Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:10

«Kətiş xoş kabiği!»


Qafqazın ən yüksək zirvələrinin əhatəsində, Böyük Qafqazın 2300 m yüksəkliyində yerləşir - qədim Xınalıq kəndi

Qafqazın ən yüksək zirvələrinin əhatəsində, Böyük Qafqazın 2300 m yüksəkliyində yerləşir - qədim Xınalıq kəndi

«Kətiş xoş kabiği!» – Qubanın Xınalıq kəndinin sakinləri bizi bu sözlərlə qarşıladılar. Yəni «Xınalıqa xoş gəlmisən». Fərqli dili, adət-ənənəsi, təbiəti olan Xınalıq reportajına da yerlilərin dili ilə başlamağa qərar verdim.

Hazırda təxminən 5 minə yaxın adam təmiz Xınalıq dilində danışır. Öz dillərini qoruyub saxlayan bu qədim xalq barədə yunan alimi Strabon da yazıb, onların Qafqaz Albaniyasındakı 26 alban tayfasından biri olduqlarını qeyd edib.

DAĞLAR QOYNUNDA «ADA»

Qafqazın ən yüksək zirvələrinin əhatəsində, Böyük Qafqazın 2300 m yüksəkliyində yerləşir - qədim Xınalıq kəndi. Təxminən 5 min il tarixi olduğu güman edilən bu kənd dağlar qoynunda adanı xatırladır. Qubadan 57 km aralıda yerləşən kəndə getmək üçün sıldırımlı yolları, dar cığırları, təhlükəli aşırımları qət etmək lazımdır. Kəndlilərin dili ilə desək, ilin 8 ayı Xınalıqda qış olduğundan ora ancaq «Niva» və «Villis» maşınları ilə qalxmaq mümkündür. Quba-Xınalıq yolu 5-6 ildir açılıb, ancaq yol salınarkən təbii şərait tam nəzərə alınmayıb. Ara-sıra baş verən torpaq sürüşmələri, uçqunlara görə yolda daim təmir briqadası saxlanır.

KÖÇƏRİ XINALIQ CAMAATI

Xınalıqa ilk dəfə idi səfər edirdim.

Mart ayının son günləri kənddə hələ də qış havası davam edir.

Bu kənddə tək-tük yerdə ağac gözə dəyir, əkin-biçindən uzaq, qayalar üzərində salınmış bir kənddir. Qara çay daşlarından tikilmiş bir evin damı digərinin az qala həyətidir. Kəndin içində maşınlar demək olar ki, hərəkət edə bilmirlər, qışda, palçıqlı, zığlı vəziyyətdə hərəkət xüsusilə çətinləşir.

Kənddə qaz olmadığından evlərin həyətində, damların üstündə səliqə ilə kəsilib, üstü-üstə yığılmış təzəklər gözə dəyir.

Xınalıq camaatının əsas məşğuliyyəti heyvandarlıq olduğundan ilboyu mal-qara və qoyunla əlləşirlər, yayda isə satıb, qışa tədarük görməyə başlayırlar. Kənddə qaldığım bir neçə gün ərzində kişilərə çayxanada, küçədə-bacada rast gəldiyim zaman qadınlar bulaqdan su daşıyır, «gərmə», təzək kəsir, uşaqlarla məşğul olur, heyvanlara qulluq edirdilər. Kişilər həm də işsizlikdən şikayətlənir. Bu barədə bir qədər sonra.

ƏHALİNİN 60 FAİZİ HAZIRDA KƏNDDƏ DEYİL

Xınalıqın 2 minə yaxın sakini olmasına baxmayaraq, onların 60 faizi hazırda kənddə deyil. Oktyabr ayı gələn kimi köçəri tayfalar sayağı Xınalıq kişiləri də arvad-uşağını, mal-qarasını başına yığıb, necə deyərlər köklü-köməcli
Xınalıq camaatının əsas məşğuliyyəti heyvandarlıq olduğundan ilboyu mal-qara və qoyunla əlləşirlər
Şirvan bölgəsinin qışlaq ərazilərinə köçürlər. Özü də maşın, ya da texnikanın yardımı olmadan, dağlarla, təpələrlə gedən yolçular mənzil başına bir neçə həftəyə çatırlar. Qışda dağların qoynunda yaşayan bu kənddə mal-qara saxlamaq xeyli çətindir

Yusif Şabanov da əvvəllər qışlağa heyvan aparıb, yolda üzləşdikləri təhlükələrdən danışır:

«Onlar oktyabr ayının axırları gedir, may ayının ortalarına da bura gəlib çıxırlar. Qoyunları sürə-sürə həftələrlə, 20-25 gün gedirlər. Tufandır, qasırğadır, canavarlarla dalaşa-dalaşa gedirlər. Elə vaxt olur qasırğaya düşür, qoyunu sel aparır. Çətin vəziyyətlər çox olur. Elə bil, kinoda olduğu kimi real həyatda da var. Görürsən gecənin qaranlığında canavarlar hücum edir, yağış yağır, itlərin gücü çatmır...».

DAĞ KƏNDİNDƏN ARANIN QAZMA EVLƏRİNƏ...

Yerlilərin «Kətiş» adlandırdığı Xınalıq kəndinin əhalisi əsasən Şirvana, Hacıqabula, Salyana, bir hissəsi isə Qobustana, Siyəzənə və Dəvəçiyə köç edərək, qışda heyvanlarını bu yerlərdə icarəyə götürdükləri otlaqlarda saxlayırlar. Özləri isə...:

«Qazmalar var. Yer qazılıb, orda daha divarlar deyil, üstü də «şaq-şuqla» yəni çubuqlarla, qamışlarla örtülüb. Yay aylarında da komalarda ilan, əqrəb olur. Bir də görürsən, yatdığın yerdə soyuq bir şey üzünə dəyir, atırsan ki, əqrəbdir, qurbağadır. Bilməyən adam üçün çox qəribədir».

TƏHSİLSİZ QALAN UŞAQLAR

Hər il soyuqlar düşənə yaxın yerlilər köç etdiyindən xeyli uşaq təhsildən uzaq düşüb. Düzdür, kənddə qışlağa gedən valideynlərin övladlarının qalıb, oxuması üçün internat məktəbi fəaliyyət göstərir. Bu, həm də kəndin yeganə məktəbidir. Evlərdəki şəraiti əvəzləməsə də, internat məktəbində uşaqların yatması üçün hər otaqda 8 çarpayı qoyulub. Uşaqlara gündə 3 dəfə yemək verilir. Yemək vaxtına gecikdiyimizdən onun keyfiyyəti barədə bir şey deyə bilmərəm, ancaq ərzağın saxlandığı anbarda siçan tutmaq üçün tələ gözə dəyir...

Rüfət Kəlbiyev adına Xınalıq kənd orta internat məktəbinin direktoru Ənvər Məmmədov deyir ki, hazırda onlarda 281 uşaq təhsil alır. Valideynləri qışlaqda olduğu üçün internatda qalan şagirdlərin sayı isə 60-a qədərdir:

OĞLANLAR OXUYUR, QIZLAR İSƏ...

«- Hamısı oğlandır.

- Nə əcəb qızlar yoxdur?

Kənddə qışlağa gedən valideynlərin övladlarının qalıb, oxuması üçün internat məktəbi fəaliyyət göstərir
- Valideynlər qoymurlar. Bu oğlanlar sentyabrdan buradadırlar, mayın axırı, iyunun ortalarında valideynləri gəlib uşaqlarını təhvil alacaqlar. Burda şagirdlər yüz faiz dövlət təminatındadırlar. Hamamı, yeməyi, yatmağı hər şeyi var.

- İnternat məktəbi neçənci ildən fəaliyyət göstərir?

- 3 ildir.

- Bəs 3 ilə qədər maldarlıqla məşğul olanların, qışlağa gedənlərin uşaqları necə olurdu?


- Hər il uşaqlar yayınırdı. Bu problem möhtərəm prezident gələndə qalxmışdı. Taxta binalar sökülərək yeni məktəb tikildi».

XINALIQ QIZLARI


3 ildir yeni məktəb fəaliyyət göstərsə və internat məktəbin saxlanmasına dövlət xətti ilə ayda 6000 min manata yaxın vəsait ayrılsa da, bu il də təhsildən yayınan şagirdlər var. Bunlar da əsas etibarı ilə qızlardır. Ənvər Məmmədov deyir ki, bu il azı 20-30 qız qışlağa getdiyindən ibtidai sinifdən yayınıb.

Günel 11-ci sinifdə oxuyur. Daha doğrusu adı 11-ci sinfin jurnalında getsə də, özü aradabir məktəbdə görünür:

«Həm evdə mama təkdir, ağır işlər olub. Həm də papa qoymadı. Kənddə elə adət yoxdur. Sinif yoldaşım yaxşı oxuyurdu, savadı da vardı. Əmisi qoymadı ki, lazım deyil oxumaq. Ən çox istəyim şeydir oxumaq».

«18 YAŞLI BACIM YAZMAĞI ELƏ-BELƏ BİLİR»

Xınalıqdakı qızlar əsasən nəinki ali məktəbə daxil ola bilmirlər, bəziləri öz adlarını belə güclə yazırlar.

8-ci sinifdə oxuyan İsmət Ağamirzəyevin də valideynləri, o cümlədən bacısı və qardaşı qışlağa gedənlərdəndir:

«18 yaşlı bacım var, indi qışlaqdadır. O, məktəbə getməyib. Birinci sinifdən məktəbə getməyib.

Qadınlar bulaqdan su daşıyır, «gərmə», təzək kəsir, uşaqlarla məşğul olur, heyvanlara qulluq edirdilər
- Yazmağı-oxumağı bilir?

- Yazmağı elə-belə bilir, yaxşı bilmir, adını yazmağı öyrənib».

Qızlarının oxumasına maraq göstərməyən valideynlər bəzən oğlan övladlarına da qarşı tələbkar deyil. Tələbkar olanlar isə maddi çətinlik ucbatından onları kənddən kənara çıxara bilmir. Ötən il Xınalıq internat-məktəbini bitirən iki nəfər texnikuma, biri isə özəl universitetə daxil olsa da, ödənişin yüksək olmasına görə o, da təhsilini davam edə bilməyib.

Təhsil yoxdursa, deməli, məktəbi bitirən gənclərin elə də böyük seçim imkanı yoxdur. Ya kənddən kənarda iş tapmalı, ya da ata-babadan qalma ənənələri davam etdirməli, yəni mal-qara ilə məşğul olmalıdırlar.

DAĞIN BAŞINDA DA TORPAQLAR «ZƏBT OLUNUB»

Paytaxtdan 225 km məsafədə, dağ başında yerləşən Xınalıqda da eynən Bakıdakı şikayətləri eşidəcəyimizi gözləmirdim. Kəndin yeganə poçt binası yaxınlığında toplaşan kəndlilərsə bizi görüb, jurnalist olduğumuzu biləndə, ürəklərini boşaltmağa adam tapdıqlarına sanki sevinmişdilər. Dediklərinə görə, gözlərini dikdikləri mal-qara üçün örüş torpaqları, yaylaq əraziləri bir qrup adama paylanıb, heyvan üçün otlaq tapa bilmirlər. Şikayətləri isə nəticəsiz qalıb:

«Çalğı sahələri var, ailədə hər nəfərə 25 sot sahə düşür. Çalğı sahəsi kimi istifadə olunur. May, iyun, iyul aylarında ora yetişir, iyul ayında yığılır, 8 ay heyvanat üçün istifadə olunur».

«Bizə çatan torpaq sahəsini zəbt edib, özləri istifadə edirlər.

- Kim zəbt edib?

- Kim istəsə. Dəyirmanımızı, kəndimizin keçmiş əkin sahələrini yaylaq kimi satırlar. Bizim danamızı, qoyunumuzu, keçimizi qoymurlar keçməyə. Kimsə camaatdan istifadə edir. Bir pullusu gedir, deyir ki, bax, bu, mənim sənədim, sonra camaatın torpağını alır. Pulun haqqını alır, deyir, get otar, bunları da keçməyə qoyma.»

«Yaylaqların bölünməsi də düzgün aparılmayıb. Ona görə ki, xüsusi sahibkarlığı inkişaf etdirmək haqda prezidentin qərarı var. Ancaq məsələn, sahibkar 3 min saxlayır, biz 100 baş saxlaya bilmirik. O da deyir ki, səni yanıma qoymaq mənə sərf etmir».

TORPAQ ÇATIŞMIR

Yerli kişilər də zarafatla deyir ki, fəaliyyətləri «bekarçılıqdan» ibarətdir
Kənd icra nümayəndəsi Füzuli Şərifov isə Xınalıqda mal-qaranın çox olduğunu, bu səbəbdən də örüş sahəsinin kifayət etmədiyini deyir. Təxminən 56 minə yaxın xırda dırnaqlı heyvan üçün 30-35 min hektar torpaq sahəsi tələb olunsa da, ərazi çatışmır:

«4200 hektar bələdiyyəyə məxsus sahədir, 8-9 min hektar dövlətə. Bütün torpaqlar camaatın istifadəsindədir. Kəndin ətrafındakı torpaqlar yerli əhali üçün verilib, 3 min hektara yaxın yer. Kənddən uzaq olan yerlər fermerlər, yaylaq sahibləri üçün istifadəyə verilib. Bir nəfər onların üstündə başçı kimi gedir, 4-5 nəfər isə onun yanında qruplaşıb, yaylaq kimi istifadə edirlər. Haradasa 250-400 hektar bir nəfərin ayağında olur, 4-5 nəfərlə bir yerdə yaylaq kimi istifadə edirlər. Elə təsərrüfatçı var minə yaxın heyvanı var, eləsi var 500-ə yaxın, eləsi var 100. Onlar hamısı yerli camaatdır. Əvvəl olub, kolxoz-sovxoz dövründə, o da elə bil camaatın yaddaşında qalıb».

Xınalıq bələdiyyəsinin sədri Kamal Ağayev də bildirir ki, 1280 hektar bələdiyyə torpağı əhaliyə təmənnasız olaraq örüş sahəsi kimi verilib. Qalan sahə isə qışlağa gedənlərin icarəsindədir:

«Qışlaqdan Xınalıqa gələndə, yaylaq sahələri var, icarəyə götürülüb, orada saxlayırlar. Kənddə qalan camaata torpaq icarəyə verilmir, əvəzsiz olaraq onların istifadəsinə verilir.

- Neçə nəfərin icarəsindədir həmin torpaqlar?


- Yaylaqlar 8-9 nəfər təsərrüfat başçısı arasında bölünüb. Yəni 5 nəfər bir yerə yığılır, başçı seçilir - onlar arasında bölünüb. Təxminən bu adamların 33-34 min heyvanı olur».

XINALIQ CAMAATININ ƏSAS ŞİKAYƏTİ İŞSİZLİKDİR

Xınalıqda yeni yaradılan iş yerləri bir o qədər gözə dəymir. Yerli kişilər də zarafatla deyir ki, fəaliyyətləri «bekarçılıqdan» ibarətdir.

«Qoyunçuluqdan başqa iş yoxdur. Cavanlar işsizlikdən ya Rusiya, ya da başqa yerə köçüb gedir. Bizim məşğuliyyətimiz «bekarçılıqdır» - 5-10 mal-heyvan saxlayıb dolanmaq».

«Camaat ilin 12 ayı borcun içindədir. Unu, çayı, qəndi, hər şeyi pulla alırlar. Burda biz «Teksun» alıb, dolanırıq. Bu kənddə mal-qoyun saxlayırıq, «Teksun» alırıq. 12 ay da camaat «kommersantın» borcundan çıxa bilmir. 5-10 dənə quzu satır, ot gətirir, otun reysi də 50-60, 100 manatdır. Camaatın vəziyyəti çox ağırdır. Adam var 3 il - 5 il borcdan çıxa bilmir».

NİSYƏ MAL VERİLİR...

Dükan sahibi Telman Babayev dəftərə işarə vuraraq əhvalını pozmadan nisyə verməyə məcbur olduğunu deyir
Kənddə 3 dükan fəaliyyət göstərir. Kəndin köhnə məhəlləsində yerləşən dükanlardan birinə baş çəkməyi unutmuruq. Dükanda piştaxtanın arxasında bir neçə qalın «nisyə dəftəri» gözə dəyir. Məlum olur ki, kəndlilərin dediyi həqiqət imiş. Dükan sahibi Telman Babayev dəftərə işarə vuraraq əhvalını pozmadan nisyə verməyə məcbur olduğunu deyir.

«Var da 5 min, 3 min, 4 min. Ancaq ala da bilmirəm.

- Bakıda dükanlarda yazırlar ki, «Nisyə mal verilmir». Sizdə o yoxdur.

- Şəhər başqa, Xınalıq başqa. Bura kənd yeridir, camaat bir-birini tanıyır. Qapıya bir adam yaxınlaşanda mümkün deyil ki, «yox» deyəsən. Ona görə də nisyə verməlisən mütləq. Quzu-zad satanda borcunun yarısını, əlinə pul keçən kimi gətirib verirlər».

XINALIQDA ƏN ÇOX OXUNAN QƏZETLƏR

Kənddə kişilərinin ən çox toplaşdığı yerlərdən biri – poçt şöbəsinin yanıdır. Poçt şöbəsi birmərtəbəli, iki otaqdan ibarət xudmani binada yerləşir. Oranın müdiri və hazırda yeganə işçisi olan Kəlbi Kəlbiyev bizə kəndlilərin abunə olduğu qəzetləri sadalayır:

««Azərbaycan», «Xalq qəzeti» , «Zaman», «Şəfəq» qəzetləri, «Mədəniyyət» jurnalı, «Maliyyə-uçot» jurnalı, «Rabitə» qəzeti.

- Qəzet oxuyan çoxdur?

- Var, abunə yazılırlar. Biz paylayırıq.

- Müxalifət qəzetlərini də alırlarmı?

- Onlar poçtda satışda olur, sifariş verirlər biz gətirib, satırıq.

Poçtdan öyrənirik ki, bir neçə il əvvələ qədər kənddə telefon olmasa da, indi cavanlar «dial-up» vasitəsilə internetə qoşula bilirlər. Hərçənd, Xınalıqda hazırda bir dənə də internet klub yoxdur. Eləcə də bankomat. Deyilənə görə, yaxın vaxtlarda kənddə bankomat aparatı qoyulması planlaşdırılır. Əməkhaqqı, təqaüd almaq üçün kəndlilər Qubaya getməyə məcbur olurlar. Yerlilər bu problemi yarızarafat belə çatdırırlar:

ƏLÇATMAZ BANKOMATLAR

«İşimiz olanda gedirik Qubaya bankomatdan alırıq. Gedən maşına verib, göndəririk. Əməkhaqqını da, pensiyanı da elə alırıq.

Bu kənddə uşaq da elə köhnə qayda ilə evdə dünyaya gəlir
- Neçə kilometr gedirsiniz bir pensiyanı almaq üçün?

- Gedib-gəlmək 120 km, bir gün də gedib qohum gildə qalırsan. Əməkhaqqını alıb elə orda xərcləyib gəlirsən. 20 manat yolpulu, 20 manat qonaq gedəndə, 20 manat özün yeyəcəksən, maaş da qurtardı. Uşaqlar üçün də heç bir şey ala bilmirsən. Axırda borc eləyib gəlirsən».

XINALIQDA KÖRPƏLƏR EVDƏ DOĞULUR

Xınalıqın özəlliyi hər addımda öz təbiiliyini qorumasıdır. Bu kənddə uşaq da elə köhnə qayda ilə evdə dünyaya gəlir. Paytaxtda körpənin dünyaya gəlməsi valideynlərə deyilənə görə, xəstəxanada azı 600 manata başa gəlirsə, bu kənddə uşaqlar pulsuz dünyaya gəlir, ya da uzağı 20-30 manat xərcə düşürlər.

«Burada xəstəxana yoxdur. Elə evdə xəstə olurlar.

- Təhlükəli deyil?

- Ağır xəstə olanda, Qubaya aparırıq. Burda isə tibb bacısı gəlir, evləri gəzib, iynə vurur.

- Bəs uşaqlar necə dünyaya gəlir?

- Evdə olur. Qonşudan arvad gəlir, göbəkdir də kəsirik.

- Adi qonşu?

- Hə, qonşu. Bir göbəkdir də kəsirik. Gəlin də xəstə olsa, yatacaq.

- Problem yaşanmır, məsələn mikrob?

- Bu vaxta qədər mikrob olmayıb, bundan sonra da olmaz. Heç bir problem olmur.

- Deməli burda bütün uşaqlar evdə doğulub?


- Hə, hamısı evdə doğulub.

- Tutalım elə adam var ki, əməliyyata ehtiyac var, ürəyi tutdu, əl-qolu qırıldı. Onda necə?

Saatxanım Təkləvi
- Qol qıran, ayaq qıranlara kömək edən Bədəl kişi vardı. Həkim deyildi, o, əl-qol bağlayırdı, pul da almırdı. Özü üçün savab qazanırdı. Bir ildir həmin kişi rəhmətə gedib. İndi kimin bir yeri sınsa, Qubaya aparırıq.

Kəndin yeganə tibb bacısı, 38 illik iş təcrübəsi olan Saatxanım Təkləvi deyir ki, hökumət ilk tibbi yardım dərmanını versə də, qalan dərmanları özü Qubadan alıb gətirir, nisyə də verir.

«Uzaq yoxdur, birinin gecə dişi ağrıyır, birinin qarnı».

Saatxanım xanım deyir ki, əməkhaqqı az olduğundan tibb təhsili alan gənclər Xınalıqa getməkdənsə, Qubada qalıb, işləməyə üstünlük verirlər.

Üstəlik, tibb bacısı da etiraf edir ki, bəzən imkansızlıq ucbatından qadınlar uşağa təkbaşına həyat verirlər:

TİBB BACISI: «ÖVLİYALAR ÇOX KÖMƏK OLUR»

«Eləsi var pul verməmək üçün yaylaqda doğur. Özü göbəyini kəsir, özü də durur. Maşallah da sağlamdır. Həm də bura övliyalar yeridir, övliyalar çox kömək olur».

Xınalıqda qaldığım 3 gün ərzində onların dilində bəzi sözləri öyrəndim. Bu yazıya da elə həmin sözlərlə nöqtə qoymaq istəyirəm:

«Kətiş, vı asrijiquomet...!» - «Mən səni sevirəm Xınalıq!»

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG