Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:43

Metroda reklamlar niyə «qışqırır»?


«Stansiyalarda hər bir monitorun tənzimləməsi var»
«Mən hər gün universitetə metro ilə gedib, gəlirəm. Bəzən elə olur ki, yol boyunca vaxt itkisi olmaması üçün ya bədii əsər, ya da verilən dərsləri oxuyuram. Amma monitorlarda gedən reklamların səsi bəzən fikrimi yayındırır».

22 yaşlı Günay Bədəlova metrodan gündəlik istifadə edir, amma vaqonlardakı monitorlarda yayımlanan reklamların səsinin yüksək olmasından narazılığını bildirir.

REKLAMLARIN ƏHALİYƏ «SIRINMASI»

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov reklamın səsinin ucaldılmasını istehlakçının seçim hüququnun pozulması hesab edir:

«Reklamlar ya səslə qoyulmamalı, ya da səs fərdi tənzimlənməlidir. Reklamın audio-video vasitələri ilə zorla əhaliyə sırınması istehlakçı hüququnun pozulması deməkdir. Səslə müşahidə olunan reklam qanunda qadağan olmasa da, bu istehlakçıya məcburi mal satmaq jestidir. Qanun bu məsələni tənzimləməsə də, bu, istehlakçının seçim hüququnun məhdudlaşdırılması və istehlakçının rahatlığının pozulmasıdır».

Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyev isə səsli reklamın insanlara təsirinin səbəbini səsin düzgün nizamlanmamasında görür:

«Səs televizorlardan deyil, vaqon boyu dinamiklərdən asta tonla gəlməlidir. Bu zaman səs paralel paylanır, insanları narahat etmir».

CƏZASI VAR...


Vəkil Yalçın İmanov isə reklamın uca səslə yayımlanmasını «Reklam haqqında Qanun»un ümumi tələblərinə uyğun hesab etmir.

«Həmin tələblərə görə, reklam fiziki şəxslərin sağlamlığına və təhlükəsizliyinə zərər gətirməməlidir. Digər tərəfdən, səs küy və vibrasiya çirklənməsi ətraf mühitə və insan sağlamlığına təsir göstərirsə, İnzibati Xətalar Məcəlləsi buna görə cərimə nəzərdə tutur. Bu normalara görə fiziki şəxslər 300-800 manat, hüquqi şəxslər isə 8000-12000 AZN cərimə
Bakı metropoliteni
ödəməlidir».

Vəkil bu vəziyyətin yaranmasını İqtisadi İnkişaf Nazirliyinin reklam sahəsində nəzarətinin qüsurlu olması və vətəndaşların öz hüquqlarından lazımınca yararlanmaması ilə izah edir.

Yalçın İmanov deyir ki, reklam vətəndaşa maddi və ya mənəvi cəhətdən zərər vurursa, məhkəməyə müraciət edib bu işdə səbəbkarların qanunla cəzalanmasına nail ola bilər.

«SƏSLİ REKLAMIN YAYIMINDA PROBLEM YOXDUR»

Bakı Metropolitenin rəsmisi Fuad Tağızadə isə metropoliten rəhbərliyinin reklam monitorlarına nəzarət etdiyini, səsli reklamın yayımında heç bir problemin olmadığını deyir:

«Stansiyalarda hər bir monitorun tənzimləməsi var. Baş vaqonlarda reklamlar səssiz olur. Orta vaqonlarda isə səs orta tonla verilir».

Metro vaqonlarında monitorlarda reklamları yayan «İnnomark» şirkətinin məsul şəxsləri isə suallarımızı cavablandırmaqdan imtina etdilər.

Bu işə nəzarət etməli olan daha bir qurumun - İqtisadi İnkişaf Nazirliyinin rəsmiləri ilə də əlaqə saxlamaq mümkün olmadı.

Şərhləri göstər

XS
SM
MD
LG