Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:11

«Efirdə BBC-nin Azərbaycan xidmətidir»


1994-cü ildən fəaliyyət göstərən BBC Azərbaycan xidməti martın 25-də özünün son radio proqramını yayımlayır. Bu günkü radio proqram da elə BBC Azərbaycan xidmətinin 16 illik fəaliyyətinə həsr olunub. Radionun Bakı bürosunun əməkdaşlarının martın 25-də hazırladıqları reportajlar da müxtəlif siyasi dairələrin, ekspertlərin, dinləyicilərin BBC Azərbaycan xidməti haqqında fikirlərindən ibarətdir.

Xidmətin internet saytında yerləşdirilmiş «Son dəfə radioada» bölməsindəki xəbərdə də dinləyicilər üçün bu elan yerləşdirilib:

«1994-cü ildən bəri sizlərə obyektiv, tərəfsiz, düzgün informasiya çatdıran BBC Azərbaycan xidməti martın 25-də özünün son radio proqramını yayımlayacaq. Bu barədə fikirlərinizi bilmək bizə maraqlıdır»

Bakıdakı avtocavab telefonuna göndərdiyi səslərdə isə dinləyicilər xidmətin bağlanmasından təəssüfləndiklərini bildiriblər. Həmin səslərdən:

«İNDİ ATAM YOXDUR. BBC-NİN VERİLİŞLƏRİ DƏ KƏSİLDİ»

«Salam BBC radiosu. Mən Oğuz rayonunun Xaçmaz kəndindən zəng edirəm – Cəmaləddinova Fəridə, 55 yaşın içindəyəm. 16 ildir ki, biz sizin verilişlərinizə qulaq asırdıq. Hərdən kənd arvadları, qonşularım başıma yığılırdı, məndən soruşurdular ki, ay Fəridə, dünyada nə var, nə yox. Sən həmişə BBC radiosunu dinləyirdin. Orada gedən məlumatlardan bizə də ver, bizim də xəbərimiz olsun. Mən də BBC radiosundan eşitdiklərimi həmin arvadlara danışırdım. Onların da dünyadan xəbəri olurdu. İndi sizin radionuz bağlanıb. Mən camaata nə danışacağam, nə deyə bilərəm?»

«Salam mənim əziz BBC-im. Mən Cahangirova Firuzə Adil qızı BBC Azərbaycan xidmətinin radiosunu çox xoşlayırdım. 16 il ərzində mən sizin bütün verilişlərinizə diqqətlə qulaq asırdım. Nəinki mən, mənim 90 yaşındakı atam həmişə sizin verilişlərinizlə maraqlanırdı. Vaxt çatanda deyirdi ki, qızım radionu aç, BBC-nin Azərbaycan xidmətinə qulaq asaq. İndi bu dünyada atam yoxdur. Sonra da BBC-nin verilişləri kəsildi. Çox təəssüf edirəm. BBC bizim həyatımızda böyük bir rol oynayırdı, bizim dünyaya gözlərimizi açırdı».

«ENERJİMİZİ ONLAYN JURNALİSTİKAYA VERƏCƏYİK»


Ancaq BBC Azərbaycan xidməti onlayn fəaliyyətini davam etdirəcək.
9 ildir xidmətin Bakı bürosunda müxbir işləyən Nailə Bağırova deyir ki, artıq 5 ildir onlar radio yayımla birlikdə həm də onlayın jurnalistika ilə məşğul olublar:

«Bizim saytımız var – bbc.azeri.com. Bu illər ərzində biz bu saytda çalışmışıq. Saytımızda həm videomateriallar, həm foto qalereyalar, məqalələr çap olunub. Bizim üçün onlaynda işləmək yenilik deyil. BBC-nin belə bir qərar qəbul etməsi də obyektiv bir qərar idi. Bizim üçün Bakı müxbirləri olaraq onlayna keçmək əksinə, daha çox imkanlar yaradır. Biz əgər enerjimizin bir hissəsini əvvəl radio jurnalistikaya verirdiksə, indi biz 100 faiz onu onlayn jurnalistikaya yönəldə biləcəyik».

MÜSTƏQİL VƏ OPERATİV MƏNBƏ İTKİSİ

Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı bildirir ki, BBC Azərbaycan xidmətinin yayımını dayandırması müstəqil və operativ mənbənin itirilməsi baxımından Azərbaycan dinləyiciləri üçün böyük itki olacaq:

Rəşid Hacılı
«BBC Azərbaycan xidməti Azərbaycan dilində verilişlər yayan, Azərbaycanda çox az olan müstəqil səslərdən, müstəqil mənbələrdən biri idi. BBC-nin, ümumiyyətlə, medianın ümumi standartlarına uyğun olaraq balanslılığa və obyektivliyə tamamilə əməl edən bir kollektiv idi. Belə bir kollektivin, belə bir səsin bizim media aləmindən getməsi bizim üçün çox böyük bir itkidir. Əvvəl bu itki onda oldu ki, radio FM dalğasından məhrum edildi. İndi də ardınca ikinci belə bir itki gəldi. Bu çox təəssüf doğurucu hadisədir».

Rəşid Hacılı deyir ki, radiodalğadan fərqli olaraq internet dalğası hələ hamıya çata bilmir. Onun fikrincə, «əgər internetdə güclü bir iş aparılsa, yaxşı bir sayt yaradılıb yayımlansa, bu müəyyən qədər mövcud itkinin yerini doldura bilər».

Yanvarın 26-da BBC korporasiyasının rəhbərliyi Azərbaycan, Rusiya, Ukrayna, İspaniya və Vyetnam xidmətlərini dayandırdığını və İnternet-nəşr formasına keçdiyini elan edib.
XS
SM
MD
LG