Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:38

NARINGÜL. Özündən asılan adam... (Şeirlər)


Özündən Asılan Adam

Özündən asılan adam,
Əlin başına çatmadı..
Çətir tutdun gün ömrünə,
Günün canına yatmadı.

Qarış-qarış gəzdin ömrü,
Qoltuq ağacın özündən..
Dünya səndən aşağıda ,
Nə qalacaq ki, izindən..

Dar ağacın sənə yükdür,
Dart yaxanı qop özündən.
Çəkilməmiş ağrı kimi ,
Asıl dünyanın üzündən..


Uzağa Məktub

Mən,
bir çıxılmazın
içində qalmışam.
heç yana yol yoxdur.
Sükutdan on addım irəli,
ümiddən on addım arxada
heçliyin sonuncu döngəsi
adlanan bir yerdir.
bir daşın üstünə çökmüşəm
hardansa tanış bir səs gəlir:
“ qadınım, çiçəyim, əzizim, darıxma, döz bir az”
Daşın üzərində daş kimi donmuşam
yoxsan....

Sən qurbət kimisən,
mən, burda – vətəndə qəribəm.
Qayıtsan, sükutu taparsan
orda görüşərik
Sükutun içində
əsirəm, yesirəm, gücsüzəm..
yoxsan....

Burda hər gun sənsiz ötüşür
Gecənin yarısı
pərvanə ölümü başlanır.
Od tutmuş həsrətin başına dolanır
çırpınır, yorulur
gecənin yarısı çıxır can...
yoxsan....

Qayıtsan, bu şəhər
səni tanıyacaq,
bu acı, bu sitəm
beləmi çəkilər, deyəcək.
Qayıtsan, sükutu unutma,
qayıtsan, heçliyi unutma!


Heyif Fəsillərə

Payız
quşların uçmaq ehtirasıyla,
sənsə payızla gəldin.

Pozuldu rənglərin ahəngi,
pozuldu günəşin al rəngli çələngi,
dəyişdi ağaclar, çiçəklər...
pozuldu buludun, tədbiri
pozuldu təqvimdə rəqəmlər.
yox oldu
fəsillər arasında sərhədlər.
ən yaxın,
ən doğma yer əllərin oldu..

heyf fəsillərə,
fəsillər
yaşanmamış qaldı...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG