Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:15
«HEYDƏR ƏLİYEVİN VERDİYİ MEDALDAN İMTİNA». «Azadlıq» qəzeti yazır ki, Yevlax şəhər sakini, keçmiş polis mayoru Salman Mustafayev bu ölkədə sensasion hadisə sayıla biləcək etiraz xarakterli addım atıb. Bu haqda o, Daxili İşlər naziri Ramil Usubova ünvanladığı məktubda ətraflı yazıb.

Surəti «Azadlıq»a təqdim olunan məktubda bildirilir ki, Salman Mustafayev 2 qat veterandır. O, 2 il Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edib. Bundan başqa, o, Qarabağ müharibəsi veteranıdır. Mustafayev sonralar Naxçıvan MR Daxili İşlər Nazirliyində baş əməliyyat müvəkkili kimi çalışıb. 30 iyun 2002-ci ildə dövlət başçısı Heydər Əliyevin fərmanıyla «İgidliyə görə» medalı ilə təltif olunub. 2003-cü ilin aprelində isə hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmədə ittiham olunaraq 2 il azadlıqdan məhrum edilib. İndi isə həm özünə, həm də ölkədə baş verən sosial ədalətsizliklərə etiraz olaraq ona verilən medaldan imtina edib.

«Azadlıq» yazır ki, medal da, vəsiqə də zərfə qoyularaq Daxili İşlər Nazirliyinə göndərilib.

«Yeni Müsavat» qəzetinin müxbirləri Bakıdakı yapon restoranlarına baş çəkib. Müxbirlərin məqsədi burdakı yeməklərdə radiasiyanın olub-olmaması haqqında məlumat toplamaqmış. Yapon restoranlarından birində ofisiant qidaların mənbəyi haqqında deyib ki, yeməklərin hazırlanmasında sırf yapon ərzaqlarından istifadə olunub. Amma məhsullar Lüksemburq vasitəsilə gətirilib, radiasiya ilə bağlı heç bir problem yoxdur.

«Bizim yol» qəzetinin «SƏNƏDSİZ EVLƏRİN QEYDİYYATINA START VERİLDİ» məqaləsində deyilir ki, Binəqədi, Sabunçu, Əzizbəyov rayonları ərazisindəki sənədsiz tikililərə sənədlər veriləcək.

«Bizim yol» qəzetində çıxan başqa bir məqalə ət bazarının inhisara alınması ilə bağlıdır. Qəzet yazır ki, rayonlardan Bakıya heyvan əti gətirilməsinə qadağa qoyulur.

«Yeni Azərbaycan» qəzeti «KORRUPSİYA VƏ RÜŞVƏTXORLUĞA QARŞI MÜBARİZƏ DAVAMLI XARAKTER DAŞIYIR» başlıqlı məqalədə yazır ki, «bu, bir həqiqətdir ki, təkcə hökumət deyil, cəmiyyətin hər bir fərdi, hər bir sosial institut və qeyri-hökumət təşkilatları da bu prosesdə yaxından və fəal iştirak etməlidir. Yəni, Azərbaycanın inkişafına mane ola biləcək rüşvət və korrupsiya hallarının qarşısının alınması istiqamətində həm aidiyyəti strukturlar, icra orqanları, həm də cəmiyyətin hər bir fərdi öz üzərinə düşən bütün vəzifə və öhdəlikləri yerinə yetirməklə fəal mübarizəyə qoşulmalıdırlar. Bunun üçün hər bir vətəndaş çalışdığı sahədə rüşvətə təhrikedici halların yaranmasına rəvac verməməli, rüşvət və ya rüşvətverici təəssürat yaradan hallara qarşı mübarizə aparmalıdır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG