Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:09

Mənsurə Qaçayqızı. Çiliklənən sevginin səsi... (Şeirlər)



CİLİKLƏNƏN SEVGİNİN SƏSİ

Çiliklənən sevginin səsi
və ya daş atılan pəncərə
şüşəsinin cingiltisi.
Eynidir...
Sevgi çilikləri
ürəyə səpələnər,
şüşə çilikləri yerə.
Ürək saplağından
üzüləndə yerə yaxın olar...


***


Ruhun yağışda yuyulmuş ağac
ətrafında bu qədər sevgi varkən
gözlərin uzaqlara baxır.
Düşüncəndə sevinc uzaqlarda,
Külək əsməsin gərək.
Dodağında gizlənən yağış damlası
sözə bürünüb yerə tökülə bilər.
Qətiyyətli addımların bəzən
büdrəməkdən qorxar.
Kədər sandığın heç nəyi ayaqlamağa
ürəyin gəlməz.
Hər gün, hər an ötürsən yanımdan,
Dayan, sənə deyəcəklərim var
Məni tanıyan adam...


ŞƏKİL GÖNDƏR

Günahkarsan?!..
Onda, ona heç nə demə...
Heç söz də göndərmə,
Ürəyini ovutmağa.
Cəhd də göstərmə,
əhv də diləmə.
Ona bir şəkil göndər...
Məsələn,
Nə vaxtsa çəkilmiş şəkil...
Bir neçə il əvvəlin şəkli olsa
daha yaxşıdı.
Sifətində onun üçün
Yad sevgi cizgiləri
olan vaxtlarda,
başqasını sevən vaxtlarda
çəkilmiş şəkil,
bu daha maraqlıdı...
O şəkildən boylanan
gözlərində xəyanət görməyəcək.
Axtarsada tapmayacaq...
Orda başqasına olan xəyanətin
izlərini sevgi biləcək.
Sənə acıqlı olsa da belə
gizlində şəklini əzizləyəcək.
Bəlkə də bağışlayacaq?!
Günahkarsan?
Onda, ona
Heç nə demə.
Şəkil göndər...


ŞUŞANIN DAĞLARI

“Şuşanın dağları başı dumanlı”
Şuşada dağların dumanı ötmür.
Həsrətli gözləri hələ gümanlı
Şuşanın qızları Şuşaya getmir.

Qırmızı koftalar qaradı indi
Təbiətin də rəngi Şuşada itir.
Bilirəm, yazı da daha yaz deyil,
Görəsən lalələr Şuşada bitir?

BİRİN DƏ SƏN DE

Gəl,
sənə bir tapmaca deyim,
tap...
Bir balaca boyu var,
dam dolusu toyu var?
Açması?!...
Yox, açması
sən dediyin kimi işıq olmasın.
Gəl, sən dediyini pozaq,
Mən dediyimi yazaq.
Açması sevgi olsun.
Boyu dam boyda,
elə dam boyda da toyu olsun...
İşıq düşən bacası,
Bilirsən, getməyə qapısı nədi,
Heç pəncərəsi də olmasın...
Indi birin də sən de...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG