Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:44
«UCUZ ÇAYXANALARA AXŞAM QADAĞASI»

«Yeni Müsavat» qəzeti yazır ki, iki gündür Bakı və Sumqayıt şəhərlərində ucuz, yəni 1-2 manata çay verilən çayxanalar, habelə «fəhlə kafeləri» axşam düşən kimi bağlanır.

«Bu barədə çayxana, kafe sahiblərinə ərazi üzrə sahə müvəkkilləri və icra strukturlarının rəhbərləri tapşırıq verib. Onlara bildirilib ki, ölkədə bəzi qüvvələr qarışıqlıq yaratmaq istəyir, adamlar çayxanalarda yığışıb onların təsirinə düşüb nəsə edə bilər, ona görə də uzağı saat 22:00-da obyektləri bağlamalıdırlar.

Bu barədə redaksiyamıza məlumat daxil olandan sonra əməkdaşlarımız ucuz çayxanalara baş çəkiblər. Müxbirlərimiz həqiqətən də təxminən 21:30-dan sonra Bakıdakı və Sumqayıtdakı çayxanaların qapısının qıfıllandığının şahidi olublar. Eyni zamanda çayxanaların yaxınlığında polislərin əraziyə ciddi nəzarət etməsi diqqəti cəlb edib».

Qəzet yazır ki, bununla belə, elitar çay evləri, gecə klubları, bahalı restoran və kafelər gecə yarıyadək fəaliyyətini davam etdirir.

«Yeni Müsavat»ın şərhinə görə, kasıbların üz tutduğu ictimai iaşə obyektlərinin axşam düşən kimi qapadılması müxalifətin 2 aprelə təyin etdiyi aksiya ilə bağlıdır.

«DİKTATORLAR EQOİST OLURLAR»

Ərəb dünyasında baş verənləri şərh edən politoloq Vəfa Quluzadə «Azadlıq» qəzetinə müsahibəsində belə deyib.

«Ərəblər özləri bunu böyük ərəb inqilabı adlandırırlar. Çünki bu, tək bir ölkəni deyil, ərəb aləmini əhatə edir. Bu, yeni bir zəmanənin Yaxın Şərqə gəlməsinə işarə edir. Bunların hamısının oxşar cəhətləri var. Avtoritarizmdən, monarxiyadan demokratik rejimlərə keçid dövrü. Yaxud daha yumşaq, Qərblə əlaqəli dövr olacaq. Üstəlik, Obama hakimiyyətə gələndə müsəlman aləmi ilə əlaqələri yaxşılaşdırmaqdan danışdı. Nə cür? Diktatorları yox, xalqları dəstəkləmək. Xalqlara dəstək verərək xalqların simpatiyasını, inamını qazanmaq və onlarla işləmək. Görünür, Amerikada baxıb görüblər ki, diktatorlarla iş birliyi istənilən nəticəni vermir. Çünki diktatorlar eqoist olurlar. Ona görə Amerika bu yolu seçib. Bu yol da xalqların arzuları ilə tam üst-üstə düşür».

Politoloq deyir ki, əvvəllər diktatorlar nə istəyirdilər, edirdilər. Qarşılarında dayanan yox idi.

«Amma indi BMT deyir ki, heç bir dövlət başçısına öz xalqını qırmağa icazə verməyəcəyik və buna qarışacağıq. Şüar budur. Bunları başa düşmək üçün bu həqiqəti anlamaq lazımdır».

MALİYYƏ NAZİRLİYİ HƏRRAC KEÇİRƏCƏK

AzərTac xəbər verir ki, martın 29-da Maliyyə Nazirliyi tərəfindən qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə iki hərrac keçiriləcək.

«Hər birinin nominal dəyəri 100 manat olmaqla istiqrazların ümumi sayı 70 min təşkil edir.

Tədavül müddəti 182 gün olan hərraclardan birinin ödəniş tarixi cari il sentyabrın 27-si, tədavül müddəti 364 gün olan digərinin ödəniş tarixi isə 2012-ci il martın 27-sidir.
Hərrac zamanı, istiqrazların buraxılışının 20 faizindən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG