Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:25
Martın 25-də Yəmənin paytaxtı Sanaada həm prezident Əli Abdullah Salehin tərəfdarları, həm də onun əleyhdarları kütləvi aksiyalar keçiriblər.

Amma tərəflər arasında hər hansı toqquşma olmayıb.

Saleh bir müddət əvvəl Misirin keçmiş prezidenti Mübarəkin etdiyi kimi öz tərəfdarlarını küçələrə çıxarıb.

O tərəfdarları qarşısında çıxış edərək bildirib ki, müxalifətin tələblərini yerinə yetirmək, istefa vermək fikri yoxdur. Deyib ki, hakimiyyətdə daimi qalmaq fikri yoxdur, amma hakimiyyəti “korrupsiyaya bulaşmış iyrənc əllərə” vermək niyyətində də deyil. Yəmən prezidenti opponentlərini belə adlandırıb.

Paytaxtın mərkəzində - Sanaa Universitetinin yaxınlığındakı meydana toplaşan on minlərlə insan isə Salehi dinc şəkildə hakimiyyətdən getməyə çağırıblar. Onlar cümə namazından sonra küçələrə çıxıblar.

Hökumət qüvvələri şəhərə aparan yolları bağlasalar da, bununla şəhər kənarından mərkəzinə insanların getməsinə mane olmağa çalışsalar da, mərkəzdə toplaşanların sayının azalmasına nail ola bilməyiblər.

Salehin tərəfdarları bir dəfə müxalifətçilərin toplaşdığı meydana girməyə cəhd ediblər. Amma təhlükəsizlik qüvvələri onların başı üzərindən xəbərdarlıq atəşləri açıblar. Hələ ki iki rəqib cəbhənin keçirdiyi aksiyalarda xəsarət alan, yaxud ölənlərin olduğu haqda məlumat yoxdur.

Martın 24-də isə prezident Saleh öz rəqiblərinə xəbərdarlıq etmişdi ki, qan tökülərsə, məsuliyyət onların üzərinə düşəcək.

“Gəlin siyasi dialoq aparaq. Belə olarsa biz hakimiyyəti dinc şəkildə - Konstitusiyaya uyğun olaraq ötürə bilərik. Amma əgər qan tökülsə, bütün məsuliyyə sizin üzərinizə düşəcək”.

Prezident Saleh
Ötən həftənin cümə günü də müxalifət hakimiyyətə qarşı kütləvi aksiyalar keçirmiş və təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 50-dən çox adam öldürülmüşdü.

Amma həmin qətliam əksinə prezident Salehə böyük zərbə olmuşdu. Çünki o, bununla hakimiyyətini möhkəmləndirəcəyini düşünsə də, əksinə 3 nazir, ordunun bir hissəsi və onun öz qəbiləsinin ağsaqqalları qətliama görə onu günahlandırmış və müxalifətin tərəfinə keçmişdi.


Müxalifətin tərəfinə keçən generallardan biri ona tabe olan hərbi birləşmələri Sanaa Universiteti yaxınlığındakı meydanın ətrafında yerləşdirib.

O, bununla həftələrdir orada çadır quran müxalifətçiləri müdafiə etməyə çalışır.

Məlumatlara görə, general martın 25-də prezident Salehlə danışıqlar aparıb, amma görüş nəticəsiz bitib.

Prezident Saleh təklif edir ki, ilin axırınacan hakimiyyətdə qalsın və ondan sonra istefa versin.

Bu arada Suriyanın Deraa şəhərində də hökumət əleyhinə aksiyalar davam edib. Minlərlə insan islahat tələbilə küçələrə çıxıb.

Dünən isə onların sayı 20 min olub. Onlar hökumət qüvvələrinin atəş açıb öldürdüyü mitinqçi yoldaşlarını dəfn ediblər.

Deraada etirazlar başlayandan 44 nəfər öldürülüb.

Suriya ordusu insanların küçələrə çıxmasını önləməyə çalışır, şəhərin mərkəzinə nəzarət edirlər.

Martın 25-də prezident Bəşər Əsəddən gözlənilməz qərar gəlib, o elan edib ki, ölkədə geniş islahatlar aparacaq. O cümlədən mətbuat azadlığı və başqa hüquqlar genişləndiriləcək.

Bundan başqa o, maaşları 20-30 faiz artırmağı vəd edib.

Bəşər Əsədin Baas Partiyası Suriyanı 50 ildir idarə edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG