Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:33

Yataqdan polis bölməsinə


Müsavat Gənclər Təşkilatının üzvü Elçin Səlimovu martın 31-də səhər saatlarında yuxudan oyadıb Sumqayıt polisinə aparıblar. Polisdə əlinə keçən protokolda onun polisin əmrinə tabe olmadığı iddi edilirdi. Sonra isə məhkəməyə aparılan Elçin Səlimov orda özünün başqa əməlindən xəbər tutub:

«Guya ki, mən həyətdə söyüş söymüşəm, polis dəvətinə baxmamışam, onlara zor tətbiq etmişəm. Məni də dindirəndə dedim ki, mən evdə yatmışdım, məni polis nəfəri qapıdan çağırdı, dedilər aşağıda səni gözləyirik. 2 maşın gözləyirdi, biri JeeP, biri də Hyundai idi».

POLİS ŞAHİD VƏ ZƏRƏRÇƏKƏN QİSMİNDƏ...

Qısa iclasdan sonra Sumqayıt Şəhər Məhkəməsi Elçin Səlimovu 5 sutkalıq həbsə göndərib. Onun dediyinə görə, polis əməkdaşları məhkəmədə həm şahid, həm də zərərçəkən qismində çıxış ediblər.

Elçin Səlimovdan başqa, martın 31-də daha 11 ictimai-siyasi fəal polis bölmələrinə gətirilib, onlardan ikisinə 7, birinə 3 sutka həbs verilib.

Məhkəməyə göndərilən şəxslər barədə qərarlar vəkil iştirakı olmadan baş verib. 5 sutka həbsə göndərilən Təbriz Qasımovun atası İlham Qasımov deyir ki, oğlunun məhkəməsi 15 dəqiqə çəkib:

«VƏKİLSİZ ELƏ HƏLL ELƏDİLƏR»

«Vəkil heç yox idi. Biz vəkil tutmuşduq, o gəlib çıxana kimi gözləmədilər. Vəkilsiz elə həll elədilər».

Təbriz Qasımov
Təbriz Qasımovun
dediyinə görə, o bu səhər universitetə gedəndə izlənirmiş. Məhkəmədə öyrənib ki, polisin əmrinə tabe olmadığına görə ora gətirilib.

«15 sutka verəcəkdilər deyilənə görə, amma 5 sutka verdilər. Heç bir polisə müqavimət göstərməmişəm. Getdiyim yerdə tutdular məni ki, sən kiməsə oxşayırsan, buraxacağıq indi. Birinci buraxdılar, sonra eskalatordan aşağı düşüb vaqona minəndə gəldilər tutdular ki, aparırıq səni».

Vəkil Elçin Namazov deyir ki, son aylarda bu ssenarilər tez-tez təkrarlanır. Onun fikrincə, bu həbslər 2 aprel mitinqi öncəsi hakimiyyətin narahatlıqlarıdır:

«Evdən aksiya gününə qədər həyata keçirilən həbslərin ümumiyyətlə əsası yoxdur. Əslində aksiya günü həbslər də adətən qanunsuz olur. Adam evində yatdığı yerdə gəlib qapının ağzında keşik çəkirlər, gözləyirlər ki, çıxsın bayıra, sənədləşdirsinlər ki, polisə müqavimət göstərdi. Eyni hadisəyə görə 3 nəfər saxlanılır, eyni yerdə eyni polis əməkdaşları saxlayıblar. İkisinin barəsində xəbərdarlıq edir məhkəmə, birinin barəsində 10 sutka həbs qərarı çıxarırlar. Proses bütünlüklə başdan-ayağa qanunsuzluqla davam edir».

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə:

«POLİS ÖZ VƏZİFƏSİNİ YAXŞI BİLİR»

«Polis tərəfindən saxlanması söhbəti gedən şəxslər konkret inzibati xəta törətdiyinə görə polis bölmələrinə aparılanlardır. İnzibati xəta törədibsə, təbii ki, bu sənədləşdirilir və aidiyyatı üzrə məhkəməyə göndərilir. Kimsə deyirsə, polis evimin qarşısında keşik çəkir, bunlar hamısı qeyri-ciddi söhbətlərdir. Polisin konkret vəzifəsi var və polis öz vəzifəsini yaxşı bilir. Belə xəbərləri yayanlar polis barəsində mənfi rəy formalaşdırmağa xidmət etməyə və polisin cəmiyyət üçün gərəkli fəaliyyətinə, fədakar xidmətinə kölgə salmağa cəhd göstərən şəxslərdir».

Martın 31-də əksəriyyəti gənclər olan 50-yə yaxın adam AXCP sədri Əli Kərimlinin evinin qarşısında etiraz aksiyası keçirib. Onlar AXCP sədri əleyhinə və hakim YAP-ı dəstəkləyən şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları nəqliyyatın hərəkətinə maneçilik yaratsa da, polis aksiyaya hər hansı müdaxilə etməyib.

AXCP sədri Əli Kərimli AzadlıqRadiosuna deyib ki, bu aksiyanı hakimiyyət təşkil edib və bununla müxalifəti mübarizədən çəkindirmək istəyir. Əli Kərimlinin dediyinə görə, o, partiya üzlərinə tapşırıb ki, hər hansı qarşıdurma baş verməməsi üçün heç kim aksiya gedən yerə yaxınlaşmasın. Əli Kərimli bu üsulların onu mübarizədən çəkindirməyəcəyini deyib.
XS
SM
MD
LG