Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:24
Metronun «Gənclik» stansiyası yaxınlığındakı beşmərtəbəli evlərin 6-cı mərtəbələri tikilir. 6-cı mərtəbənin – çardağın tikintisi ilə yanaşı, balkonlar sökülüb yeniləri ilə əvəzlənir, binalara xaricdən lift qoyulur.

İstismara verilməsi ötən əsrin 60-cı illərinə təsadüf edən bu binalardakı rekonstruksiya işləri 2011-ci il layihəsi üzrə aparılır.

Sakinlərinin təlaşına səbəb isə 50 yaşlı binanın tikinti işlərindən zədələnmə ehtimalıdır.

«DEYƏSƏN YUXARIDA OFİS TİKİRLƏR»

«Deyəsən yuxarıda ofis tikirlər. Dəqiq bilmirəm. Ofis olmalıdır».

Bunu sakinlərdən Rəqsanə deyir. O və qonşuları deyir ki, rekonstruksiya qəfil başlandığı üçün sakinlər burda baş verənlərdən xəbərsizdirlər. Nigar Nəbiyeva:

«Əgər çardağı istifadə etsələr, uyğun deyil. Dam kimi qalsa, əlbəttə yaxşıdır, soyuqdan, istidən qoruyacaq. Amma ofis, ya da başqa şey kimi istifadə etsələr, onda narahatçılıq olar. «Xruşovka»ların istismar müddəti bitib. Həmişə söz gəzirdi sökəcəklər, amma sökülmədi».

Sakinlərin sözlərinə görə, burğularla iş aparıldığından bina aradabir silkələnir.

Başqa bir sakin Orxan Məmmədov isə deyir ki, binada yaşayış ola-ola tikinti işlərinin getməsi həm istirahətlərini pozur, həm də təhlükə yaradır:

«ÇOXDANIN BİNASIDIR, ZƏLZƏLƏ OLSA..»

«Təhlükəlidir. Çünki bunun təməli əgər möhkəmləndirilməyibsə, necə olacaq? Əvvəlcə təməlindən başlanmalıdır. Amma yuxarı mərtəbənin tikilməsi məncə düzgün deyil. Çoxdanın binasıdır, zəlzələ olsa hər an tökülə bilər».

Hüquqşünas Fuad Ağayev deyir ki, bu binalarda rekonstruksiya işlərinə fərdi yanaşmaq lazımdır. Ekspertiza binanın əlavə yükə davamlı olub-olmadığını müəyyənləşdirdikdən, müvafiq qurumlar təhlükəsizliyə təminat verdikdən sonra tikintiyə icazə verilə bilər. Hüquqşünasın fikrincə, bu sahədə mükəmməl qanunvericilik yoxdur:

«Şəhərsalmanın əsasları haqqında qanun var. Amma bizə bilavasitə bütün binaların tikilməsi ilə, şəhərin baş planının hazırlanması ilə, hansısa memarlıq dəyişiklikləri edilməsi ilə bağlı münasibətləri detallarınadək nizamlayan məcəllə lazımdır. Şəhərsalma məcəlləsi. İndi həmin bina, özü də köhnəlmiş bina, istismar müddəti 50 ilə çatmış bina əlavə yükə davam edə bilərmi? Müvafiq ekspertizalar aparılmalıdır».

Nərimanov rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmmədhüseyn Dadaşov AzadlıqRadiosuna deyib ki, binaların mərtəbələrinin artırılması vətəndaşlara heç bir təhlükə törətmir:

«DAHA MÖHKƏM, DAHA GÖZƏL, YENİ DƏBƏ UYĞUN BİNALAR FORMASINA GƏTİRİLİR»

«Daha müasir formalı bir binaya çevriləcək. Bu layihələr təkcə bizdə deyil, xaricdə də var, köhnə binaların divarlarının bərkidilərək üstündə yeni mərtəbələrin tikilməsi işi gedir. Onun divarına bayırdan əlavə beton konstruksiya tikilir. Əsas binalara heç bir güc düşmür. Əlavə betonlar ki atılır, bütün güc ora düşür. Bütün hallarda, əvvəlki görünüşündən, davamlılığından daha möhkəm, daha gözəl, yeni dəbə uyğun binalar formasına gətirilir».

Çardaqdan istifadəyə gəlincə, icra nümayəndəsi bundan xəbərsiz olduğunu dedi.

Ölkə prezidentinin paytaxtdakı iqamətgahlarından birinin, həm də yaşayış evinin yerləşdiyi metronun Gənclik stansiyası ətrafında bir neçə aydır tikinti-söküntü işləri gedir. «Qələbə» meydanı yaxınlığında yeraltı tunel kompleksi inşa olunur.

Şərhləri göstər

XS
SM
MD
LG