Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:12

Zahid Oruc: «Korrupsiya ilə bolşevik ruhu ilə mübarizə aparmaq olmaz»


Zahid Oruc

Zahid Oruc

Bu dəfə «Panorama» verilişində suallara deputat Zahid Oruc və Xalq Partiyasının üzvü Pənah Hüseyn cavab verir. Qonaqlar əvvəlcə «Azadlıq» qəzetinin şərhçisi Seymur Həziyevin döyülməsinə münasibət bildirirlər.

Zahid Oruc:

«BİZ SİYASİ FƏALİYYƏTİN BÜTÜN SİYASİ HÜQUQLARIN GERÇƏKLƏŞMƏSİ FONUNDA REALLAŞMASINI İSTƏYİRİK»

«Mən bu verilişə rayondan qoşulmuşam. Ona görə Seymur Həziyevin döyülməsini sizdən eşidirəm. Yəqin ki, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının da bir açıqlaması olacaq. Hər halda, biz siyasi fəaliyyətin normal, azadlıq şəraitində və bütün siyasi hüquqların gerçəkləşməsi fonunda reallaşmasını istəyirik. İndi bunu nə təsdiq, nə də inkar edə bilərəm. Yalnız onu deyə bilərəm ki, bu, baş veribsə hüququn, qanunun gücü ilə aydınlaşdırılmalı və müqəssirlər cəzalarını almalıdırlar»

Pənah Hüseyn:

«BU, ÇAĞDAŞ DÖVRLƏ UYUŞMAYAN, MƏDƏNİYYƏTSİZ BİR HƏRƏKƏTDİR»

«Mən də bunu sizdən eşitdim. Belə bir şey baş veribsə, hiddətimi ifadə edirəm. Xatırladıram ki, birinci dəfə deyil belə hal baş verir. «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev və başqaları da eyni aqibətlə üzləşib. Mən hələ parlamentdə bu cür cinayətlərin birinin də üstünün açılmadığına diqqət çəkmişdim. Halbuki, hüquq-mühafizə orqanları Azərbaycanda cinayətlərin üstünün 98-99 faiz açıldığı haqqında raportlar verirlər. Belə hallar o vaxt baş verir ki, onun siyasi mahiyyəti olur. Tarix və ən son hadisələr də göstərir ki, heç bir hakimiyyət bu cür əməllərlə öz ömrünü uzada bilmir. Bu çağdaş dövrlə uyuşmayan, mədəniyyətsiz bir hərəkətdir. Belə hadisələrin üstü açılmalıdır. Yoxsa bütün bunların məsuliyyəti hakimiyyətin üzərində qalacaq»

Zahid Oruc:

«Azərbaycanda qeyri-qanuni davranışlara, kriminal ünsürlərə qarşı hüquq-mühafizə orqanları ən sərt tədbirlər həyata keçirirlər. Əks halda, bu cəmiyyətdə sadəcə yaşamaq mümkün olmazdı. Pənah Hüseynin istinad elədiyi cinayətlərin açılmaması, məsuliyyətin aydınlaşdırılmaması əlbəttə problem yaradır. Bu, hakimiyyətin də üzərinə məsuliyyət qoyur. Ancaq siyasi fəaliyyətin bunun əsasında aparıldığı fikirlə razılaşmıram»

- İctimai Palatanın bu həftə keçirilən toplantısında qeyd edildi ki, korrupsiyaya qarşı mübarizə görüntü xarakteri daşıyır. Əks halda, korrupsiyada adı hallanan yüksək çinli məmurlar məsuliyyətdən kənarda qalmazdı. Pənah bəy nəyi nəzərdə tutursunuz?

Pənah Hüseyn:

Pənah Hüseyn
«PREZİDENT İRADƏ NÜMAYİŞ ETDİRMƏLİDİR»

«Mən dəfələrlə parlamentdə ünvanlı sosial yardımın mənimsənilməsini gündəliyə gətirmişdim. Ünvanlı sosial yardım təqribən 200 milyon manatdır. Dəfələrlə qeyd etmişdim ki, bunun ən azı yarısının mənimsənilməsi ilə bağlı şikayətlər var. Nazir Füzuli Ələkbərov, nazir müavinləri bunu təkzib edirdi. İndi Sabirabadda ünvanlı sosial yardımın mənimsənilməsi ilə bağlı cinayət işi açılıb. Bir müfəttişin evindən 300 dənə kart çıxıb. Belə deyilir ki, rüşvət yuxarılara ötürülür. İndi Sabirabadda bir nəfəri, 5 nəfəri tutmaqla korrupsiyaya qarşı mübarizə olmur, bu yuxarıya çıxmalıdır. Kəmaləddin Heydərovun oğlunun «Gilan Holdinq»ə, Ziya Məmmədovun oğlunun «ZQAN Holdinq»ə rəhbərlik etməsi ilə bağlı neçə illərdir mətbuat yazır. «ZQAN» holdinq sifarişini Nəqliyyat Nazirliyindən alır. Prezidentin ailə üzvlərinin bank biznesi ilə məşğul olduğu ilə bağlı iddialar var. Nədən yalandısa, bunlar təkzib edilmir? Biz deyirik ki, korrupsiyada adı hallanan nazirlər istefaya göndərilməlidir. Prezident iradə nümayiş etdirməlidir. Mən açıq deyirəm, məlumatlar gəlir ki, «paket» maşlar bərpa edilib. Görünür, bu proses durmuşdusa da, yenidən başlayıb.»

Zahid Oruc:

«KORRUPSİYAYA QARŞI MÜBARİZƏNİN BOLŞEVİK RUHU İLƏ APARILMASINI DÜZGÜN SAYMIRAM»

«Mən korrupsiyaya qarşı mübarizənin kampaniya xarakteri daşıması haqda fikirlərlə razılaşmıram. Korrupsiyaya qarşı mübarizənin əsas şərti bunu istəməkdir. Prezidentin bu prosesi könülü, hər hansı kənar indekslər, kənar dalğalar olmadan seçdiyi və milli maraqlarımızı təhdid edən bu hala qarşı müharibə apardığı heç kəsdə şübhə doğurmamalıdır. Qanunvericilik müstəvisində bu iş aparılmalıdır ki, qanunlardakı boşluqlardan istifadə edilməsin. Mən bu müstəvidə aparılan işlərlə bağlı çoxsaylı misallar göstərə bilərəm. Bu 2 ayda baş verən proseslər fonunda vətəndaşların da dövlətdə gedən proseslərə xüsusi etimadının yarandığını kimsə inkar edə bilməz. Bir də mən bəzilərindən fərqli olaraq, korrupsiyaya qarşı mübarizənin bolşevik ruhu ilə aparılmasını düzgün saymıram. Çünki bu, dünya tarixində çox mənfi nəticələr doğurub, Azərbaycanda da ciddi problemlər meydana çıxarardı. Mənim anlamımda, cənab prezidentin də qeyd etdiyi kimi, bu proses davamlıdır. Yaxın aylarda ola bilər ki, kadr islahatlarının, ayrı-ayrı şəxslərin istefaya göndərilməsinin şahidi olaq. Bu prosesin davamlı xarakter alması üçün biz çox işləməliyik. Müxalifət də kimlərəsə sığorta sənədi verməməli, çirkli pulların yuyulduğu məkanına çevrilməməlidir...»

Şərhləri göstər

XS
SM
MD
LG