- dedikdә, cәnab pristav vә sonra da stracnik bәy tәrәfindәn bir neçә kәlmә föhşdәn mütәşәkkil cavabi -- "şafi" alırdılar....

Bu drama sәhәrdәn günortayadәk imtidad çәkdi ki, ondan sonra pristav ağa, bu qәdәr zәhmәtdәn artıq yorulub, girdi otağa vә kәnd mollası ... nın evindә şәrәfinә kәşidә edilmiş ziyafәtdә (bu ziyafәtdә pristavdan savay bir dә Kәrbәlayi Bünyadәli var idi) mükәmmәl surәtdә bir nahar edib, istirahәt üçün bir-iki saat şirin yuxuya müstәqrәq oldu.... Bidar olduqdan sonra, Kәrbәlayi Bünyad tәrәfindәn "Әbidanә" әta olunmuş kәhәr ata rakib olub vә kәndçilәr tәrәfindәn "mübarәk qәdәmi" münasibәtilә hәdiyyә edilmiş quzuları (yağ, qatıq, pendir vә s. mәlum işdir) müininә tapşırıb, öz paytaxtına mütәvәccihәn rәvanә oldu.

Ağa gedәndәn sonra kәndçilәr onun sahibi tәhәkküm bir zat olduğunu tosif vә әrifә başladılar.


RAMAZAN AYINDA İBADӘT

- Azana bir beş dәqiqә qalmış harada olsam qayıdıram evә vә ev adamlarını xәbәrdar edirәm ki, mәnim sәmtimә dolanmasınlar. Çünki at arpasının vaxtı yetişәndә şıllaqcıl olan kimi, mәnim dә papirosumun vaxtı yetişir, nervinni oluram.

Bәdәzon uşaqlara deyirәm ki, mәnim papiros qabımı yanıma gәtirsinlәr. Orucluq günlәri papiros qabını cibimdә saxlamıram, çünki bir kәrә yadımdan çıxıb qәflәtәn papiros çәkmişәm vә bir kәrә özümü bilmәmәzliyә vurub qәsdәn çәkmişәm. Ona görә, "göz görmәsә, könül sevmәz" mәsәlinә müvafiq papiros qabını evdә qojuram.

Qәrәz, papiros qabını alıb, kәmali-dәsgah ilә bir dәnә papiros hazırlayıram vә ispiçkәni dә әldә hazır tutub müntәzir oluram azana. Uşaqlara tapşırıram ki, sәs-küy salmasınlar, yoxsa azanı eşitmәrәm. Bәli, papiros ağzımda, ispiçkәnin çöpü sağ әlimdә vә qutusu sol әlimdә, gözlәrimi dirәmişәm mәscidimizin minarәsinә. Bir dә baxıram ki, müәzzin minarәdә nümayan oldu.

"Hә gözünә dönüm" -- deyib, intizar çәkirәm. İspiçkәnin çöpünü dirәmişәm qutusunun qarasına. Elә "Allahu әkbәr!". deyәn kimi ispiçkә alışır. Hә demisәn, papirosa bir qullab. Tütün beynimin hәr yerini dolanıb, burnumun iki deşiyindәn üzü aşağı fantan elәyir. Keyf vurur başıma, gözlәr qaralır, әl-ayağım titrәyir.... Papirosumu qurtarıb, gәlirәm süfrәnin başına. Papiros iştahamı küsdürübdür, Çox yeyә bilmirәm.

Әvvәlcә orucumu iki dәnә xurma ilә açıram (papiros heç). Ondan sonra iki istәkan salma çayı pendir-çörәklә yeyib, әrkәk әtin kababını tәnavül edirәm. Üç şişdәn artıq yemәyib, özümü saxlayıram düşbәrәyә. Ancaq düşbәrәdәn qabaq dolma var. Dolmadan yeyә bilmirәm, çünki әtri burnumu qıdıqlayır, bir boşqab dolma kifayәt edir. Ondan sonra yağla baldan bir yaxmac qayırıb, yeyә-yeyә әmr edirәm ki, düşbәrәni gәtirsinlәr. Düşbәrә gәlib meydana qoyulunca, qaysı qovurmasından bir beş tikә alıram, sonra düşürәm güşbәrәnin üstünә (amma heyf ki, papiros iştahamı pozubdur). Düşbәrә kimi lәzzәtli şeydәn beş boşqabdan artıq yeyә bilmirәm: Süfrә yığışılmaqdan qabaq bir qәdәr dә meyvәcat yeyilir, bunların üstündәn bir istәkan tünd çay içib, bir saz papirosla iftar qurtarır.

İndi gәrәk namaz qılam. Amma di gәl ki, belә tәnbәllәşmişәm ki, heç yerimdәn tәrpәnmәk istәmirәm. Bir az fikirlәşirәm. Bir dә bir papiros çәkirәm. Amma yenә dә namaz dәrdi alıb canımı. Qılmasam da olmaz. Çünki axundun özündәn eşitmişәm ki, orucluq günü oruc tutub, namaz qılmayan şәxs bәnzәr bir eşşәyә ki, tövlәyә salıb, әlәf vә susuz saxlayırsan. Eşşәk olmaq istәmәyib, ayağa qalxıram. Dәstәmaz alıb, namaza başlayıram.

Namaz qurtarandan sonra elә bil ki, bir qaya üstümdәn götürülür. İndi gәrәk bir qәdәr ramazan duası oxunsun. Sözün doğrusu, çox ağırlaşmışam vә yuxu da gözümdәn tökülür. Olmur. Yatıram. Obaşdan açılır, azan çәkilir. Yuxudan ayılıb, obaşdan elәyirәm. Cücәli xörәkdәn bir nimçә o ki var yeyib, üstündәn dә beş istәkan çay içirәm ki, sәhәr susamayım. Ondan papiros çәkә-çәkә yatıram vә ayılıb durub, sübh namazının qәzasını qılıram. Әhvalıma baxıb görürәm ki, heç alış-veriş elәyә bilmәyәcәyәm. Yuxum gәlir, yatıram. Azana bir qәdәr qalmış durub, şәhәrә çıxıram. O qәdәr dolanıram ki, beş dәqiqә qalmış olur. O halda evә qayıdıb, fövqdә zikr etdiyim qәrar üzrә ibadәtә mәşğul oluram.

-- Allah әcr versin!


TӘHSİL

Mәn mәktәbdә oxuyanda bizim mәktәbә tәzә bir molla tәyin elәmişdilәr. Yәni bu molla ekzamen tutmuşdu vә o ekzamendә heç bir kәs onunla bәrabәr ola bilmәmişdi.

Camaat belә deyirdi ki, dünyada heç bir elm yoxdur ki, bu axund onu bilmәmiş olsun. Bu sözlәri axund özü dә tәsdiq elәyib deyәrdi ki:

-- Mәn bütün ülum vә fünuna darayam.

Kişi "dara" olmaya bilmәzdi, çünki sәkkiz il mәktәbdә oxuyub, bircә dәfә dә fәlәqqәyә düşmәmişdi. Sonra ikmali-tәhsil üçün İrana gedib sәkkiz il dә Tәbrizdә oxumuşdu vә bәdә Tәbrizdәn Tehrana yollanıb dörd ilә dә orada vә ondan sonra beş il Mәşhәddә vә bunlardan başqa dörd il dә İranın bir şәhәrindә tәhsil etmişdi ki, onun adı yadımda qalmayıbdır.

Dәrs vaxtında bu axund bәzi vaxt bizimlә dostanә söhbәtlәr edәrdi, böyük sәfәrlәrindәn nağıl edәrdi, çox şirin söhbәt elәrdi.

Bir dәfә ondan soruşduq ki, axund İran böyükdür, yoxsa Rusiya?

D e d i:

-- Әgәr İranın bu başından düşәsәn vә gecә-gündüz yol gedәsәn vә hәr bir saatda yetmiş ağac yol elәyәsәn vә yetmiş il sәfәr elәyәsәn, hәlә gәlib İranın yarısına çatmazsan.

D e d i k:

-- Axund, bәs, ruslar yazırlar ki, İran Rusiyadan iyirmi dәfә balacadır.

Axund buna şerlә cavab verdi:

Key nik-bәxt, an nә şekle-mәn әst

Vәlakin, qәlәm dәr kәfe-doşmәn әst.

Bir gün uşaqlardan biri dedi:

-- Axund, heç dәryanın dibini bilmәk olar?

Axund deyir:

-- Budur mәn iyirmi beş il oxumuşam vә iyirmi beş il sümük sındırıb, bütün ülum vә fünunә dara olmuşam, amma indiyә qәdәr bir kitabda görmәmişәm ki, dәryanın dibini bilәn olsun.

Yoldaşlarımızdan biri dedi:

-- Axund, bәs ruslar yazırlar ki, dәryanın lap dәrini sәkkiz verstdir.

Axund güldü vә bunu nağıl etdi:

-- "Zәrәfşan" kitabında oxumuşam ki, İskәndәr-Zülqәrneyn dünyanın üzünü alandan sonra, istәdi ki, dәryaların dibini dә alsın, ona görә dәryanın içinә cumub yetmiş il yol getdi. Nagah burada bir adama rast gәldi ki, axtarır. Sual etdi ki, sәn nә axtarırsan? Dedi ki, yetmiş il bundan әvvәl mәnim әlimdәn bu dәryaya bir balta düşüb, dәryanın dibinә gedibdir. İndi mәn gәrәk bundan sonra yetmiş il yol gedәm ki, bәlkә dәryanın dibinә çatam. İskәndәr-Zülqәrneyin bu әhvalatı eşidib sәfәrdәn әl çәkdi.

Yoldaşlarımızın içindә bir dәlәduzu vardı, dedi:

-- Axund, hesab elmi oxumaq haramdır, yoxsa halal?

D e d i:

-- Haramdır.

D e d i:

-- Bәs bu elm necә ki, mәsәlәn, mәn istәyirәm bilәm, cibimә nә qәdәr pul qoyum ki, putu altı manatdan iki kәllә qәnd vә girvәnkәsi iki manatdan beş girvәnkә çay alıb, üstünә nәqd on beş manat pul qoyub bir axunda göndәrim.

Axund dedi:

-- O cürә elmi oxumaq nә haramdır, nә halal, ancaq savabdır.

Bu әhvalatdan sonra, gördük ki, fәzilәti-axund mәlum şüd.

İştә iyirmi beş il oxumaq zarafat deyildir. İyirmi beş il bir әsrin dörddәn biridir.


YEVLAX -- ŞUŞA YOLU


Heç nә!... Dәmir yolu ki, çәkildi, Yevlax--Şuşa yolunun bütün lәzzәti qaçacaqdır.

Heç insafdır ki, sәn allah, dilicanın, faytonun, furqonun istirahәtini, lәzzәtini dәmir yola verәsәn? Dәmir yol o yerdә yaraşar ki, mәsәlәn, bu gün Bakıdan gedәsәn Yevlağa, Tiflisdәn, Gәncәdәn gәlәsәn Yevlağa vә Yevlaxdan dilicana minib, yel vura-vura sürdürәsәn Şuşa şәhәrinә.

Elә ki, Yevlax stansiyasında vaqondan düşürsәn, bir dә görürsәn ki, faytonçular, dilicançılar sәni bürüdülәr.

-- Hara gedirsәn?

-- Şuşaya.

-- Bәs, onda buyurun, dilican hazırdır.

-- Qoşubsan?

-- Çoxdan

-- Neçəyә apararsan?

-- Neçә adamsınız?

-- İki nәfәrik.

-- Şeyiniz çoxdur?

-- Yox, adama bir çamadandır.

-- Elә isә, adama sәkkiz manat.

Burada balaca alış-veriş vaqe olur, sәkkiz manat yenir olur altı.

-- Hә, di qoy minәk, sür gedәk.

-- Bu saat, siz әylәşin, bir stәkan adama çay için, bu saat dilicanı sürüm bura. Amma çayı tez için ki, lәngimәyәk.

Bәl i, әylәşib bir stәkan çay içirik. Yevlağın ditdilisi dızıldayıb, o qulağından dişlәyir, "dızz...." elәyib, burnundan dişlәyir.

Qәrәz, dilican gәlincә ditdili elәdiyini elәyir. Amma dilican gәlmir. Yenә çay içirsәn, papiros çәkirsәn, durub gәzinirsәn, divardakı yazıları bir-bir oxuyursan, dilican gәlmir ki, gәlmir....

Başlayırsan darıxmağa. Bir dә görürsәn dilican gәlmәdi, amma dilicançı özü gәlir. Başını qapıdan çıxardıb baxır vә soruşur:

-- Burdasızmı?

-- Әşi, burada olmamış, hara gedәcәyik. Bir tez ol, dilicanı sür gәlsin, vaxt keçdi, gün günorta oldu. Yoxsa, şәhәrә gecә çatarıq.

Bu söz dilicançının xәtrinә dәyir.

-- Nә? Necә? Görünür ki, mәnim atlarımdan xәbәriniz yoxdur. Budur sizә deyirәm: axşam azanına bir saat qalmış Şuşa şәhәrinin bazarında olacayıq, inşallah.

-- Di yaxşı, tez ol.

-- Bu saat, atlara kormut verim, açdırlar.

Gedir, yenә gözlә ki, dilican gәlәcәkdir.

Saat on olur, Tiflis poyezdi gәlir. Bundan bir yarım saat keçәndәn sonra dilicançı gәlir ki, "Di buyurun, gedәk". Mәlum olur ki, hәrif Tiflis poyezdini gözlәyirmiş.

Baxıb görürsәn ki, üzüm gilәsinә milçәk daraşan kimi, dilicanın altından başqa hәr yerindәn adam sallaşır. Özünü bir növ ilә dilicanın içinә salırsan. Bismillahi-rәhmanir rәhim" deyib, yola düşürsәn.

Bәh, bәh, bәh! At qumrovlarının sәsi sәnә layla çalır. Yolun tozunun әtri sәni valeh elәyir.

Bir dörd-beş saatdan sonra gәlirsәn Bәrdә astansiyasına. Burada bir balaca toqif lazım gәlir. Atlar dәyişilib qoşulunca bәrdәlilәr sәnә hәr tәrәfdәn tamaşa elәyirlәr.

Buradan da yola düşürsәn. Bir dә görürsәn ki, qabağına çıxan arabaların tәkәrlәri vә atların ayaqları yaşdır. Mәlum olur ki, Tәrtәr çayında su var. Tәrtәr çayı gendәn qıcıldayır. Dilicanla keçmәk mümkün deyildir, gәrәk kәl arabasına minәsәn.

Adambaşına bir abbasıya kәl arabasına minirsәn. Kәllәr özlәrini vururlar suya. "Allah, allah" sәsi hәr yeri götürübdür. Suyun lap güclü yerindә arabaçının yoldaşı arabaçıdan souşur ki, "Ә, bunları neçәyә keçirirsәn?" O da deyir ki, "Bir abbasıya".

-- Nә? Abbası? Sarsaq oğlu, sarsaq, mәn abbasıdan ötrü kәllәrin boynunu qıracağam? Mәn kәlimi açıram.

Yoldaşı deyir ki, "Әdә, sәfeh olma, kişilәri suya salarsan, kәlin qabağında dur, altı şahı verәrlәr". Amma yoldaşı adama yarım manatdan dәm vurur. Qәrәz, suyun ortasında taksi abbasıdan qalxıb, iki abbası olur.

Tәrtәri keçib yenә dilicana minirsәn vә fikir edirsәn ki, bәli, bu çayı salamat keçdik, indi qaldı Xatın ilә Xocalı.

Nә başınızı ağrıdım, axşama bir saat qalmış dilican varid olur Ağdama vә bir qәdәr dә orada lәngidikdәn sonra yola düşürsәn. Әskәran ötür, Xocalı ötür, Ballıca ötür, Xanbağı ötür, şәhәrin dolayı yolu başlayır. Ağzın dönür gah günbatana, gah günçıxana. Amma gün çoxdan batıbdır, axşamdır. Yol üzüyoxuşadır. Atlar güclә addım atırlar. Lap qaranlıq çökür, sәni mürgü basır. Ayılıb görürsәn ki, yol gedirsәn, üstün dağ, altın uçurum. Dilicançıya deyirsәn ki, "qoçaq, bәs sәn deyirdin ki, axşam azanına bir saat qalmış şәhәrdә olacayıq?". Dilicançı qulaq ardına vurub, bu sözlәr ilә zümzümә elәyir:

Ayın aydınlığı, hava nә xoşdur,

Ay dilbәr, can dilbәr, can....

Sübh azanına bir saat qalmış şәhәrә varid olursan.

Günün bütün mövzuları

XS
SM
MD
LG