Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:09
Murad KÖHNƏQALA


Atəşkəs dövrüdü, lakin ermənilərlə təmas xətdə olan hərbi hissələrdən əsgərlərimizin meyiti valideynlərinin üstünə qayıtmaqda davam edir.

Hakimiyyət kasıbların balalarını erməni ilə sərhədlərə düzüb kef eləyir.

Kasıbların əsgərliyə göndərdiyi balaları əldə silah bunların asayişini, rahat həyat tərzini qorumaqla məşğuldu.

Kasıb balası dağların başında ölümlə üzbəüz dayanır ki, varlıların balaları bahalı maşınlarını Bakının küçələrində rahat sürsünlər.

Gündüzlər restoranlarda, gecələr özlərinə məxsus gizli barlarda sütül qızlarla rahat kef eləsinlər.

Damarlarına iynəni asudə yeritsinlər. Onların dədələri dövlət büdcəsini arxayın oğurlasınlar.

Oğurluq pullarla özlərinə mənası başa düşülməyən çoxlu binalar tikdirsinlər. Şəhər rayonlarını, kənd rayonları öz aralarında bölüşdürsünlər.

Camaatı yüksək işıqpulu, qazpulu, supulu ilə boğsunlar. Neft ölkəsi olsa da neftin qiymətini Ermənistandan baha eləsinlər.

Kefləri istədiyi adamı polisə, qoçu dəstələrinə döydürsünlər. Polis şöbələrində adamları şərləsinlər, döyüb öldürsünlər.

Bütün ərzaq mallarını bahalaşdırıb camaatı zəlil gününə salsınlar. Təhsilimizi məhv eləyib uşaqları, gəncləri savadsız qul halına gətirsinlər.

Özləri isə övladlarını Avropada oxutsunlar ki, gələcəkdə onları zəif rəqiblərin fonunda hakimiyyətə gətirmək mümkün olsun.

Camaata ekologiyası pozulmuş içki, dərman, siqaret, ərzaq satıb qazansınlar.

Hər gün televiziyalarda öz maviləri və fahişələrilə camaatın əsəbləriylə oynasınlar.

Cavanları universitet və digər təhsil ocaqlarında əsir saxlasınlar. Onları, haqsızlığa qarşı səsləri çıxmasın deyə bir əldən idarə etsinlər.

Tələbənin valideyninin qul əməyilə qazandığı pulunu təhsilhaqqı adı altında və rüşvət şəklində əlindən alsınlar.

Bu yolla tələbənin valideynini də özlərinə nökər, qul kimi işlətsinlər.

Bir sözlə, kasıbların balaları əldə silah bunların var-dövlətini, harın həyatının təhlükəsizliyini qorumalıdı...

1991-ci ildə Füzuli rayonunda dünyaya gəlmiş, Tərtər bölgəsində hərbi qulluqda olan Elnur Məmmədovun da meyitini tənha anasının üstünə göndərdilər.

Xətai rayon ərazisində yataqxanada yaşaya-yaşaya torpaqların azad olunmasını gözləyən Bahar ana oğlunun ölüm xəbərini eşidir.

Elnurun ölüm xəbərini, çox müəmmalı şəkildə zəng edib, əvvəlcə onun dayılarına deyirlər.

Çünki əsgərin atası da 1993-cü ildə Füzuli rayonunun işğalı zamanı şəhid olub.

Fikir verin, gecəyarı, qara xəbəri uzaqdan-uzağa zənglə çatdırırlar və cənazəni təhvil verib aradan çıxırlar.

Barı, bircə nəfər zabit gəlib: “Ürəkli ol, ana, oğlun Vətən uğrunda şəhid oldu!” - deyib, anaya təskinlik vermir. Mərhumun cənazəsini, heç olmasa, yaşadığı mənzilə qədər gətirmirlər.

Yəni, bu qədərmi özbaşnalıqdı, bizim balalarımız bu qədərmi ucuzdu?! Zəng eləyib: “Əhmədli metrosu tərəfdə Ukrayna dairəsinə gəlib cənazənizi aparın!” - deyirlər.

Bahar Məmmədova Elnuru atasız böyüdübmüş. Elnur Bakı Sosial İqtisad Kollecinin II kursundan əsgərliyə çağırış alır.

Əsgərlikdən sevdiyi qıza: “Vətən uğrunda şəhid olmaq istəyirəm!”- yazır.

Dar bir yataqxanada kasıbçılıqla böyüyən bir əsgərin ürəyinin böyüklüyünə baxın!

Bu ürəyin müqabilində yaşadığı yataqxananın həyəti o qədər darısqaldı ki, ona yas çadırı da qurmaq mümkün olmayıb.

Çadırı qonşu həyətdə quraşdırıblar.

Yaxşı, yazıq ananın uşağını aparıb öldürdünüz, “şəhid oldu” deyib, cənazəsini üstünə qaytardınız, heç olmasa tabutunu bükməyə bir Azərbaycan bayrağı tapmadınızmı?

Olmaya, siyasi mafiya dövlətin olduğunu da unudub?!

Niyə şəhidin dəfnində bir hərbçi iştirak eləmir, xatirəsinə bircə güllə atılmır?

Belə baxanda, bayraq nədi, güllə nədi, mən nəyi qoyub, nəyi axtarıram?!

Bu sütül oğlanı, bu şəhid balanı dəfn eləmək üçün Suraxanı rayonu ərazisində yerləşən Dədə Qorqud adlı qəbristanlığın müdiri anadan 200 manat qəbirpulu alıb.

Şəhid anası yaylığın arasında büküb saxladığı pulu qəbristanlığın direktorunun ovcuna sayıb. Direktor sevinmiş, hırıldaya-hırıldaya şəhidin dəfn olunmasına icazə verib.

Bunlar, düz, Prezident Aparatından qəbristanlıqlara qədər belə işləyirlər. Kasıbın ölümündən də qazanırlar.

Ona görə çalışmalıyıq ki, ölməyək! Biz öldükcə bunların yerləri genişlənir, qazancları artır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG