Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:55
Əvvəllər yer üzündə heç nə yoxdu, vaxt da boş-boşuna gəlib keçirdi. Dünyanın nə ağacı-daşı vardı, ilişib yaşıl yarpağını saraltsın, qayasını üyüdüb quma döndərsin, nə insanı vardı, cavan ömrünü qoca etsin... Sonra dünya dünya oldu, ağacı-daşı və bu ağaca-daşa "mənimdi" deyən insanı yarandı, beləcə, zamanın iş görmə zamanı gəldi...

* * *

...Doğrudanmı bu onun xarakteri idi? Yoxsa bilərəkdən özünü sovet höku­mətinin kağız üzərində qalan, həyata keçməyən şablonuna uyğunlaşdırırdı. Amma o, belə idi. Atasız, köməksiz, kimsəsiz, gözüqıpıq böyümüşdü. Bəlkə sahibsizliyin, kimsəsizliyin, köməksizliyin qorxusundan gələn təmizlikdi bu? Bəlkə arxası, köməyi, dar gündə əlindən tutanı olsaydı, o da şeytan əməlinə uyar, halalına haram qatar, rüşvət də alar, hələ bir az o tərəfə də keçərdi. Heç təmizlik, saflıq haqqında düşünməzdi də... Kim bilir? Bunu hər halda ekstremal hadisələr ortaya çıxarır. Hələ ki, xarakterini sınaqdan çıxarmaq üçün belə bir qeyri-adi hadisə ilə qarşı-qarşıya gəlməmişdi də...
Özünə normal bir ev tikdirmək istəyirdi, kənddə çoxlarından seçiləcək, fərqli, hətta adını tarixə sala biləcək bir ev. Bu ev ehtirası beyninə hardan düşmüşdü, özü də bilmirdi. Bəlkə tək bacasından gündüzlər günəşin, gecələr ayın işığı düşən daxmada dünyaya gəldiyindən, gözəgörünməz bir əl onun başına bu zamansız ev sevdasını salmışdı? Sovet hökuməti bəylərin, xanların, ağaların axırına çıxsa da onların adlarının axırına çıxmamışdı, çıxa bilməmişdi. İçində dünyanın ən gözəl meyvə ağacları olan kolxoz bağlarından birinə hələ də "Ağalığın bağı" deyirdilər. O ağalığın bağı ki, armudlarının adı çəkiləndə uzaqdan-uzağa adamın ağzı sulanırdı. Çiçəklər uzaqdan tozlandığı kimi meyvələrin də uzaqdan-uzağa ruha qanad verməyi, maddiləşməyi vardı. Yaşlı adamlar hələ sovet hökumətinin kəsə-kəs vaxtında da kəndin bütün evlərindən seçilən kolxoz idarəsinə "Allahyar bəyin imarəti" deyirdilər... O da elə ev tikdirəcəkdi ki, "Ağalığın bağı", "Allahyar bəyin imarəti" kimi tarixə düşsün... Amma nə ilə, hansı pulla? İçində gözəgörünməz qüvvəyə elə böyük inam vardı ki... Hayandansa qarşısına bir təsadüf çıxacaq və bu təsadüf ömrünün axarını dəyişəcək, yetim arzularının həyata kəçməsinə yardım edəcəkdi. Edəcəkdimi? Bu sualı onun özünə versən, özünün də cavab verəndə dili topuq çalardı. Adəti idi, hər zaman əzilənin yanında yer alar, hətta döyülsə, söyülsə də haqqın tərəfini tutardı. Orta məktəbdə oxuyanda belə davranışlarına görə az təzyiqə məruz qalmamışdı... Bağlı qapıları açacaq dayısı, pulu olmadığından, onun Allaha sığınmaqdan başqa bir çarəsi də yoxdu... İçində elə böyük arzuları vardı ki?! Bir gün bu arzuların onu gerçəklik dünyasına aparacağına adına inanan kimi inanırdı. Bəlkə də dünyada ən böyük iş arzulamaqdır. Hər kəsin arzusu olsa da, hər kəsin arzusu yerinə yetmir ki?! Yalnız inadlı canatımlar insanı arzularına qovuşdurur. Bayat da arzu dağarcığıydı... Görəsən, arzuların mənbəyi hardadır? - deyirdi. Hardan gəlib qəlbimizi ünvan seçir? Bizmi arzuları seçirik, yoxsa o da bir vəhy kimi Allah tərəfindən içimizə doldurulur?.. Hərdən Bayata elə gəlirdi ki, arzuların birbaşa Allahla əlaqəsi var... Və insanı doğan, yoğurub yapan, nəhayət, uğura ulaşdıran atadan, anadan əvvəl arzulardır.
Yəqin dünyaya gələn hər kəsin fərqlənmək, seçilmək ehtirası var. Bu dəli ehtiras Bayata da yad deyildi. Anası hər dəfə falçıya baxdıranda qulağının ucuyla da olsa bu deyilənlərin ümidli, inamlı sözlərini seçib yaddaşının ən qayım yerinə həkk edərdi. Falçılar isə elə bil bir-birinin qulağına pıçıldamışdılar, elə hey anasına ümidli sözlər deyərdilər:
- Yaman günün ömrü azdır, bax, inşallah, görəcəksən, oğlunun axırı yaxşı olacaq, hamı gələcəkdə ona küvənəcək, bax, görərsən.
Əslində, falçıların sözü bir bəhanə idi, elə Bayatın özü də özündən möcüzə gözləyirdi. Bəlkə, elə Allah insanlar dünyaya gəlməmiş, onların içinə özündən də bir şeylər qoyur, bu, Allaha, möcüzəyə inam hissidir. Biriləri o dünyanın bu dünyaya gələn əzab yolunda o hissi itirir, bu dünyaya gətirə bilmir, biriləri, Bayat kimiləri də o hissin içinə harda dolduğunu, kimin doldurduğunu bilmədən ona inanır, ondan gözəgörünməz ümid kəndiri kimi yapışır. Bayat inanırdı ki, elə nağıllardakı kimi ona da gecələrin birində mələklər tərəfindən badə içiriləcək və elə işlər görməyə qadir olacaq ki, hamı onu barmaqla göstərəcək, hörmət edəcək, hörmət yox ey, pərəstiş edəcək. Amma ona badə içirildiyini hardan biləcəkdi? Buna görə də öz-özünü sınaqdan çıxarmağı qərara almışdı. Doğrudur, bu sınaqlar o qədər də çətin sınaqlar deyildi. Hərdən gözünü yumub qarşıda uzanan yolun bir hissəsini gözüyumulu getmək istəyirdi, görsün çaşıb eləmir ki? Əgər çaşmırdısa, bələdlədiyi yerə gözüyumulu çata bilirdisə, deməli, yavaş-yavaş ona badə içirilməkdə idi. Ya da yaz, yay aylarında çayın qabağını kəsib düzəltdikləri göldə tay-tuşları ilə birlikdə suyun altında nəfəs almadan nə qədər qala biləcəklərinin bəhsinə girişərdilər. O, bu yarışda da birinci olardı. Əgər ona vergi verilməmişdisə, burada Allahın əli yoxdusa, o zaman niyə məhz o, hamıdan çox suyun altında qala bilir? Bəlkə hamıdan çox bunu vərdişə çevirdiyindən? Yox, əşşi, guya o biri uşaqlar səndən az çalışır suyun altında çox qalmağa.Yox, burda həqiqətən də qeyri-adi nəsə var. Bunu demək asandır, amma bu "nəsəni" hamıya sübut etməli idi. Onu tay-tuşları arasında fərqləndirəcək işlər elə də böyük işlər deyildi ki, kəndə səs salsın.
- Niyə darıxırsan, - deyirdi, - Allahın köməyi ilə bu gün-sabah onlar da olacaq! Kəndi dolaşan və hər birində də Allah sirri gizlənən özünü sınaqdan çıxarmaq üçün o qədər əfsanələr vardı ki?! Payızın çənli, çisəkli havalarında pələş yarpaqlarının sarılığı elə bu payız çənindəcə göz qamaşdıran ceviz ağaclarının altında ceviz falına baxardı: -Ağ daş, qara daş, buna bir yoldaş! Hərdən ayın-ilin qismətinə düşən nadir bazar günlərinin birində anası ilə rayon mərkəzinə bazara gedəndə şəhərin qoşa qolları kimi uzanan dəmiryol relsinin üstü ilə yerimək cəhdləri də olurdu. Ürəyində özü-özü ilə şərtləşirdi ki, işdi, bax, burdan o biri döngəyədək bu relsin üstü ilə getsə, gedə bilsə, sinəsini göynədən arzuları mütləq həyata keçəcək, mütləq. Yadında qalmışdı, bir dəfə qara paravozların tüstüləyə-tüstüləyə çəkib apardığı eşalonların əvəzinə relslərin üzərindən süd rəngli bir qatarın keçdiyini görmüşdü... Bəlkə də heç görməmişdi, camış sürüsü kimi arxa-arxaya düzülən görüntüsündən qaramat yağan yük qatarlarına baxmaqdan bezdiyindən belə bir süd rəngli qatar görməyi xəyal etmişdi, elə o xəyalların, arzularla dolu süd qoxulu yuxularının yaratdığı bir qatardı bu. Bu dünyada başqa bir dünyanın da olduğuna, bir gün bu maddi dünyanın da xəyal dünyası olacağı haqqında Tanrı işarəti idi gördüyü yuxular...
Müqəddəs yuxular görmək onun uşaqlıq vərdişidir. Amma gördüyü nə idi, görəsən, hamımı belə yuxular görür, yoxsa bunlar onun elə gündüzlər fikirləşdiklərinin gecələr yuxusunda əksidir, bilməzdi. Kəndin tozlu yolları onun xəyalpərəst ruhunu o qədər sıxmışdı ki, yuxuları kəndlərini şəhərə çevirirdi. Niyə rayon mərkəzində yaşayan uşaqlar hər gün keçən, aranı dağa, dağı arana daşıyan qatarları, asfalt küçələrdə şütüyən bir-birindən yaraşıqlı minik maşınlarını görə bilir, istədikləri zaman bazara gedib nə istəsələr ala bilirdilər, onlar- kənd uşaqları yox? Adi bir şey almaq üçün durub pay-piyada önbeş kilometr yolu rayon mərkəzinə bazarlığa getməli idilər? Onların - kənd uşaqlarının o şəhər uşaqlarından nəyi əskik idi ki? Niyə onların qismətinə elə, bizim qismətimizə isə belə yerdə yaşamaq düşməlidir ki?! Bu bölgünü kim aparıb? Bölərkən heç bizim fikrimizi nəzərə alıbmı? Və bəlkə bütün bunların hayıfını o, yuxularından alırdı. Nə yaxşı ki, yuxular vardı və yuxuların aşkarda heç zaman gerçəkləşməsi mümkün olmayan möcüzələri vardı. Bir də, niyə gerçəkləşməsi mümkün olmayan deyəsən ki? Nə fərqi gecə yuxuda gördüklərini gündüzlər aşkarda görmürsən, görə bilmirsən? Ömrümüzün yarısı yuxuda keçmirmi? Yuxu, gecələr də ömürdən deyilmi? Qışda bahar arzusuyla yaşamaq hissi kimə yaddır ki?! Baharı görmədən bahar arzuları ilə yaşamaq! Qışda baharın olmaması o demək deyil ki, bahar gəlməyəcək. Yuxularda gördüklərinin bir gün bahar kimi Kəmərin yamacından boy göstərməyəcəyini hardan bilirsən? Və beləcə bir dəfə yuxusunda gördü ki, qəbiristanın yoxuşundan üzü kəndlərinə tərəf bir paravoz gəlir. Və qəribəsi də odur ki, sanki bu qatarın polad təkərlərinə relsli, şpallı hazır dəmir yolu sarınıb, lokomotiv irəlilədikcə onun təkərlərinə sarılmış hazır dəmir yolu yumaq kimi açılıb öküz arabalarının, yük maşınlarının gediş-gəlişindən çala-çuxur olan torpaq kənd yolunu mazut qoxusu verən təzə dəmir yoluna çevirir.Və dəmir yolunun kənarında qırağı yamyaşıl ağaclarla çevrəli tər-təzə şüşə kimi parlayan asfalt yol da qalır. Bu yolun isti, hamar asfalt qucağında bardaş qurub beşdaş oynamağın ləzzəti başqa olacaqdı... Bayat bu yuxunu elə canlı görmüşdü ki, möcüzənin həqiqət anını görmək üçün, səhəri yerindən duran kimi daxmalarının dalındakı kənd yoluna qaçmışdı. Amma heyif ki, yağtikanların hörümçək torunda sırsıra bağladığı çiskinli payız səhərində yol elə həmin qərib və yazıq görkəmində idi. Hətta Bayata elə gəldi ki, onun yuxusunun gerçəkləşməsinə yol da xəcalət çəkir. Yoxsa canına bir bu qədər qəriblik çökməzdi ki?! Bayat kənd yolunu heç zaman belə yetim və qərib görməmişdi. Bəlkə yuxusundakı yolla müqayisə etdiyindən gercəkdəki kənd yolunun əyri duruşundan yetimlik yağdığının fərqinə varmışdı... Bayat özünə söz vermişdi ki, böyüyüb əli çörəyə çatanda mütləq dəmir yolu çəkdirə bilməsə də, bu kəndə o yuxusundakı asfalt yolu çəkdirəcək, kənd yolunu bu qərib görkəmindən qurtaracaq. Bəlkə elə gördüyü o yuxu da bunun bir işarəti idi.Yuxusunu kimə yozduraydı ki? Kimə danışsa ona güləcəkdilər. Amma yarıkönül olsa da bu dəfə də içinə damanların bir gün mütləq gerçəkləşəcəyinə inanaraq yaşamağa davam edəcəkdi. O qaranlıq illərdə gündüzün bomboz həqiqətlərindən azad olmaq üçün yaxşı ki, gecələrin elə işıqlı yuxuları vardı, onlar da olmasaydı, günü necə keçərdi?

* * *

...Kürqırağı meşələrdən başlayan otçəkən duman səhərdən üzüyuxarı-yayla­ğa qalxan qoyun sürüsü kimi dərin dərələrdən zirvələrə doğru sürünür. Bu sis-duman çəkilib getdikdən sonra şehli yamaclarda otun bir quzuqırpımı qalxdığı görünür. Danaqıranlar, bənövşələr, nərgizlər ilahi gücün səssiz "oyan" əmrini duymuş olduqlarından beləcə gözəllik sərgisi açıblar. Amma daha bu sərhəd kəndində məktəb uşaqları yazın gəlişinə əvvəlki illərdə olduğu kimi sevinmirlər. Çiçəkləri boy göstərər-göstərməz dərib yaxalarına taxmırlar, çünki zaman güllük, çiçəklik deyil. Bayatın uşaqlıq xatirələrində də müharibə vardı, onu babasız qoyan, vücudu ilə yaşadığı, tarix kitabından oxuduğu müharibə. İkinci dünya müharibəsi! Onda müharibə uzaqlarda gedirdi, çox uzaqlarda . O zaman müharibənin nəfəsi kəndin seyrələn cavanlarının bir-bir yox oluşunda hiss edilirmiş... Top-tüfəng səsi yalnız bir-birinin ardınca kənd evlərinin çürümüş taxtalı qapısını döyən "qara kağızlar"ın ölümlü-qanlı xəbərindən gəlirmiş... Bu kəndin yenə qara günüdür, bu kənd üçün yenə müharibə gedir. Təkcə bir fərq var, əlli il öncə qara kağızlardan eşidilən top səsləri indi kəndin başının üstündən gəlir. Və indi kəndi əhatə edən uca zirvələrin başını ot çəkən duman bürümür, düşmən tərəfdən atılan top mərmilərinin, qrad raketlərinin çıxardığı tüstü zirvələri görünməz edir... Müharibədəndi, ya nədəndi, daha bu kəndin yazını maral heliyi bəzəmir. İldə bir dəfə o nəydi gələn? Maral heliyi nə olan şeydi? Bir bilən vardımı? Bir də görərdin havada hansı rüzgarın qanadıylasa ağ-ağ liflər uçuşur, önünə çıxan qayaya-daşa, dala-budağa ilişib qalır, dişlərini ağardır. Uşaqların ilk maraq yeri olardı haradan gəldiyi məlum olmayan bir günlük gözəgörümlü uçuş. Uşaq suallarının tək bircə cavabı vardı: Maral heliyi! Nə uşaqlar soruşa bilərdi, axı nədir bu maral heliyi, haradan gəlib, haraya gedir? Nə böyüklər özlərinə əziyyət verərdi bu cavabı bilinməyən sualları cavablandırmağa. Bəlkə bir zamanlar onların da uşaq sualları böyüklər tərəfindən cavabsız qalmışdı, kim bilir. Maral heliyi! Bəlkə bu, Allah tərəfindən olan milyonlarla gözəgörünməzlərin bir-iki gözə görünən möcüzələrindən biri idi. Allah insanlara beləcə ip ucu verirdi, onu dərk etmək üçün. Amma fikrin tənbəli insanlar, bu möcüzəyə bir zamanlar kimdənsə eşitdikləri başaldadan, canqurtaran "Maral heliyi" cavabını verməklə işlərini bitmiş hesab edirdilər. Bu qədər maral hardaydı ki, onların da bir bu qədər heliyi olaydı? Kəndin başının üstünü alan qəfil müharibə maral heliyi ilə bərabər onun yaratdığı bir günlük möcüzəvi havanı da yox etmişdi...
Uşaqlar artıq atalarının yolunu arandan- rayon mərkəzindən gələn yolda gözləmirlər. Çünki sərhəd kəndinin uşaqları artıq özləri neçə ildir gedən savaşın birbaşa iştirakçılarıdır. Bu kəndin adamları dünyanın çeşidli yerlərində gedən müharibələrə nə qədər maraq göstərirdisə, indi dünya da bu kənddə gedən savaşa eyni həssaslığı göstərir, yəni göstərmir. Onda kimsənin ağlına gəlməzdi ki, çiçəklər uzaqdan tozlandığı kimi, o müharibə uzaqlığı beləcə yaxın olacaq, uzaq olaylar bir gün sizə də yaxın gələcək və bir zaman sizin etdiyinizi bu dəfə də dünyanın başqa yerlərində yaşayan insanlar edəcək, başınıza gətirilənlərə çiyinlərini çəkməklə cavab verəcək. Kəndləri ermənilərin Çinari kəndi ilə sərhəddir. Tərs kimi kəndin adı da heç erməni adı deyil: Çinari. Sondakı "i" hərfini götürsən hər şey aydınlanacaq. Bayatgilin kəndləri ilə Çinar xurcun tayıdırlar, tərəzinin iki gözü kimidirlər; Şəhmir dağının sağ dərəsində Çinar, sol dərəsində isə Əsrik yerləşir. Bu kəndlərin hər biri bir çay boyuna, bir dərəyə sığınıb. Sovet illərində bu kəndlərin bir-biri ilə gediş-gəlişi kəsilməzdi... Bayatgilin kəndindəki ən gözəl evləri Çinardan gələn erməni ustaları tikərdi, həm də yerli ustalardan daha ucuz qiymətə... Ev tikdirənlər bu erməni tamahsızlığını, səxavətini anlamazdı. Heç özləri də öz-özlərinə soruşmazdı ki, ey dili-qafil, bu erməni ustaları nəyə görə belə səxavətlə iş görür. Niyə də fikirləşməli idilər ki? Axşamdan sabaha kəndin ortasındakı Caqqulunun hardansa alıb gətirdiyi batareya ilə işləyən pələş-təvərə radio cihazından "Qardaş olub Hayastan, Azərbaycan" mahnıları oxunmurdumu? Həm də xaçpərəst ermənilərlə türk müsəlmanları birləşdirən başqa cəhətlər də yox deyildi. Bu da kirvəlik məsələsi idi. Kirvəlik deyəndə ki, bu yaxınlıq üçün bir bəhanəydi... "İşinin xatirinə erməniyə dayı deyir", atalar misalı da yəqin ki, başqa bir kənddə yox, elə Bayatın dost-doğmaca Əsriyində uydurulmuşdu. Kəndin varlı-hallı adamları uşaqlarını sünnət etdirəndə kirvə üçün baş sındırmaq gərəkməzdi. Hazırca Çinarın Qarsevəni, Arşağı, Ersüni kirvə olmaq üçün fürsət gözləmirdilərmi? Kirvəlik isə ən yaxın qohumdan da daha şirin olurdu. Zarafat deyil, bir xaçpərəst erməninin qucağında bir türk oğlu müsəlman olurdu. Və bu türk uşağının pülüyündən axan qan dostluğu az qala qohumluğa çevirirdi. Bu qohumluqda isə hər iki tərəfin öz karı vardı. Erməni hazırca iş yeri qazanırdı, kəndin inşaatında söz sahibi olurdu. Türk oğlunun atasının isə öz fəlsəfəsi vardı. Çinarda erməninin tut arağından vurub keflənmə, keflənmədən də özünü kefli göstərib marqolara göz qırpma imkanı yaranırdı. Beləcə, nə şiş yanırdı, nə kabab. Qazan örtülü qaynayırdı. Çinara tez-tez gedib - gəlmələr kişilərdə şübhə doğursa da, qadınlarda doğurmurdu. Əsas olan da bu idi... İndi Çinardan - o kirvələrin kəndindən atılan qrad mərmiləri sanki marqoların gecikmiş qisasına bir işarət idi. Bayat başının üstündən uçan qrad mərmilərinin tükürpərdici vıyıltısı şimşəkdən, qartal qıyından başqa bir səs eşitməyən dağların dərə qulaqlarında əks-səda verdikcə keçən günləri xatırlamaya bilmirdi. Şəhmirin Çinar aşacağında qırmızı puf daşından tikilmiş ermənilərin "vəng" deyə adlandırdıqları qədim bir kilsə vardı. Vəngin yan-yörəsi toyuq, xoruz tükü ilə çevrələnərdi. Sanki vəng binası xırman yeri idi, çevrəsindəki tüklər isə xırmandan ətrafa yayılan saman çöpləri. Ermənilər dini bayramlarında nəzir dedikləri xoruz və toyuqları qurban kəsərdilər... Həqiqətən də vəngin təlqinedici bir görkəmi vardı. Ən azından Əsrikdə buna bənzər bir tarixi abidə yoxdu. Axtarsan, kənd evləri də bambaşqa idi. Çinarın evləri daha görkəmli-qumundan, sementindən tox evlərdi. O zaman hayandansa Bayatın ağlına gəlirdi ki, başqa necə ola bilər ki, əlbəttə, erməni ustaları özləri üçün tikdikləri evləri daha gözəl tikəcəkdilər. Sonralar Bayat bir həqiqəti də özü üçün kəşf etmişdi; bizimkilər marqoların xatirinə hər şeyindən keçəndə erməni ustaları kirvə-kirvə oyunu oynaya-oynaya təkcə qazanc üçün deyil, bu türk kəndinin evlərini gizli, uzaqgörən niyyətləri ilə başdan-başa erməni-xristian tərzində tikirdilər. Evlərin pəncərə və qapı tağları xaç şəklində hörülürdü.
Vəngdən baxanda Çinar kəndi ovuc içi kimi görünür. Vəng ona "zəng" sözünü anımsadır. Bunun səbəbi hərdənbir kilsədən yüksələn zəng səsləri olmalıydı. Yaşıllıqlar, bağ-bağatlar içindən görünən evlərin qırmızı kirəmitləri qızılgül qönçəsinə bənzəyirdi. Kənd, çay yatağı kimi dərələr boyunca elə dərələrin axarına uyğun şəkildə qıvrılan mavi gölü andırırdı. Ən vacibi isə o zamanlar hətta Bayatgilin rayonlarında su-elektrik stansiyası olmayanda, Çinar axşamları yerli elektrik stansiyasının işıqları ilə çıraqban olurdu.
May ayında Çinar kəndinin məktəbliləri ilə Əsrik kəndinin şagirdləri arasında vəngin ətrafında müxtəlif yarışlar keçirilərdi. Bu yarışlarda çox zaman Əsrikli uşaqlar qalib gələrdi... O zaman Bayat uşaq ağlıyla bunun səbəbini öyrənməyə çalışardı. Bu, bəlkə də erməninin qanına, canına hopmuş türk qorxusunun təsiri idi, bəlkə də yox, hər halda Əsrikli uşaqların yarışlardakı hər dəfəki qələbəsi hansı sirli bir gücünsə gözəgörünən işarəti idi. Başına gəlmiş bir hadisə də onun bu qənaətini gücləndirmişdi...
Qonşuları Məmmədəli kişi ilə Çinara səfərlərini xatırlayırdı... Hardasa, on yaşı olardı. Qonşuları Məmmədəli kişi Çinara balta və dəhrələrini itilətməyə gedirdi. Bundan xəbər tutan Bayat da ağaca-daşa döyəcləməkdən korşaltdığı baltasını qoltuğuna vurub Məmmədəli kişiyə qoşulub Çinarın yolunu tutmuşdu. Bu, Bayatın Çinara ilk gedişi idi. Vəngdən baxanda, kilsə yamacında yaşıllıqlar içində mavi göl kimi cilvələnən Çinar bir başqaydı, içinə girdiyi Çinar bir başqa. Əsrikdən fərqi çoxdu. Doğrudur, Çinarın sən deyən küçəsi, səliqə-sahmanı yoxdu. Amma içini itburnu kolları dolduran ağac şivlərindən çəkilən çəpərlərin arxasından görünən evlər daha düzənli və gözədəyəndi. Bacalardan burula-burula, yorğun-arğın qalxan tüstülərdən burnuna alışıq olmadığı qoxular gəlirdi. Bu yad qoxu Bayatın içinə dolur, başını gicəlləndirir, ürəyini bulandırırdı. Yoldan evlərə burulan cığırların kənarlarında gərmə yığını gözə dəyirdi, gərmənin çevrəsi püşqarışıq üzüm, tut, alma cecəsi ilə dolu idi. Çinarın samaqonu-meyvə arağı adnan söylənirdi. Doğrudur, Bayatın bu erməni matahından bəhrələnən yaşı deyildi. Amma axşamlar Əsrikdəki evlərdən eşidilən qalmaqaldan bu evə davanın araq üstə düşdüyü bəlli idi. Nə olub? - sorusuna:
- Başı batmış, yenə erməninin samaqonundan içib başını itirib, - cavabı gələrdi.
- Köpək uşağı bizim kişiləri də özlərinin gününə salejaxlar.
O biri səs cavab verirdi:
- Azz, bu kənddə bu qədər erməni ustası işləyib, heç görübsən biri içib ağlını itirsin, onu de bizimkilərə, itin qursağı yağ götürməz ki? Erməni o andır qalmışını elə bizim başıboşlar üçün belə sərt çəkir də.
Bayat bunları düşünə-düşünə fikirləşirdi ki, yəqin bu başını xarab edən qoxu zəhirmar, elə o cecələrdən gəlir.
- Cecəsi belə baş dumanlandıranda indi gör arağı nə təhərdir?
Kəndin ən gözədəyəni isə süd dolu məmələri az qala yerlə sürünən, çevrəsində 10-15 çoşkası nırçıldayan anaş donuzlar idi; iyi almış kimi dağ yolundan gələnlərin buralar adamı olmadığını anladıqlarından da uzun, ətli xortumlarının altından xosunlaşırdılar. İki çəpərin arasına sıxışmış dar yol Bayatgili dəyirmana doğru aparırdı. Çaydan yamaca qaldırılan dəyirman arxı iki tərəfindən də çevrəsinə söyüdləri alıb aşağıya, donuzluğuna doğru irəliləyirdi. Əsrikdə dəfələrlə eşidib bir anlam vermədiyi bu "dəyirmanın donuzluğı " deyimi burada lap yerində səslənirdi. Arxdan kənarlara sızan qaçaq su bərabərində əvəlikli, lilparlı bir halə yaratmışdı. Dəyirman arxı eyni zamanda kiçik elektrik stansiyasının da pərlərini hərəkətə gətirirdi. Çinarda elektrik enerjisi ilə işləyən dəyirman vardı, bunu Bayat əvvəlcədən də bilirdi. Dəyirmanın sağ əlində çardağın altında ev alətlərini itiləmək üçün kiçik bir sex də vardı. Dəyirman arxından bir az aşağıda sahili yamyaşıl ot və mamırla çevrələnmiş dağ çayı üfüqdən aldığı yaz günəşinin sönük şəfəqlərini də sularına qatıb arana tərəf qoşmağında idi...
Məmmədəli kişi ilə yol getməyin də ayrı bir aləmi vardı. Yol boyu dodağının altında elə hey qımqımı çalıb-oxuyur, gümüldənirdi:

Payız aylarında bu vaxtı məni,
Unutdu dostlarım, buraxdı məni.
Qəza pis yerimdə nə yıxdı məni,
Eyləyin toyunuz mübarək olsun.

Bayat Məmmədəli kişinin özündən söz qoşduğunu bilirdi. Onu da bilirdi ki, kəndə toy keçirməyə gələn aşıqlar bəlkə elə Məmmədəli kişiyə görə çəkinə-çəkinə gəlirdilər. Necə olsa, kənddə sazdan, sözdən bu qədər anlayan, anlamağı bir yana dursun, söylədiyi qoşmaları dillərə düşən bir el ağsaqqalı var. Əslində, kənddə şeir qoşan təkcə Məmmədəli kişi deyildi ki? Kimi qurdalasan şeirlə cavab verirdi. Qoşanı məlum olmayan həcv və "poxlamalar" kəndi ağzına götürərdi. Söz qoşan bir deyil, iki deyildi ki, yaxasından yapışaydın, ona görə də hər kəs bir-birindən şübhələnərdi. Amma Məmmədəli kişi bir başqaydı. Onun öz yeri, öz ağırlığı, sözünün çəkisi vardı. Bayatın da bu kənd dalğasında içində ilham qığılcımları közərməyə üz tutmuşdu, o da kimsəyə göstərməsə də şeir cızmaqaralamağa başlamışdı. Həm də özünü Məmmədəli kişiyə bənzətmək istəyirdi. İndi bu səfərdə balta, dəhrə itilətmək bir bəhanə idi, əsas Məmmədəli kişi ilə belə bir səfərə çıxmaq və bəlkə ondan sözün sirrini öyrənməkdi...
Məmmədəli kişi Çinara bəlkə başının tükü sanı gəldiyindən bu yerlərin hər qarışına bələd idi.Və çardağa çatar-çatmaz:
- Mıkırtıç kişi, ay Mıkırtıç kişi, - deyə çağırmağa başladı. Bayat belə bir erməni adını ilk dəfədi ki, eşidirdi, içində öz-özünə:
- Ad qoyan, atana lənət, belə də ad olarmı, ə? Bütün samitləri elə bil qəsdən bir yerə yığıblar ki, birdən ayrı düşüb itərlər...
Qarşıdakı tox evin zirzəmi qapısının cırıltısı eşidildi. Sanki cavab verən Mıkırtıç kişi idi, səs də ondan gəlirdi. Amma Bayatın düşüncəsinin əksinə his basmış qapının arxasından elə onun yaşda bir erməni dığasının başı uzandı. Dodağının altında ermənicə nəsə söylədi. Sifətindən zəhirmar tökülürdü. Bayata elə gəldi ki, bu erməni uşağının onun ürəyindən keçənlərdən xəbəri var, yoxsa niyə Məmmədəli kişiyə yox, ona belə qanlı-qanlı baxırdı: mən ona nə eləmişəm ki? Sanki Məmmədəli kişi də onun dilini anlamış kimi, yamsılayaraq:
- Ara, a dığa eli, Mıkırtıç kişi evdəmi? Onunla bu günə vədələşmişdik, bizim kəsərləri itiliyəcəkdi...
Dığa başının işarəsiylə "Yoxdur" dedi və içəri girməyi ilə çıxmağı bir oldu. Bayatgilin dilini anladığı, amma qəsdən danışmaq istəmədiyi hər halından bəlli idi. Bir şey söyləmədən özünü çardağın altına verdi... Düyməni basmağıyla çarx işə düşdü, hirsli-hirsli Məmmədəli kişinin alətlərini itiləməyə girişdı. Onsuz da qara olan sifəti bir az da qaralmışdı. Dodaqları kəlbətin ağzı kimi kilidlənmiş, gözləri fırlanan daşla dəhrə tiyəsi arasında qalmışdı. Dığa Məmmədəli kişinin kəsərlərini itilədikdən sonra, növbə Bayatın alətlərinə çatmışdı. Amma dığa o yanlıq deyildi, düyməni basıb motoru dayandırdı. Məmmədəli kişi ağzına su alıb susan, altdan-altdan baxan dığaya üzünü tutub: -- Ayə, ay Allahın ermənisi, niyə matoru söndürdün, bə bu uşağın baltası nə olsun?
Məmmədəli kişi hirsləndiyindənmi, ya nədənsə bu dəfə ermənicə yamsılamağa da ehtiyac duymamışdı. Kişinin inadı faydasız idi. Erməni dığası Bayatı göstərib:
- "Türke dığa", "türke dığa" deyə-deyə özünü çıxdığı yerə- qarşı binanın zirzəmisinə təpdi. "Dığa" sözü Bayatın yadına kənddə oynadıqları uşaq oyunlarını, təkərləmələri saldı: "A dığa, dığa, şan dığa, səni göndərim pamığa". Ya da ilk dəfə erməni bənnalarının bir-birinə işarası söylədikləri anlamı bilinməz: Hires, hires manqiles, burnotu bol, bol kəses, köhnə kaşa yeqala" misraları beynində gümüş zəncirə dönüb cingildəməyə başlamışdı. Yarıtürk, yarıerməni sözqarışımından qoşulan bu sözlərdə onsuz da erməniyə qarşı bir sevgi də yoxdu. Buna görə onların tam mənasını öyrənmək Bayatın indiyə qədər heç ağlına belə gəlməmişdi. Bəlkə birindən soruşub öyrənə bilərdi.. Bəzən anlamadıqlarımız anladıqlarımızdan daha vacib olur. Və Bayat uşaq ağlı ilə anlayırdı ki, insanın ruhunda elə bir şey var ki, eşitdiyini tamı tamına anlamadan da keçinə bilir. Bu mübhəmliyin həzzi bir başqadır. Və "Türke dığa" sözcüyünün arxasında da başa düşülməyənin başa düşə biləcəyi bir kinin olduğunu Bayat indi anlamışdı. O, hardan biləydi ki, ağıl çox zaman ruhun qapalı dünyasındakı sirri anlamaqdan aciz olur. Bayatın o zamana qədər nəyin pis, nəyin yaxşı olması haqqında bir elə təsəvvürü də yoxdu, belə yerdə demirlərmi nə evlərində bişmişdi, nə qonşularında görünmüşdü. Doğrudur, anası yeri gələndə nəyin yaxşı, nəyin pis olması haqqında ona bəzi şeylər söyləyirdi, amma məktəbdə keçdikləri cansıxıcı dərslərdə bu xüsusda bir şey öyrənmək mümkün deyildi... Həqiqətin harda, yalanın harda olduğunu öyrədəcək bir kitab da yoxdu. Çətini bir yalanı danışana qədərdi, sonrası gəlir, bir dəfə uydurduğun yalanı sonra həqiqət kimi orda-burda danışırsan. Çünki uşaq xəyal dünyası yalanlar, mübaliğələr uydurmağa acdır, edə bilmədiklərini edə bilmiş kimi göstərmək uşaqların köhnə adətidir. Bayat ən azından bunu bilirdi.
Nə Bayat, belə görünür, nə də Məmmədəli kişi ermənicə bilmirdilər. Onu denən ermənilərə. Çinar kəndinin Əsriyə işləməyə gələn bütün erməniləri türkcə bıdır-bıdır ötürdülər. Bir də Əsriyə yalnızca bənnalar gəlmirdi ki? Əsriyin taxıl zəmilərini çox zaman ermənilər biçərdi. Başlarına yaylıq, bellərinə şal bağlayan erməni biçinçiləri kəddə hətta qəlibləşmiş bir deyimə də dönüşmüşdü: "Nə belini erməni biçinçisi kimi bağlayıb gəzirsən".

davamı

Günün bütün mövzuları

XS
SM
MD
LG