Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:51

Azərbaycanın Sahə Qiymətləndirmə Missiyasının hesabatına münasibəti


Həmsədrlər

Həmsədrlər

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ ətrafında işğal edilmiş ərazilərdə həyata keçirdiyi Sahə Qiymətləndirmə Missiyasının hesabatına münasibət açıqlayıb.

Açıqlamada deyilir ki, Sahə Qiymətləndirmə Missiyası bir daha bu ərazilərdə ermənilərin məskunlaşma siyasətini və infrastruktur dəyişikliklərini həyata keçirdiyini aşkarlayıb:

«Sahə Qiymətləndirmə Missiyasının müşahidələrinə əsasən, Azərbaycanın işğal olunmuş yeddi rayonunda qeyri-qanuni şəkildə məskunlaşmış ermənilərin sayı təqribən 14000 nəfərdir. Bu köçkünlərin bir hissəsi bərpa edilmiş və ya yenidən inşa edilmiş evlərdə yaşayırlar. Missiyanın baş çəkdiyi bir sıra inzibati, təhsil və tibbi binalar erməni diasporunun maddi yardımı ilə inşa olunub və avadanlıqlarla təchiz edilib».

Açıqlamada o da qeyd edilir ki, Sahə Qiymətləndirmə Missiyası işğal olunmuş ərazilərin inzibati sərhədlərinin dəyişdirildiyini də müşahidə edib. Ermənilər Azərbaycan ərazilərinin və yaşayış məntəqələrinin adlarını dəyişdirir və öz adlarını qoyurlar.

Xarici İşlər Nazirliyi qeyd edir ki, bu hesabat işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətin aparılması ilə bağlı Azərbaycanın narahatlığının əsaslı olduğunu təsdiqləyib:

«Bu faktlar və müşahidələri həmsədrlər hələ 2005-ci ildə qeydə alıb. O zaman öz tövsiyələrində onlar «bundan sonra işğal olunmuş ərazilərdə hər hansı məskunlaşmaya yol verilməməlidir», «bu, sülh prosesini ciddi əngəlləyə bilər» kimi çağırışlar ediblər. Həmsədrlər indiki tövsiyələrində eyni narahatlıqları və çağırışları ediblər. Təəssüf ki, Ermənistan son altı il ərzində həmsədrlərin çağırışlarına əməl etməyib və münaqişənin həlli prinsipinə hörmətsizlik nümayiş etdirməkdədir».

XİN Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətinə son qoymağa tələb edir:

«Azərbaycan aydın şəkildə bəyan edir ki, Ermənistanın bu istiqamətdə davamlı siyasətinə dözüm
Ağdamda dağıntılar
göstərilməyəcək».

Azərbaycan həmsədrlərin işğal olunmuş ərazilərdə demoqrafik, sosial və mədəni xüsusiyyətləri dəyişə biləcək hər bir fəaliyyətdən çəkinməyə, «status-kvo»nu dəyişməyə dair müraciətini dəstəkləyir.

«MƏNASIZ HESABAT»

Politoloq Vəfa Quluzadə bu hesabatın əvvəldən «mənasız» olduğunu düşünür. O deyir ki, onsuz da Azərbaycanın 20 faiz torpağının işğal olunduğunu və ermənilərin orada hər şeyi yerlə yeksan etdiyini ATƏT, BMT və lap elə Amerikanın bütün müvafiq strukturları bilir. Amma heç kim təbdir görmür. Ona görə də nə o hesabatda, nə də ona münasibətdə yeni bir şey yoxdur:

«Hesabatda gərək deyiləydi ki, bundan sonra Azərbaycana qarşı əlavə dağıdıcılıq işləri görsə, NATO Qəddafiyə qarşı apardığı əməliyyatları Ermənistana qarşı da tətbiq edəcək. Amma sənəddə belə öhdəliklər yoxdur. Sadəcə, missiya gedib hamının bildiyini bir daha təkrar edib».

«DİPLOMATİK SİYASƏTDƏ GƏRƏKLİ FAKT»

Konfliktoloq Arif Yunus isə bir qədər fərqli düşünür. Onun fikrincə, bu hesabat imkan verir ki, Azərbaycan beynəlxalq tribunalardan Ermənistana təzyiq etsin. Çünki Azərbaycandan həmişə fakt tələb olunur:

«Bu hesabatlar sonradan Azərbaycanın müxtəlif beynəlxalq forumlarda istifadə etməsi üçün vacibdir. Biz daim dünyaya və ermənilərə göstərməliyik ki, bu, bizim torpaqlarımızdır. Bu torpaqlar müvəqqəti olaraq işğal altındadır. Amma biz unutmamışıq və vəziyyəti daim nəzarətdə saxlayırıq».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG