Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:30
Gənc ifaçı AzadlıqRadiosunun «Can Bakı» proqramına Koroğlunun:

Çənlibeldə zülm olmaz,
Burda bəy-xan yaşamaz,
Azad olmaq istəyən gəlsin,
Rahat olmaq istəyən gəlsin! --sözlərini xüsusi ahənglə oxudu və özünün də azad insan olduğunu əlavə etdi.

«Zənnimcə ölkədə özfəaliyyət musiqisi baş alıb gedir və peşəkar, klassik musiqinin üsyana başladığı bir zaman yetişib».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına martın 27-də «Koroğlu» operasında baş partiyanı ifa edən və opera tarixinə hələ ki, bu obrazın ən gənc ifaçısı kimi düşən Ramil Qasımov söylədi.

BÜLBÜLÜN RUHUNU ŞAD ETDİM

«Mənim qanım da, canım da Azərbaycan sevgisi ilə yoğrulub» - deyən 26 yaşlı gənc ifaçı Koroğlunu milli qəhrəman və Vətəni sevən bir oğul kimi təqdim etmək istədiyini dilə gətirdi. Bu obrazı ustadı və müəllimi sandığı Böyük Bülbülün ruhunu şad etmək üçün oynadığını etiraf etdi. «Bilmirəm necə oynadım, amma ürəyimdəki böyük yükü ilk tamaşada az da olsa, göstərməyə çalışdım».

TƏQLİDİ SEVMİRƏM

Ramil Qasımov Koroğlu obrazının əvvəlki ifaçılarından öyrəndiyini, amma onları təqlid etmək istəmədiyini dedi. «Təqlid özü də çətin işdir. Ancaq onda özün qalmırsan tarixdə. Həm də tam təqlid mümkün deyil. Çünki səs eyni ola bilməz».

KOROĞLU NECƏ OXUMALIDIR?

Qonağımız son vaxtlar Koroğlu obrazını canlandıranların səsinin qadın səsinə oxşaması barədə verilən dinləyici sualını da cavabladı. Onun fikrincə, Koroğlunun səsi kobud ola bilməz. «Bizim aşıq yaradıcılığımız, milli musiqimiz operanın 4-cü pərdəsində əksini tapıb. Koroğlunun «Aşıq mahnısı» var, məşhur ariyası var — «Sevdim səni mən, ey Nigarım». Burada həm lirik, həm də dramatik məqamlar var. Qalın, kobud səs bu incəliyi verə bilməz».

SƏHNƏYƏ AT BELİNDƏ ÇIXDIM

Gənc ifaçı tamaşadan öncə bir ay Bakının Qobu kəndində at sürdüyünü söylədi. «Qorxurdum ki, tamaşaçılar atdan çəkindiyimi hiss edərlər. Səhnəyə at belində çıxdım. Qırata bənzəyən qara bir atla. Elə atın üstündə də oxudum. Sonra düşüb ifanı davam etdirdim».

SİYASƏTDƏN UZAQ ADAMAM


Ramil Qasımov siyasətdən uzaq olduğunu, ona vaxtı olmadığını önə çəkdi. «Yaradıcı insan başını aşağı salıb öz yaradıcılığı ilə məşğul olmalıdır». Aparıcının «Bəs vətəndaşlıq borcu» --sualı belə cavablandı: «Tamaşaçılara zövq vermək ən böyük vətəndaşlıqdır. Siyasətlə məşğul olanlar onsuz da çoxdur».

--Ramil Qasımov aparıcının «Qoç Koroğlu Çənlibelə gələndə neçə yaşı olub» -- sualını necə cavablandırdı?
--Ramil harada doğulub, musiqiyə necə gəlib? İlk müəllimləri kim olub?
--Tanınmış ifaçı Mobil Əhmədovun onun müğənni kimi yetişməsində hansı rolu olub?
--Musiqili Teatrda baş rolların ifaçısı olan qonağımız Opera Teatrına, özü də belə möhtəşəm obrazı canlandırmağa necə dəvət alıb?
--Ramil bu debütdə kimlərin ona yardımçı olduğunu vurğuladı?
-- «Aldığın əməkhaqqı sizi qane edirmi» - dinləyici sualına necə cavab verdi?
--Bədii rəhbəri olduğu «Biz Bakıdanıq» estrada-simfonik orkestr barədə nələr danışdı?
--Və nəhayət, verilişin sonunda Ramil Qasımov AzadlıqRadiosu dinləyiciləri üçün canlı-canlı nə oxudu?

«Can Bakı»nı bu səhifədən dinləyin.

Şərhləri göstər

XS
SM
MD
LG