Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:12
«Hər yerdə danışırlar ki, biz kənd təsərrüfatına elə dəstək veririk, belə kömək edirik. Əslində bunlar populist çıxışlardan başqa bir şey deyil. Öz kəndimizdən danışıram. Bu il bizim kənddə 750 hektar taxıl əkilib. Bu 750 hektardan 50 hektarına azot gübrəsi verilməyib».

«40 MANAT YANACAQ PULU VERİRLƏR»


Salyan rayonunun Kürqaraqaşlı kəndində yaşayan fermer Elçin Əzizov deyir ki, noyabrda əkdikləri taxılı iyun ayında biçəcəklər. Ancaq indidən bilirlər ki, əkdikləri taxıl məhsuldar olmayacaq:

«Bizə subsidiya kimi hər hektara 40 manat yanacaq pulu verirlər. Gübrə özü güzəştli qaydada verilməlidir. Ancaq güzəştli başa gəlmir. Azot gübrəsi verəndə götürəcəyin məhsuldan 1 ton artıq məhsul götürürsən. Martın 20-ə qədər torpağa azot gübrəsi verilməli idi. Ancaq vaxtı keçdi. Su var, ancaq su kranlarının ötürücü qurğuları bərbad vəziyyətdədir. Texnika yaxşı deyil. Vəziyyətin belə olması əhalini də get-gedə bu işdən uzaqlaşdırır».

Elçin Əzizov deyir ki, uzun süründürməçilikdən sonra martın 31-də Kənd Təsərrüfatı Nazirliyindən ona güzəştli azot gübrəsinin alınmasında kömək edəcəklərinə söz veriblər.

SAHƏNİ QOYUN-QUZU OTLAYACAQ

Fermerlər danışır ki, son vaxtlar taxılın 1 kiloqramının 15-20 qəpiyə satılması da onların əlini işdən soyudur:

«Belədə əlbəttə sahəni biçməyəcəyəm. Oradan nə gəlir götürəcəyəm ki? Çobanlara vermişəm ki, qoyun-quzularını otarsınlar».

Bunu isə Saatlıdan olan fermer Asif Əliyev deyir. O, verilən subsidiyaların azlığından, bunun dərdlərinə əlac olmamasından gileylənir.

Azərbaycanda 2007-ci ildən sonra büdcədən aqrar sektorun inkişafı məqsədi ilə susbsidiyalar ayrılmağa başlanıb. İqtisadçılar deyir ki, üstündən 4 ilə yaxın vaxt keçsə də, aqrar sektor hələ də tənəzzüldən çıxa bilmir.

Məhəmməd Talıblı
YARI-YARIYA?


İqtisadi İnnovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblı deyir ki, bu illər ərzində subsidiyalaşma səmərəli olmayıb:

«Subsidiyalaşma siyasəti həyata keçirilərkən büdcə vəsaitlərindən şəffaf, səmərəli və təyinatı üzrə xərclənməsi nəzərdə tutulmalı idi. İndiki halda görürük ki, indiyə qədər fermerlərə verilən məbləğin təxminən 50 faizi fermerlər, 50-si yerli icra komissiya rəhbərləri arasında bölüşdürülürdü. Əksər hallarda belə nümunələr vardı. Həmin fermer subsidiyalardan səmərəli istifadə edə bilmirdi, məmurlar üçün də korrupsiya imkanlarına fürsət yaranırdı».

Məhəmməd Talıblı deyir ki, fermerə hər hektara görə 40 manat subsidiya ayrılması fermerin qayğılarını qarşılamaq iqtidarında deyil. Onun fikrincə, kreditlərin həcmi artırılmalı, qaydalar təkmilləşdirilməlidir.

MƏQSƏD ƏHALİNİ MARAQLANDIRMAQDIR

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İslam İbrahimov isə deyir ki, subsidiyaların məqsədi əhalini maraqlandırmaq, fermerlərin işini stimullaşdırmaq üçündür ki, buna da nail olunur:

«Tutaq ki, əvvəllər 500-600 min hektar sahə olub. Subsidiya alandan sonra o hektarlar xeyli çoxalır. 50-100 min hektar sahə artır. Camaat torpağı boş saxlamır, sonra yonca əkir. Kiməsə icarəyə verir və s».

Fermerlər subsidiyaların əkindən sonra deyil, əvvəldən verilməsini də istəyirlər. Kənd Təsərrüfatı rəsmisi isə bunu məqbul saymır:

«Belə fikirlər də səsləndirirlər ki, əvvəlcədən verin pulu, biz əkək. Əgər əkməmisənsə, dövlət sənə necə pul versin? Əkməlisən, yanacaq sərf etməlisən ki, yanacağın xərcinin 40 manatını versin».

O ki qaldı verilən subsidiyaların məbləğinin artırılmasına İslam İbrahimov deyir ki, təkliflər səslənsə də, bu, hələlik gündəlikdə deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG