Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:53
Rusiya hökuməti xidmət zamanı qaydaları pozan məmurları cərimələmək niyyətindədir.
Nazirlər Kabinetinin toplantısından sonra iqtisadi inkişaf naziri Elvira Naibullina belə deyib.

Əgər məmur vətəndaşdan qanunda nəzərdə tutulmayan əlavə sənəd tələb edərsə və ya onu növbələrdə süründürərsə 5 min rubldan (sıravi məmur) 15 min rubladək (rəhbər məmur) cərimə ödəyəcək.

Bu məbləğ həmin məmurun aylıq maaşının 20-30 faizini təşkil edir.

Cərimələr yetərli olmazsa, hökumət gələcəkdə belə pozuntulara görə, məmurları cinayət məsuliyyətinə cəlb etməyi də nəzərdən keçirməyə hazırdı. Nazir Naibullina belə deyib.

2-2,5 MİLYARDLIQ İTKİ


Rusiya vətəndaşları və iş adamlarının dövlət idarələrindəki növbələrdə itirdikləri 2-2,5 milyard rubl eləyir. Bu, hökumətin hesablamasıdır. Üstəlik onlar dövlət xidmətinə görə, normativ aktlarda olduğundan daha çox ödəyirlər.

Beləliklə də, istənilən bir xidmətlə bağlı biznes xərcləri iki dəfə artır, bəzən də bir neçə dəfə. Xidmətlə bağlı icazə almaq üçün gözləmə müddəti də normativ aktlardakından orta hesabla iki dəfə çoxdur. Vasitəçi tapmaq problemi hələ də qalmaqdadır.

«Bürokratiyanın başlıca problemi odur ki, işin effektivliyinə görə məmurlar mükafatlandırılmır. Bu mənada cəza məmurları daha yaxşı işləməyə vadar edə bilər» – «FBK» şirkətinin tərəfdaşı İqor Nikolayev deyir.

Sıravı məmur üçün 5 min rubl cərimə olduqca böyük məbləğdir. Amma ekspert istisna etmir ki, bu cür şəraitdə çox az adam işləmək istəyə bilər.

«Başlıca sual odur ki, pozuntuları kim və necə müəyyənləşdirəcək. İstənilən halda nəticə məmurdan asılı olduğundan əksər vətəndaşlar qərar verə bilməyəcəklər - şikayət etsinlər ya yox» – deyə «Biznes Reşeniya» Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Aleksey Kalinin əlavə edir.

«ÖLÜ MADDƏLƏR»


Azərbaycanda da vətəndaşlardan, eləcə sahibkarlıqla məşğul olmaq istəyənlərdən qanunda nəzərdə tutulmayan sənədlərin tələbinə və süründürməçiliyə görə inzibati məsuliyyət nəzərdə tutulub. Həm İnzibati Xətalar Məcəlləsində, həm də ayrı-ayrı qanunlarda. Hüquqşünas Müzəffər Baxış belə deyir. Dərhal da əlavə edir: «Amma bu maddələri tətbiq edən yoxdur. Həmin maddələr ölü maddələrdir».

Sayta hazırladı: Şahnaz Bəylərqızı

Şərhləri göstər

XS
SM
MD
LG