Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:44

Qılman İlkin "Kür qırağında" (Povest)


Nazilə dincini almaq üçün yenicə divanda uzanıb yuxuya getmişdi ki, Pərizad qarının bərkdən qonşu qadınla danışığına gözlərini açdı. Qarı deyirdi:

— Əsmər, huy, eşidirsən?

— Nədir?

— Bizim camış yenə naxırdan qaçıb axı.

— Nə eyləyib?

— Naxırdan qaçıb.

— Eşitmədim.

— Deyirəm, dezertir olub dayna.

Pərizad qarının bu sözünə Naziləni gülmək tutdu. Buraya köçəndən bu qarıdan eşitdiyi məzəli sözlər onun ürəyinə elə yatırdı ki, istəyirdi həmişə onu dindirsin. Qarının səsi kəsildi. Sonra camışın sağrısına endirdiyi çubuq səslərinin ardı-arası kəsilmədi:

— Səni görüm qılçaların qırılsın, qaçan yerdə yıxılıb qalaydın. . .

Nazilə xalatını çiyninə atıb, bayıra çıxdı. Camışın belinə endirilmiş çubuğun zərbindən əmələ gəlmiş zoğlar günəşin altında işım- işım işıldayırdı. Nazilə gülümsəyə-gülümsəyə dedi:

— Pərizad xala, yazıqdır axı, onu niyə elə vurursan?

— Onu yazıqlar kəssin, mən bilim. Görsün bunun əvəzini ondan necə çıxacağam. İki gün heç nə verməyəcəyəm ona, qoy qalsın ac. Onda bilər ki, naxırdan qaçmaq necə olur.

Nazilə gülümsəyə-gülümsəyə otağa keçdi.

Hava artıq qaralmışdı. Nazilə şagirdlərin dəftərlərini yoxlamağa başladı. Bu zaman qapı birdən döyüldü. Pərizad qarı əlində bağlı bir zərf astanada durmuşdu.

— Qızım, bağışla, sənə əziyyət verəcəm. Bunu bir oxusana. Deyirəm ki, bəlkə bizim gədədəndir.

— Pərizad xala, keç otur, bu saat oxuyaram.

Pərizad zərfi Naziləyə verdi. - Poçtalyon indicə gətirdi... Mən huşu batmış heç soruşmadım kimdəndir.

— Narahat olma, Pərizad xala, bu saat oxuyub deyərəm. O, zərfi əlinə alıb, o yan bu yanına çevirdi. Məktuba üç möhür vurulmuşdu. Möhürlər də bir- birinin üstünə elə düşmüşdü ki, sözləri oxumaq çox çətindi. Axırı ki, bir təhər oxuyub dedi:

— Sizin İkram adlı qohumunuz varmı?

— Bizim gədədir də dayna. Elə bilirdim ki, ondan olacaq. Çoxdandır yazmırdı.

— Axı, burada əziz nənəm yazılıb.

Pərizad bərkdən güldü: - Qızım, bizlərdə anaya nənə deyirlər. Gerisini oxu.
— Oxuyuram. "Mən bu günlərdə kurorta gedirəm. Ancaq getməmişdən bir gün qabaq gəlib gecəni sənin yanında qalacağam. Otağın birini kirayəyə verməkdə ağıllı iş tutmusan. O qız sənə qulaq yoldaşı olar. Darıxmazsan. Əgər müəllimədirsə, demək mədəni qadındır. Mən də daha səndən nigaran qalmaram".

Pərizad əllərini göyə qaldırdı:

— Şükür Allaha.

— Niyə Allaha şükür, Pərizad xala?

— Əvvəllər heç razı olmurdu ki, otağı kirayəyə verim. Razı deyildi ki, həyətə yad adam gəlsin. Ona görə çox nigarandım. Deyirdim ki, yəqin acığı tutacaq.

— Yəqin bu günlərdə gələr, - deyə Nazilə məktubu zərfə qoyub, Pərizad arvada qaytardı.

— Ancaq qızım, onu deyim ki, bizim gədə pis oğlan deyil ha. Mənim bir sözümü heç vaxt iki eləməyib. Həmişə mənim xeyrimə çalışıb. Əslinə baxanda, düz də eləyir. İndi adamları tanımaq olmur. Haradan biləsən ki, nə cür adamdır. İnsan, deyirlər, çiy süd əmib, - deyə qarı dərindən nəfəs alıb, ayağa qalxdı.

— İndi daha rahat oldum.

O, minnətdarlıq eyləyib, otaqdan çıxdı.

Nazilə bir ay olardı ki, Pərizad arvadın bir otağını kirayələmişdi. Bu otağı ona məktəbin müdiri Sənubər xanım məsləhət bilmişdi. "Çox nəcib arvaddır", - demişdi.

Bu bir ay içərisində Nazilə Sənubər xanımın dediklərini öz gözləri ilə gördü və duydu. İlk günlərdən Pərizad arvada bağlanmışdı. Qarı ilə söhbətində həmişə ürəyi açılırdı. Onun məzəli söhbətlərinə elə alışmışdı ki, hey istəyirdi ki, onu dindirsin, söhbətə tutsun, necə deyərlər, onun çinədanında nə varsa, çəkib üzə çıxarsın.

Bir gün səhər məktəbə gedərkən üstü örtülü bazarın yanında qırmızı rəngli bir "Jiquli" maşınının durduğunu gördü. Yaraşıqlı bir gənc də bazardan aldıqlarını maşina yükləyirdi. O, bu gənci bu vaxtadək bir dəfə də olsun kənddə görməmişdi. Şəhər adamına oxşayırdı. Gəncin ona zillənmiş gözlərini görən kimi tez sovuşub keçdi. Bir xeyli uzaqlaşandan sonra geri qanrılıb baxanda, gəncin gözlərini hələ də ondan çəkmədiyini sezdi.

Məktəbdə axırıncı zəng çalınanadək gəncin səliqəli şıq geyimi, xüsusilə onu diqqətlə süzən gözləri Nazilənin xəyalından silinmədi. Onu qəribə bir həyəcan bürümüşdü. Təəccübləndi: "Mənə nə olub?" - öz-özünə söyləndi.

Sonra əlini çırparaq yoluna davam etdi. Doqqaza yaxınlaşanda bazarda gördüyü qırmızı "Jiquli"nin qapıda durduğunu gördü. Ürəyi birdən çırpınmağa başladı. "Bu bəlkə Pərizad qarının oğludur?" - deyə başını aşağı dikdi və başmaqlarının səsi belə eşidilmədən Pərizadın qapısı qabağından elə sürətlə ötüb keçdi ki, onu heç kim görməsin.

Onun otağını Pərizad arvadın otağından nazik bir divar ayırırdı. Ara qapı bağlı olsa da, onun azca aralı taxtaları arasından qarının öz otağında kiminləsə danışdığı, hətta namaz qılarkən dediyi sözlər də aydın eşidilirdi. İndi də onun oğlu ilə söhbəti aydın eşidilirdi: "Nənə, mən sənə o qədər pul göndərmişdim, nə üçün pilləkanı dəyişdirməmisən? Eyibdir axı, qonaqdan eyibdir. Mən qalxanda pillələr elə cırıldayırdı ki, elə bil indicə qırılıb töküləcək. Özün də deyirsən ki, çox nəcib qızdır. Heç olmasa onun xətrinə gərək düzəltdirəydin".

Qarı cavab vermirdi. Haçandan-haçana onun səsi eşidildi: "Nə bilim, oğul, vallah, heç ağlıma gəlməyib".

Nazilə onların danışdığını eşitməsin deyə radionu açdı. Son xəbərlər verilirdi. O, özünə yüngül bir yemək hazırlayıb yeyəndən sonra kobud taxtadan düzəldilmiş nahamvar taxtın üstündə uzanaraq dünəndən oxumağa başladığı romanı oxumağa davam etdi. Bir neçə dəqiqə keçməmişdi ki, Pərizad arvad qapını ərklə açaraq, içəri girdi. Nazilə onun belə hərəkətlərinə alışdığı üçün incimədi. Qalxıb oturdu. Qarının üzü gülürdü. Açıq görünürdü ki, oğlunun gəlməsi onu çox sevindirmişdir. Özü də sözlü adama oxşayırdı. Elə bil nə isə demək istəyir, ancaq bacarmırdı. Bəlkə də çəkinirdi deməyə. Udquna -udquna qalmışdı. Nazilə onun əzab çəkdiyini görüb, onu qabaqladı:

— Pərizad xala, sözün var?

Elə bil qarının dili açıldı. Sevincək dedi:

— Eh, qadan alım, ancaq heç bilmirəm necə deyim. Mənciyəz. . .

— Çəkinmə, Pərizad xala, deginən.

— Bizim gədə deyir ki, yox, yox, heç bir şey demir. İstəyir ki, səninlə danışsın. Deyir ki, mən gərək biləm anam kiminlə yaşayır, ya yox.

Nazilə cavab vermək əvəzinə gözlərini qapıya zilləyəpər sakitcə durub qaldı. Qarıya elə gəldi ki, yəqin dediyi sözlərlə qızın ürəyinə toxunub. Deməyinə də peşiman oldu.

— Qızım, bəlkə dediyim sözlər ürəyinə toxunub. Deməmiş olum.

— Yox, yox, Pərizad xala, niyə ki. Buyursun, gəlsin danışaq.

Pərizad arvad bir uşaq kimi sevincək otaqdan çıxdı. Nazilə taxtın üstünü sahmana saldı. Balış və yüngül odeyalı yığışdırıb bir kənara qoydu. Sonra aynanın qabağına keçib saçlarını darayıb səliqəyə saldı. Ancaq ürəyi həyəcanla döyünməyə başlamışdı. Fikirləşdi ki, qarının oğlu onunla nə barədə danışa bilər. Bazarda durub onun dalınca elə baxmasını da heç bilmədi necə yozsun. Kim bilir, bu, bəlkə də sadəcə bir maraq idi. Bu zaman qapı tıqqıldandı.

— Buyurun. - Nazilənin səsi özünə də qəribə göründü. Səsi titrəyirdi.

Bayaq bazarda gördüyü cavan oğlan daha təravətli bir görkəmlə içəri girdi. Salam verib, gülə- gülə səsləndi:

— Məni bağışlayın, nənəm məni zorla sizin yanınıza göndərdi ki, sizi görüm və onun bir dam altında kiminlə qaldığını öyrənim.

Nazilə gülümsəyərək dedi:

— Nə olar, buyurun.

Gənc bir addım qabağa gələrək əlini Naziləyə tərəf uzatdı:

— Elə isə tanış olaq. Mənim adım İkramdır.

Nazilə də onun əlini sıxaraq, satadan səsləndi:

— Nazilə.

— Nazilə xanım, nənəm sizə əziyyət vermir ki?

— Siz nə danışırsınız? Mən ona nənəm kimi baxıram. Nənə və nəvə kimi bir- birimizə isinmişik. Aramızda heç bir inciklik olmayıb və güman eləyirəm ki, olmayacaq da.

— Mən buna çox şadam. Mən istirahətə gedirəm. Bir günlüyə gəldim ki, onu görüm. Sizi görməsəydim, nigaran gedəcəkdim. İndi arxayın gedə bilərəm. Biləcəyəm ki, sizin kimi nəcib bir adamın himayəsindədir.

Nazilə gülümsəyərək yarı zarafatla dedi:

— Siz yəni tanımadığınız adamla bir kəlmə kəsmədən ona inanırsınız?

İkram əvvəlcə nə cavab verəcəyini kəsdirə bilmədi. Bir anlığa tutuldu.

— Mən yalnız bir kəlmənizlə deyil, sizin görkəminizə, mədəni rəftarınıza da inanıram.

— Qəribədir.

— Qəribə niyə? Həqiqi sözümdür.

— Təki siz deyən olsun. Əgər sizdə insanı ilk baxışdan tanımaq istedadı varsa, bu, həsəd aparılmalıdır.

İkram ünvanına deyilən bu sözlərdən qürurla gülümsədi. Gülüşü onun yaraşıqlı sifətinə çox yaraşırdı. Deyəsən, özü də bunu bildiyi üçün həmişə gülümsəməyə çalışırdı. Gülümsəyəndə iri qonur gözlərinin dərinliyində parıldayan işıq elə bil bütün sifətinə yayılırdı.
O, birdən-birə söhbəti dəyişib dedi:

— Bilirəm ki, bizim köhnə taxta pilləkənləri qalxıb düşmək sizin üçün çox narahatdır. Mən günü sabah onları düzəltdirəcəyəm. Düzəltdirməmiş getməyəcəyəm.

O, söhbəti uzada da bilərdi. Ancaq hiss olunurdu ki, deməyə söz tapmır. Buna görə söhbətinə yekun vuraraq dedi:

— Belə. Bir şeyə ehtiyacınız olsa, deyərsiniz. Mən hələlik ki, burdayam. Çəkinməyin. Xudahafis.

O, bunları deyib, otaqdan çıxdı. Nazilə onun arxasınca baxıb, gülümsədi. Başa düşmüşdü ki, o, yalnız bu sözləri demək üçün gəlməmişdi. Bu yaşda gənclər qızlarla danışarkən məharətlə mövzu tapır, saatlarla laqqırtı vurmağı bacarırdılar. O isə belə naqqal gəncləri xoşlamırdı. İkramda onun xoşladığı ən gözəl məziyyət onun qız kimi çəkingənliyi və utancaqlığı idi. Belə gənclər adətən abırlı olur və sözlərinin səmimiliyinə də inanırsan.

Bütün bunları düşünərkən İkramla danışdığı zaman keçirdiyi həyəcan onu hələ də tərk etməmişdi.

Ertəsi gün dərsdən qayıdanda çürümüş taxta pillələrin yerində səliqə ilə düzəldilmiş yeni pillələr görəndə gözlərinə inanmadı. Üç- dörd saat içərisində bunu necə düzəldə biliblər?! Ürəyində İkrama qarşı dərin bir hörmət və minnətdarlıq hissi oyandı. Özlüyündə fikirləşdi ki, bu minnətdarlığı ona necə çatdırsın. Onunla üzbəüz durub minnətdarlığını ona çatdıra biləcəkdimi? Yaxşısı budur bunu onun anası vasitəsilə çatdırsın. Qarını səslədi:

— Ay Pərizad xala, ay Pərizad xala!

Qarı öz otağından cavab verdi:

— Nədir, ay qızım?
— Pərizad xala, bir dəqiqəliyə bura gələ bilərsənmi?
Bir hovurdan qarı qıçlarını çəkə-çəkə gəldi.

— Ay Pərizad xala, sən allah bağışla, əziyyət verdim.

— Əziyyəti yoxdur, sözünü de.

— İstiyirəm ki, İkrama mənim minnətdarlığımı çatdırasan. Özüm deməyə utanıram. Zəhmət çəkib, pillələri düzəldib.

— Bıy başıma xeyir, utanmaq niyə, o da sənin qardaşın. O ki qaldı pillələrə, bu onun borcudur dayna.

— Genə olsun da, yol üstündə vaxtını itirib, düzəltdirib.

— Deyərəm, arxayın ol. İndi bazara gedib, gələn kimi söylərəm.

***

Ertəsi gün dərsdən qayıdarkən qırmızı "Jiquli"ni yenə də qapının ağzında gördü. "Demək, o hələ də getməyib". Fikirləşdi ki, ancaq bir günlüyə anasına dəyməyə gəlmiş bu adam niyə bu iki günü burada ləngimiş olsun? Öz-özünə sual verir, cavabını da tapa bilmirdi. Elə bu dəqiqələrdə Pərizad arvad içəri girdi və Nazilənin pilətəni yandırıb, özünə yemək hazırlamaq istədiyini görüb, yaxınlaşaraq, onun biləyindən tutdu:

— Qızım, nahaq əziyyət çəkirsən. Bizim İkram hər şeyi alıb gətirib, məni də göndərdi ki, sənə deyim.

— Nəyi?

— Səni də çağırır. Yaxşı bir plov bişirmişəm. Bazarda daha bir şey qalmayıb ki, almamış olsun. Pilətəni söndür, gedək.

— Pərizad xala, bu nə xəcalətdir mənə verirsiniz?

— O sözü dilinə götürmə. Gedək.

Nazilə dodaqları səyriyə-səyriyə bir anlığa fikrə getdi.

— Yaxşı, sən get, mən də bu saat gəlirəm.

Qarı çıxdı. Nazilə bayaqdan bəri öz- özünə verdiyi sualların cavabını deyəsən tapmışdı. Demək o, ancaq bu qonaqlığın xatirinə qalmışdır. O, sentyabrın birində dərs başlanan gün geydiyi qırmızı güllü paltarını geyinib, saçlarını səliqəyə salandan sonra Pərizad arvadın otağına keçdi. Pərizad arvadın dediyi kimi, süfrədə nə istəsən vardı: qırmızı yanaqlı iri sarı almalar, narıngi, apelsin, doğranıb boşqablara düzülmüş qarpız dilimləri, sərin su şüşələri. Yanlarına da üç boş boşqab qoyulmuşdu. İri bir qızılgül buketi də qrafinin içində stolun ortasında dururdu. İkram Naziləni görən kimi ona tərəf irəlilədi:

— Xoş gəlmisiniz - deyib, onu yuxarı başda oturmağa dəvət etdi.

Otağı zəfəranlı plovun xoş ətri bürümüşdü. Pərizad arvad isə mətbəxdə məşğuldu. Nazilənin səsini eşidən kimi mətbəxdən səsləndi:

— Nazilə, qızım, otur, mən də bu dəqiqə gəlirəm.

Nazilə hiss etdi ki, İkram sevincindən nə edəcəyini bilmir. Deyəsən, yenə deməyə söz tapmır. Axır ki, dilləndi:

— Nazilə xanım, gərək bağışlayasız, kənd yeridir, sizə layiq olmayan bir stol açmışıq.

Nazilə onun sözünü kəsdi:
— Siz nə danışırsınız. Mən deyərdim ki, heç şəhərdə də belə stol açıldığını görməmişəm.

— Bacardığımız budur, inciməyin.

— Əksinə, böyük əziyyət çəkmisiniz.

— Şəhərdə olsaydıq, sizi layiqincə qarşılardım. Nənəmə hey deyirəm ki, yığış gedək şəhərə, burada tək qalıb nə edəcəksən? O cavabında nə desə yaxşıdır - mən camışı qoyub heç hara gedəsi deyiləm.

Nazilə, qarının camışı Dezertir adlandırdığı yadına düşüb, güldü.

— Bilirəm, ananız Dezertiri çox sevir.

— Siz də onun adını bilirsiniz?

— Bəli, ananız onu tez-tez belə adlandırır.

— Məni bağışlayın, nənəm çox qəribə arvaddır. Gör mənə nə deyir. Deyir ki, bu şərtlə şəhərə gedərəm ki, Dezertiri də özümlə aparım.
Deyirəm, ay nənə, şəhər hara, camış hara?

Bu vaxt Pərizad arvad əlində buğlana-buğlana plov qazanını içəri gətirdi.

— İkram, genə məndən danışırsan?

— Yox, nənə, səndən yox, Dezertirindən danışıram. Deyirəm ki, ondan ayrılan canın yoxdur.

— Bə nə. Onsuz bir günüm də olmasın. Məni incitsə də, heç zaman xətrinə dəyən deyiləm. Bircə bu naxırdan qaçması olmaya ha, canlara dəyən heyvandır.

— Onu bilirsən ki, dezertirlik üstündə adama cəza verirlər?

— Qoy onlar cəza versinlər. Mənim Dezertirimin nə ağzı var, nə dili. Heç kəslə işi yoxdur. Nə eyləyir mənə eyləyir.

— Axı, onu şəhərə aparsan, daha naxıra göndərə bilməyəcəksən. Orada nə naxır var, nə sürü. Sənin Dezertirin ömürlük dezertir olub qalacaq.

— Həyətdə bir tövlə tikib orada saxlaram.

— Nənə, onu bilirsən ki, mən şəhərdə altıncı mərtəbədə yaşayıram. Sən şəhərdə olsan, hər gün o pilləkanları qalxıb düşə bilərsən?

— Qalxaram. Düz sözümdür. Dezertirim yanımda olandan sonra lap onuncu mərtəbəyə də qalxaram.

— Yaxşı, nənə, plov soyuyur, çək görək.

— Qızım, sən bu oğlumun sözlərinə qulaq asma. Onun əzəldən Dezertirlə arası yoxdur, --deyib plovu nimçələrə çəkməyə başladı.

Bu zaman Nazilə cavabını çoxdan axtardığı sualı İkramın özünə verdi:

— Siz axı bir günlüyə buraya gəlmişdiniz. Bu gün üçüncü gündür ki, ləngiyirsiniz. Putyovkanızın vaxtı keçmirmi?

— Qoy keçsin. İnsan üçün hara rahatdırsa, orada da dincələ bilər.

Anası da söhbətə qarışdı:

— Bıy, başıma xeyir, ta getməyəcəksən?

— Gedəcəyəm, - nənə, gedəcəyəm, ancaq nə vaxt istəsəm, o zaman da gedəcəyəm deyib, Naziləni gizlicə sezdi. Nazilə isə özünü eşitməməzliyə vurdu. Əslində isə fikirləşdi ki, o, bu sözləri ona eşitdirmək üçün deyir. Necə deyərlər, qızım, sənə deyirəm, gəlinim, sən eşit. İkram az danışırdı. Ancaq sözlərində niyyətini gizlədə bilmirli.

— Nənəmin plovunu çoxdandır ki, yeməmişəm. Bizim bu kənddə onun kimi plov bişirən ikinci adam çətin tapa bilərsən. Xüsusilə zəfəranlı plovu əvəzsizdir. Ona görə də mənə göndərdiyi məktublarda istədiyi şey ancaq zəfəran olur.

— Bə nə. Zəfəransız plovun nə ləzzəti.

Oğlu anasının plovunu tərifləməkdə haqlı idi. Nazilənin belə ləzzətli bir plov yediyi yadına gəlmirdi. Buna görə də Pərizad arvadın plovunu tərifləmək üçün özünü saxlaya bilmədi:

— Siz haqlısınız. Doğrudan da dadlı plovdur. Bizlərdə də plov bişirirlər. Ancaq Pərizad xalanın bişirdiyi bu plov kimi ləzzətli və ətirli olmur.

Nazilənin tərifli sözlərindən İkram sanki vəcdə gəldi:

— Bu hələ harasıdır, --dedi. - Mən burada qaldığım müddətdə ona elə xörəklər bişirdəcəyəm ki, dadı aylarla ağzınızdan getməyəcək. Sizin kimi əziz qonağa gərək, elə xörəklər yedirdək ki, kəndimizi unutmayasınız. Mən çox şadam ki, anamın plovu sizin xoşunuza gəldi.

Nazilə qaşları altından İkramı gizlicə sezdiyi zaman İkramın yenə də odlu baxışları ilə rastlaşdı. Ona zillənmiş mehriban baxışlardan özunu az qala itirəcəkdi.

Plovu yeyib qurtarandan sonra İkram apelsinləri iri-iri doğrayıb Nazilənin qarşısındakı boş nimçəyə düzürdü.

— Buyurun. Siz yəqin ingilis kitablarında süfrə başında belə xidmətlər barədə çox oxumusunuz. Bu cəhətdən gərək bizi bağışlayasınız. Bizim Mollakənd London deyil. İngilislər bizim süfrə başındakı bu xidmətlərimizi görsələr, güləcəklər. Elə deyilmi?

Nazilənin sifəti ciddi bir ifadə aldı:

— Niyə ki? Hər bir xalqın milli adətləri özləri üçün müqəddəsdir. Deyim ki, mən bizim milli süfrəmizi və ona xidməti daha üstün tuturam.

— Demək, mənim nənəm ingilis xanımları ilə yarışa bilər,— deyə İkram bərkdən güldü. - Sağ ol nənə, mən səni belə bilməzdim. Görürsən də, Nazilə xanım sənin bacarığına necə qiymət verir.

— O sənin kimi deyil ha, hər şeyə bir qulp qoyursan.

— İndi de görüm, sənin mənim üçün seçdiyin gəlin ingilis xanımları ilə yarışa bilərmi?

— İndi olmasa da, ev gəlini olandan sonra bacarar, lap o yana da keçər.

Nazilə qulaqlarına inanmadı. Bu nədir, İkram ona nişanlısı olduğunu bildirməkmi istəyir? Dedikləri zarafat kimi görünsə də, yəqin ki, bir əsası var. Yanmayan yerdən tüstü çıxmaz deyərdər. Pərt olsa da bunu büruzə verməməyə çalışdı.

Öz otağına qayıdandan sonra da İkramın dediyi sözlər iynəyə dönüb ürəyinə sancılırdı sanki. Yatağında cecə yarısınadək qurcalandı, gözünə heç cür yuxu girmədi. Ona yenicə bağlanmaq istədiyi bu gəncin belə hərəkəti arxadan vurulmuş zərbə kimi olmuşdu. Demək, o baxışlar hamısı saxta imiş. Bir qızın yanında başqa bir qızdan, illah ki, nişanlısı olan başqa bir qızdan söhbət açması məyər ona işarə deyilmi idi ki, ey cavan qız, agah ol, mənim nişanlım var. Bu andan etibarən onun bütün arzu və xəyalları alt-üst oldu. Gələcəyini düşünərkən ilk addımlarından belə uğursuzluğa tutulması ona elə dəhşətli göründü ki, az qala bütün həyat nəzərində başqalaşdı, yaşamaq həvəsi tükəndi. Çox düşünüb daşındı və belə qərara gəldi ki, İkram barədə bir daha fikirləşməsin, onunla rastlaşmamağa çalışsın. Özünü bilə-bilə iztirabın qorxunc dalğaları içərisinə atmasın.

Sübh tezdən evdən elə çıxdı ki, onu nə Pərizad arvad gördü, nə də oğlu. İş də elə gətirmişdi ki, o gün dərsi çox olan günü idi. Evə gec qayıdacağına sevindi. Axırıncı dərs qurtaranda artıq günəş Kürün o tayındakı alçaq təpələrin arxasına əyilirdi.

Fikirli- fikirli evə dönərkən, arxadan kimsə onu səslədi:

— Nazilə.

Bu, məktəbin cöğrafiya müəlliməsi Cahan müəllimə idi.

— Aaa, xoş gördük, Cahan xanım. Nə vaxt gəlmisiniz?

— Bir saat olar. Gəldim məktəbə, dedilər ki, indicə çıxdı. Məktubu anana çatdırdım. Anan bir az xəstə kimi idi.

— Yorğan- döşəkdədir yəni?

— Yatırdı. Ancaq narahat olma. Balaca soyuqlamışdı. Durub evin içində gəzirdi.

— Bir söz demədi?

— Salam-dua göndərdi. Yaxşı arvaddır, çox xoşuma gəldi. Möhkəm-möhkəm tapşırdı ki, özündən muğayat olasan.

davamı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG