Keçid linkləri

Təcili xəbərlər

Bu gün gənclik kiminlədir?


Onlar başqa ölkələrdə azad, ləyaqətli ictimai – siyasi model görürlər. Belə model isə onların öz ölkəsində yoxdur
Onlar başqa ölkələrdə azad, ləyaqətli ictimai – siyasi model görürlər. Belə model isə onların öz ölkəsində yoxdur
Aristotel deyirdi ki, düzgün qoyulmuş sual cavabın yarısıdır. Bu aspektdən baxanda, bəlkə də sualı düzgün qoymadım, çünki ilk baxışda belə təəssürat yaranır ki, «gənclik kiminlə deyil?» sualı düşündüyümüz problemi nisbətən daha ətraflı əhatə edir və onun məğzinə daha adekvatdır. Amma ciddi fərq eləmir, əsas odur ki, məsələyə qismən də olsa aydınlıq gəlsin.

GƏNCLƏR PARTİYASI?

Bəli, çox qəribədir. Bir vaxtlar rəsmi kanallar müxalifət liderlərinə qarşı qara kampaniya aparırdı. İndi adlar və ünvanlar dəyişib. Düzdür, müxalifətin adı «xaricdən maliyyələşən radikal müxalifət» kimi hallanır, amma indilər əsas hədəf «yolunu azmış və təsir altına düşmüş gənc»lərdir. Elə bu vəziyyət özü yazının əvvəlində qoyulmuş suala cavabdır. Zira başqa bir detal da var. Bu da odur ki, gənclik özünü bir siyasi subyekt kimi təsdiq etməkdədir. Sözsüz ki, bu, hələ institutlaşmış subyekt deyil. Amma bunun elə ciddi əhəmiyyəti varmı? Misirdə və digər ərəb ölkələrində baş verən etirazlar göstərdi ki, bir çox hallarda etirazlar ciddi müxalifət çətiri olmadan da baş verə bilər. Elə hakimiyyəti narahat edən fakt da budur. Digər tərəfdən, daim «müxalifətin heç bir dayağı və sosial bazası yoxdur» deyən hakimiyyət rəsmiləri gəncləri hədəfə götürməklə özlərinə ziddiyyət yaradırlar. Bəs onda bu gənclər nəyə etiraz edir? Onlar kiminlədir?... Gəncliyin siyasi meydana çıxması elə digər səbəbdən də əhəmiyyət kəsb edir. Bu günə qədər iddia edirdilər ki, ölkədə 80-ci illərin hərəkatından qalma «relikt bir siyasi qrup» var və onlar uyğun yaşa çatandan sonra ölkədə heç bir protest qrupu qalmayacaq. Amma belə olmadı. Ölkə siyasətində nəsil dəyişməsi baş verir. Gənclər heç bir siyasi instituta tərəf boylanmadan, onu təqlid etmədən protest qrupu kimi yaranır.

Onların formalaşması hətta siyasi texnologiyalar baxımından da fərqli məna kəsb edir – bu, əsl 21-ci əsrin protest qrupu, internet nəslidir. Partiyaların hamısını mənzil - qərargahdan məhrum edən hakimiyyət güman edirdi ki, bununla insanlar arasındakı siyasi kommunikasiyalara son qoyulacaq, lakin belə olmadı, 21-ci əsrin informasiya texnologiyaları insanların sərəncamına əsl ünsiyyət mexanizmləri verdi. İndi bu ünsiyyət, xüsusən də onun heç bir təşkilatın yardımı olmadan baş verməsi bəzilərini qorxudur. Demək olar, hər gün gənclərə «tövsiyələr» verilir, onlara «yad təsir altına düşməmək» və hakimiyyətin siyasətini dəstəkləmək haqda çağırışlar edilir. Maraqlısı isə budur ki, belə çağırışlar çox qəribə bir məntiqə söykənir – ölkədə böyük bir iqtisadi inkişafın olmasından
Bakıda 11 mart aksiyası
bəhs olunur...

ÖLKƏDƏ İNKİŞAF VARSA...

Ölkədə iqtisadi inkişaf varsa, insanlar qul olmalıdırlar? Olmazmı ki, bu inkişaf siyasi münasibətlərə də sirayət etsin? Olmazmı ki, ölkədəki siyasi ab – hava da dəyişsin?... İnkişafın özü də mübahisəli bir məqamdır. Biz ölkə büdcəsindən neft gəlirlərini çıxsaq, nə alınar? Məlum olar ki, bu ölkənin iqtisadi inkişafı heç Gürcüstanın və Ermənistanın iqtisadi səviyyəsindən o qədər də irəlidə deyil, çünki neft, qaz ölkə büdcəsinin əsas iqtisadi donoru rolunda çıxış edir. Digər tərəfdən, gənclik bu inkişafda özünə yer tapmırsa, ölkədəki iqtisadi və siyasi münasibətlər gəncliyə bu cəmiyyətə inteqrasiya olunmağa kömək etmirsə, onda nə etməli? Doğrudanmı, başa düşmək çətin bir məsələdir ki, Harvard Universitetini bitirmiş gənclər özlərini bu ölkədə reallaşdıra bilmirlər. Səbəb nədir?

GƏNCLƏR DÖVLƏT QULLUĞUNA MARAQ GÖSTƏRMİR

Bir neçə il bundan əvvəl ictimai təşkilatlardan biri Qərbdə təhsil almış ölkə gəncləri arasında sorğu keçirmişdi. Sorğudan hansı nəticə çıxmışdı? Bəlli olmuşdu ki, xaricdə təhsil almış gənclər dövlət qulluğuna maraq göstərmir.

İlk baxışda bu, bir qədər anlaşılmaz görünə bilər. Amma digər ölkələrdə də belədir. Bu ölkəyə gəldikdə isə məsələnin izahı budur ki, gənclik heç bir halda korrupsioner məmur olmaq istəmir və məmur həyatı onları cəlb etmir. Onlar sərbəst olmağa, daha çox bizneslə məşğul olmağa və öz işlərini qurmağa cəhd edirlər. Amma ölkədə bunun üçün zəmin və şərait varmı? Məmurların elitar təbəqəsinə çıxış olmadan bu ölkədə ciddi iqtisadi fəaliyyətlə məşğul mümkündürmü? Gənclər bunu başa düşür. Elə ona görə də etiraz edirlər.

GƏNCLƏR QƏRBDƏ DAHA NƏYİ ÖYRƏNİRLƏR?

Onlar demokratik ölkədə azad təhsil mühitini görürlər. Belə mühit isə onların öz ölkəsində yoxdur. Onlar başqa ölkələrdə azad, ləyaqətli ictimai – siyasi model görürlər. Belə model isə onların öz ölkəsində yoxdur. Nəhayət, onlar əsl bazar iqtisadiyyatının və siyasi quruluşun əsaslarını öyrənirlər və bunu öz ölkələrində tətbiq etməyə cəhd edirlər. Belə imkan isə yoxdur...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG