Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:04
əvvəli

- Sən qədirbilən insan üçün bir xəzinəsən. Mən öləndən sonra kimə qismət olsan, o şəxs Allahın xoşbəxt bəndəsidir. Sən bunu etməlisən, Cahan. İlim çıxan kimi özünə gün ağlamalısan. Mənə tük qədər ehtiramın varsa, sözümü yerə salma. Yoxsa, gorum yanar, Cahan... Məni bağışla, hər anı zəhər də olsa, birgə yaşadığımız ayları halal et.
Danışdıqca dirilirdi, dirçəlirdi, içindən üzünə-gözünə düşən işıq artırdı. ...xəstənin bu sözlərini dinləmək, yataq dustağı olub o sözləri deməkdən min qat ağır idi...
Zahid, məni aldatma, cəhənnəmdə od olmaz.
Orda ki yanırlar, odu burdan aparırlar...
Xəstəni nəsə ayrı bir sirr, ayrı bir sehr danışdırırdı. O, dil boğaza qoymadan ən axırıncı sözlərini, dünyanın ən iti qayçısıyla doğrayıb tökürdü.
- Cahan, bütün günahlarıma görə bağışla məni... Bu işıqlı dünyadan mənimlə ora... bir yanğı gedəcək. Bu sənin yanğın, sənin həsrətin olacaq... Qurban sənə, Cahan, keç günahımdan...
Xəstənin son piçıltıları Cahanın iliyini üşüdür, onun bütün varlığını dondururdu.
Xoflanırdı Cahan... Qorxurdu Cahan... Hamını köməyə çağırmaq istəyirdi...
Aradan günlər ötdü. Qaranlıq bir gecədə qəfil şiddətli, soyuq külək qapı-pəncərəni taybatay açıb, içəri soxuldu. Bu payız küləyi evə sarı bir kədər və pərişanlıq gətirdi. Əvvəlcə pərdələr yelləndi, sonra o pərdələr nəhəng bir quşun qanadları kimi açılaraq tavana qədər qalxdı. Qəzəbli payız ruzigarı aylardan bəri bu otağın canını boğazına yığan zillət və əzabı silib-süpürüb özüylə aparacaqdı, yoxsa onsuz da it günü yaşayan gənc ailənin həyatına, bir az da olsa, acı qəm və qüssə gətirmişdi?
"Gəldilər!" - xəstə əvvəl pəncərəyə, sonra kip bağlanmış qapıya sarı baxdı. Qapı açılana oxşamırdı. Görünür, külək pəncərədən gəldiyi kimi, pəncərədən də geri dönəcəkdi...
Əslində elə hamı dünyaya bir əlçim külək topası kimi gəlir, son nəfəs deyilən, son əsinti ilə də kainatın boşluğuna çəkilir.
Həmin payız gecəsi əri keçinəndə Cahan huşunu itirdi, yalnız ona görə yox ki, ərinin ölümündən şoka düşdü. Qonşu arvadların vay-şivəni altında əri canını tapşıranda, elə o an Cahanın dombaq qarnına elə bil əli bıçaqlı girdi, sarı saçlarından tutmuş qırmızı yun corab taxılmış ayağına, dabanına qədər doğrandı. Gözü böyüyüb hədəqəsindən çıxdı, rəngi kağız kimi ağardı. Müvazinətini saxlaya bilməyib xovlu xalçanın üstünə yıxılaraq tərpənməz qaldı. Onu qonşu Qaçayın "Jiquli"sinin dal oturacağına uzadıb xəstəxanaya apardılar. O doğmayacaqdı. Onun doğmağa gücü nə gəzirdi? Onun bədənindəki ölü uşağı iri bir qəlpə kimi dartıb çıxaracaqdılar. Özü salamat qalsa, buna da min şükür.
...Daşlı-kəsəkli kənd yolunda "Jiquli"ni bərk sürmək də xəstə üçün qorxulu idi...
...Acı bir yuxu içində o qalın qaranlıq meşədə azmışdı. Hörümçək torları tutmuş dərinliklərdən çağa səsi gəlirdi. Çağa çığırırdı. Səsin səmtini tapmaq üçün quru budaqları qıra-qıra meşənin içinə soxulur, çör-çöplər sarı saçlarını yolub-yolmalayırdı. Sonra səs söndü. Boğulub sönən səsin tüstüsü meşənin içinə yayıldı. Tüstü içində tərpənən qadının silueti küləkdə tərpənən qurumuş ağac kölgəsinə oxşayırdı...

***

...Sonra balaban "Sarı gəlin" çalmağa başladı. Nədən qoca hakim indiyədək bu nəğmənin bu qədər yanğı ilə dolu olduğunun fərqinə varmayıb? "Aman Allah, bu nə yanğıdı, ayrılığı, eşq hicrini bundan gözəl necə vəsf etmək olar?" Bəlkə balabançı da qoca hakimə namə göndərən o sarışın qadını lap çoxdan tanıyırdı, ona görə dillə deyə bilmədiklərini bağrı dağlanmış quru qamış parçasıyla söyləyir. Yox, bu nəğmə təkcə sarı gəlinin qəmli hekayətini anlatmır. O, dünyada bütün sevən insaların nakam sevgisindən, içindən-çölündən didərgin düşənlərdən dibsiz qaranlıqlarda azanlardan, gəlin, ana, övlad nisgilindən danışır. Balaban ağlamaqdan boğazı qovuşub səsi batan uşaq kimi hıçqırır, qaynara düşən samovar yanğısıyla dızıldayır, həm də qəribədir ki, bu boyda dərdləri açıb göstərə-göstərə ən dərin yaraların üstünə məlhəm qoymağı da unutmurdu.
...Qoca hakim neçə il öncə metroda törədilmiş qanlı terror hadisəsi barədə düşünür. Bu qorxunc olay da onun püşkünə düşmüşdü, taleyini qana bələmişdi. Adil müəllim vaqon dolusu yaralı və ölü adamların içindədir, meyitlərin arasında dəli kimi dolaşır, vurnuxurdu, gözü dörd olub, həyat yoldaşını, oğlunu, qızını gəzir... Burda - o ölüm stansiyasında - onlar "Gənclik" stansiyasında düşüb toya gedəcəkdilər. Vaxtında əlinə-ovcuna düşəni topalayıb təzədən-köhnədən bir minik alsaydı... Nə minik canım, Allahın göndərdiyi faytonda getsən belə fələk adamı yaxalayanda yaxalayır. Onun isə taleyində iki ölüm qatarı şütüyür, o qatarın biri atasını içinə alıb qarlı-çovğunlu Sibir cəhənnəminə aparmışdı. Bu biri andır qatar isə dünyanın düz vaxtı, şəhərin içində, daha doğrusu, şəhərin altında bomba kimi partlayıb insanları diri-diri odun-atəşin istisində yandırıb külə döndərmişdi. O zaman, atası sürgün ediləndə, heç olmasa anası yanındaydı, böyrünə qısılıb dayanmışdı. İkinci faciədə isə o tam tək qalmışdı. Bu boyda dərdə dözəcəkdimi? Kaş elə o da partlayış vaxtı ailəsinin yanında olaydı. Bu dünyadan heç olmasa bir-birini son dəfə görüb ayrılaydılar... Birinci cəhənnəm qatarının sonsuz səfərə çıxdığı o gündən gör neçə il keçir...
... Sonra şıdırğı yağış yağdı. Dərdli-ələmli camaat o yağışda islana-islana yavaş-yavaş dağılışdı.
... Sonra gecələr çıraq işığında anası bir məktubu dəfələrlə oxuya-oxuya ağladı.
Sonra çoxlu kişili-kişisiz, tanıdığı bütün qadınlar Stalin öləndə ağladılar, balaca Adil elə bilirdi ki, o gün anasından başqa hamı ağlayır, bilmək olmurdu ki, sevincdən ağlayırlar, yoxsa kədərdən.
O günlərin birində anasına kimsə xəbər vermişdi ki, gözün aydın, ay Dilbər, sürgünə gedənlər qayıdıb gəlir, sabahda, birisi gündə ərin də qayıdacaq!.. Və o günlərlə anasına qoşulub vağzala getdi. Hər dəfə perronda əzizlərini qarşılayan insanları görəndə ana-bala ürəkləri sevincdən atlanırdı. Yanlarından ötüb-keçən adamlara dörd gözlə baxırdılar. Heyıf ki, atasından xəbər verən bir kimsə yox idi. Ta ölüm xəbəri gələnədək ana-bala yol gözlədilər...

***

...Sonra dünya Adilin nəzərində dəyişdi. Keçdiyi yollar, yaşadığı evlər, gözlədiyi vağzallar, gördüyü adamlar da dəyişdi, başqalaşdı. Dəyişməyən Adilin içinə dolan dərdin özü idi, bir də bütün ailənin qəhr olduğu günün dəhşəti. Ömür bitir, insan dünyasını dəyişir, di gəl ki dərd deyilən şey miras, ölü soyxası kimi qalır, qorxulu ailə nağılları bitmir. Hərçənd ki nağılları da, arzuları da reallıq kimi qəbul etmək illüziyadan başqa bir şey deyil. Amma bu gündüzlü-gecəli dünyada ya həddən artıq duyğulu, ya adi, ya da dəhşət püskürən həqiqət olur.
Boğazınacan yığılmış dərdin adını nağıl qoyub, danışmaq üçün adam gərək ozan ola, aşıq Cunun ola.
Sözlə səsin sərhəddi iç-içədi. Bəzən bu sərhəd itir. Belə görünür ki, ən anlaşılmaz səs ən ibtidai sözdü. Adil müəllim uzun illərin hakimi, hüquqşünas idi. Neçə illərdi hökmlər çıxarmaqla yanaşı, duyub-düşündüklərini, əsasən də şahidi olduğu təsirli həyat hadisələrini qələmə alırdı. Amma ilk dəfə məhz indi, xəstə yatağında bir cavanın onunla birlikdə içi, içindəki balası ölən sarı saçlı qadının faciəsində qərq olduğu, qədim uşaqlıq illərində körpə gözlərini nə baş verdiyini anlamadan döyə-döyə doğma atasını Sibir cəhənnəminə yola saldığı, terror bəlasıyla bütün ailəsini itirdiyini xatırladığı bir zamanda söz səsi, nəinki səsi, insan zehninin anlaya biləcəyi hər şeyi uddu, susdurdu, yoxluğa çevirdi...
Səbəb bu idi ki, Adil müəllim məktub-dəftərin yeni rəngini çevirmişdi. İndi o, nə məhz bu məktubun diqtə etdiyi zamanın, nə uzaq Sibir çöllərinə günahsız qurbanlar daşıyan eşalonun, nə də yerin dərin qatında cani qərarıyla parça-parça olan qatar sərnişinlərinin fərqində idi.
Balaban səsi də gözü tutulmuş bulaq kimi yerin çox dərin qatıyla axıb gedirdi. Qoca hakim bu səsi daha eşitmirdi: əl xətti ilə yazılmış dəftər-məktubun cümlələri onun bütün varlığına hakim kəsilmişdi.

***

"...Nənəm bizə gəldi. Ərimin valideynləri ilə danışıb, onları razı salandan sonra məni özüylə apardı. Bir il qara geydim. Sonra Folklor İnstitutunun bir şöbəsində işə düzəldim, başımı aşağı salıb, lal-dinməz yazı-pozumla məşğul olurdum. Bir gün, sonrakı həyatımı məhv edən o adamla üzləşdim. Sözün bütün mənasında işim ondan keçirdi. Hazırladığım materiallara baxırdı, rəy verirdi, daha yuxarı instansiyalara təqdim edirdi. İşdən sonra isə... arxamca sürünür, şirin dillər töküb, məni özünə bağlamağa çalışırdı. O, Allah-taalanın seçmə bəndəsi və dahi olduğuna inanırdı. Mənə isə ilk gündən ədəbsiz və nadan təsiri bağışlamışdı. Mənə "Sarı gəlin" deyirdi. Guya bütün həyatımı bilirdi. Dərdimi unudar-unutmaz göz verib, işıq verməyən bu adam bir dəfə mənə xaricdən sarı rəngli paltar gətirdi. "Sənə sarı yaraşır, çox yaraşır, - dedi. Hər dəfə "Sarı gəlin" oxunanda yadıma düşürsən... Gəl, daşı tök ətəyindən. Arvadım həftə səkkiz, mən doqquz xaricə qastrola gedir, mənə ev qadını lazımdı, canım, sənə ayrıca mənzil alım, gəl birlikdə yaşayaq, istədiyin vaxtı işə gəl, istədiyin vaxtı da get, - dedi. Mən varam heç kim sənə gözün üstə qaşın var deyə bilməz!.." Sarı paltara ikrahla baxıb: "Get tayını tap!" - dedim.
Ondan yaxa qurtarmağın yolunu ailə həyatı qurmaqda görürdüm. Düşünürdüm ki, bəlkə məni başsız görüb, arxamca sürünür, başımda yiyəm olsa, heç bu qələti eləməz. Rəhmətlik nənəm deyirdi ki, "Cahan, gözümün işığı, mən dul qalıb, tək-tənha qadın həyatı yaşamışam, bilirəm bu nə deməkdir. Bax, yeyin yeriyəcəksən dəli deyəcəklər, asta gedəcəksən ölü... Nə qədər gec deyil, ailə qur, başında yiyən olsun, mənə baxma qızım, mənim həyatım müharibəyə düşdü, babandan qara kağız alsam da yolunu gözlədim. O vaxt qara kağızı gələnlərin çoxunun qəfil sorağı çıxır, tək-tük də olsa, geri dönənlər olurdu... Başsız qalsaq da, əsgər ailəsiydik deyə pis gözlə baxan olmurdu. Namusa sataşanı hökumət cəzalandırırdı, hökumətin hər yerdə gözü-qulağı vardı, gözdən yayınan namussuzu camaat yığışıb tənbeh edirdi, bəd ayaqda obadan qovub çıxarırdı. İndi qızım, sənin bir üzün qız, bir üzün gəlindir, nənən ölsün, nə yaşın var axı?"
...Nənəm ölən günəcən məni uşaq bilirdi. Nənələr belə olur. Yaşa dolsaq da onların gözündə hər vədə uşağıq. Nənəm həqiqəti də deyirdi:
- Canım ölsün, bala, səni mən bədbəxt etdim.
Səhər-axşam arvadın üz-gözündən qüssə yağardı. İlk evliliyimdən yarımadığıma görə nənəm özünə qarğış edəndə özümə yer tapa bilmirdim. Arvad gündən-günə şam olub əriyirdi. O, dünyasını dəyişəndən sonra tənha qaldım. Kimsəsizlik insanın bədbəxtliyini qatbaqat artırır. Təkliyin nə olduğunu tək-tük adamlar bilər.
Dünya bir güzgüdür. Fərqinə varıb-varmamağından asılı olmayaraq bütün insanlar güzgü önündədir. Amma kollektiv yox, təkbətək, tənha... Biri kefsiz, biri vurğun, biri qaçaraq, biri yorğun. Sən nəsənsə dünya güzgüsünə şəklin elə düşəcək. Amma mən bədbəxtəm. Əzablarımın, çəkdiklərimin sifətimdəki, ürəyimdəki izlərini onsuz da özüm görürəm. Görmək yox, bəlkə də bilirəm. Bədbəxtlik burasındadır ki, tənha qadının önündə durduğu, adına dünya dediyim, o əbədi, əzəli, fövgəl güzgü sınıqdır! Mənim ayrı bir çarəm yoxdu; bir halda ki, dünya sınıqdır, onun bir parçasını, mənə düşən parçasını çantama qoyub özümlə gəzdirirəm. Güzgü qırığında baxıram özümə... Heç olmasa, dünyadan mənim qismətimə düşən güzgü qırığını salamat saxlamaq istəyirəm...
Bilirəm ki, o aynanın canında işıq tükənməyib. Lap sınıq da olsa, mən orada özümü görəcəyəm, yarımcan canımı, sınıq canımı... "
Adil müəllim dili ilə barmağını yaşlayıb o biri səhifəni çevirdi:
"Təbiətin qanunlarına tabe olmayan insanı Allah cəzalandırır. Qorxdum, tabe oldum, nənəmin vəsiyyətinə əməl etdim. Simsar bir oğlanla evlənməyə razılıq verdim. Qorunmaq üçün ayrı yol görmürdüm. Yox, bəlkə də vardı. Mütləq başqa yol olmalıydı. Düzü, qadın taleyi ilə əylənmək üçün məni hədəf seçənləri susduracağımı zənn edib, düşünmədən tez addım atanda özümü haqlı bilirdim. Həm də düşünürdüm ki, kimnənsə ailə qurmaq, mənim üçün dövlət qurmaq kimi çətin bir şeydi. İllər keçsəydi, arxayın qərar verib kimisə sevərək ailə qursaydım, şübhəsiz, həyatım başqa cür olardı...
Böyük sevgidən danışmaq yersizdi. Ümumiyyətlə, o varmı? Hələ indiyəcən bir kimsə bu suala bitkin cavab verə bilməyib. Başıma gələnlərdən sonra atdığım addım, daha doğrusu, ikinci seçimim ürəyimdən daha çox ağlımın məhsulu idi. Ailə qurmağım bayaq dediyim kimi, həm məni dedi-qodulardan, zəhlətökən təkliflərdən qoruyar, həm də bəlkə həyatdan aldığım dərin yaralara məlhəm olardı. Başım qarışardı, lap qarşısına oyuncaq atılan uşaq kimi olsa da...
Evlənməyimə görə özümü kiminsə özü, yaxud ruhu qarşısında günahkar saymırdım. Qətiyyən. Axı nə yatmışdım ki, nə də yuxu görüm. Mən sözün həqiqi mənasında bircə gecəlik gəlin idim. O isə... bir gecəlik ərim isə ölərkən vəsiyyət etmişdi. O vəsiyyət yeni bir addım atmağıma təkan verirdi. O ilan adam ərə getdiyimi biləndə quduza döndü, mənimlə vəhşi kimi davranmağa başladı; hər dəfə məni görəndə fısıldayıb "quyruğu üstə qalxdı", necə deyərlər, iş yerində günüm göy əskiyə büküldü.
O vaxtlar gənc mütəxəssislərə növbəsiz mənzil verirdilər. Mən də bu gün-sabah mənzil alacaqdım. Sənədlərimi verib səbirsizliklə gözləyirdim. Başqa söz ola bilməzdi. İnstitutun rəhbərliyi ailə qurmağımı da nəzərə alıb, mənə ikiotaqlı mənzil vermək üçün qərar qəbul edəcəkdi. Lakin o ilan hardansa xəbər tutub mənim orderimin talağını geri oxutdurdu. Adıma yazılan order arxivin dərin küncünə düşdü. Mənzil isə ilanın evinə get-gəl edən laborantkaya qismət oldu. Bu, Qaraxanlının mənə vurduğu ağır və sarsıdıcı zərbə idi...
Təmizlik, saflıq deyilən dəyər o gündən gözlərimdə kirli əskiyə döndü. Düşünürdüm ki, yalnız əxlaqa sığınmaqla insan özünü əzab məngənəsindən xilas edəcəyini düşünürsə, yanılır.
Adına alim deyilən bir insanın nəyin xatirinə murdar işlərə baş qoşduğunu dərk etdikcə, sanki içimə acı zəhər hopurdu. Fikirlər beynimi yorur, məni əldən salırdı. Özümü tələyə düşmüş şikar kimi hiss edirdim.
Cahil adamlar öz səfeh əməllərindən, pisliklə qazandığı ən bəsit qələbələrindən manyak kimi həzz alırlar. Buna görə də onların hücumunu dəf etmək, abır-həya gözləyən insançün müşkül işə dönür. Dərdimi heç kimə deyə bilmirdim. İş yerimi itirəcəyimdən qorxurdum. Digər tərəfdən, həmkarlar komitəsinin yeni sədri məni sakitləşdirib növbəti dəfə mənzillə təmin olunacağımı vəd etdi. Beləcə susub, Qaraxanlı kimi əclafın ucbatından illərlə kirayələrdə süründüm. Mən çörəyin kilosunun 30 qəpik olduğu vədələrdə aclığın nə olduğunu bildim, xəstə uşağına aptekdən dava-dərman ala bilməməyin ağrı-acısını yaşadım, amma qürurumu sındırmadım. Başımı dik tutdum, səbrli olmağa çalışdım... Heç kimə vəziyyətimdən söz salıb şikayətlənmədim. Pişik balasını daşıyan kimi körpəmi qucağıma alıb, ev əşyalarımı bu evdən o evə, bu məhəllədən o biri məhəlləyə daşıdım. Qaraxanlıya isə boyun əymədim. Dərd, ehtiyac məni daha da bərkitdi. Bu ağrı-acıların gələcəkdə üzləşəcəyim bəlalara sinə gərmək üçün mənəviyyatımı səfərbər etdiyini düşündüm. Ana, bacı, qız-gəlin... bir sözlə, namus anlayışı isə o ilan adamın lüğətində yox idi. Bir dəfə hamilə bir qadını ağır söyuşlərlə təhqir etdi. Bəli, daim qadınları yalançı lovğalığı, süni təkəbbürü ilə ovsunlayan bu insafsızın təhqir kimi öldürücü silahı da varmış. Məncə, bütün bunlar onun nadanlığından irəli gəlirdi. Həmin qadın ona edilən mənəvi işgəncələrin üzündən körpəsini dünyaya ölü gətirdi. Düzdü, qadını təhqir etdiyinə görə o gözlüklü ilana şiddətli partiya töhməti verildi, lakin ulu Tanrının ona verdiyi cəza lap dəhşətli idi. Aşur Qaraxanlının oğlu həmin vaxtlarda anasının hədiyyə verdiyi avtomobili sürətlə qovarkən qəzaya düşüb həlak oldu. Elə bilməyin ki, mən bu hadisəyə sevinirdim, əsla! Amma qəlbimin ən dərin qatlarında bir səs mənə pıçıldayırdı ki, elə bu ilahi cəza ona görk olacaq, etdiyi pis əməllərdən ibrət dərsi götürəcək, arxasız adamları incitməkdən əl çəkəcək... Yox, içimdəki səs məni yanıltmışdı. Düşünürdüm ki, dərd normal insanları daha mülayimləşdirir, mərhəmətli edir, amma deyilənlərə görə vəhşi xislətliləri də bir o qədər qəddarlaşdırır, rəhm­sizləşdirir... Çox sonralar eşitdim ki, o bəxtikəm oğlan Qaraxanlının öz uşağı deyilmiş. Bəlkə öz övladı olsaydı can acısının nə demək olduğunu anlayar, heç olmasa bir balaca sınardı. Zorla istədiyinə nail olmaq, amansızlıq, ərli-ərsiz qadınları öz tələsinə salmaq, o qadınlardan yeri gələndə öz maraqları üçün istifadə etmək xislətində olan insandan bunu gözləmək ağılsızlıqdı.
Tale yollarımda nəhəng dərd divinə dönən bu adam məni öz arzu və istəklərinin qolubağlı köləsinə çevirmək üçün çox planlar cızırdı, hərdən mənə elə gəlirdi ki, sadə və gücsüz adamları qarışqa kimi uf demədən əzib məhv etməyə qadir olan bu adam ya məni incitməkdən zövq alıb əylənirdi, ya da hər dəfə Allah məni onun şər-xətasından qoruyurdu. Son vaxtlar Moskvaya tez-tez get-gəl elədiyindən başı bərk qarışmışdı, deyəsən, mən də yadından çıxmışdım. Amma sevincim uzun sürmədi. O, Moskvanın ən məşhur restoranlarının birində elmlər doktoru dərəcəsi almağının şərəfinə ziyafət təşkil etdiyi gün sovet qoşunları Bakıda dəhşətli qırğınlar törədib, şəhərin küçə və meydanlarını qan gölməçələrinə döndərdi...

***

Adil Hüseynlinin şəhadət və orta barmağı dama-dama dəftər vərəqlərinə ilişib dondu. Sanki bu dəftərdə yazılanlar başqa adamın başına gələnlər deyildi. Lap elə olsa da, sanki bütün bu olaylar onun gözləri qarşısında baş verirdi: pərdə-pərdə, səhifə-səhifə. Sanki bu həyatı o özü öz əliylə yazmışdı, o bu kədərli nağılı əzbər bilirdi.
...O gün şəhər tanınmaz hala düşmüşdü; qədim binaların divarlarını, eyvanlarını iriçaplı silahlardan atılan güllələr dəlik-deşik eləmişdi, televiziya qülləsində partlayış olduğundan translyasiya dayanmışdı. Qanlı fəlakətdən sonra şəhərdə elan olunan komendant saatından adamlar xəbərsiz idi. O zaman adamlar psixoloji gərginlik girdabına düşmüşdülər. Fikrini cəmləməyə çalışan Cahan da bir müddət hara üz tutub gedəcəyini bilmirdi. Şəhərin dünya ilə əlaqəsi kəsilmişdi, xalqın gözü qarşısında hərbçilərin törətdiyi qanlı cinayətləri, vəhşilikləri hamı kimi o da ağlına sığışdıra bilmirdi.
Divarlara qısıla-qısıla yol gedirdi, həyatla ölüm əllərindən tutub onu harasa aparırdı.
...Cahanın həyat yoldaşı Şahmar ağır yaralı halda meyitlərin arasından tapıldı. Onu xəstəxanaya aparanda təcili yardım maşınını belə əsgər qiyafəsi geymiş adamlar bir neçə dəfə gülləyə tutdular. Cahan inana bilmirdi ki, böyük bir ölkənin əsgərləri silahsız adamlara divan tutub, xəstəxana maşınlarına atəş açır.
Ərinin huşu özünə gələndə ona dedi ki, mənə atəş açan saqqallı əsgəri yaxından gördüm. Gözlərindən amansızlıq yağırdı. Danışığı onun gəlmə və muzdla tutulmuş döyüşçü olduğunu faş edirdi, elə bil ingilis, ya da fransız güclə rusca danışmağa çalışırdı. Əlindəki avtomat silahın lüləsini alnıma söykəmişdi. Mən ömrümdə belə silah görməmişdim. Bu silah da onun gəldiyi hansısa əcnəbi ölkədə istehsal olunmuşdu. Yaralı olduğuma baxmayaraq, var gücünü toplayıb avtomatının dəmir qundağını başıma çırpdı. Guya Azərbaycanı xilas etməyə gəliblər. Elə xilaskar əsgərmi olar, ay qardaşlar?! Onlar vəhşi idilər. Yalnız qatil, qatı düşmən o sayaq zalımlıq eləyər...
...Cahanın əri sağalandan sonra könüllü dəstələrə qoşulub Şuşanın müdafiəsinə yollandı.



***

Adil Hüseynli diqqətini topladı. Bayaqdan bəri gözünün önündən silinib itən sətirlər yenidən bərpa olunub oxunmağa başladı. Cahan məktubda daha sonra yazırdı:
"Şahmar təkcə özü üçün yaşayan adam deyildi. O qeyrətli əsgər idi. Azərbaycanın düşdüyü vəziyyət onun, elə bizim təzə ailəmizin də dincliyinə son qoymuşdu. Şahmar özünə yer tapa bilmirdi. Elə bil onun bu canatmağının sonunun nə ilə bitəcəyini əvvəlcədən bilirdim. Ağlıma gələn başıma gəldi. Şahmar şəhid oldu. O məzara köçdü, mənsə oğlumla, onun yadigarı ilə yeni mənzilimizə... Uzun müddət gənc mütəxəssis kimi mənzil növbəmi təxirə salan idarələr elə bil indi məni görmüşdülər, şəhid ailəsi kimi bircə günün içində ikiotaqlı mənzil ayırdılar.
Gecələr tez-tez yuxumu qarışdırırdım: gah yuxumda "Sağlam, qədir-qiymətini bilən adama ərə gedərsən..." - deyə əyninə ağ kəfən geymiş xəstəni, gah da son gülləsinədək düşmənlə döyüşən, yaralı bədəninin qanı torpağa axan əsgəri görürdüm. Qəlbimdə qaysaq bağlamayan yaraların göynərtisini artırmaq üçün sanki sehirli bir əl qara torpağın qoynunda uyuyan iki kişi ilə keçirdiyim ömrümün anlarını gözlərimin önündə kitab kimi vərəqləyirdi.
Mən təklik əzabını gecələr dərdimi yaza-yaza yüngülləşdirmək istəyirdim.
...Həmin vaxtlar özümə yaxşı bəlli olan həyat hadisələrindən bəhs edən balaca kitabım çıxdı. Deyəsən axı uşaq çağımızda nənələr danışan nağıllar, əslində bizi həyatın mübarizələrlə dolu çətin sınaqlarına hazırlayırmış. İlk kitabımda yer üzündəki fəlakətlərin sevgisizlikdən baş verdiyini demək istəmişdim.
Məncə, bəxtiyarlıq insanın insana həqiqi sevgisinin nəticəsidir.
- Kitabını çox diqqətlə oxudum, - bir cümə günü, nahar fasiləsi zamanı Aşur Qaraxanlı məni şöbəmizdə yalqız görüb dedi: - Amma mənim barəmdə orada heç nə yazmamısan, eh, ay sarı gəlin, ölənə yas tutub, elegiya həsr edincə, bir az da gələcəyini düşün! Cavan ömrünü əzab-əziyyət içində nə vaxta kimi əridib puç edəcəksən? Heç fikirləşmirsənmi, bu dünya beş günlükdür, sənə bir demişəm, bir də deyirəm: gəl, bu inadkarlığından biryolluq əl çək, daşı tök ətəyindən! İnan, sən şahlara layiq qadınsan, bir "hə" de, səni yağ-bala tutum, süd gölündə üzdürüm.
Mən onu dinləyəndən sonra təmkinlə cavab verdim:
- Siz mənim taleyimə görə nahaq yerə narahat olursunuz, inanın, mənim həyat yoldaşım öz kasıblığı və sadəliyi ilə şahlardan da yüksəkdə dayanan bir insan idi, çünki şahlar susanda o, sözünü dedi... Ölməyi də sevmək kimi bacarmaq gərək. Ölüm həyatın sonu deyil. Əgər kitabımı diqqətlə oxusaydınız, siz də özünüzü mütləq orada görərdiniz... Axı insan heç nəyə məhəl qoymadan necə yaşaya bilər?
O mənim nəyə işarə etdiyimi, deyəsən, başa düşdü, sözümü kəsdi:
- And olsun, o müqəddəs Qurani-Şərifə ki, sarı gəlin, mən sənin düşündüyün yepyekə, div boyda adam deyiləm ki, mənzil məsələsini həll etməyə gücüm yetsin! Amma Aypara xanım həyəcanla yanıma gəlib mənə deyəndə ki, əgər şirinlik verməsə, onun adına olan orderi dəyişib başqasına verəcəklər, mən də bacardığım qədər bir dost kimi ona yardım etdim. Axı, mənim elmi yaradıcılığımdan monoqrafiya üzərində işləyən bir xanımdan öz köməyimi əsirgəməyə mənəvi haqqım yox idi. Qaldı, sənə də kömək edə bilərəm, ürəyin istədiyi vaxt oğlunu da götürüb, mənim bağ evimə köçə bilərsən. Zərərin yarısından qayıtmağın özü də...
Bu dəfə də mən onun sözünü kəsməli oldum:
- Aşur müəllim, siz ki Allaha inanmırsınız, bəs onda niyə müqəddəs kitaba yalandan and içirsiniz? Sizin kimi adamlar üçün abır-həya köhnəliyin qalığıdır, düz deyilmi? Aspirantınız Aypara xanımsa çox müasirdir, ona görə də əri sürücünüzdür, özü isə...
O mənim sözümü kəsib, təəssüf hissiylə başını bulayaraq dedi:
- Məni ölkədə xeyriyyəçi-alim kimi tanıyırlar, sənsə yardım elədiyim xanımlarla gizlin eşq macərası yaşadığımı zənn edirsən, bu qədər qəlbiqara olduğunu güman etməzdim.
- Aypara gözəl qadındır... Üstəlik, sizin kimi şorgöz xeyriyyəçilərin xoşuna gəlmək üçün Bakının dükanlarında ənlik-kirşan qoymayıb qalsın. Kişilərin ağlını başından çıxarmaq onun peşəsidi. Şeytan da Həvvanın əliylə Adəmi günaha batırmışdı.
- Nağıllarla, miflərlə məşğul olmaq sənin başını xarab edib, vallah...
O hirslənib getdi. Bilirdim ki, dediyim sözlərin bəlasını çəkəcəyəm. "Nağıllar aləmi" jurnalının baş redaktoru ara-sıra yanıma gələr, mənə baş çəkərdi. Sakit, elmli, yaxşı bir insan idi. Söhbətimiz tuturdu. Şöbəyə gələndə hərdən-bir mən onun qarşısına bir stəkan çay da qoyardım. Ümumiyyətlə, hamıya, hətta heç tanımadığım adamlara qarşı da diqqətciləm, bacardığım köməyi heç kimdən əsirgəmirəm. Həmin jurnalda yazılarım çap olunurdu deyə, özümü baş redaktora mənən borclu bilirdim. Həm də buna görə ona daha çox isti yanaşırdım. Açığı onun subay, yaxud evli olduğunu bilmirdim. Bir gün özünü baş redaktorun nişanlısı kimi təqdim eləyən qarabuğdayı qadın iş yerimə gəlib, hay-küy saldı ki, bəs sən mənim adamımı yoldan çıxarıbsan, onunla gəzib-dolaşırsan. İnanın ki, onun bu ittihamını eşidib dəli oldum. Allah adamı şərdən, quru böhtandan qorusun! Bərk sarsıldım. Mikroinfarkt keçirdim. İki ay xəstə yatdım. Mənə baş çəkmək üçün iş yoldaşlarım gəlirdilər. O ilan bir dəfə palataya gül, bir də zərfin içində pul göndərmişdi. Gətirən onun öz adamlarından idi. Gülü də, pulu da geri qaytarıb:
- Aparsın, versin arvadına, - dedim.
Sonralar öyrəndim ki, o nişanlı qız məsələsi də ilan adamın mənə qurduğu tələ olub. Özünə "Qarasevda" soyadı götürmüş Mənzər adlı o qarabuğdayı qadın, ifadəmə görə sizdən min dəfə üzr istəyirəm, əxlaqsızın biridir. İmkanlı, vəzifəli kişilərə yol tapmaq üçün hər alçaqlığa gedən, bir sözlə, kişi ovuna çıxıb böyük qazanc götürən mənəviyyatsız bir məxluqdur. İndi şou-biznes aləmində estrada ulduzu kimi tanınan həmin qadın, bir vaxtlar o ilanın təhrikiylə çox evlər yıxıb, ailələr dağıdıb, gözəl-gözəl qızları yolundan çıxarıb. Sonradan eşitdim ki, xəstəxanaya düşdüyü gün mənə atdığı böhtana görə şöbəmizin qızları onu yaxşıca döyüb, yola salmışdılar..."

***

Qoca hakim dəftərin yeni vərəqini çevirməyə tələsmirdi. Məktubda xəsisliklə, yığcam şəkildə təsvir edilən hadisənin təfərrüatını xəyalında canlandırmaq istəyirdi...
(Cahanın heç vaxt ağlına gəlməzdi ki, tale Mənzər adlı o məkrli qadını təkrar onun rastına çıxaracaq... Amma çıxartı, özü də harda? Həbsxanada!..)
...Amma o gün xəstəxanada göndərdiyi pulu, gül dəstəsini adamının üstünə atıb, geri qaytarandan sonra Qaraxanlı bərk əsib-coşub, zəng edib ki, mən Mənzər adlı adam tanımıram. Amma eşidib-bildiyimə görə, Cahan xanım, bir qadını möhkəm əzişdiribsən!
- Bir yox, beş-on Mənzər kimi pozğunu üstümə göndərsən də, xeyri yoxdur!
Onlar telefonda bir xeyli mübahisə eləmişdilər, atmacalar da olmuşdu, özünə haqq qazandırmaq cəhdləri də. Bütün hallarda qadın elmlər doktoru, ilan oğlu ilana nifrət bəslədiyini açıq-aşkar hiss etdirmişdi.
Cahan telefonun dəstəyini qoyub, pəncərə önündə dayanaraq, əllərini sinəsinin üstündə çarpazladı. Dənizdən əsən meh xəstəxananın həyətindəki çinar ağacının yarpağını, nazik budaqlarını əsdirirdi.
Ürəyindən dəniz qırağına çıxmaq, coşqun dalğaları seyr etmək keçdi. Axşamlar sahildə dayanıb dənizin qoynunda bərq vuran rəngbərəng işıqlara baxmaq necə də xoşdur.
...Onun gözlərinin qabağında indi burda - palatanın pəncərəsində gah Aşur Qaraxanlının, gah Aypara Kamalzadənin, gah da Mənzər Qarasevdanın surətləri bir-bir canlanırdı. Rahatlığını, xoşbəxtliyini əlindən alan bu üçlüyə şər sacayağı, böhtan ocağı deyirdi. Və bir də belə deyirdi: "İlahi, məni bu insanların şərindən qoru!"

***

Adil müəllim növbəti səhifəni çevirib oxumağına davam elədi:
"...Məni incitmək, iradəmi sındırmaq üçün əlindən gələni beş qaba tökən Qaraxanlının nə qədər insafsız olduğunu açıqlamaq üçün o qədər faktlar deyə bilərəm ki... Bir dəfə mənə zəng edib dedi ki, sən uşaq çağında çoxlu konfet yeməmisən ki?! Dedim mən sizin tanıdığınız o bəxtəvər uşaqlardan olmamışam. Soruşdu ki, bəs niyə elə şirinsən? Dedim, mən kənardan şirin görünürəm, əslində isə zəhərdən də acıyam. Mənə yaxınlaşan mütləq zəhərlənib ölür. Bu sözümə görə, altı saat dərs deyib, ayda 60 dollar maaş aldığım işimlə vidalaşmalı oldum. Dəfələrlə adım xarici ölkələrə ezamiyyətə gedəcək adamların siyahısından çıxarıldı. Akademiyanın qabaqcıl işçilərə verdiyi mükafatlardan məhrum edildim. İş yoldaşlarımın çoxu mat qalırdı ki, axı sən kimə neynəmisən? Niyə sənə zülm edirlər? Nə danışaydım, kimə deyəydim dərdimi, necə anladaydım ki, əgər o dərdə çarə tapan bir Allah bəndəsini görmürdümsə?!. "

***

Adil Hüseynli Cahanın Qadınlar həbsxanasından göndərdiyi "Könül dəftəri"ni bura qədər oxuyub, dərindən köks ötürdü, yorğun gözlərini dalbadal bir neçə dəfə açdı. Elə bil kabinetində onunla üzbəüz əyləşmiş qadının xəyalı da ayağa qalxıb, çıxıb getmək istədi:
- "Deyəsən, mən sizi yordum, qəlbinizin bu qəmli söhbətdən necə sıxıldığının fərqindəyəm... "
Qoca hakim otaqda var-gəl edə-edə düşünürdü. Uzun müddətdi ki, siqareti tərgitmişdi. Birdən-birə ürəyi siqaret istədi, kabinetdən çıxıb qırxıncı otağa sarı boylandı, ordan taqqa-tuq səsi gəlirdi. Yəqin indi Şahin Verdiyev bahalı siqaret çəkə-çəkə divara nəsə vurdurur, ya da haranısa sökdürür, bu əlavə otaq yaranandan bəri təmir işləri bitib-tükənmirdi ki... Adil Hüseynli heç vaxt bu otağa girməmişdi, istədi ki, indi siqareti bəhanə edib, qırxıncı otağın qapısına yaxınlaşsın, içəridə nələr olduğunu gözləri ilə görsün, desin ki, "ustadına rəhmət, bu nə dəsgahdır?". Amma bayaqkı naqolay söhbətlərini, bir də Cahan xanımın məktubunu xatırlayıb dayandı. "Allaha acıq getməsin, Qaraxanlı kimi əbləhin birinə heç rəhmət də düşmür!"
40 rəqəmini qəribə nəzərlərlə süzüb, geri dönəndə dəhlizin o başında kiminsə siqaret çəkə-çəkə pəncərədən şəhəri seyr etdiyini görüb yaxınlaşdı.
- Qonşu otaqdan gələn taraq-turuq səsləri adamın lap beyninə işləyir, - deyə gileyləndi və sonra siqaret çəkən adama üzünü tutub, - bala, ondan birini də mənə ver, içimin tüstüsünü qovub, bayıra çıxarım, - dedi. Və bu gün ikinci dəfə idi ki, doqquz yaşındaykən gördüyü qoca dəmiryolçunu xatırladı.
- Buyurun, ağsaqqal, - cavan oğlan alışqanı çıxarıb, ona verdiyi siqareti yandırdı və elə bil ürəyini boşaltmaq üçün özünə əməlli-başlı həmsöhbət tapdığına sevindi, - o ustaları bura mən gətirmişəm. Deyirlər, təmir işi gedən o otaqdan vaxtilə arxiv kimi istifadə olunurmuş. Repressiya illəri orada Qaraxan Şubayev adlı çox zalım bir xalq hakimi "sürgün dəzgahı" qurubmuş... Otuz yeddidən əlli üçəcən məhkəməsiz-filansız sayılıb-seçilən ziyalıları o "dəzgahdan" xalq düşməni kimi çıxarıb, göndərirmiş cəhənnəmin Sibir adlı filialına... El arasında adına Qaracan deyərmişlər. Qaracanın sürgünə yolladığı adamların biri də ordan sağ qayıtmayıb...
Adil Hüseynli təəccüblə:
- Sən bunları hardan bilirsən, ay bala?
- Bu ustaların biri yaman savadlı adamdır, zalım oğlunun danışanda ağzından dürr tökülür, amma yazıq xəstədir, tez-tez başı gicəllənir. Bir çətən külfətini dolandırmaq üçün kənddən şəhərə gəlib, nə iş düşsə işləyir. Mən də sürücü babayam, onları burdan ora, ordan bura daşıyıram.
Adil Hüseynlinin üz-gözündə narahatçılıq ifadəsi vardı:
- Yəqin ki ona ağır işdə çalışmaq olmaz! Bu vəziyyətlə o öz həyatını təhlükəyə ata bilər, deyinən ağlını başına cəm eləsin! Mən burda, irəlidə, otuz doqquzuncu otaqda oluram, xahiş edirəm, o ustanı mənimlə tanış edin, bəlkə ona aid bir yüngül iş tapdım... Həm də o Şubayev məsələsini bir ətraflı öyrənərəm, - dedi və sonra xudahafizləşib otağına dönmək istədi. Dəhlizdə sədrin qəbul otağının rəhbəri onu görcək uşaq kimi sevindi:
- Adil müəllim, sədr sizi gözləyir. İndicə daxili telefonla otağınıza zəng edirdim.

***

...Orta yaşlı, ciddi görkəmli sədr onu mehriban qarşıladı. Kabinetində başqa hakimlər də vardı. Hamısı hakim mantiyası geyinmişdi.
- Bu gün Adil müəllimin məhkəmə hakimi kimi fəaliyyətə başlamasının qırx ili tamam olur, - deyə sədr söhbətə başladı. - O, son dəfə məhkəməyə çıxacaq. Proses, demək olar ki, başa çatıb! Amma yenə hamınızın adından ona bu son işində uğur diləmək istəyirəm... Bilirsiniz ki, Adil müəllim yaradıcı adamdır. Məhkəmə hüququna aid sənədli-bədii əsərlər yazır. Bu gün Adil müəllim bizdən ayrılır, təqaüdə çıxır. Hamınızın burda olmasından istifadə edib, sizin icazənizlə fəxri fərmanı ona təqdim edirəm. Və bir də qırx il qüsursuz fəaliyyətinə görə bu kompüteri hədiyyə edirəm...
Alman markası olan noutbuku ona təqdim edəndə sədr zarafatla dedi:
- Arzu edirəm ki, bundan sonra əsərlərinizi bu kompüterdə yazasınız.
Bu zaman Adil Hüseynlinin baxışları ona diqqətlə baxan gənc hakim Şahin Verdiyevə dikildi. Aralarında kompüter dartışması olmuşdu axı. Şahin də ona baxıb bic-bic qımışdı.
Sədr dərhal ayrı mövzuya keçib dedi:
- Möhtərəm hakimlər! Bu gün də sədrlik etdiyiniz məhkəmə işlərində ədalətli olun. Buyurun, gedə bilərsiniz. Siz isə, Adil müəllim, zəhmət olmasa qalın. İki-üç dəqiqəlik söhbətim olacaq sizinlə.
Hamı çıxandan sonra sədr büro stolunun üstündən götürdüyü mineral suyu iki stəkana süzdü, stəkanın birini Adil müəllimə uzatdı. Sonra nəzakətlə soruşdu:
- Sizi bu son işə görə narahat etmirlər ki?
Adil Hüseynli suyu alıb:
- Sağ olun, - dedi, - ara-sıra anonim zənglər olur... - əlavə elədi.
- Baxın, Adil müəllim, sizin yaxşı hakim olduğunuza zərrəcə şübhəm yoxdur, yeganə nigarançılığım özünüzə görədir.
- Qırx ildə belə hədələrə alışmışam...
- Yenə də diqqətli olun...
- Narahat olduğunuza görə təşəkkür edirəm.
- Tabirisi gün Strasburqa yola düşürəm. Orada bir həftəlik insan haqları ilə bağlı beynəlxalq konfransa dəvət almışam. İstəsəniz birlikdə gedərik...
Qoca hakim sədrin bu təklifinin səmimi olduğunu zənn etməsə də, üzündə elə bir ifadə yarandı ki, guya bu günlərdə təxirəsalınmaz işi var.
- Sağ olun, keşkə bir həftə qabaq biləydim, əlimdə çox vacib işim var.
Sədr gülümsündü, onun xasiyyətinə yaxşı bələd olan adam kimi qayğıkeşliklə:
- Necə istəyirsiniz, elə də olsun, - dedi. - Təqaüdə çıxırsınız, əgər bir ehtiyacınız olsa, mənə müraciət edin, qapım hər zaman üzünüzə açıqdır...
- Allah köməyiniz olsun!..

***

Bir azdan kabinetinə dönüb "Könül dəftəri"nin davamını oxumaq istədi. Bu vaxt telefon zəng çaldı. Dəstəyi götürüb: "Eşidirəm", - dedi.

Zəng edən ondan son məhkəmə iclası ilə bağlı nəsə xahiş edirdi.
- Xeyr, işə qanun çərçivəsində baxılıb. Bu gün saat on ikidə hökm oxunacaq, - danışa-danışa gözucu divar saatına baxdı. - Buna gərək yoxdur. Qanun çərçivəsində bacardığım qədər güzəşt edərəm. Xahiş-minnət gərək deyil. Sağ olun! - deyib ayağa qalxdı, dolaba yaxınlaşıb oradan hakim geyimini çıxartdı.
Telefon yenə zəng çaldı. Dəstəyi götürüb dinlədi, sonra:
- Bura ali məhkəmədir, canım-gözüm, bazar deyil, - əsəbiləşdi. Dəstəyi qoyan kimi telefon təkrar zəng çaldı. Bir an telefona baxıb, başını buladı. Dəstəyi qaldırıb cavab vermədən otaqdan çıxıb vaxtından qabaq iclas zalına getdi. Dəhlizdə Şahin Verdiyevlə qarşılaşdı. Gənc hakimin sifətində bayaqkı bic təbəssümündən əsər-əlamət yox idi. O, ayaq saxlayıb az qala pıçıltıyla:
- Hələ gec deyil, - dedi.



Adil Hüseynli:
- Məncə, əsl kişilər sözü bir dəfə deyirlər, - dedi və ürəyindən, nədənsə, o an "Aldın payını, çağır gəlsin dayını!" - fikrini də söyləmək keçdi. Söz Şahinə güllə kimi dəydi. Zorla da olsa, gülümsünüb fikrini dəyişdi və cır səslə dilləndi:
- Siz məni başa düşmədiniz, Adil müəllim, mən məhkəmə işini nəzərdə tutmuram, bayaq sədrin sizə hədiyyə etdiyi noutbuku deyirəm, yəni onu öyrənmək hələ gec deyil...
- Məncə, bu barədə söhbətimiz olmuşdu. Mən kompüter xəstəsi deyiləm, amma onda az-maz işləməyi bacarıram,- dedi və gedə-gedə düşünürdü: "Deyəsən, bu cavan oğlan öz həddini mənim gözlədiyimdən də çox aşır, bəlkə ona əməllicə qulaqburması vermək gərəkdi? Belə hakimlər bir şəhərin, bir ölkənin deyil, bütün dünyanın hüquq sisteminə ləkədirlər..."
...İki saatdan çox davam edən məhkəmənin nə ilə qurtaracağı artıq çoxlarına məlum idi. Cinayətin səbəbi aydınlaşdırılmışdı. İşin təkrar istintaqa göndərilməsini tələb edənlər hökmün elan olunmasına hər vasitə ilə mane olmağa çalışsalar da, qoca hakim israrla öz mövqeyindən əl çəkmədi:
- Bura Azərbaycandır, əgər bu ölkənin vətəndaşısınızsa, onun qanunlarına hörmət etməlisiniz! İstər kimyəvi olsun, istərsə də bioloji aktivə əlavə, qanunsuz yolla bu preparatların satışı narkotik maddələr kimi təhlükəlidir...
Şahin isə əsəbi halda otağına döndü. "Cındırın biri cındırmış bu, kimi başa salasan ki, onun xəmiri belə yoğrulub, sonra da adımı bacarıqsız qoyurlar ki, bir qoca hakimin öhdəsindən gələ bilmirəm... Beləsinin öhdəsindən ancaq ölüm gələr..."
Seva içəri daxil olanda o başını əlləri arasına alıb fikrə getmişdi.
- Şahım, görürəm ki, o qocanı yola gətirə bilməmisən. Heç vecinə alma, mən o dərman alverçisini susdurmaq üçün arvadını ələ almışam. Pul hər şeyə qadirdir. O, bioloji qida həblərini bizdən yox, "Uçan Şir" kompaniyasından aldığını söyləyəcək.
- Nə danışırsan? Uçan şir nədi?
- Tibet, Çin təbabəti adı altında xəstələrə Rusiyada və Qazaxıstanda istehsal olunan yararsız bioaktiv preparatlar satan xarici şirkətin adıdır. Bizimlə rəqabət aparır. Nəticədə, bizim məsullarımız anbarlarda tığlanıb qalır.
- Axı zərərçəkən anasının ölümünə səbəb olan preparatın "Qara Xan" firmasından aldığını iddia edir.
- Artıq "Qara Xan" deyilən bir şirkət yoxdur, "Qara Şahin" var! Bax, bu da bizim kompüter texnologiyamızın müqaviləsi. Yalnız Pentaqonun ən müasir elektron avadanlıqları ilə müqayisəyə gələ bilər. Məhsullarımıza beynəlxalq keyfiyyət sertifikatı alandan sonra qalır güclü reklamlar...
Şahin onu diqqətlə dinləsə də, fikri Adil Hüseynlinin yanında qalmışdı:
- Seva, məncə, o bizim haqqımızda çox şey bilir.
- Sən nə danışırsan?..
- İnsanı tanımaq üçün səncə, onun planlarını öyrənmək yetərli deyil?
- O zövqsüz, ağzının ləzzətini bilməyən, hazır puldan imtina edən qocanın nə planı ola bilər ki?
- Bu gün ondan yeni yazdığı kitabın adını soruşdum. İroniya ilə mənə "Qırxıncı otağın sirri", - deyə cavab verdi.
- Məgər bu dünyada yalnız bir dənə qırxıncı otaq var? Boşla getsin, canım...
Şahin ayağa qalxıb qəddini düzəltdi, donuq sifətindəki qorxu ifadəsini Sevadan gizlətməyə çalışdı. Gözlərini pəncərədən bayıra zillədi:
- Deyirdin ki, lazım gəlsə, onu lap aradan götürmək mümkündür.
- Buna zərrə qədər şübhən olmasın! Amma, sevgilim, nigahımızdan qabaq görüləsi daha vacib işlərimiz var.
Şahin dönüb əlini Sevanın çiyninə qoydu:
- Sevacan, əgər o, mənim Qaraxanlının mirasına sahib olduğumu bilsə, susmayacaq.
Seva ona canıyananlıq edib, boynunu qucaqladı:
- Sənə öz əmlakını, şirkətini Qaraxanlı özü vəsiyyət edib. Burda qorxulu nə var ki? Əgər öz karyerana görə narahatsansa, hər şeyi özüm həll edərəm. Sən hələ bilmirsən ki, analar necə qəhrəmanlar doğub...

davamı

Günün bütün mövzuları

XS
SM
MD
LG