Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:54
Dəniz pəriləri necə mahnılar oxudular, yaxud Axilles qadınlar arasında gizlənəndə özünə hansı adıuydurdu -bunlar dolaşıq suallardır və burada nə isə bir müəmma var.
Ser Tomas Braun

İnsan zəkasının həyat hadisələrini təhlil etmək qabiliyyəti az öyrənilir. Biz insanın qabiliyyətinə yalnız gördüyü işin nəticəsinə görə qiymət veririk.

Məlumdur ki, qeyri-adi istedadlı bir adam üçün təhlil etmək bacarığı əsl həzz mənbəyidir.

Güclü adam qüvvəsiylə qürrələnib, əzələlərini işlətməyə vadar edən təmrinlərdən ləzzət aldığı kimi, analiz edən şəxs də mənəvi fəaliyyətində dolaşıqları açması ilə öyünür, onun istedadını fəaliyyətə gətirən ən əhəmiyyətsiz məşğuliyyətindən həzz alır.

O, tapmacalar, müəmmalar və başsındırmaların vurğunudur.

Çətin məsələlərin həllində müəyyən bacarıq nümayiş etdirir.

Bu da adi zəka sahibi üçün az qala qeyri-təbii görünür. Məhz müəyyən metod sayəsində bu cür keyfiyyət başqalarına bəşər övladının duyma qabiliyyətinin möcüzəsi təsirini bağışlayır.

Mühakimə etmə qabiliyyəti riyazi savadın, xüsusilə də onun ali bölməsi sayəsində xeyli möhkəmlənir.

Bu bölmə yalnış olaraq əməliyyatın əks təsiri üzündən, necə deyərlər, “parexcellence” analiz adlanır. Bununla belə, hesablamaq öz-özlüyündə analiz etmək deyildir.

Məsələn, şahmatçı analizə cəhd göstərməyərək, hesablama aparır.

Buradan belə bir nəticə çıxır ki, zehn üçün son dərəcə xeyirli olan şahmat oyunu haqqında təsəvvür tam anlaşılmazlıq üzərində dayanır.

Mən heç də elmi əsər yazmıram, sadəcə olaraq təsadüfi müşahidələrimin nəticəsində yazmaq istədiyim, bir qədər qeyri-adi görünən hekayətimə müqəddimə verirəm.

Buna görə də, fürsətdən istifadə edərək bildirirəm ki, çox da çətin olmayan dama oyunu daha dərindən düşünməyi tələb edir, zehni inkişaf etdirmək üçün xəyali incəlikləri olan şahmat oyununa nisbətən daha mürəkkəb və faydalı məsləhətlər verir.

Şahmatda fiqurların müxtəlif və qəribə gedişləri var.

Bu mürəkkəblik (bildiyimiz kimi tez-tez olur) səhvən dərinlik kimi qəbul edilir. Burada bütün diqqət oyuna yönəldilir.

Diqqətin bir anlığa zəifləməsi səhvə gətirib çıxarır və ya məğlubiyyətlə nəticələnir. şahmatda münkün olan müxtəlif gedişlər eyni dərəcədə qiymətlidir.

Buna görə də səhvlər getdikcə artır və on oyundan doqquzunda diqqətini daha yaxşı cəmləşdirən şahmatçı qalib gəlir. Dama oyununda isə əksinə olur.

Burada gedişlərin məhdud və az variantı var. Səhv etmək ehtimalı azalır, diqqət bir o qədər rol oynamır. Fərasətli oyunçu müvəffəqiyyət qazanır.

Əyanilik üçün gəlin bir dama oyununu təsəvvürümüzə gətirək. Burada damaların sayı dörddür və heç bir diqqətsizliyə yol verilmir.

Aydındır ki, burada qələbəni (oyunçular bərabər səviyyəli olduğundan), beynini var qüvvəsi ilə işə salan oyunçu incə bir gedişlə əldə edə bilər.

Adi imkanlardan məhrum olan şəxs çalışır ki, rəqibinin fikirlərini öyrənsin, dərhal özünü onun yerində hesab edir, çox vaxt bir baxışdan yeganə yolu (bəzən ən sadəsini) seçir, bu da onu səhv hesablamaya sövq edir.

Vist kart oyunudur, insanın hesablama qabiliyyətinə onun təsiri çoxdan məlumdur; bu da məlumdur ki, böyük zəka sahibləri vistə qarşı izaholunmaz dərəcədə meyl göstəriblər, şahmata isə əhəmiyyətsiz bir əyləncə kimi məhəl qoymayıblar.

Buna şübhə ola bilməz ki, heç bir başqa oyun analiz üçün bu qədər qabiliyyət tələb etmir.

Dünyada ən yaxşı şahmatçı yalnız şahmatçı olaraq qalır, halbuki vistdə məharətli oyun insane fəaliyyətinin daha vacib sahələrində qələbə çalmaq bacarığı ilə birləşir, burada zəka ilə yarışır.

“Məharətli oyun” dedikdə kamilliyin ali dərəcəsini nəzərdə tuturam; bu vaxt, oyunçu qələbəyə gətirib çıxaran bütün fəndlərə yiyələnmiş olur.

Bu fəndlər nəinki saysız-hesabsızdır, eyni zamanda rəngarəngdir, insan fkirlərinin elə dərinliklərində özünə məskən salır ki, orta qabiliyyətli oyunçu üçün əlçatmaz olur.

Kim diqqətlə müşahidə edirsə, yaxşı da yadında saxlayır. Beləliklə də, diqqətini bir yerə cəmləyən şahmatçı vist oyununda qələbəyə daha çox ümid bəsləyə bilər, çünki Hoylun* təlimatı (sadə oyun mexanizminə əsaslanır) hamı tərəfindən kifayət dərəcədə başa düşülür.

Möhkəm yaddaşı olmaq, təlimatda göstərilən qaydalara əməl etmək visti yaxşı oynamaq üçün hamının vacib hesab etdiyi məsələlərdir.

Ancaq analiz edən şəxsin bacarığı məhz təlimatda nəzərdə tutulmayan hüdudlarda özünü büruzə verir.

O, öz-özlüyündə saysız-hesabsız nəticələr çıxarır və müşahidələr aparır. Onun oyundaşı da, bəlkə belə hərəkət edir.

Rəqiblərin bir-birini öyrəndikləri müddətdə əldə edilmiş məlumatdakı müxtəliflik, çıxarılmış nəticələrin doğruluğundan çox, aparılmış müşahidələrin keyfiyyətində özünü göstərir.

Əsas məsələ nəyi müşahidə etməkdir.

Oyun əsas məqsədi olmasına baxmayaraq özünü heç nə ilə məhdudlaşdırmır, uzaq göstərişlərdən belə çəkinmir.

O, rəqibinin üzünün ifadəsinə fikir verir, kartları əlində necə tutmasına diqqət yetirir, kozırın kozır və valetin valetdən sonra çıxmasını çox vaxt oyundaşının baxışlarından başa düşür.

Oyun davam etdikcə onun hərəkətlərini izləyir, üzünün cizgilərində bir-birini əvəz edən peşmançılıq, ya sevinc, əminlik, ya təəccüb ifadə edən dəyişiklik görür və saysız-hesabsız nəticələr çıxarır.

Rəqibin kartları stolun üstündən özünə tərəf çəkdiyini görəndə onun sonrakı kartları da götürəcəyini anlayır, kartın necə atıldığından başa düşür ki, rəqibi hiylə işlədir və gedişi gözdən pərdə asmaq üçün edib.

Təsadüfi və ya diqqətsizlik üzündən deyilmiş bir söz, təsadüfən düşmüş və ya açılmış kart (bir qayda olaraq ehtiyatla və sakitcə gizlədilir), vurulmuş kartların hesablanması və onların düzülüşü, çaşqınlıq, tərəddüd, səbirsizlik və ya qorxu, bir sözlə analiz edənin duyma qabiliyyətindən heç nə yayınmır: iki-üç gedişdən sonra kimin əlində hansı kartların olduğunu təsəvvür edir.

Elə inamla oynayır ki, yerdə qalan oyunçular uduzurlar.

Analitik bacarıq adi bacarıqla qarışdırılmamalıdır; çünki analiz edən hökmən məharətli olduğu halda, məharətli adamın çox vaxt analiz etmə bacarığı olmur.

Məharət adətən özünü yaradıcılıqda və hadisələr arasında əlaqə yaratmaqda buruzə verir, frenoloqlar* (məncə, yalnış olaraq) bunu bəsit hesab edirlər, çox vaxt o, elə adamlarda müşahidə edilir ki, onların əqli səviyyəsi yerdə qalan bütün hallarda, məişət və adətlərdən yazan yazıçıların qeyd etdiyi kimi, kəmağıllılıq səviyyəsində olur.

Bacarıqla təhlil etmə qabiliyyəti arasında mövcud olan fərq təxəyyüllə təsəvvür arasındakı fərqdən daha böyükdür.

Həqiqətən də, bacarıqlı adamların çox xəyalpərəst, zəngin təxəyyüllü adamlarınsa analizə daha meylli olduğunu görmək mümkümdür.

Aşağıdakı hekayət yuxarıda söylənilən mülahizələri bir növ əyani olaraq əks edəcəkdir. 18-ci ilin yazını və yayının da bir hissəsini Parisdə yaşadığım zaman Oqyust Düpen adlı bir cənabla tanış oldum.

O, əsil-nəcabətli, tanınmış bir nəsildən idi.

Gənc ikən taleyin dönüklüyü üzündən elə ağır vəziyyətə düşmüşdü ki, təbiətinə xas olmuş enerjisi tükənmiş, həyatda heç nəyə nail olmamış, əldən çıxmış var-dövləti qaytarmağı xəyalına belə gətirməmişdi.

Borc verənlərin iltifatı sayəsində atadan qalma mirasın bir hissəsi Düpen üçün saxlanmış, ondan gələn gəliri ilə dolanmış, ciddi qənaətcillik göstərmiş, ən zəruri olan şeylərlə kifayətlənmiş, həyatın nəşələrinə etinadsızlıq edərək güc-bəla ilə dolanmışdı.

Yeganə israfçılıq etdiyi şey kitablardı, onları da Parisdə asanlıqla əldə etmək olardı.

Ilk görüşümüz Monmantr küçəsində az tanınmış bir kitabxanada oldu. Təsadüfən yaxından tanış olduq.

Ikimiz də çox nadir və maraqlı bir kitabı axtarırdıq. Bir neçə dəfə görüşdük. Onun ailə tarixi ilə dərindən maraqlandım.

O, hər bir fransıza xas səmimiyyətlə təfsilatı ilə özü haqqında mənə danışdı. Onun geniş mütailəsi məni heyran etmişdi.

Ən başlıcası isə, həyat hadisələri haqqında aydın təsəvvürü qarşısıalınmaz bir çılğınlıqla qəlbimi riqqətə gətirirdi.

O zaman Parisdə yaşayırdım, müəyyən bir məqsədim vardı.

Hiss edirdim ki, bu adamla bir yerdə olmaq mənim üçün əvəzsiz xəzinə tapmaq kimidir. Səmimiyyətlə bu barədə ürəyimdən keçənləri danışdım.

Nəhayət, şəhərdə qaldığım müddətdə bir yerdə yaşamağı qərara aldıq.

Mənim maddi vəziyyətim Düpenə nisbətən bir qədər yaxşı olduğundan razılığını aldım ki, kirayə haqqını mən verim.

Ev kirayə etdim. Onu ikimizin romantik təbiətinə uyğun səliqəyə saldım.

Qəribə mülk idi. Sen-Jermer yaxınlığında sakit bir yerdəydi. Illər keçdikcə ev çökmüş, mövhumatçı sahibləri tərəfindən ona əl gəzdirilməmişdi, artıq dağılmağa doğru gedirdi.

Bu mülkdə keçirdiyimiz həyat tərzi kənar adamlara məlum olsaydı, bəlkə də, bizi dəli hesab edərdilər.

Tamamilə tənha yaşayırdıq, heç kəsi görmək belə istəmirdik.

Yaşadığımız yeri keçmiş dostlarımdan gizli saxlayırdım. Düpensə Parislə əlaqəsini kəsmişdi, onu yada salan da yox idi.

Dostum dakı qəribəliklərdən biri (bunu başqa cür necə adlandırım?) gecə füsünkarlığına vurğunluğuydu.

Başqa cəhətləri ilə yanaşı buna da alışaraq, özümü unutdum və tamamilə dostumun qəribəliklərinə öyrəşdim.

Qarabuğdayı ilahə tez-tez bizi tərk edirdi, bundan ötrü ondan uzaq düşməmək üçün tədbir tökmüşdük; səhər dan yeri ağaranda qədim evin ağır pəncərə qapaqlarını bağlayar, bir-iki şam yandırardıq. şamlar yandıqca ətirli iy verər və ətrafa tutqun zəif işıq saçardı. şamların işığında şirin xəyallara dalar, divar saatı həqiqi qaranlığın düşdüyünü xəbər verənəcən oxuyar, yazar və söhbət edərdik.

Söhbətləri davam etdirər və yaxud izdihamlı şəhərin yanıb-sönən işıqları və qaranlığı içində veyllənərdik. Gecənin sakitcə seyrinə dalmaq bizə tükənməz mövzu verərdi.

Belə anlarda Düpenin əqlinə, qabiliyyətinə bələd olsam da, onun zəkasına qeyri-ixtiyari olaraq heyran qalırdım. Bunu büruzə vermirdim, görünür Düpenlə əlyənməyim ona xoş gəlirdi.

Onun qəlbinə nə qədər sevinc bəxş etdiyimi mənə deyərdi.

Düpen mənə bir neçə dəfə özünü tərifləyərək xatırlatmışdı ki, adamların ürəyindən keçənləri ovcunun içi kimi görür.

Mənim də ürəyimdən keçənləri necə aydınca oxuduğunu demişdi, bunun üçün son dərəcə heyrətamiz dəlillər gətirmişdi.

Belə hallarda onun davranışında bir soyuqluq və yadlıq görərdim; gözləri harasa uzaqlara baxar, adətən məlahətli səsi zilə qalxar, sakit və aydınlığına baxmayaraq, danışığı əsəbi olardı.

Bu cür əhval-ruhiyyədə ona baxarkən ruhun ikiliyi haqqında qədim fəlsəfi təlimi xatırlayar, iki Düpen barəsində fikirlərə dalardım.

Dediklərimdən heç də güman etməyin ki, sizə hansısa bir sirri açmaq və ya Düpeni fantastik əsərin qəhrəmanı etmək niyyətindəyəm. Xeyr, mən onun olan xasiyyətini, sadəcə olaraq, təsvir edirəm.

Onda bu xasiyyət coşğun zəkanın, bəlkə də, xəstə zəkanın nəticəsində əmələ gəlmişdi.

Onun iradlarına gəldikdə isə adi bir nümunə fikrimizə ən yaxşı sübut ola bilər.

Bir axşam Pale Royal yaxınlığında uzun, palçıqlı bir küçədə gəzirdik. Hər ikimiz fikrə dalmışdıq, on beş dəqiqə ərzində heç birimiz bir kəlmə söz demədik. Düpen birdən dilləndi:

- O, çox cılız bir gəncdir. Yaxşısı budur ki, bəxtini “Varyete” teatrında sınasın.

- Buna şübhə ola bilməz, -qeyri-ixtiyari olaraq cavab verdim.

Fikrə elə getmişdim ki, əvvəlcə Düpenin sözləri ilə mənim sözlərimin necə uyğun gəldiyini dərk etmədim. Bircə an sonra özümə gəldim, heyrətimin həddi-hüdudu yox idi.

- Düpen,- ciddi tərzdə dedim,- bunu dərk etməkdə acizəm. Düzünü deyim ki, heyrət məni götürüb, heç cürə eşitdiklərimə inana bilmirəm. Axı onun barəsində düşündüyümü necə duydunuz? – Bu yerdə dayandım ki, görüm, o, həqiqətən kimin haqqında fikirləşdiyimi bilir, ya yox?

- Şantilyi haqqında, — Düpen dilləndi. — Nə üçün dayandınız? ğz-özünüzə deyirdiniz ki, onun balaca boyu tragik aktyor üçün yaramır.

- Bəli, mənim fikirlərim məhz bu idi. Şantiyli əvvəllər Sen-Deni küçəsində pinəçilik etmiş, sonralar səhnə ilə maraqlanmış, Krebillyonun eyni adlı faciəsində Kserks rolunda çıxış etmişdi. Bütün cidd-cəhdlərinə baxmayaraq, fitə basmışdılar.

- Allah xatirinə, — deyə israr etdim, - metodunuzu mənə başa salın; sizin elə bir metodunuz var ki, onun köməyi ilə ürəyimdən keçənləri oxuya bildiniz. Düzünü deyim ki, hetrətimi müəyyən dərəcədə büruzə verməməyə çalışdım.

- Bunu sizin ağlınıza göyərti satan saldı. Pinəçi Kserks və onun kimilərinin ayağının tozu da ola bilməz, — dostum cavab verdi.

- Göyərti satan? Siz nə danışırsınız. Mən heç bir göyərti satan-zad tanımıram.

- On beş dəqiqə bundan əvvəl bu küçəyə dönəndə sizinlə toqquşan o göyərti satanı deyirəm.

Birdən həqiqətən də, başında böyük bir alma səbəti aparan göyərti satanı təsadüfən S. küçəsindən keçərkən bizim indi dayandığımız yerdə məni az qala yerə yıxacağı yadıma düşdü, amma bunun şantilyi ilə nə əlaqəsi olduğunu heç cürə anlamadım.

Düpendə zərrə qədər də fırıldaqçılıq nişanələri yox idi.

- Sizə izah edərəm, özünüz hər şeyi aydınca başa düşərsiniz. Əvvəlcə gəlin sizinlə danışdığım andan, haqqında danışdığımız o qəribə göyərti satanla toqquşduğunuz vaxta qədər nə haqda düşündüklərinizi yada salaq. Hadisələr aşağıdakı ardıcıllıqla cərayan edir: şantilyi, Orion, Həkim Nikols, Epikür, Stereotamiya, küçə daşları və göyərti satan. Həyatda çox az adam tapılar ki, heç olmasa bir dəfə əyləncə naminə başına gələnləri fikrində götürqoy etməsin, məlum nəticə çıxarmasın. Bu çox maraqlı bir əyləncədir. Kim ona birinci girişsə, çıxış nöqtəsindən son nəticəyə qədər böyük bir məsafənin olduğunu və onların arasındakı uyğunsuzluğu ördükdə heyrətlənəcəkdir.

Təəccüblə Düpenə qulaq asırdım, özü də eşitdiklərimin tamamilə həqiqət olduğunu istər-istəməz etiraf etdim. Dostum davam etdi:

- O biri küçəyə burulmamışdan qabaq, düzgün yadımda qalıbsa, gərək ki, atlar barəsində danışırdıq. Düz bu yerdə söhbətimiz kəsildi. Bax, bu küçəni keçərkən başında iri bir səbət olan göyərti satan cəld yanımızdan ötdü və sizi küçəni təmir etmək üçün bir yerə topalanmış daşların üstünə itələdi. Daşların birinə ilişib yıxıldınız. Çevrilib daş topasına baxdınız, sonra yolunuzu davam etdiniz. Hərəkətlərinizi xüsusi bir diqqətlə izləyirdim. Müşahidəçilik son zamanlar mənim üçün bir növ təlabata çevrilib. Onu deyim ki, sıx-sıx pilətələr döşənmiş Lamartin döngəsinə çatanadək baxışlarınızı yerdən çəkmədiniz, üzünüzdə incik bir ifadə vardı. Səkidəki çala-çuxur və qazılmış yerlərə baxırdınız. Bundan bu nəticəyə gəldim ki, siz hələ də səki daşları barədə düşünürsünüz.
Burada eyniniz açıldı, dodağınızın qaçmağını gördüm. Siz “stereotomiya” sözünü dediniz. Buna şübhə etmədim. Bu termin süni surətdə bu cür səki döşəmələri barədə deyilir. Başa düşdüm ki, “stereotomiya” sözü sizi atomlar haqqında fikrə, yeri gəlmişkən, Epikürün nəzəriyyəsi barəsindəki fikrə gətirib çıxaracaq. Bu, bizim yaxınlarda müzakirə etdiyimiz mövzu idi. Yadınızdadırsa, mən sizə nəcib yunan aliminin son dərəcə heyrət doğuran dumanlı müəmmalarından, bu müəmmaların müasir kosmoqoniya elmində əldə edilən nəticələriylə təsdiq edilməsindən və Epikürə lazimi qiymətin verilməməsindən danışmışdım. Hiss etmişdim ki, başınızı qaldırıb yuxarıya, Orion bürcündəki nəhəng ulduzlar topasına nəzər salacaqsınız. Siz yuxarı baxdınız və mən əmin oldum ki, sizin hərəkətlərinizi düz izləmişəm. “Müsenin” dünənki nömrəsində şantilyiyə qarşı kəskin hücumlarda bir tənqidçi onun ünvanına tamamilə yaramazcasına sözlər yazmışdı: pinəçi faciə rolunda çıxış edərək çalışmışdır ki, öz adını dəyişdirsin. Latın müəllifindən bir sitat gətirmişdi. Həmin sitata söhbətlərimizdə bir neçə dəfə istinad etmişik. Bu sözləri nəzərdə tuturam: Bu sözləri nəzərdə tuturam: Perdid
antiquum litera prima sonum* Sizə danışmışdım ki, burada Orion nəzərdə tutulur, bu söz keşmişdə Urion yazılarmış. Bu izahatlarla bağlı şeylərdən belə başa düşürəm ki, siz onu unuda bilməmisiniz. Buna görə də bildim ki, Orion sizi şantilyi haqqında düşünməyə sövq edəcək. Belə də oldu. Bunu sizin dodaqlarınızın qaçmasından bildim. Siz zavallı pinəçinin fədakarlığı barədə düşünürdünüz. Bura qədər yeriyərkən belinizi əymişdiniz, indisə gördüm ki, qəddinizi düzəltdiniz. Əmin oldum ki, siz şantilyinin balaca boyu haqqında üşünürsünüz. Elə bu yerdə düşüncələrinizə mane oldum. Dedim ki, bu şantilyi çox balaca olduğundan, “Varteye” teatrında oynasa daha yaxşı olardı. Bu söhbətdən azacıq sonra ikimiz də “Gazette des Tribunaux”-nun axşam nömrəsini nəzərdən keçirərkən, aşağıdakı başlıq diqqətimizi cəlb etdi. “Qeyri-adi qətl”: “Bu gecə saat üç radələrində Sen Rok məhəlləsinin sakinlərini aramsız dəhşətli qışqırtılar yuxudan oyatdı. Qışqırtılar Morq küçəsindəki madam L’Espanye və onun qızı madmazel Kamillanın yaşadığı binanın dördüncü mərtəbəsindən gəlirdi. Içəri girmək üçün bağlı darvazanı sındırmaq lazım gəldi. On nəfərə qədər qonşu iki jandarmın müşayiəti ilə içəri doluşdu. Artıq qışqırtılar kəsilmişdi. Amma dəstə pilləkənin birinci pilləsinə təzəcə qədəm qoymuşdu ki, yuxarıda iki-üç acıqlı kişi səsi eşidildi. Adamlar dördüncü mərtəbəyə çatanda bu səslər də kəsildi. Tam sakitlik çökdü. Dəstə bir neçə yerə bölündü. Onlar bir otaqdan o birinə qaçırdılar. Dördüncü mərtəbədəki böyük arxa yataq otağına çatanda (otağın qapısı içəridən açarla bağlandığından, onu da sındırmalı oldular), gördükləri mənzərə onları dəhşətə gətirdi. Otaqda hər şey alt-üst edilmişdi. Avadanlıq sındırılmış və hara gəldi tullanmışdı. Orada bir çarpayı qalmışdı. Onun da üstündən yorğan-döşək götürülmüş və otağın ortasına atılmışdı. Stulun üstündə qanlı ülgüc vardı. Buxarının məhəccərinə iki-üç qom uzun, sıx, ağarmış qanlı insan saçı yapışıb qalmışdı. Görünür tükləri dəri ilə birlikdə qoparmışdılar. Döşəmədə dörd dənə napoleondr, bir dənə topaz qaşlı sırğa, üç böyük gümüş qaşıq, üç balaca melxior qaşıq və içində dörd min franka yaxın qızıl pul olan iki kisəcik vardı. Küncdəki kamodun siyirmələri açılmışdı. Görünür kimsə qurdalanmışdı, bununla belə, siyirmələrdə hələ də çox şey qalmışdı. Balaca dəmir seyf yorğandöş əyin altından tapıldı. Seyf açıq idi, açar da qapısının üstündəcə qalmışdı. Onun içərisində bir neçə köhnə məktub və lazımsız kağız-kuğuzdan savayı heç nə yox idi. Madam L’Espanyedən əsər-əlamət yox idi, ancaq buxarının ocaq yerinə xeyli qum tökülmüşdü. Bacanı yoxladılar. (Söyləyəndə adam dəhşətə gəlir.) Qızın başıaşağı vəziyyətdə olan meyitini dartıb oradan çıxardılar. Meyit başıaşağı dar bacanın içinə — yuxarıya pərçim edilmişdi. Hələ istiydi. Müayinə edərkən məlum oldu ki, bir neçə yerdən dəri sıyrılıb. Bu da, şübhəsiz, zorakılığın izləriydi. Sifətində çoxlu dərin cırmaq izləri, boğazında isə tünd qançırlar, dərinə işləmiş dırnaq izləri qalmışdı. Sanki məhrumu boğub öldürmüşdülər. Evin hər yeri ətraflı yoxlanıldı, dəstə heç nə aşkar edə bilməyib, binanın dal tərəfindəki daş döşənmiş kiçik həyətə sarı getdi. Orada isə yaşlı xanımın meyitinə rast gəldilər. Boğazı elə kəsilmişdi ki, meyiti qaldırmağa cəhd etdikdə, baş qopub yerə düşdü. Bədən də baş kimi dəhşətli dərəcədə elə eybəcər kökə salınmışdı ki, onda insana oxşayan heç nə qalmamışdı. Bu dəhşətli müəmmanı açmaq üçün, əlimizdə hələlik azacıq da olsa imkanımız yoxdur”.
Ertəsi gün qəzetdə aşağıdakı əlavə məlumat dərc edildi:

“Morq küçəsində faciə baş verib. Bu fövqəladə və dəhşətli hadisə ilə əlaqədar olaraq çox adam dindirilmiş, amma sirri açmaq üçün təzə heç nə aşkar edilməmişdir.

Əldə olan ifadələr aşağıda təqdim edilir.

Paltaryuyan Polina Dübur ifadə verir ki, o mərhumların ikisini də üç ildir tanıyır. Bu müddət ərzində onlar üçün paltar yuyub.

Yaşlı xanımla qızı yaxşı yola gedirdilər. Bir-birinə çox mehriban idilər. Onun zəhmət haqqını xəsislik etmədən verirdilər.

Onların həyat tərzi və yaşayış vasitələri barəsində heç nə demir. Güman edir ki, xanım fala baxır, bununla da dolanırdılar.

Xanımın çoxlu pulu olduğunu güman edir. Paltar yumağa çağırılarkən və paltarı yuyub geri qaytararkən evdə heç vaxt kənar adama rast gəlməyib.

Onların qulluqçusu olmadığına əmin idi.

Evin dördüncü mərtəbəsindən başqa, görünür, heç yerdə avadanlıq olmamışdır.

Tütün köşkünün sahibi Pyer Moro ifadə verir ki, dörd il müddətində xanım L’Espanyeyə az miqdarda tütün və burunotu satıb.

Mərhum xanımın və qızının cəsədləri tapılan otaqda yaşadıqları altı ildən çox olardı. Orada əvvəlcə bir zərgər yaşayar və üst otaqları müxtəlif adamlara kirayə verərdi.

Ev xanım L’Espanyenin şəxsi mülkiyyətiydi, kirayəçilər evə pis baxdıqlarından, onları evdən çıxarıb, yuxarı mərtəbəyə özü keçib. Kirayəşin saxlamaqdan imtina edib.

Yaşlı xanım uşaq kimi idi. şahid bu altı il müddətində xanımın qızını ən çoxu beş-altı dəfə görmüşdü.

Ana-bala həddindən artıq qapalı həyat tərzi keçirirmiş. Deyilənə görə onların pulu varmış.

Qonşular arasında xanım L’Espanyenin fala baxdığını deyənlər də vardı, amma şahid ona inanmırdı.

O, evə heç vaxt ana-baladan, arabir dalandardan və bəzən həkimdən savayı bir kəsin gəldiyini görməmişdi.

Başqa qonşular da eyni sözləri dedilər. Kiminsə evə tez-tez baş çəkdiyini deyən olmadı. Xanım L’Espanye və qızının haradasa dostlarının olub-olmadığını da bilən yox idi. Küçəyə baxan pəncərələrin qapıları nadir hallarda açılardı.

Dördüncü mərtəbədəki böyük arxa otağın pəncərələrindən başqa, həyətə açılan pəncərələr daim bağlı olardı.

Ev bir o qədər də köhnə deyildi və yaxşı vəziyyətdəydi. Jandarm Isidor Müze göstərir ki, onun arxasınca səhər saat üç radələrində gəlmişdilər.

O gələndə darvazanın yanında iyirmi-otuza qədər adam vardı. Onlar içəri keçməyə cəhd göstərirdilər.

Nəhayət, onlar qapını süngü ilə açdılar. Qapı ikitaylı olduğundan, yuxarı və aşağıdan siyirmə ilə bağlanmadığından onun açılması bir o qədər də çətinlik törətmədi.

Qışqırtılar darvaza açılana qədər davam etdi və sonra qəflətən kəsildi.

Yəqin ki, bunlar ağrıdan qovrulan bir adamın (və ya adamların) qırıq-qırıq, həyəcanlı qışqırtısı idi. şahid qabağa düşüb yuxarı mərtəbəyə qalxdı.

Birinci pilləkənin başına çatanda acıqlı və ucadan eşidilən iki səs eşitdi. Səslərdən biri xırıltılı, o biri isə ciyiltili idi.

Çox qəribə səs idi. Birincinin bəzi sözlərini ayırd edə bilib. Bu, fransız sözləri idi. Əmin idi ki, o səs qadın səsi deyildi: “sacre” və “diable” sözlərini ayırd edə bilib.

Ciyiltili səs yadelli adamın səsi idi, amma şahid onun qadın və ya kişiyə məxsus olduğuna əmin deyildi.

O nə dedildiyini başa düşə bilməyib, ancaq yad adamın ispanca danışdığını güman edir.

Otaq və meyitlərin vəziyyəti şahid tərəfindən biz dünən təsvir etdiyimiz kimi verilib.

Qonşu, zərgər Henri Duval göstərir ki, o, evə birinci girən adamlardan olub, bütövlükdə Müzenin dediklərini təsdiq edir.

Giriş qapısından içəri daxil olan kimi onu yenidən bağlayıblar ki, gecə yarısı olmasına baxmayaraq, tezliklə oraya toplaşan camaat içəri doluşmasın. şahidin zənnincə, ciyiltili səs italyan səsinə, xırıltılı səs isə fransız səsinə oxşayırmış.

Ciyiltili səsin kişi səsi oldu1una əmin deyildi.

Qadın səsi də ola bilərdi. Onun italyan dili ilə tanışlığı yoxdur. Sözləri ayırd edə bilməyib, lakin intonasiyasından danışanın italyan olduğunu güman edir. şahid madam L’Espanye və onun qızını tanıyırmış.

Onlarla tez-tez söhbət edərmiş. Ciyiltili səsin məhrumların heç birinə aid olmadığından əmindir.

Restoran sahibi Oden Heymer, şahid kimi özü könüllü surətdə ifadə verməyə gəlmişdi, fransızca danışa bilmədiyindən, tərcüməçi vasitəsilə dindirilirdi.

O, Amsterdam vətəndaşıdır. Qışqırtılar gələn zaman evin yanından keçirmiş. Qışqırtılar bir neçə dəqiqə, bəlkə də, on dəqiqə davam edib.

Çox dəhşətli və ürək parçalayan imiş. şahid evə daxil olan adamlardan biri olub.

Özündən əvvəlki ifadəni bir şeydən başqa hərtərəfli təsdiq edir.

O, ciyiltili səsin kişi səsi olub, fransıza məxsus olduğuna əmindir. O da deyilən sözləri ayırd edə bilməyib.

Sözlər ucadan və tez-tez deyilirmiş, başa düşmək olmurmuş. Qorxudanmı və ya qəzəbdənmi səs ciyiltidən çox xırıltıya oxşayırmış.

Ciyilti deyə bilməzdim, xırıltılı səsli adam elə hey “sacre” və “diable” və bir dəfə isə “Mon Dieu” sözlərini deyib. Dileron küçəsindəki “Mino və Oğulları” firmasının bankiri, Mino qardaşlarının yaşca böyüyü şül Mino ifadə verir ki, xanım L’Espanyenin bir qədər pulu vardı.

Onun kontorunda hansı ilinsə (səkkiz il əvvəl) yazında hesab açdırmışdılar. Xırda məbləğlərdə tez-tez pul qoyardılar.

Çek yazmazdı, ölümündən üç gün əvvəl şəxsən özü dörd min frank məbləğində pul götürdü.

Pullar qızılla ödənildi və bankın işçisi xanımı evinə qədər ötürdü. “Mino və Oğulları” firmasının qulluqçusu Adolf Le Von şahidlik edir ki, təyin edilmiş vaxtda, təxminən günorta zamanı, xanım ’Espanyenin iki kisəyə qoyulmuş dörd min frank pulunu onun evinə aparmışdır.

Qapını madmazel L’Espanye açmış, əlindəki kisələrdən birini götürmüş, digərini isə xanım özü ondan almışdır.

Sonra baş əyərək çıxıb getmişdir. O zaman küçədə heç kəsi görməmişdi.

Dərzi Uilyam Berd ifadə verir ki, ingilisdir, iki il Parisdə yaşayıb. Evə daxil olan adamlardan biri idi. Pilləkənləri birinci qalxanlardan olub. Mübahisəli səslər eşidib.

Deyir ki, xırıltılı səs fransıza məxsus idi. Bir neçə sözü ayırd edə bilib, amma hamısını xatırlaya bilmir. “sacre” və “Mon Dieu” sözlərini aydınca eşidib.

Bu sözlərdən sonra bir-biri ilə dalaşan, cırmaqlaşan bir neçə adamın səsini də eşidib.Ciyiltili səs xırıltılı səsdən daha uca gəlirmiş.

Səsin ingilis səsi olmadığına əmindir. Daha çox alman səsinə oxşayırdı. Güman ki, qadın səsi idi. O, almanca başa düşmürdü.

Yuxarıda adları çəkilən şahidlərdən dördü ikinci dəfə sorğu-sual edilərkən göstərmişdi ki, madmuazel L’Espanyenin meyiti tapılan yataq otağının qapısı adamlar gələndə içəridən bağlı idi.

Hər tərəfdə sakitlik hörm sürürdü. Nə inilti, nə də səs-küy eşidilirdi. Qapı sındırılarkən heç kəs görünmədi.

Ön və arxa otaqların pəncərələri aşağı salınmış və içəridən möhkəm bərkidilmişdi. Iki otağın arasındakı qapı örtülü idi, amma bağlı deyildi.

Qabaq otaqdan dəhlizə açılan qapı bağlı idi. Açar da qıfılın üstündə idi. Dördüncü mərtəbədə dəhlizin sonunda yerləşən kiçik anbarın qapısı azacıq aralı idi. Otaqda köhnə çarpayılar, yeşiklər və s. əşyalar vardı.

Bu şeylər də otaqdan ehtiyatla çıxarılaraq nəzərdən keçirildi. Otaqda diqqətlə nəzərdən keçirilməmiş bir yer belə qalmadı.

Damdakı otaq nəzərə alınmasa, ev dördmərtəbəli idi. Evin damına açılan qapı mismarlanmışdı, görünür, çoxdan açılmamışdı.

Söyüş səslərinin eşidildiyi vaxtla qapının sındırılaraq açılması arasındakı vaxtı şahidlər müxtəlif cür şərh etdilər. Bəziləri üç, bəziləri beş dəqiqə dedilər.

Qapı güclə açıldı. Tabutqayıran Alfonso Qarsio şəhadət verir ki, Morq küçəsində yaşayır və mənşəcə ispaniyalıdır. Evə girən adamlardan biri olub.

Yuxarı qalxmayıb, əsəbi olduğundan həyəcanlanmaq istəməyib. Söyüş eşidib.

Təsdiq edir ki, xırıltılı səs fransıza məxsus idi. Nə dediyini tuta bilməyib. Ciyiltili səs isə ingilisə məxsus imiş.

O, buna əmindir. Ingilis dilini başa düşmür, intonasiyasına görə belə mühakimə yürüdür.

Kolleksioner Alberto Mentani şəhadət verir ki, pilləkənləri birinci qalxanlar arasında olub, haqqında danışılan səsləri eşidib. Xırıltılı səslə fransız danışırmış. Bir neçə sözü tuta bilib.

Danışan, görünür, kimisə söyürmüş. Zənn edir ki, səs rus səsinə oxşayırdı.

Ümumiyyətlə, ifadəni təsdiq edir. Kolleksioner özü italyandır. Heç vaxt rusla əlaqəsi olmayıb.

Bir neçə şahid ikinci dəfə çağırılanda ifadə verdi ki, dördüncü mərtəbədəki bütün otaqların buxarıları dardır, oradan adam çıxıb-düşə bilməz.

Oranı buxarıtəmizləyənlə təmizləyirlər. Buxarıtəmizləyən dedikdə, silindr şəkilli şotka nəzərdə tutulur.

Bu şotkalar evdəki bütün buxarılara aşağı və yuxarıdan salınıb çıxarıldı. Adamlar üst mərtəbəyə qalxarkən, caninin ehtiyat nərdivanı olmadığından, necə düşüb getməsi barədə fərziyyələr öyləyirdilər.

Madmazel L’Espanyenin meyiti buxarıya elə pərçim edilmişdi ki, yalnız dörd-beş adam köməkləşib onu aşağı düşürə bildi.

Həkim Pol Düma ifadə verir ki, sübh tezdən onu meyitləri müayinə etmək üçün çağırdılar.

Meyitlərin ikisi də madmazel L’Espanyenin tapıldığı otaqda çarpayılardan götürülmüş döşəklərin üstündə idi.

Madmazelin meyiti daha çox qançırlı və gömgöy idi. Bu o demək idi ki, onu buxarıya güclə pərçim etmişdilər.

Boğazı bərk siyrilmişdi. Çənəsindən aşağıda dərin cırmaq yerləri görünürdü. Bir neçə göy-qırmızımtıl ləkələr vardı.

Bu, dırnaq izləri idi. Sifəti dəhşətli dərəcədə göyərmiş, gözləri hədəqəsindən çıxmışdı. Dili az qala kəsilmişdi.

Qarnının aşağı hissəsində iri bir qançır vardı, görünür, dizlə bərk basılmışdı. Həkim M. Dümanın fikrincə, madmazel L’Espanye bir və ya iki şəxs tərəfindən boğulub öldürülmüşdü.

Anasının meyiti isə dəhşətli surətdə eybəcər hala salınmışdı. Sağ qıçının və qolunun sümükləri sındırılmış, sol böyründəki bütün qabırğaları və eləcə də sol baldır sümüyü qırılmışdı.

Bütün bədəni dəhşətli dərəcədə qançır və cırmaq yarası ilə doluydu. Bədəninə xəsarətin nə ilə vurulduğunu demək çətindir.

Ağır ağac dəyənək, yaxud enli dəmir çubuq, stul qıçı, ağır küt silah yalnız çox güclü adam əlində olarkən bu zədələri bədənə vura bilərdi.

Heç bir qadın bu xəsarətləri heç bir alətlə yerinə yetirə bilməzdi. şahid görəndə mərhum qadının başı tamamilə bədənindən ayrılmış, olduqca eybəcər hala salınmışdı.

Boğazı, görünür, çox iti bir alətlə, güman ki, ülgüclə əsilmişdi. Cərrah Aleksandr Etyen M. Düma ilə bir yerdə meyirləri müayinə üçün çağırılmış, verilən ifadələrə və M. Dümanın fikrinə şərikdi.

Bir neçə başqa şəxsin də dindirilməsinə baxmayaraq, vacib bir şey hasil olmadı. Indiyə qədər Parisdə bu qədər sirli, belə dolaşıq bir qətl baş verməmişdi.

Polis tamamilə naçar qalıb. Işin açılmasına kömək edəcək işıq ucu belə görünmür”.

Qəzetdə xəbər verilirdi ki, hələ də Sen-Rok məhəlləsində böyük bir çaxnaşma var.

Binanın yenidən axtarılması və şahidlərin təkrarən dindirilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmişdir.

Bununla belə, əlavə olaraq Adolf Le Bonun həbs edilməsi barədə məlumat verilmişdi, ancaq onu cinayətdə təqsirləndirmək üçün məlum dəlillərdən başqa yeni heç nə müəyyən edilməmişdi.

Mənə heç nə deməsinə baxmayaraq, onun özünü aparmasından hiss edirdim ki, Düpen işin gedişi ilə çox maraqlanır.

Bu da yalnız Adolf Le Bonun həbsi haqda elandan sonra oldu və dostum məndən qətl barəsində fikrimi soruşdu. Mən də sadəcə olaraq bütün Paris əhli kimi bu işin açılmaz bir sirr olması fikri ilə razılaşmalı oldum.

Qatilin izinə düşə bilən bir işıq üzü görmürdüm.

- Biz işi belə təqdim etməklə onun nəticəsi barəsində mühakimə yürütməliyik, — Düpen dedi. — Gözüaçıqlığına görə bu qədər təriflənən Paris polisi hiyləgərlikdən başqa heç nəyə qadir deyildir. Zamanın irəli sürdüyü qaydalardan başqa onun əməliyyatında heç bir sistem yoxdur. Polis geniş tədbirlər kompleksi hazırlamağı ilə lovğalanır, amma bu tədbirlər heç bir fayda vermir. Əgər polis haçansa nəyəsə nail olursa, o da son dərəcə ağır zəhmət sayəsində olur. Bu da kifayət etmir, onun planları puça çıxır. Məsələn, Vidokda* sistemli fikir yürütmək qabiliyyəti olmadığı halda, onda axtarıb tapmaq və inadkarlıq vardı. Axtarışlar zamanı əsəbilik onu pis vəziyyətə qoyurdu. O, əşyanı gözlərinə o qədər yaxın tutardı ki, onun bir sıra əlamətləri nəzərindən qaçardı. Ola bilsin, onları son dərəcə aydınlıqla görə bilirdi, amma məsələ bütövlükdə onun nəzərindən yayınırdı. Dərinlikdə əllaməlik etmək çox da çətin deyil. Həqiqət heç də həmişə quyunun dibində olmur. Ən zəruri məsələlər də, mənim zənnimcə, daha çox üzdə olur. Həqiqəti dərənin dibində axtarırıq, o isə dağ zirvələrində tapılır. Qətl məsələsinə gəldikdə isə gəlin müstəqil axtarış aparaq, sonra mühakimə yürüdərik. Belə axtarış bizi əyləndirər (mən “əyləndirər” sözünün yersiz deyildiyini duydum, lakin heç nə demədim). Həm də Le Bon bir vaxt mənə yaxşılıq edib. Ona minnətdaram. Gedək binaya öz gözümüzlə baxaq. Polis mənim tanışımdır, icazə almaqda çətinliyimiz olmayacaq.

İcazə verildi və biz dərhal Morq küçəsinə yollandıq. Morq küçəsi Rişelye və Sen-Rok küçələrini birləşdirən sakit, yaraşıqsız küçələrdən biridir.

Bura bizim yaşadığımız məhəllədən xeyli uzaq olduğundan, biz ora çatanda günortadan keçmişdi.

Evi asanlıqla tapdıq, çünki xeyli adam evlə üzbəüz səkidə durub bağlı pəncərə qapaqlarına böyük bir maraqla baxırdı.

Bu, Parisin adi evlərindən biriydi. Bir tərəfində şüşəli keşikçi budkası vardı. Onun pəncərəsi yuxarı açılırdı, dalandarın eviydi.

Içəri girməzdən əvvəl küçə yuxarı gedib dalana döndük, sonra geri qayıdaraq evin arxa tərəfinə çıxdıq.

Bu vaxt ərzində Düpen malikanəyə və eləcə də bütün qonşu evlərə diqqətlə göz qoyurdu.

Yenidən binanın qabaq tərəfinə gəldik, zəngi basdıq və etimadnamələrimizi göstərdik. Növbədə olan polis işçisi bizi içəri buraxdı.

Madmazel L’Espanyenin meyiti olan otağa qalxdıq, indi meyitlərin hər ikisi orada idi.

Otaqdakı qarmaqarışıqlıq elə əvvəlki vəziyyətdəydi. “Məhkəmə xəbərləri qazeti”-ndə yazılanlardan başqa heç bir şey görmədim.

Düpen isə hər şeyi diqqətlə nəzərdən keçirirdi, meyitləri də müayinə etdi. Sonra digər otaqlara baxdıq və həyətə düşdük; hər yerdə jandarm bizi müşayiət edirdi. Qaranlıq düşənə qədər yoxlama ilə məşğul olduq, sonra çıxıb getdik.

Evə gedəndə dostum yolüstü gündəlik qəzetlərdən xəbər tutmaq üçün redaksiyaya girdi.

Dostumun müxtəlif qəribəlikləri barədə danışmışam.

Onun “mən onlara göz yumuram” ifadəsinə gəldikdə isə deməliyəm ki, bu sözün ingilis dilində qarşılığı yoxdur. Indi dostum elə bir əhvalruhiyyədə idi ki, qətl barəsində söhbət açmaq istəmirdi. Növbəti gün günorta vaxtı bu haqda danışdı.

Sonra məndən qəflətən, bu işdə vəhşiliyə xas olan bir şey müşahidə edib-etmədiyimi soruşdu.

Onun “xas olan” sözünü xüsusi nəzərə çarpdırmasında elə bir şey vardı ki, məni dəhşət bürüdü, özüm də bilmədim nə üçün.

-Qəzetdəki məlumatdan əlavə siz deyən bir şey görmədim, — dedim.

-Qorxuram ki, qəzet məsələnin qeyri-adi dərəcədə dəhşətli tərəfini yaddan çıxarsın.
Redaksiya işçilərinin axmaq fikirlərini bir kənara qoyaq. Mənə elə gəlir ki, bu işi açılmaz hesab edirlər, məhz həmin səbəbə əsaslanaraq işi asanlıqla həll etmək olar. Mən qətldə müşəhidə edilən, bütün sərhədləri aşan dəhşətli cəhətləri nəzərdə tuturam. Polis işçilərini da çaşdıran qətlin özü deyil, bu vəhşiliyin törədilməsinə məhz səbəbin olmamasıdır. Onları çətinliyə salan dava-dalaş zamanı eşidilən səslərdəki barışmaz ziddiyyətlər idi. şahidlik edənlər yuxarı mərtəbədə öldürülmüş madam L’Espanyedən başqa heç kəsi görmədiklərini söyləyirlər. Aydındır ki, adamlar yuxarı qalxarkən qatil onların nəzərindən qaça bilməzdi, çünki başqa yolu yoxdur. Yataq otağındakı ağlagəlməyən qarmaqarışıqlıq, buxarıya başıaşağı pərçimlənmiş meyit, qarının dəhşətli dərəcədə eybəcər şəklə salınması — bütün bu səbəblər kifayət edir ki, polis işçilərini çıxılmaz vəziyyətdə qoysun və uzaqgörənliyi ilə lovğalanan polis agentlərini tamamilə yalnış izə salsın. Onlar qeyri-adiliyi izahedilməzliklə qarışdırmaqla kobud və ümumi səhvə yol vermişlər. Məhz adilik ölçüsündən kənara çıxarkən həqiqət axtarışlarında ona doğru gedən yolu görmək olur. Bizim hazırda apardığımız təhqiqat işində “nə baş vermişdir?” yox, “indiyə qədər nə baş vermişdir?” sualını vermək daha yaxşı olardı. Həqiqətən də, bu işin həllinə gəlib asanlıqla çıxacağım, bəlkə də, artıq gəlmiş olduğum qərar, polisin nöqteyi nəzərincə, açıq-aşkar həllolunmaz hesab edilməsi ilə tərs mütənasibdir.
Dostuma heyrətlə baxırdım.

- Mən indi, -Düpen qapıya tərəf baxaraq sözünə davam etdi,- bu dəhşətli cinəyətdə birbaşa iştirak etməsə də, müəyyən dərəcədə onun törədilməsinə kömək edən şəxsi gözləyirəm. Ola bilsin ki, bu qətllərin baş verməsində onun günahı yoxdur. Bu ancaq ehtimaldır. Mən öz fikrimdə haqlıyam, çünki müəmmanın açılışı bütünlükdə bunun üzərində qurulur. Həmin adamı burada - bu otaqda -istənilən anda gözləyirəm. Düzdür o gəlməyə də bilər, amma çox güman ki, gələcək. Əgər gəlsə, onu tutmaq lazımdır. Budur tapançalar; şərait onları işə salmağa məcbur etsə, hər ikimiz necə istifadə etməyi bacarırıq. Nə etdiyimi bilmədən, eşitdiklərimə inanmayaraq tapançaları götürdüm. Düpen isə monoloquna davam edirdi. Onun bəzi vaxtlarda ətraf aləmdən təcrid olduğu barədə söhbət açmışdım. O, söhbətini mənə xitabən edirdi. O, astadan danışırdı, lakin intonasiyasında uzaq məsafədə olan adamla danışanlara xas olan nə isə vardı. Heç nə ifadə etməyən baxışları divara dikilmişdi.

- Dava-dalaş zamanı, — Düpen dedi, — adamların pilləkənlərlə qalxarkən eşitdikləri səslərin qadınlara məxsus olmadığı şahidlər tərəfindən sübuta yetirilib. Bu qıza əvvəlcə anası tərəfindən qəsd edilməsi, sonra isə qarının özünü öldürməsi barədə gedən söz-söhbətdən bizi xilas edir. Əslində bu məsələ haqqında sistem xatirinə danışıram, çünki madam L’Espanyenin gücü çatmazdı ki, qızının meyitini buxarıya tapıldığı vəziyyətdə tıxamış olsun; bu işin öhdəsindən o gələ bilməzdi; onun özünə gəldikdə isə, aldığı yaralar adamı özünəqəsd fikrindən tamamilə daşındırır. Deməli, qətli üçüncü adam edib və dava-dalaş səsləri də onunku imiş. Indi isə gəlin bu səslərə aid olan ifadələrin hamısına yox, onlardakı xüsusi cəhətə diqqət yetirək. Siz orada xüsusi bir şey görə bildinizmi?

Mən dedim ki, bütün şahidlər xırıltılı səsin fransıza məxsus olduğunu təsdiq etdikləri halda, ciyiltili səsə gəldikdə isə — bunu şahidlərdən biri kobud adlandırmışdı — bu barədə rəylər çox müxtəlifdir.

- Siz ifadədəki xüsusi cəhətdən deyil, ümumiyyətlə, ifadənin özündən danışırsınız,-Düpen dedi.

-Siz heç nəyi aydınca müşahidə etməmişsiniz, amma orada müşahidə edilməli bir şey var. şahidlər, sizin qeyd etdiyiniz kimi, xırıltılı səs haqqında yekdil fikirdədirlər. Ciyiltili səs barəsində qəribəlik heç ayrılığında yox, italyan, ingilis, ispaniyalı, hollandiyalı və fransızın cəhd edərək həmin səsi yadelliyə aid etməsindədir. Onların hər biri əmindir ki, səs onun həmvətəninin səsinə oxşamır və onu tanış olduğu və hər hansı bir xalqın dilinə deyil, əksinə, tanış olmadığı bir dilə oxşadır. Avropanın beş iri ölkəsini təmsil edən şahidlərin heç biri həmin səslərdə öz doğma dilinə xas olan heç nə aşkar edə bilməyib. Deyə bilərsiniz, danışan asiyalı və ya afrikalıymış, onların sayının Parisdə olduqca az olmasına axmayaraq istisna etmirəm. Istərdim diqqətinizi sadəcə olaraq üç şeyə yönəldim. şahidlərdən biri bu səsi ciyiltidən çox kobud səsə oxşatdığını deyir, qalan iki nəfər isə onun tez-tez dəyişən səs olduğunu qeyd edir. Onlardan heç birinə müyəssər olmayıb ki, aydın bir söz və ya aydın bir səs eşitsin. Gəlin xəyalən yataq otağına nəzər salaq. Hər şeydən əvvəl burada nə axtaracayıq? Qatillərin istifadə etdiyi çıxış yolunu. Bunu da deməyə ehtiyac yoxdur ki, heç birimiz möcüzəyə inanmırıq. Bir də bu iki adamı cin-şeytan öldürməyib ki. Bu işi edən canlı varlıqlar olub, mövcud qaydalar üzrə hərəkət ediblər. Onda necə? Xoşbəxtlikdən, bir o qədər də çətin olmayan mühakimə tələb olunur, bu da bizi qəti qərara gətirib çıxarmalıdır. Gəlin bir-bir mümkün olan çıxış yollarını nəzərdən keçirək. Aydındır ki, adamlar illəkənlərlə qarxarkən qatil madmazel L’Espanyenin tapıldığı otaqda ya da ona bitişik otaqdaymış. Məhz bu iki otaq hüdudunda çıxış yolunu axtarmalıyıq. Polis işçiləri döşəmələri, divarları və tavanı diqqətlə yoxlayıblar. Heç bir gizli çıxış yolu onların ayıq nəzərindən yayına bilməzdi. Bununla belə, onlara bel bağlamayaraq hər şeyi öz gözlərimlə yoxladım. Hər iki otağın dəhlizə açılan qapıları içəridən açarla bağlanmışdı. Gəlin buxarılara nəzər salaq. Buxarı səkkiz-on fut enliyində olsa da, yuxarı qalxdıqca elə daralırdı ki, heç oradan iri pişik belə keçə bilməzdi. Bu yolla caninin qaçması mümkün olmadığından, bircə pəncərələr qalır. Otağın küçəyə açılan pəncərəsindən cani qaça bilməzdi, küçədəki adamlar dərhal onu görə bilərdi. Deməli,qatil yataq otağının pəncərəsindən istifadə edərək aradan çıxıb. Zahirən qeyri-mümkün görünən bir şey, əslində bir o qədər də elə deyil. Bizə yalnız bir yol qalır ki, bütün ağıllı adamlar kimi məntiqi nəticədən çıxış edərək, o qeyri-mümkün şeyin mümkün olduğunu sübut edək. Yataq otağının iki pəncərəsi vardı. Onlardan birinin qabağında heç bir avadanlıq qoyulmadığından tamamilə görünürdü. Digər pəncərənin aşağı tərəfi isə çox iri bir çarpayının başlığı ilə tutulmuşdu. Birinci pəncərə içəridən möhkəmcə bağlanmışdı. Onu açmaq cəhdləri heç bir nəticə vermədi. Pəncərənin çərçivəsində sol tərəfdən burğu ilə deşik açılmışdı. Onun içində düz axıra kimi vurulmuş iri bir mismar vardı. O biri pəncərəni yoxlayarkən, orada da əvvəlkinə oxşar, onun kimi vurulmuş mismar gördük. Bu pəncərəni də açmaq cəhdi baş tutmadı. Bundan sonra polis tamamilə arxayın olub ki, qatil bu yolla qaçıb canını qurtara bilməzdi. Elə buna görə də mismarları çıxarıb pəncərələri açmağı artıq iş hesab edib. Mənsə, daha diqqətlə yoxladım, çünki mənim qarşımda bir vəzifə dururdu, o da zahirən qeyri-mümkün olan bir işin, həqiqətdə mümkün olduğunu sübut etmək idi. Beləliklə, mənə təcrübə lazımdır, — deyə düşündüm. Qatillər hökmən bu pəncərələrdən birindən qaçıblar. Belə olan surətdə onlar pəncərə çərçivələrini içəri tərəfdən təzədən bağlaya bilməzdilər. Çünki pəncərələr bağlı idi. Elə bu mülahizələrə əsasən polis bu istiqamətdə öz axtarışlarını dayandırıb. Deməli, onlar öz-özünə bağlanırmış. Başqa nəticəyə gəlmək də mümkün deyil. Boş pəncərəyə yaxınlaşdım, bir qədər çətinlikdən sonra mismarı çıxartdım və çərçivəni qaldırmağa cəhd göstərdim. Gözlədiyim kimi, açılmadı ki, açılmadı. Haradasa gizli yay olduğunu qət etdim.

Mismarlarla bağlı məsələnin hələ də gizli qalmasına baxmayaraq, mülahizəmin bu təsdiqi məni inandırdı ki, elə ilk gümanlarım da düz imiş. Diqqətli axtarışdan sonra tezliklə gizli yayı aşkar etdim. Onu basdım, tapıntımdan məmnun qalaraq, çərçivəni qaldırmaq fikrindən vaz keçdim. Mismarı yenidən yerinə vurdum və onu diqqətlə nəzərdən keçirdim. Bu pəncərədən çıxan adam onu yenidən bağlaya bilərdi. Belə ki, cəftə öz-özünə işə düşərdi, lakin mismarı yerinə salmaq mümkün olmazdı. Nəticə aydındı və mənim təhqiqat dairəmi daha da məhdudlaşdırırdı. Belə isə onda qatillər o biri pəncərədən qaçıb getmişdilər. Onda güman etmək olar ki, pəncərələrin hər birində cəftə eyni olub, fərq ya mismarlarda və yaxud onların necə vurulmağında idi. Döşəyin üstünə çıxdım və çarpayının baş tərəfindən əyilərək ikinci pəncərə çərçivəsini diqqətlə yoxladım. Sonra əlimlə çərçivədəki cəftəni tapdım və onu basdım, bu da gözlədiyim kimi eynən o biri pəncərədəki cəftə kimiydi. Mismarlarına nəzər saldım. Bu da o biri mismar kimi iri idi və demək olar ki, axıra qədər vurulmuşdu. Yəqin mənim çətinliyə düşdüyümü zənn edirsiniz, belə düşünürsüzsə, induktiv metodun mahiyyətini düz başa düşməmisiz. İdmançıların diliylə desək, həmişə hədəfə düz vurmuşam. Indi də düz yoldayam. Mühakimələrimdə bir dənə də olsun qüsur yoxdur. Bu sirri son nöqtəyə qədər araşdırmışam. Həmin o son nöqtə mismarla nəticələnib. Yenə sizə deyirəm, o mismar hər cəhətdən, qonşu pəncərədəki mismara oxşayır, amma bu dəlil (özünün bütün inandırıcı təkidi ilə) təkzibedilməz olduğundan sirrin açılmasında açar rolunu oynayır. Mismara nə isə olub, — deyə düşündüm və ona toxunan kimi mismarın başı azacıq taxta ilə qopub əlimə düşdü. Görünür, sınıb orada qalmışdı. Qırıq köhnə idi /çünki ucları paslanmışdı / və çəkic zərbəsi ilə vurulmuşdu. Çəkic zərbələri pəncərəni bir qədər içəri əzmiş, mismarın başını isə ona tərəf əymişdi. Sınmış hissəni yenidən yerinə qoydum. Çat yeri heç gözə çarpmırdı. Yayı basaraq, pəncərəni ehmalca bir qədər yuxarı qaldırdım. Öz yerində möhkəmcə oturan mismarın başı çərçivə ilə yuxarı qalxdı. Pəncərəni aşağı saldım. Belə təəssürat yarandı ki, guya mismar bütövdür. Müəmmanın, beləliklə, bu hissəsi aydınlaşır. Qatil qarşısına çarpayı qoyulmuş pəncərədən qaçıb. Çərçivə aşağı düçərkən çərçivə öz-özünəmi, ya kiminsə köməkliyi ilə işə düşmüş və çərçivəni bağlamışdı. Polis isə pəncərədəki yayı görməyərək, mismarın yerində olması ilə kifayətlənmiş, sonrakı axtarışlarını mənasız hesab etməklə səhvə yol vermişdir. Növbəti məsələ qatilin aşağı necə düşməsi ilə bağlıdır. Bu barədə sizinlə evin ətrafını gəzərkən düşünmüşdüm. Haqqında söhbət gedən pəncərə yerindən beş fut yarım aralı ildırımötürən keçir. Həmin ildırımötürəndən pəncərəyə adlamaq adam üçün mümküm olmayan bir işdir.

Pəncərədən içəri keçmək haqqında isə danışmağına dəyməzdi. Bununla belə, dördüncü mərtəbədəki parisli dülgərlərin “ferrades” adlandırdığı pəncərə qapaqları nəzərimdən qaçmadı. Hal-hazırda bu cür qapaqlar nadir hallarda düzəldilir, amma onlara hələ də Lion və Bordo yaxınlığındakı xüsusi malikanələrdə tez-tez rast gəlmək olar. Bu qapaqlar cüttaylı yox, təktaylı qapılara oxşayır, fərqi ondadır ki, aşağı hissəsi döyülmüş şəbəkə formasında olub, əllə tutmaq üçün çox münasibdir. Haqqında danışdığımız pəncərə qapaqlarının eni üç fut yarımdır.

Evin arxa tərəfindən onları görəndə qapaqlar yarıaçıq vəziyyətdədir, necə deyərlər, divarlarla müqayisədə düzbucaq altında durmuşdur. Ola bilsin, polis işçiləri də mənim kimi evi arxa tərəfdən yoxlayıb. Pəncərə qapaqlarına köndələn istiqamətdə baxdığından, onların çox enli olmasına əhəmiyyət verməyib, ya da lazimi diqqət yetirməyib. Bu yolla qatilin aradan çıxa bilməməsinə əmin olduğundan, təbii ki, burada başdansovdu yoxlama aparıblar. Mənə aydın oldu ki, qabağında çarpayı olan pəncərənin qapağı divara tərəf axıradək açılsaydı, onunla ildırımötürəndən pəncərəyə qalxmaq olardı. Iki fut yarımlıq (indi fərz edək ki, pəncərə qapağı açıq vəziyyətdədir) məsafədən qatil əlini uzadaraq şəbəkədən bərk-bərk yapışar, sonra isə ildırımötürəni buraxıb ayaqlarını divardan təkanla aralayıb qapını örtər, pəncərənin açıq olduğunu da zənn etsək, özünü içəri sala bilərdi. Istərdim ki, bu qədər cəhdli, çətin bir əməliyyatın baş tutması üçün fövqəladə dərəcədə çevikliyin tələb edildiyini yaddan çıxarmayasınız. Məqsədim birinci sizə bu işin mümkün olduğunu sübut etməkdir. Ikinci və başlıcası bundan ibarətdir ki, siz təsəvvür edəsiniz — bu işin yerinə yetirilməsi adamdan fövqəladə dərəcədə, demək olar ki, misli görülməmiş cəldlik tələb edir. Əlbəttə, deyəcəksiniz, bizim vəkillərin diliylə söyləsək, bu işdə çevikliyin zəruriliyini tamamilə etiraf etməkdənsə, onu gizlətmək “mənim xeyrimə” olardı. Həqiqət mənim yalnız son məqsədimdir. Qarşımda duran vəzifə — nəzərinizə belə bir müqayisəni çatdırmaqdan ibarətdir: birincisi, haqqında sizə danışdığım fövqəladə çeviklik məsələsi; ikincisi, həmin ciyiltili və yaxud kobud səs. O səslərin milli mənsubiyyəti barədə iki nəfərin fikrinin bir-birinə uyğun gəlmədiyini və danışığdakı bir sözün belə ayırd edilmədiyini bilirsiniz.

Bu sözlərdən sonra beynimdə dumanlı şəkildə olsa da Düpenin nə demək istədiyi, deyəsən, mənə çatırdı. Mənə elə gəldi ki, beynimi bir qədər də işə salsam, onun fikrini başa düşəcəyəm. Bəzən adam nəyisə xatırlamaq üçün yaddaşına güc verir, amma yadına sala bilmir ki, bilmir. Dostumsa söhbətinə davam etdi.

- Görürsünüz, - Düpen dedi,-qatilin otaqdan necə çıxmağını otağa girməyi ilə əvəz etdi. Demək istəyirdim ki, bunların hər ikisi eyni yol ilə, eyni yerdə baş verirdi. Indi isə gəlin xəyalən otağın içinə qayıdıb, oradakı mənzərəyə nəzər salaq. şkafın siyirmələrinə əl gəzdirilmişdi. Geyim şeylərinin öz yerlərində olmasına baxmayaraq, bəzilərinin ğurlandığını deyirdilər. Belə nəticəyə gəlmək gülünc görünür. Bu sadəcə olaraq fərziyyədir, özü də axmağından. Vəssalam. Biz haradan bilək ki, bu siyirmələrin içində tapılan əşyalardan başqa orada özgə şeylər də olub. Madam L’Espanye və qızı həddindən artıq qapalı həyat tərzi keçirirmişlər. Gedib gələnləri olmazmış. Nadir hallarda bir yana gedərmişlər. Çoxlu pal-paltar onların nəyinə lazımdır? Əgər oğru bir şey götürübsə, nə üçün ən yaxşısına əl vurmayıb və ya hamısını götürməyib? Sözün qısası, oğru nə üçün dörd min frank qızıl pula toxunmayıb, əvəzinə lazımsız əski-üsküyə tamah salıb? Yenə deyirəm, qızıl pulları götürməyib. Demək olar ki, bankir müsyö Minonun xatırlatmış olduğu pulların hamısı kisələrdən əl dəyməmiş halda döşəmənin üstündə idi. Buna görə də ifadələrdən pulların evə çatdırılmasından bəhs edən hissələrin təsiri altında polis işçilərinin beyinlərində kök salmış vadaredici səbəblər barəsindəki yanlış fikirləri istəyirəm siz də birdəfəlik başınızdan çıxarasınız. Pulun evə çatdırılması və üç gündən sonra pul sahiblərinin qətlə yetirilməsindən on qat təsirli təsadüflər hər gün hamımızın gözü qabağında baş verir, biz isə onları ötəri də olsa duya bilmirik. Ümumiyyətlə, təsadüflər ehtimal nəzəriyyəsinə məhəl qoymayan mütəfəkkirlərin yolunda böyük əngəl olub, halbuki insan zəkasının ən mühüm sahələri özünün məşhur kəşfləri üçün ehtimal nəzəriyyəsinə borcludur. Əgər pulları götürmüş olsaydılar, onların evə qətldən əvvəl gətirilməsinə təsadüf kimi yox, başqa cür baxmaq olardı və vadaredici səbəblər bu işin bir növ təsdiqi kimi görünərdi. Bu cinayətdə pulları əsas vadaredici səbəb kimi fərz etməli olsaq, onda gərək onları götürməyən canini ya maymaq, ya da səfeh adlandıraq. Indi isə diqqətinizi möhkəmcə yadda saxladığınız aşağıdakı cəhətlərə yönəltmək istəyirəm: xüsusi səs, qeyri-adi çeviklik və inandırıcı səbəbin olmaması. Özünün dəhşəti ilə fərqlənən bu cinayətin baş verdiyi mənzərəyə nəzər salaq. Qızı əllə boğub öldürüblər və meyitini başıaşağı vəziyyətdə buxarıya tıxayıblar. Adi canilər bu cür öldürmürlər. Heç vaxt onlar öldürdükləri adamın meyitini belə gizlətmirlər. Etiraf edin ki, bu qətldə elə bir dəhşətli şey var ki, o hətta ən rəzil adamın hərəkətləri ilə bir araya sığmır. Bir də, özünüz təsəvvür edin, meyiti buxarıya bu tərzdə pərçim etmək üçün nə qədər güc lazım imiş! Bir neçə adamın səyi nəticəsində onu zorla dartıb aşağı düşürdüblər! Indi bu dəhşətli qüvvənin başqa cəhətlərinə baxaq. Buxarının kənarında olduqca sıx, uzun ağsaç cəngəsi yapışıb qalıb. Saç dəri ilə bir yerdə qopardılıb. Başdan iyirmi-otuz tükü birlikdə qoparmaq üçün nə qədər güc sərf olunduğunu bilirsiniz?! Qoparılmış baş tüklərini sizin kimi mən də gördüm. Onların kökündə — demək dəhşətdir! — başın dərisi ilə birgə qoparılmış qanlı ət parçaları vardı. Yarım milyon tükü bir dəfəyə qoparmaq üçün sərf olunan gücü təsəvvür etmək çox da çətin deyil. Qarının başı bədənindən tamamilə üzülmüşdü. Adi ülgüclə kəsilmişdi. Istərdim siz həm də bu işlərin vəhşilərə məxsus bir qəddarlıqla edilməsinə diqqət yetirəsiniz. Madam L’Espanyenin bədənindəki qançırlardan hələ danışmıram. Müsyö Düma və onun hörmətli həmkarı müsyö Etyen deyirlər ki, qançırlar küt bir alətlə edilmişdir. Aydındır ki, həmin küt alət həyətdəki döşəmə daşları ola bilərdi. Meyiti qabağında çarpayı qoyulmuş pəncərədən həmin o daşların üstünə tullamışdılar. Bu fikir, indi belə sadə görünür, pəncərə qapaqlarına polis əhəmiyyət verməmişdir. Çərçivədəki mismarlar fikri yayındırmışdır, onların heç ağlına gəlməmişdir ki, pəncərələr açılır. Bu dediklərimizə yataq otağındakı qarmaqarışıqlığı əlavə etsək və fövqəladə çevikliyi, insanın imkanı xaricində olan gücü, vəhşicəsinə edilmiş bu qəddarlığı, səbəbsiz qətli, səsi və intonasiyası ilə bir neçə milləti təmsil edən, adamlara tamamilə yad olan, hər cür aydınlıqdan və başa düşülməkdən uzaq o ciyiltili səs barədə fikirləri bir-biriylə əlaqələndirsək, bundan hansı nəticəyə gəlmək olar? Təsəvvürünüzdə kimin surəti canlanar?

Düpen məndən bu sualı soruşanda ətim ürpəşdi.

- Dəlinin biri, -dedim, - bunu yaxınlıqdakı dəlixanadan qaçan ruhi xəstə edib.

- Bəzi cəhətdən, -o dedi, - fikriniz ağlabatandır. Amma xəstəliyin ən şiddətli anında dəlilərin çıxardığı səslər, adamlar pilləkənləri qalxarkən eşitdikləri o xüsusi səslə yenə də müqayisə edilə bilməz. Dəli adam, necə də olsa, hər hansı bir millətə məxsusdur. Nitqinin bəzən rabitəsiz olmasına baxmayaraq, ümumiyyətlə, dili anlaşıqlı olur. Bundan başqa, dəlinin saçı əlimdə tutduğum saç kimi olmur. Madam L’Espanyenin qıc olmuş barmaqlarını güclə açaraq bunu çıxarmışam. Bu barədə nə deyirsiniz?

- Düpen! - tamamilə salsılmış vəziyyətdə dedim, - bu tüklər çox qəribədir, insan tükünə oxşamır.

- Bunu təsdiq etməmişəm, - Düpen dedi, - lakin bu məsələni həll etməzdən əvvəl istəyirəm bu vərəqdə çəkdiyim şəklə nəzər salasınız. Bu kağızda ifadənin bir hissəsində təsvir olunan madmazel L’Espanyenin boğazındakı “qançır və dərin dırnaq izlərinin” olduğu kimi şəkli çəkilmişdir. Digərində isə, Düma və Etyen cənablarının yazdıqları nəticədə göstərilir ki, “bir sıra göy-qırmızımtıl ləkələr, görünür, barmaq izləridir.” - Bu çəkdiyim şəkil, - dostum kağızı qabağımızdakı stolun üstünə açaraq sözünə davam etdi, - barmaqların necə möhkəm yapışdığı barədə təsəvvür yaradır. O barmaqlardan yaxa qurtarmaq müşkül işdir. Hər biri əvvəlcədən necə yapışıbsa, həmin gücü ilə də qurbanı can verənədək boğmağında davam edib. Indi çalışın hər iki əlinizin barmaqlarını burada gördüyünüz izlərin üstünə qoyun.

Cəhd etdim, lakin heç nə alınmadı.

- Deyəsən, işi düz aparmırıq, — Düpen dedi, — axı kağız hamar səth üzərindədir, insanın boğazı isə yumrudur. Bax, bu odunun dairəsi təxminən boğazınkı qədərdir. şəkli onun üstünə dolayıb yenidən yoxlayın.

Deyildiyi kimi etdim, lakin bu, əvvəlkindən daha çətin oldu.

- Bu, insan əlinin izi deyildir, — dedim.

-Indi isə Küvyedən bu parçanı oxuyun, — Düpen dedi.

Burada şərqi Hindistan adalarında yaşayan nəhəng qonur rəngli oranqutanq meymunu barəsində ətraflı surətdə anatomik və ümumi təsviri məlumat verilirdi. Nəhəng boylu, ağlasığmaz dərəcədə gücü və çevikliyi, amansız qəddarlığı və nəhayət, təqlidçiliyə meyl göstərməsiylə seçilən bu məməlilər kifayət qədər hamıya məlumdur. Qətlin tam dəhşətini dərhal başa düşdüm.

-Barmaqların təsviri, — oxuyub qurtardıqdan sonra dedim, — çəkdiyiniz şəkildəkinə uyğun gəlir. Indi başa düşürəm ki, ancaq oranqutanq meymunu bu izləri qoymuş olar. Bu kürən tüklər də bir daha təsdiq edir ki, onlar Küvyenin təsvir etdiyi oranqutanq meymununa məxsusdur. Bununla belə, bu dəhşətli qətldə bəzi cəhətləri başa düşə bilmirəm. Axı şahidlər iki səs eşidiblər, onlardan birinin fransıza məxsus olması şübhəsizdir.

- Haqlısınız, siz də, demək olar ki, əksər şahidlər kimi ifadələrdəki “aman Allah!” sözlərinin fransıza aid olduğunu deyirsiniz. Bu nidanı şahidlərdən Montana adlı bir şirniyyatçı haqlı olaraq etiraz vənarazılıq ifadəsi kimi səciyyələndirmişdir. Bu müəmmanı tam açmaq üçün əsas etibarilə ümidimi bu iki sözə bağlamışam. Hansı fransızsa bu qətlin şahidi olub. Amma ola bilsin ki, bu qanlı cinayətin baş verməsində onun əli olmasın. Bəlkə də, meymun ondan qaçıb və sahibi onu cinayətin baş verdiyi yerə qədər izləyib, lakin baş verəcək cinayətin qarşısını ala bilməyib. Meymun indi də azaddır. Hələlik dediklərim fərziyyədən başqa bir şey olmadığından, onların səs-küyə düşməsini isyəmirəm. Bu fərziyyələr mənim özümə aydın olmadığı bir halda, çətin ki, başqalarını inandıra bilsin. Buna görə də, onları hələlik fərziyyə adlandırmalı və fərziyyə kimi də araşdırmalıyıq. Əgər haqqında danışdığımız fransızın mənim fərz etdiyim kimi, bu qətldə təqsiri yoxdursa, onda dünən axşam “Le Monde” qəzetinin redaksiyasına verdiyim elam mütləq bura gəlib çıxacaq.

Düpen mənə bir qəzet uzatdı, alıb oxudum.

- Bu ayın filan günündə (qətlin baş verdiyi səhər) səhər tezdən Bulon meşəsində Borneo adasında təsadüf edilən nəhəng boylu, qonur oranqutanq meymunu tutulmuşdur. Meymun öz sahibinə (deyilənə görə, sahibi Malta gəmisində dənizçidir) qaytarıla bilər, bu şərtlə ki, sahibi onu tanısın və onun tutulması və xərclənməsinə çəkilən xərcləri ödəsin. Bu ünvana müraciət edin: Sen-Jermer məhəlləsi, filan küçə, ev N-filan, 4-cü mərtəbə.

- Siz həmin adamın dənizçi olduğunu hardan bilirsiniz?

- Onu bilmirəm, — Düpen dedi. — Ona hələ bir o qədər də əmin deyiləm. Amma bu lent parçasına baxın. Forması, görünüşü və yağlı olmasından, görünür, onunla dənizçilər saçlarını bağlayıblar. Axı dənizçilərin letnlə saçlarını hörməkdən xoşları gəlir. Bundan başqa, belə düyünü dənizçilərdən özgə çox az adam vura bilər. Onu, xüsusilə maltalılar yaxşı edirlər. Lenti ildırımötürənin aşağısından tapdım. Lent qətlə yetirilənlərin heç birinki ola bilməzdi. Əgər mən bu lentin Malta gəmisində dənizçi işləyən fransıza məxsus olduğunu deməklə yanılmamışamsa, qəzetdə verdiyim elanda siz deyən bir qəbahətə yol verməmişəm. Səhv etmişəmsə, dənizçi mənim sadəcə olaraq yanıldığımı zənn edəcək və işin dərinliyinə getməyəcək. Haqlı olaramsa, deməli, əsas məsələni həll etmişik. Qətldə əli olmasa da, onu görmüş fransız, meymunu tələb etmək üçün təbii ki, elanda göstərilən yerə gəlməyə tərəddüd edəcəkdir. O, belə mühakimə yürüdəcək: “Mənim təqsirim yoxdur; həm də kasıb adamam. Belə bir vəziyyətdə olan adam üçün oranqutanq xeyli miqdarda pul deməkdir. Mənazıs şübhə üzündən nə üçün onu buraxmalıyam? O ki indi yaxınlıqdadır. Onu qətlin baş verdiyi yerdən xeyli uzaqda, Bulon meşəsində tapıblar. Kimin ağlına gələr ki, bu murdar heyvan belə bir iş tuta bilər. Qətlin necə baş verməsi ömründə polisin ağlına gəlməz. Heyvanı izləsələr də, mənə nəyisə sübut etmək çətin işdir. Mən bilirəmsə də, deyəcəm ki, bu işdə günahım yoxdur. Ən başlıcası budur ki, məni tanıyan var.” “Elanda məni bu ədanın “sahibi” kimi qələmə veriblər. Görəsən, haqqımda daha nə bilirlər? Özüm sahibi ola-ola, öz malımdan imtina eləsəm, heyvandan şübhələnə bilərlər. Nə heyvanın, nə də özümün şübhə altına düşməyimi istəmirəm. Elanda göstərilən yerə gedib, oranqutanqı götürəcək, bu əhvalat unudulanadək onu gizlədəcəyəm.”

Elə bu vaxt pilləkəndə ayaq səsi eşidildi. -Tapançanı hazır vəziyyətdə saxlayın, -Düpen dedi, - amma onu göstərməyin və mən deməyincə atəş açmayın.

Evin giriş qapısı açılmış, gələn adam zəngi çalmadan içəri girmiş və bir neçə addım pilləkənlərlə yuxarı qalxmışdı. Indi isə, görünür, tərəddüd edirdi. Bir qədər keçdikdən sonra onun aşağı düşdüyünü eşitdik. Düpen tez qapıya tərəf getdi. Sonra həmin adamın yenidən yuxarı qalxdığını eşitdik. O, ikinci dəfə geri dönmədi, qətiyyətlə yuxarı qalxıb qapını döydü.

- İçəri buyurun, — Düpen kefi kök və səmimi tərzdə dedi.

Gələn adam içəri girdi. Dənizçi olduğu aydın görünürdü. O, ucaboylu, dolubədənli, üz-gözündən cəsarət yağan xoş çöhrəli bir kişi idi. Gündən çox qaralmış sifətinin yarıdan çoxunu bakinbordları və bığları örtmüşdü. Əlində sanballı bir palıd dəyənəyi vardı. Görünür, yeganə silahı o idi. Sıxılası xıla bizə baş əydi və “axşamınız xeyir” dedi. Fransızca təmiz danışırdı. Ləhcəsində azacıq şimallılara məxsusluq özünü büruzə versə də, mənşəcə parisli olduğu aydındı.

- Əyləşin, dostum, — Düpen dedi. — Zənnimcə, orabqutanqın dalınca gəlmisiniz. Düzünü desək, sizə qibtə edirəm. Çox gözəl növdür, şübhəsiz, olduqca qiymətli heyvandır. Sizcə, onun neçə yaşı olar?

- Bunu deyə bilmərəm. Bəlkə də dörd, ya beş, bundan çox ola bilməz. Indi o buradadır?

- Nə danışırsınız, bizdə imkan hardandır ki, belə bir heyvanı burda saxlayaq? Onu Dübr küçəsində yaşayan faytonçunun karvansarasına aparmışıq. Lap yaxındadır. Sabah gəlib apara bilərsiniz. Siz onu tanıya bilərsiniz?

- Əlbəttə, ser.

- Ondan ayrılacağıma təəssüflənirəm, — Düpen dedi.

- Çəkdiyimiz zəhmətin hədər yerə getməsini istəməzdim. Çox istərdim ki, onun tapılmasında çəkdiyiniz zəhmətin əvəzini pulla ödəyim, necə deyərlər, imkan dairəsində.
-Nə olar, — dostum dedi, — şübhəsiz bu ədalətli olardı. Amma qoyun fikirləşim, görüm sizdən nə alsam, yaxşı olar? Siz gəlin mənə Morq küçəsindəki qətl barəsində nə bilirsiniz, onu danışın.

Düpen axırıncı sözləri çox alçaqdan və sakit dedi. Təmkinliklə qapıya tərəf getdi. Qapını bağlayıb, açarı cibinə qoydu. Sonra qoltuq cibindəki tapançanı çıxarıb, zərrə qədər də həyəcanlanmadan onu stolun üstünə qoydu. Dənizçinin sifəti pörtdü, sanki təngənəfəs olmuşdu. Ayağa sıçrayıb dəyənəyi götürdü, lakin elə həmin anda oturduğu stula sərildi. Bütün vücudu titrəyirdi. Rəngi ağappaq olmuşdu. Dinib danışmırdı. Ona yazığım gəldi.
- Dostum, nahaq yerə qorxursunuz, — Düpen nəvazişlə dedi, — sizə bir centlemen və fransız kimi söz verirəm ki, bizdən heç bir ziyan görməzsiniz. Morq küçəsindəki o dəhşətli qətldə sizin təqsiriniz olmadığını da lap yaxşı bilirəm. Bununla belə, həmin qətl ilə sizin bu və ya digər dərəcədə əlaqəli olduğunuzu inkar etmək olmaz. Sizə dediklərimi başa düşməlisiniz ki, bu barədə mən müəyyən yollarla məlumat əldə etmişəm. Yatsanız, heç yuxunuza da girə bilməz. Deməli, məsələ belədir. Axı elə bir iş tutmamısınız ki, danlağa məruz qalasınız və ya məsuliyyətə cəlb olunasınız. Cəzasız qala biləcəyiniz halda, evdəki pullara tamah salmamısınız. Nəyisə gizlətməyiniz yersiz görünər. Gizlətmək üçün səbəb yoxdur. Bununla belə, vicdan tələb edir ki, bu işlə əlaqədar nə bilirsinizsə, hamısını olduğu kimi danışasınız. Günahsız adam həbs olunub, onu qətldə təqsirləndirirlər. Halbuki siz əsl caninin kim olduğunu bilirsiniz.

Düpenin bu sözlərindən sonra dənizçi sanki özünə gəldi, amma əvvəlki cəsarətindən əsər-əlamət qalmamışdı.

- Allah, sən özün kömək ol. — Azacıq sükutdan sonra dənizçi dilləndi. — Nə bilirəmsə sizə danışacağam. Ancaq ağlım kəsmir ki, dediklərimə inanasınız. Mənə inanacağınızı fərz etmək, həqiqətən də axmaqlıq olardı. Yenə də deyirəm, təqsirim yoxdur. Bu işdən ötrü ölsəm də, hər şeyi etiraf edəcəyəm. Onun nəql etdikləri aşağıdakılardır. Bu yaxınlarda o, hind dənizi səyahətində olub. Bir dəstə dənizçi ilə Borneo adasında sahilə çıxıb və şənlənmək üçün adanın içərilərinə doğru gediblər. Həmin oranqutanqı bir dostu ilə elə orada tutub. Bir müddətdən sonra dostu ölür və meymun ona qalır. Ipə-sapa yatmayan meymunla olmazın əzabəziyyət çəkən sahibi, nəhayət, vətənə qayıdır. Həm qonşuların zəhlətökən marağından uzaq olmaq üçün, həm də ayağına gəmidə şey batdığından yarası sağalana qədər oranqutanqı Parisdəki evində qıfıl altında anbarda saxlayır. Əsas məqsədi bu olub ki, onu münasib qiymətə satsın. Qətlin baş verdiyi gecəyarısı hansısa dənizçi dostunun şənliyindən evə qayıdanda, oranqutanqı öz yataqotağında görür. Məlum olur ki, meymun anbarın arakəsməsini sındırıb, həmin otağa keçibmiş. Üzünü ədəb-ərkanla sabunlayaraq, əlində ülgüc güzgünün qabağında əyləşib, guya üzünü qırxır. Şübhə yoxdur ki, sahibi əvvəllər üzünü qırxanda oranqutanq anbardakı açar deşiyindən bunu görürmüş. Qəddar heyvanın əlində bu təhlükəli aləti gördükdə, meymunun ondan necə istifadə edəcəyini bildiyindən başını itirən sahibi bir anlığa çaş-baş qalır. Əvvəllər də heyvanın azğınlaşmış vaxtlarında onu qırmancla ram etməyə adətkar olduğundan, bu dəfə də qırmanca əl atır. Oranqutanq qırmancı görən kimi tez qapıya tərəf sıçrayaraq pilləkənlərlə aşağı qaçır. Bədbəxtlikdən pəncərə açıq olduğundan küçəyə çıxır. Ümidsiz bir halda fransız da onun dalınca gedir. Ülgüc əlində meymun hərdənbir dayanaraq geri baxır, sahibinin ağzını əyir, onu xeyli yaxına buraxdıqdan sonra yenə qaçırmış. Bu təqib xeyli davam edir. Səhər saat üç radələrində küçələrdə tam sakitlik imiş.

Morq küçəsinin arxa tərəfindəki dalana burularkən, oranqutanqın diqqətini dördüncü mərtəbədə madam L’Espanyenin yataq otağının açıq pəncərəsindən gələn işıq cəlb edib. Binaya özünü yetirən zaman gözünə ildırımötürən sataşır. Ağlagəlməz bir cəldliklə onunla dırmaşaraq, divara tərəf tam açılmış pəncərə qapağından yapışır və birbaşa özünü çarpayının baş tərəfinə atır. Bu əməliyyat bir dəqiqədən artıq çəkməyib. Otağa girdikdən sonra yenidən pəncərəni təpiklə vurub açır. Bu vaxt ərzində dənizçi bilmir ki, sevinsin, yoxsa kədərlənsin. Heyvanı yenidən tuta biləcəyinə ümid bağlayır. Güc-bəla ilə qaçıb qurtardığı tələyə yenidən düşən oranqutanq, yalnız ildırımötürən vasitəsilə aradan çıxa bilərdi, onun da yanını dənizçı kəsdirib dururdu. Birdən onu fikir götürür, evdə heyvanın əlindən xata-zad çıxa bilərdi. Bu fikir dənizçını vadar edir ki, onu yenidən gizləsin. Dənizçı üçün ildırımötürənlə dırmaşmaq çətinlik törətmir. Ondan xeyli aralı sol tərəfdə pəncərənin bərabərinə çatanda, dayanmalı olur. Yalnız bir şey edə bilir — boynunu uzadaraq pəncərədən otağın içinə ötəri nəzər salır. Elə ilk baxışdan dəhşətə gəlir. Az qalır yıxılsın. Morq küçəsinin sakinlərini də yuxudan oyadan məhz həmin dəhşətli qışqırtılar olub. Madam L’Espanye və qızı gecə paltarında otağın ortasında qoyulmuş, haqqında danışdığımız dəmir seyfin içindəki sənədləri nizama salırmışlar. Görünür, onlar arxası pəncərəyə oturduqlarından, meymunun içəri girməyindən dərhal xəbər tutmayıblar. Heyvanın içəri girməsi ilə qışqırtıların eşidilməsi arasında müəyyən vaxt keçib. Elə biliblər ki, pəncərə qapağını bərk külək örtüb. Dənizçi içəri axanda nəhəng heyvan madam L’Espanyenin saçlarından yapışaraq (xanım yatmazdan qabaq saçlarını darayıb kürəyinə tökmüşdü), onun gözü qabağında dəlləyin hərəkətlərini yamsılayaraq ülgücü yellədirmiş. Qız isə huşunu itirdiyindən, hərəkətsiz halda uzanıb
qalmışdı. Qarı qışqırır, müqavimət göstərir, qorxudan saçlarını yolmağa başlayır. Nəhayət, bu, meymunu haldan çıxarır. Qüvvətli əlini bir dəfə çəkməklə qarının başını, demək olar ki, bədənindən üzür. Qanı gördükdə daha da quduzlaşır, gözləri qəzəbdən od tutub yanır. Dişlərini qıcayaraq qıza tərəf atılır və dəhşətli caynaqlarını onun boğazına keçirərək, nəfəsi kəsilənədək boğur. Bu zaman vəhşi nəzərləri çarpayının baş tərəfindən aralı dəhşətdən ölü rəngi almış sahibinə zillənir. Yadından çıxmayan amansız qırmanc dərhal qəzəb hissini əvəz edir. Haqlı olaraq cəzalanacağından qorxan heyvan qanlı cinayətini ört-basdır etməyə cəhd göstərir. Qəzəbindən otaqda qərar tutmayaraq, avadanlığı sındırıb tökür. Yorğan-döşəyi çarpayıdan dartıb, döşəməyə fırıldadır. Nəhayət, əvvəl qızın meyidini qamarlayaraq indi tapıldığı buxarıya tıxayır, sonra isə qarını götürüb pəncərədən başıaşağı tullayır. Meymun eybəcər hala saldığı yüküylə pəncərəyə yaxınlaşanda, dənizçı sarsılmış halda ildırımötürənə tərəf geri çəkilir, onunla sürüşüb düşür. Dəhşət içində oranqutanqı unudub, bu qanlı cinayətin nəticəsindən qorxaraq dərhal evə qaçır. Adamların pilləkənlərlə qalxarkən eşitdikləri sözlər fransızın vahimə ifadə edən nidası və ona qarışmış rəzil heyvanın çıxartdığı səslərmiş. Deyilənlərə yeni bir şey əlavə etmək çətindir. Adamlar qapını sındırmazdan azacıq əvvəl oranqutan otaqdan ildırımötürən vasitəsilə qaçır. Pəncərəni də çıxarkən örtür. Bir qədər keçəndən sonra dənizçi onu özü tutur və böyük bir məbləğə heyvanxanaya satır.

Polis idarəsində əhvalatı olduğu kimi danışdıq. Dərhal Le Bonu buraxdılar. Bununla belə, Düpen bəzi şeyləri deməkdən çəkinmədi. Bu vəzifəli çinovnik dostuma qarşı iltifatlı olmasına baxmayaraq, işlərin belə şəkil aldığını görəndə peşmançılığını gizlədə bilmədi. Bir neçə kinayəli sözlə hər kəsə özişi ilə məşğul olmağı məsləhət gördü.

-Qoyun çərənləsin, ürəyini boşaltsın, — Düpen dedi və ona cavab verməyi lüzumsuz hesab etdi. —Rəqibimi öz meydançasında məğlub etmək mənə ləzzət verir.

Polis bu müəmmənı aça bilmədi, amma onun zənn etdiyi kimi, bu işdə heç bir möcüzə yoxdur. Düzünü desək, polis dostum çox hiyləgər olduğundan, məsələnin dərinliyinə gedə bilmir və onun mühakimələrində bir səthilik var. Bu səthilik də Laverna ilahəsinin şəkillərdə bədənsiz baş kimi və yaxud ən yaxşı halda isə treska balığında olduğu tək baş və beldən ibarət təsvir olunmasına oxşayır. Buna görə də ona pis adam deməzdim. Bu adamda xüsusilə xoşuma gələn cəhət odur ki, diribaşdır. Özünü ağıllı kimi qələmə verərək nüfuz qazanmışdır. Onun xasiyyətini nəzərdə tuturam.

Yaxşı deyiblər: “Olan şeyi dan, olmayan şey haqqında aləmə car çək.”

Tərcümə: Səfər İskəndərov
Lit.az

Günün bütün mövzuları

XS
SM
MD
LG