Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 21:00
ATƏT-in Minsk qrupunun həmsədrləri martın 24-də Azərbaycanın işğal olunmuş ərazilərinə dair Sahə qiymətləndirmə missiyasının hesabatını açıqlayıblar.

Hesabatda deyilir ki, həmsədrlər 2010-ci ilin oktyabrında beş gün Azərbaycanın 7 işğal olunmuş rayonunda olub, humanitar və digər aspektlər də daxil olmaqla ümumi vəziyyəti qiymətləndiriblər.

MÜNAQİŞƏQƏDƏN ƏVVƏL MÖVCUD OLAN ŞƏHƏRLƏR, KƏNDLƏR DEMƏK OLAR Kİ, TAMAMİLƏ XARABALIĞA ÇEVRİLİB


Sənəddə deyilir ki, «1000 km-dən çox yolu qət edən həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin fəlakətli nəticələrinin danılmaz sübutları və sülhün əldə olunmamasının fəsadlarının şahidi olublar. Münaqişəqədən əvvəl mövcud olan şəhərlər və kəndlər boşalıb və demək olar ki, tamamilə xarabalığa çevrilib.

Sənəddə Laçın və Kəlbəcər şəhərləri, eləcə də xırda yaşayış məntəqələrində təxminən 14000-ə (on dörd min) yaxın adamın yaşadığı bildirilir.

Həmsədrlər 2005-ci ildən bu yana işğal altındakı ərazilərdə əhalinin sayında əhəmiyyətli artım olmadığını bildirirlər. Hesabatda qeyd olunur ki, məskunlaşanlar əsasən etnik ermənilərdən ibarət əhali Azərbaycanın başqa rayonlarından bura köçürülüb, onlar çətin, zəif infrastruktur, iqtisadiyyat və ictimai xidmətlərə məhdud çıxış şəraitində yaşayırlar. Çoxunun şəxsiyyətini təsdiq edən sənədi yoxdur».

HƏMSƏDRLƏRİN ÇAĞIRIŞI


Sənəddə bildirilir ki, ərazidəki ağır reallıq həmsədrlərin status-kvonun qəbul edilməz olduğu və münaqişənin yalnız sülh, danışıqlar vasitəsilə həll olunmasına dair fikirlərini möhkəmləndirib.

Həmsədrlər tərəflərin liderlərini münaqişənin son nizamlanmasını təhlükə altında qoymamaq üçün mübahisəli ərazilərdə hər hansı fəaliyyətdən çəkinməyə və bu ərazilərin görkəmini dəyişməməyə çağırıblar.

Onlar işğal altındakı ərazilərdə qəbiristanlıqların və ibadət yerlərini qorumağı, eləcə də şəxsiyyətini təsdiq edən sənədi olmayan köçkünlərin statusunu dəqiqləşdirməyi tövsiyə edirlər.

Bu, beynəlxalq missiyanın 2005-ci ildən sonra əraziyə ilk missiyası və BMT personalının 18 il ərzində ilk səfəri idi.

Həmsədrlər gələcək missiyalarını Dağlıq Qarabağ münaqişəsinin təsir etdiyi digər rayonlarda da aparmaq niyyətindədirlər. Bu missiyalara müvafiq beynəlxalq təşkilatlardan dinc nizamlanmasında iştirak edə biləcək ekspertləri daxil etmək fikirindədirlər.

ATƏT TƏRƏFLƏRİ MÜHARİBƏYƏ APARIR?

Ermənistanın rəsmi PanArmenian.net saytı hesabatda qeyd edilən vəziyyətin gerçəkliyi qətiyyən əks etdirmədiyini bildirir. Agentliyin gəldiyi nəticəyə görə, ATƏT hazırladığı hesabatla birincisi erməni tərəfini torpaqları Azərbaycana verməyə təhrik edir, ikincisi isə tezliklə hərbi əməliyyatların başlayacağı barədə bəyanatlar verən Azərbaycanı rəhmə gətirmək istəyir.

Mübariz Əhmədoğlu
«PanArmenian»-a görə ATƏT özünün bu hesabatı ilə tərəfləri bir mümkün nəticəyə-müharibəyə aparır.

Ancaq azərbaycanlı politoloq Mübariz Əhmədoğlu da həmsədrlərin sahə qiymətləndirmə missiyasının hesabatını qüsurlu sənəd adlandırır:

«SƏNƏD QÜSURLUDUR...»


«Sənəd Azərbaycanın bu günkü maraqlarına, Dağlıq Qarabağ münaqişəsinin indiki ruhuna uyğun gəlməyən bir sənəddir. Belə-belə eləməklə onlar regionda müharibəni yaxınlaşdırırlar».

«AĞDAM XARABALIĞA OXŞAYIR»

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, əslində missiya reallıqları olduğu kimi açıqlayıb:

«Gördüklərini insafla, vicdanla qeydə alıblar ki, bəli, kəndlər, qəsəbələr, şəhərlər xarabadır. Burda bizim və beynəlxalq aləmin bilmədiyi bir şey varmı? 15 il bundan əvvəl Ağdama getmiş alman bundestaqının deputatından soruşmuşdum ki, Ağdam nəyə oxşayır, şəhərə, yoxsa xarabalığa. O demişdi ki, xarabalığa oxşayır».

Zərdüşt Əlizadəyə görə, hesabatı hazırlayanların təmsil etdikləri beynəlxalq qurumların münaqişəyə mövqeyi müstəsna dərəcədə soyuqqanlıdır. Komissiya bu çərçivədən kənara çıxıb diqqəti çəkəcək, vəziyyəti qızışdıracaq, hadisələrə siyasi qiymət verə biləcək mövqe sərgiləyə bilməz.

Qaldıkı erməni tərəfinin sənədə mənfi münasibətinə, Zərdüşt Əlizadə bunu başadüşülən hesab edir. Onun fikrincə, Ermənistanın Qarabağdakı acınacaqlı vəziyyəti birdən-birə etiraf etməsi mümkün deyil. Politoloqa görə, bu etiraf hazırkı hakimiyyətin ziddinədir.

AZƏRBAYCAN HESABATI HƏLƏ TƏHLİL EDİR


Hələki ATƏT-in hesabatına Azərbaycanın rəsmi münasibəti açıqlamayıb. Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov AzadlıqRadiosuna deyib ki, hazırda sənəd təhlil olunur və ola bilsin ki, rəsmi münasibət martın 26-da açıqlansın.

Şərhləri göstər

XS
SM
MD
LG