Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 20:04













Əli Şirin ŞÜKÜRLÜ

səhərdi. pəncərədə yağış damcıları, dəyişir şəklini şüşənin təmasından;
süzülür pəncərə şüşəsi boyu şırım-şırım,

yıxılir pəncərədən – dam. dam. dam... – danışır hər kəslə öz dilində.

birinci damcı: bəzən ilk dəfə olduğun məkan yadaşını silkələr. az qala
ürəyin ağzına gələr. sanki tanış səhnə təkrar olunacaq elə indicə. harda, nə vaxt
görmüşəm – fikirləşərsən, tapa bilməzsən. çünki yaddaşa köçən həm də sənsən.
bəlkə min il, bəlkə milyon il əvvəlki keçmişindi dünyanın yaddaşında indi oyanan.

yıxılır pəncərədən damcılar – dam. dam. dam...

ikinci damcı: gəl sənə zamanı göstərim; zaman – artıq yaşı çoxdan ötmüş
şikəst qızının qayğısına sığınan, gözləri hələ də yol çəkən, qocalıb yumağa dönmüş
qarının üzündəki qırışlar şırım-şırım.

yıxılır pəncərədən damcılar – dam. dam. dam...

üçüncü damcı: gəl sənə kədər göstərim qürurla qoşa; Mübariz İbrahimovun
bir üzü gülən, bir üzü ağlayan anasının gözləri; qəm. qəm. qəm...

yıxılır pəncərədən damcılar – dam. dam. dam...

dördüncü damcı: adamlar var üzü gülər, gözü gülər, qəlbi qocalıb –
taleyi kəm, bəxti kəm.
yıxılır pəncərədən damcılar – dam. dam. dam...

beşinci damcı: gəl sənə sevgi göstərim dərdlə yanaşı; Fərizə-İlham...

yıxılır pəncərədən damcılar – dam. dam. dam...

altıncı damcı: yum gözlərini – yox oldu dünya?

elə gördüyün qədərdi dünya, gördüyün qədərdi.

qəm yemə, yaşananlar hamısı qədərdi, qədərdi.

gül kimi səadəti ömründən dərdi, dərdi
bir qara sevda dərdi, bir qara sevda dərdi.

ömür – şam. şam. şam.

yıxılır pəncərədən damcılar – dam. dam. dam...

yeddinci damcı: gəl sənə xoşbəxtlik göstərim, həmişə bədbəxtliklə əkiz doğulur.
xoşbəxtlik...

daha doğrusu, xoşbəxtlik ehtimalı; gah artar, gah azalar, gah da yox olar.
istəklər – n, reallığı – r. xoşbəxtlik ehtimalı – p bərabərdir
reallığın istəklərə nisbəti: p= r/n.

istəklər artıqca azalar xoşbəxtlik ehtimalı, azaldıqca artar. belə ki, atılma üzü yuxarı,
başın üstə - dam. dam. dam.

yıxılır pəncərədən damcılar – dam. dam. dam...

yaşa ömrünü, yaşa fərqinə varmadan payına düşən ömürtək, olduğu kimi.
yaşa ya qəm, ya da dəm.

yıxılır pəncərədən damcılar – dam. dam. dam...

dam. dam. dam... – yıxılır pəncərədən damcılar.
bu həmən yağışdı – damcılar, damcılar, damcılar,
bu həmən yağışdı min ildi, milyon ildi şahidlik edər,
danışar hər kəslə öz dilində, danışar ya sevgi,
ya qəm dilində – dam. dam. dam...

sən işində ol ömür: dam! dam! dam!..

... – 31.03.2011

Günün bütün mövzuları

XS
SM
MD
LG