Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:46

Qarabağ əlili niyə evsiz qaldı


Təqribən ay yarım əvvəl Qarabağ əlilliləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına yığışıb narazılıq etmişdilər ki, onlar üçün tikilən evi onlara vermirlər. Nazirlik rəhbərliyi də əlillilərin etirazlarının qarşılığında onlara çatacaq mənzilləri nəhayət ki, özlərinə verdi. Ancaq bir əlil də var ki, Nazirlik ona hələ də mənzil verməyib və deyəsən heç vermək fikrində də deyil.

ƏLİLİN ADI MƏNZİL SİYAHISINDAN ÇIXARILIB


Bu, Qarabağ müharibəsində gözdən əlil olmuş 1-ci qrup əlil Amil Rzayevdir. Amil Rzayev deyir ki, AzadlıqRadiosunun əməkdaşları Nazirliyin qarşısındakı etiraz aksiyasını çəkib işıqlandırandan sonra Nazirlikdən ona xəbərdarlıq ediblər ki, müxbirləri aksiya yerinə çağırdığına görə ona mənzil verilməyəcək. Deməsinə görə, indi onu çək-çevirə salıblar. Get o sənədi gətir, get bu sənədi gətir. Hələ üstəlik, başlayıblar onun ümumiyyətlə, Qarabağda əlil olmasına şübhəylə yanaşmağa. Amil Rzayev danışır:

«16 ildən çoxdur ki, Qarabağ əlili kimi təqaüd alıram. O vaxtdan bu tərəfə əlilliyimi bir dəfə də araşdırmayıblar. 2010-cu ildə prezident mənə birinci qrup əlil kimi maşın bağışlayıb. 6 ay əvvəl sənədləri istədilər, topladım təqdim etdim komissiyaya. Komissiya üzvləri gəlib kirayədə qaldığım evə də baxdılar. Dedilər mart ayında mənzilini verəcəyik. Mənzil növbəsində 4-cü adamam. Martın əvvəlində mənə aydın oldu ki, ev paylanıb, mənə verilməyib»

«ƏVVƏL TƏBRİK ETDİLƏR, SONRA DEDİLƏR SAXTAKARSAN»


Amil Rzayev
Hansı ki, məni həm Yasamal rayon icra hakimiyyətindən, həm də nazirlikdən təbrik etmişdilər ki, adın mənzil verilənlərin siyahısındadır. Hətta komissiya üzvləri siyahıda adımı mənə göstərmişdilər də. Mənim kimi daha bir neçə əlilə də verilməmişdi. Biz yığışdıq Nazirliyin qarşısına, evlərimizi tələb etdik. Azadlıq Radiosu da gəlib işıqlandırdı. Sonradan eşitdim ki, ora yığışanların hamısına ev veriblər, məndən başqa. Dedilər ki, sən Nazirliyin qarşısına çəkiliş çağırmısan, ona görə sənə ev verilməyəcək. Məni təhqir etdilər ki, sən saxtakarsan, Qarabağ əlili deyilsən, biz hələ sənin əlilliyini araşdıracağıq. Bir sözlə, əvvəl təbrik etdilər, sonra dedilər saxtakarsan”.

Beləliklə, gözü adını mənzil verilənlər siyahısında görən və qulaqları məmurlardan bol- bol təbriklər eşidən 1-ci qrup Qarabağ əlili bir də xəbər tutub ki, gördüyü və eşitdiyi yalan imiş. O, mənzil alanlar siyahısından kənarda qalıb.

Yasamal rayon Qarabağ əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Maarif Əliyev məsələyə belə aydınlıq gətirir:

«ONUN ƏLİLLİYİNƏ KOMİSSİYADA ŞÜBHƏ YARANIB»


- Onunla birlikdə Nazirliyin qarşısında etiraz aksiyası keçirənlərə mənzil verilib, ona yox. Nəyə görə kənarda qalıb?

- Komissiya onun müharibədə 1-ci qrup əlil olması məsələsindən şübhəlidir. Hələ ki, yoxlayırlar. Gələcəkdə ev verə də bilərlər, 90 faiz şansı var ev almağa.

- Amil Rzayev deyir ki, ondan sonra mənzil növbəsində olanlara mənzil verilib, ona yox.

- O, 1-ci qrup Qarabağ əlili kimi növbədə 4-cüdür, 1-ci qrup Qarabağ əlillərindən üçünə mənzil verilib, ona verilməyib. O ki qaldı ondan sonra növbədə olanlara, bəli, növbədə 40-cı olana da mənzil verilib, ancaq söhbət 2-ci qrup əlillərin növbəsindən gedir. Yəni Amil Rzayevin həmin sıraya aidiyyəti yoxdur, onun sırası 1-ci qrup əlillərdir. Bir də ki, dediyim kimi, ortada şübhə söhbəti var. Ona konkret deyilməyib ki, sənə ev vermirik. Komissiyanın iclasında icra başçısının müavini maraqlandı ki, bu adama niyə mənzil verilmir. Ona bildirildi ki, 1-ci qrup Qarabağ əlilliyinə şübhə var. O da tapşırdı ki, yoxlanılsın, təmiz çıxsa, verilsin.

Amil Rzayevsə deyir ki, Qarabağda döyüşməsini, yaralanmasını, uzun müddət hospitalda müalicə olunmasını, döyüşdə başından aldığı qəlpələrdən birinci qrup əlilə çevrildiyini təsdiqləyən bütün sənədləri komissiyaya çoxdan təqdim edib. Komissiyanın ortalığa atdığı yoxlamalarla əlaqədar eyni sənədləri yenidən toplayıb. Yaxın vaxtlarda ona çatmalı olan mənzili ona verməsələr yenə prezidentə müraciət edəcək. Qarabağ əlili deyir ki, haqqına çatmaq üçün aclıq aksiyası da keçirəcək.
XS
SM
MD
LG