Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:01

Hər yaşın öz oyuncağı


Araz Gunduz
Araz Gunduz
Araz GÜNDÜZ


(pritça)


Uşaqlıq çağlarında sınmış oyuncağına görə ağlayardı. Atası ona yanaşıb, saçını oxşayar, ürəyini alardı:

“Darıxma oğlum, sənə ondan da yaxşısını alarıq.”

O isə ayaqlarını yerə döyər, əlləri ilə gözlərini ovuşdurar, hönkür-hönkür ağlayardı: “Yox, başqasını istəmirəm, özümünkünü istəyirəm!”

Sınmış oyuncağından yaxşısını alıb gətirərdilər, onu ovundurardılar...

Uşaqlıq çağlarında şuluqluq salıb, çox gərəkli olan nəyisə sındaranda, atası onun qulağından tutub dartar, təpinərdi:

Bax bir də belə eləsən, qulağını dartıb eşşək qulağı kimi uzadaram!..

Günlər keçmiş, aylar dolanmış, illər ötmüş, bu uşaq artıq böyüyüb yaşa dolmuşdu. Ancaq böyüsə də, “sındırmaq” öyrəncəsindən əl çəkməmişdi...

İndi də illərlə bir yasdığa baş qoyduğu Xanımının başında “qoz sındırmağa” başlamışdı... O yazıq da günlərin bir günü:

“Sənin işdəklərin təkcə mənim ürəyimi sındırmaqla bitmədi, Ocağımızı da söndürdü!”—deyərək, boşanıb getmişdi. Sındırğan da (gəlin O, böyümüş uşağı belə adlandıraq), elə bu uzdən yasa batmışdı...

Atası yenə ona yanaşdı, nədənsə saçlarını oxşamadı, qulağından tutmadı, ancaq ürəyini aldı (görünür dilin bilcəyi (yaddaşı) əlin bilcəyindən güclü olur!):

“Darıxma oğlum, sənə ondan da yaxşısını alarıq.”

Sındırğan isə nə ayaqlarını yerə döydü, nə əllərini tərpətdi, nə göz yaşı tökdü, nə də keçmiş öyrəncəsi üzrə demədi:

“Yox, başqasını istəmirəm, özümünkünü istəyirəm!”

Dilinin, gözünün, əlinin, ayağının bilcəyi pozulmuşdu, təkcə qulağının bilcəyi yerində idi:

“Darıxma oğlum, sənə ondan da yaxşısını alarıq!”

Deyəsən, birilərini boş yerə “uzunqulaq” çağırmırlar axı!..

18 Yanvar 2010-cu il

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG